Artlogos dramaturq, yazıçı Əli Əmirli ilə müsahibəni təqdim edir.
-Əli müəllim, gəlin, ilk olaraq karantin günlərinizdən danışaq. Sizin üçün proses necə keçdi?
– Qəhrəmanlarımdan birinin sözüdür, “reallıqla barışmaya bilərsən, amma onunla hesablaşmağa məcbursan”. Pandemiya deyilən aylarda, nə qədər çətin olsa da, mən bu yaşam düsturuna əməl etməyə çalışdım. Bu məqamda “şikayətlənmə və istəmə!” prinsipim də köməyimə çatdı. Sadəcə, bizə təqdim olunan vəziyyətdə, dramaturgiyada buna “settinq” deyirlər, yaşamağa, həyat vərdişlərimi unutmamağa çalışdım. Çətin olsa da deyəsən buna nail oldum. Yaşasın internet!
– Evdə oturmaq, bir köşəyə çəkilib saatlarla yazı-pozu ilə məşğul olmaq zatən yaradıcı insanın sevdiyi məşğuliyyətdir. Amma bütün hallarda azadlığı məhdudlaşdıranda əzaba çevrilir. Yəqin sizdə də belə oldu?
– Müəyyən mənada haqlısınız, yaradıcı insan üçün vaxt, arxayınlıq vacib şərtlərdəndir, amma bütün bunlar sənə zorla sırınırsa, boş vaxtı boş qalmamaq üçün yazı-pozuya sərf etməyə məcbur olursansa, yaxşı nəticə gözləmək xəyal qırıqlığı ilə nəticələnə bilər. Buna baxmayaraq, mövcud şəraitlə bağlı çaşqınlığım uzun sürmədi. Köməyimə uzun illər qapımı üzünə bağladığım nəsr gəldi, konkret desəm, ilk dəfə novella janrına müraciət etdim. “Mələk əmi” adlandırdığım bu novella artıq “Azərbaycan” jurnalının iyul-avqust sayında dərc edilib. Kiçik fasilədən sonra yenidən dramaturgiyaya qayıtdım: “Pərdəsiz” adlı yeni pyes yazdım. Müəllim olduğumu da unutmadım, tələbələrim üçün kinodramaturgiyaya aid yeni bir dərs vəsaiti hazırladım.
– Karantin dediyimiz nəsnə bizi sevdiyimiz, mənən aram tapdığımız teatr məkanlarından uzaq saldı. Bu mənada “teatr üçün darıxmısınızmı?” sualına yəqin, ağrılı cavabınız olar…
– Pandemiyanın mənim üçün ən ağrılı məqamı, həqiqətən, teatrların qapanması oldu. Təkcə Bakı teatrlarının fəal repertuarında yeddi əsərim var, ayda ən azı 5-6 tamaşam oynanırdı. Birdən-birə həyatımda dərin bir boşluq yarandı. Burda bir monoloq deyim, bununla da pandemiya mövzusunu qapadaq. “Teatrların işıqları sönüb, qapıları bağlanıb, ən pis tamaşa üçün də darıxmışam. Yorulmadan azərbaycan teatrını yamanlayan, aşağılayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı, ola bilsin hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən zəif filmdir, cansız, ruhsuz, dadsız…”
– Sözü teatrdan elə-belə salmadım. Çox sevdiyimiz teatr bizim üçün heç də hər zaman həyatın səhnə modeli ola bilmir. Səbəbi nədir?
-Əlli ildən çoxdur fəal teatr tamaşaçısıyam, həmişə də teatr cameəsinin dramaturgiyadan, teatrdan gileyləndiyini eşitmişəm. Əlli il qabaq da belə idi, indi də belədir. Halbuki müstəqillik dövrünün dramaturgiyası bütün teatr üçün çox mürəkkəb bir zamanda Azərbaycan teatrını yaşatdı. Bu dramaturgiyanın ən yaxşı nümunələri xarici ölkələrdə də qəbul olunur, tamaşaya qoyulur, beynəlxalq mükafatlara layiq görülür. Bu gün Azərbaycan dramaturgiyası Biləcəri sindromu yaşamır. Əgər sizin dediyiniz həyat modeli pyeslərimizdə yoxdursa, bəs tamaşaçıları teatra gətirən nədir? Məgər “Qatil”, “Cəhənnəm sakinləri”, “Qatarın altına atılan qadın”, “Bir iki bizimki”, “Köhnə ev”, “Mesenat”, “Varlı qadın”, “Xəcalət”, “Şah Qacar”, “Vəsiyyət” kimi əsərlərdə həyatın səhnə modeli yoxdur? Bunlar hələ bir teatrda – Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan əsərlərdir. Bu, başqa məsələdir ki, yaxşını çox vaxt müasirləri düzgün qiymətləndirə bilmirlər. Məgər klassiklərimizi müasirləri tərifləyirdi? Bu gün də sevilən Cəfər Cabbarlı qədər zamanında tənqid olunan ikinci dramaturq olubmu? Bu, bir xəstəlikdir keçmişə boylanıb “Ah, necə teatr vardı?!” deyib köks ötürmək. O teatrda oynanan əsərlər deyilən qədər yaxşı idilərsə, niyə zamanın sınağına tab gətirə bilmədilər, unuduldular, niyə dramaturgiyamızın zəif hesab etdiyiniz indiki vaxtında yaranmış boşluğu doldura bilmədilər? Cavab öz-özünə aydındır.
– Amma cəsarətli, çağdaş, real, mövcud teatr qurmaqdan ötrü dipdiri, iti reaksiyalı dramaturqlar və onu səhnə rakursunda təqdim edə biləcək cəsarətli rejissorlar vacibdir deyə düşünənlər çoxdur.
– Sizinlə razıyam, doğrudan da teatr diri olmalı, zamanın əhvalına, ovqatına, sərt reallığına tən gəlməli, adekvat olmalıdır. Amma nəzərə almalıyıq ki, bu gün teatr tənqid-təbliğ vasitəsi deyil, olmamalıdır da. Bununla belə tamaşaçı səhnədən doğru söz eşitməli, real həyatımızın problemlərinin bədii təqdimatını görməlidir, təəssüf ki, çoxumuza aydın olan məlum səbəblərdən bu mümkün olmur. Onu da deyim ki, yaxşı pyes hələ yaxşı tamaşa deyil. Onun yaxşı tamaşa olması üçün güclü rejissor və bütöv bir kollektivin peşəkarlığı tələb olunur. Teatra təqdim olunan pyeslə müəllif arasına onlarla adam girir. Deməli, hər kəs öz yerində yüksək peşəkar olmalıdır ki, siz deyən dipdiri teatr yaransın. Dramaturgiyamızda müəllif tünlüyü yoxdur, fəaliyyət göstərən mövcud dramaturqları saymaq üçün bir əlin beş barmağı da çox gəlir. Əslində isə, çox güclü bir teatr mühiti olmalıdır, onlarla dramaturq yetişməlidir ki, içərisindən yaxşı mənada seçilənlər, parlayanlar olsun. Heç olmasa dramaturgiyaya meyl edən bir neçə gənc yazıçını teatr ənənələri güclü olan xarici ölkələrə təhsil almağa göndərmək lazımdır. Bu işdə Mədəniyyət Nazirliyi özünü qabağa verməlidir. Əlavə olaraq deyim ki, problemin bir tərəfi də xalqın özündədir. Teatrı, xüsusilə müasir teatrı həm də savadlı, zövqlü, mədəni və tələbkar tamaşaçı formalaşdırır. Bizdə belə tamaşaçıların sayı azdır. Birbaşa teatrla məşğul olan məmurlar özləri də teatrı lazım olan qədər sevmirlər. Sevgisiz isə heç nə yaratmaq mümkün deyil. Niyə dramaturqlar azdır, niyə gənc yazarlar dramaturgiyaya gəlmirlər deyib tez-tez sual edirik. Məgər biz bu gün Azərbaycan teatrını yaşadan dramaturqların qədrini çoxmu bilirik? Beş ildən çoxdur Mədəniyyət Nazirliyi dramaturqlara qonorar vermir. Əsərlər dövlət teatrlarının səhnəsində oynanır, müəllifə isə zəhməthaqqı ödənmir. Deməli, dramaturq olmaq üçün heç maddi stimul da yoxdur.
–Uzun illik pedaqoji təcrübəyə maliksiz. Yəqin elə gənc nəsil dramaturq və rejissorların – onların əksəriyyəti universitetinizin məzunlarıdır – yaradıcı narahatlıqlarını da duya bilirsiniz. Həm də gənclərdən şikayət, giley etməyən az müəlliflərdənsiniz.
– İstənilən yaradıcılıq növü mükəmməl təhsil tələb edir, əlbəttə, təhsil almadan şeir qoşmaq, əhvalat quraşdırmaq mümkündür, bədahətən meyxana da demək olar, dramaturgiya isə fərqlidir. Dramaturqun yüksək təhsili, mədəni səviyyəysi, teatral düşüncəsi, geniş mütaliəsi olmalıdır, amma bu saydıqlarım azdır, dramaturq teatrı böyük məhəbbətlə sevməlidir. Dramaturgiya hobbi deyil, ona bütün həyatını verməlisən. Təəssüf ki, dramaturq olmaq istəyən gənclərin çoxu dediyim tələblərə cavab vermirlər. Ali təhsil diplomu almaq xatirinə bu ixtisasa təsadüfən gələnlər az deyil. Yaradıcılığın əlifbasını bilməyən, istedad işığı olmayan adama on il də dərs desən dramaturq ola bilməz. Bununla belə, bu gün Azərbaycan mədəniyyətinin, konkret desək, teatr və kinomuzun inkişaf istiqamətini müəyyən edən xeyli istedadlı məzunlarımız var.
– Hüseyn Cavidin maraqlı fikri var ki, “Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzunu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar”. Necə düşünürsüz, bu günün oxucusu hansı mövzunun əsiridir? Yaxud, oxucunun istədiyi mövzuda yazmaq müəllifin hansı xüsusiyyətinin məhsuludur?
– Hüseyn Cavidin bu fikri ilə tanış olmasam da, böyük dramaturqla tam razıyam. Çox təəssüf ki, bugünün oxucuları, xüsusilə gənc oxucuları yox dərəcəsindədir, onlar kitaba yox, ekrana baxırlar. İnsan ölümü, qəddarlıq, qan-qada, mənəviyyatsızlıq, rəzillik, qorxu, vahimə… Bütün bunlar elə yüksək peşəkarlıqla, istedadla göstərilir ki, təsirə düşməmək çətindir. Hələ internet saytları! Fentezi filmlərdəki əcaib məxluqlar, katostrofik hadisələr, dağıntılar… Çox təəssüf ki, bütün bunlardan sonra o gənclərdə yüksək mənəvi dəyərlərdən bəhs edən kitabları oxumağa vaxt, hövsələ və həvəs qalmır. Mənə gələndə, əsərlərimdə qəddar səhnələrdən, insanın ləyaqətini alçaldan epizodlardan yan keçməyə çalışıram. İnsan şeytana, yəni bütün fəsadların səbəbkarı olan nəfsinə mərhəməti ilə qalib gələ bilər, necə ki, “Mesenat” əsərinin qəhrəmanı Hacı Zeynalabdin Tağıyev “Mən şeytana mərhəmətimlə qalib gəldim” deyir.
– Bu günün dramaturgiyası hansı mövzuya borcludur və bir tamaşaçı kimi siz hansı tematikada boşluğu görürsünüz? O boşluq ki, tamaşaçı ilə teatr arasında zəncirvari həlqəni qırır.
– Həyatımız, yaşadığımız reallıq, bizi əhatə edən gerçəklik başdan-ayağa maraqlı mövzularla zəngindir, müasir yazıçı mövzu sarıdan korluq çəkmir, çəkməməlidir, amma əsas olan mövzu deyil, əsas olan mövzunu necə təqdim etməkdir, əsərin bədii dəyəridir. Banal bir ifadə var, teatr həyatın aynasıdır. Belə olmağına belədir, əgər o ayna aldatmırsa, həqiqəti göstərirsə, özü də bədii həqiqəti. O zaman teatr həyatın özündən daha maraqlı, daha inandırıcı, daha təsirli və sirayətedici olur. Bu gün Azərbaycan teatrı deməzdim ki, cəmiyyət həyatında mühüm yer tutur. Bütün ciddi və ya elitar sənət növləri kimi teatr da internetin, sosial şəbəkələrin, kütləvi əyləncə vasitələrinin ciddi basqısındadır. Yaxşı olan odur ki, Azərbaycan teatrı artıq təbliğat-təşviqat vasitəsi deyil. Teatrımız bu gün özünün əsas funksiyasını yerinə yetirir, sənət funksiyasını. Teatr buna nə dərəcədə nail olur, bu başqa söhbətin mövzusudur.
– Dramaturgiya sizi nəsrdən, roman yazmaqdan bir az uzaqlaşdırdı. Bu dramaturgiyadakı boşluğu doldurmaq cəhdidir, yoxsa kütləvi oxucu-tamaşaçı ilə ünsiyyət rahatlığı? Bir də toxunmaq istədiyiniz, lakin tərəddüd etdiyiniz mövzu varmı?
– Dramaturgiyaya gələndə artıq iyirmi illik nasir stajım vardı. Oxucularım da kifayət qədər idi. Çap məsələsində də korluq çəkmirdim. Bununla belə içimdə heç vaxt azalmayan bir teatr sevgisi vardı. Bax, elə həmin sevgi məni dramaturgiyaya gətirdi. İlk pyesim 1990-cı ildə oynandı və böyük uğur qazandı. Bu o zamandı ki, millətin yeni iqtisadi münasibətlərə uyğunlaşma prosesi çox ağrılı gedirdi, bir az əvvəldə dediyim kimi yeni azərbaycanlı tipi formalaşırdı. Mən öz qəhrəmanlarımı məhz bu yeni insan tipləri arasından seçirdim. Özüm də heç bir boşluğu doldurmaq fikrində deyildim, sadəcə, mən şəxsimi səhnə əsərlərində ifadə etməyi daha uyğun hesab elədim. Bu teatral sevgi romanı bu gün də davam edir. Dramaturgiyada özümü rahat hiss edirəm. Amma uzun illərdən sonra yenidən nəsrə bir salam vermək ehtiyacı hiss etdim, 2015-ci ildə “Ağdamda nəyim qaldı” avtobioqrafik romanımı yazdım. Həqiqətən, yazmaq istədiyim, amma bəzi səbəblərdən tərəddüd etdiyim yasaq mövzularım var. Bilmirəm o mövzuları nə vaxtsa yazacam ya yox? Bununla belə bu pandemiya dövründə çoxdan içimdə gəzdirdiyim bir mövzunu, nəhayət, reallaşdırdım. “Pərdəsiz” adlandırdığım bu pyes Azərbaycan teatrının çox məşhur iki aktrisasının bir növ duel-dramıdır. Bu pyesi hələ heç kəsə göstərməmişəm, heç çox ciddi ev redaktorum da pyeslə tanış deyil. Hələ ki onu özümdən aralamaq istəmirəm, hansı bir teatrda tamaşaya qoyulması haqqında da düşünmürəm. Müəyyən vaxtdan sonra yəqin çapa verməli olacam.
– Əksər rejissorlar sizin kimi tanınan imzalara üstünlük verirlər. Bu gəncləri qıcıqlandırmır ki?.
– Mən nə rejissorları, nə də teatrları qınayıram. Teatra yaxından bələd olduğuma görə onları yaxşı başa düşürəm, axı teatr tamaşa istehsal edən müəssisədir, ona lazımdır ki, böyük enerji, istedad, güc, vaxt, nəhayət pul sərf etdiyi tamaşanın alıcısı olsun, tamaşaçı zalı yarımçıq tərk etməsin. Ona görə də onlar tanınan müəlliflərə, tamaşaçıların sevə biləcəyi əsərlərə müraciət edirlər. Məgər ağlı başında olan teatr bir teatr mövsümündə 25 dəfə anşlaqla oynanan “Şah Qacar”ı qoyub, bir-iki dəfə oynana biləcək naməlum müəllifə müraciət edərmi? İndi yaşından asılı olmayaraq mənim imzam və ya əsərim kimisə qıcıqlandırırsa, problem mənim deyil. Hələ gənc müəllif qalsın bir tərəfə, özünü teatrşünas hesab edən bir xanımın az qala bütün müsahiblərinə “dejurnı” bir sualı var: niyə bütün teatrlarımız Əli Əmirlinin əsərlərinə müraciət edir? Bu zavallı verdiyi sualın çox sadə cavabının olduğunu belə bilmir. Vaxtılə Cəfər Cabbarlını teatrı monopoliyaya almaqda qınayanlar vardı. Böyük dramaturq bundan rəncidə olub bir məktub da yazmışdı: əgər mən kiməsə yazmağa mane oluramsa, kənara çəkilə bilərəm. Çəkildi də, özü də birdəfəlik, 35 yaşında!
Həmidə Rüstəmova