“Hasta la Vista” filmi məhdudiyyətsiz seks barədədir. Yox, film özündə erotik, pornoqrafik elementləri daşımır. “Hasta la Vista” 3 gənc əlilliyi olan oğlanın bəkarətdən xilas olmaq üçün etdikləri səfər barədədir. Bəli “Hasta la Vista” ifadəsi ispan dilindən tərcümədə “xudahafiz” sayılsa da, dublyaj olunan ölkələrdə filmin adını “Olduğun kimi gəl” kimi tərcümə edirlər. Hətta 2020-ci ildə bu filmin Amerikada çəkilmiş remeyki “Come As You Are” adlandırılıb. “Olduğun kimi gəl” bir növ şüar kimi seçilib və fiziki vəziyyətin necə olursa olsun gəlib sekslə məşğul olmaq olar mesajını əsas seçibdir.
“Olduğun kimi gəl” şüarı mənə Mövlanə Cəlaləddin Ruminin “kim olursan ol, gəl” sitatını xatırladır və burada sprituallıqla, seksin tandemi barədə aktrisa Sharon Stonenin dediyi kəlimə yada düşür: seksual yaxınlığı musiqi və dua ilə müqayisə etmək olar.
Xanım Stonenin müqayisəsini təhlil etmədən bəhs etdiyimiz filmə qayıdaq. Süjet heç də mürəkkəb və psixoloji tapmaca effekti yaradan nəsnələrdən ibarət deyil. Hər şey sadədir. Üç gənc oğlan həyatda ilk seksi dadmaq istəyirlər. Yaşları 25-ə yaxınlaşsa da onlar heç vaxt qadınla intim yaxınlıq yaratmayıblar. Fiziki məhdudiyyətli olmaları onları həmyaşıdlarından fərqləndirən yeganə nüansdır. Ancaq insanlar müxtəlif və bir-birindən fərqli deyillərmi?!
Beləliklə, bu üç gənc oğlanın libidosu, düşüncələri və həyat eşqi qətiyyən məhdud deyil. Onlar sadəcə qızlara baxmaqla kifayətlənmək istəmirlər. Hərəkət etmək və məsafəni aradan qaldırmağın əsl vaxtıdır. Doğuşdan bütün bədəni iflic halda olan Filip, metastaz və xərçənglə yaşamağa öyrəşmiş, ayaqları işləməyən Lars və görmə məhdudiyyətli Yosef İspaniyada xüsusi bardelin olduğunu öyrənirlər. Həmin bardeldə əlilliyi olan şəxslər üçün seks xidmətləri göstərirlər. Seks işçiləri təlimatlandırılıb və nəzəri, praktiki davranışlardan hali deyillər.
Üç gənc, valideynlərindən gizli şəkildə furqon sifariş edir və Belçikadan İspaniyaya yola düşürlər. Furqon əlilliyi olan şəxslər üçün uyğunlaşdırılıb və elektron pandus hesabına içəri rahat girib-çıxmaq təmin olunub. Furqonun sürücüsü isə Klod adlı qadındır. Klod isə özünü kişi kimi aparır və güclü və kilolu bədəni ilə üç gənc oğlanın yanında onlardan çox da fərqlənmir. O, yolboyu iki əlil arabasından istifadə edən və bir görmə məhdudiyyətli kəsə köməyini əsirgəmir.
Əslində kədər və yumorla qarışıq “Hasta la Vista”nı yol macəra filmi adlandırmaq olar. Son məntəqə və hədəf sekslə bağlı olsa da, film əsas etibarı ilə yolboyu baş verən hadisələri gur işıqla göstərir. Yoldakı hadisələr, bütün dramataloji üslüb haqda öyrənmək üçün filmə baxmaq lazımdır.
Bu film komplekslərdən xilas olmaqdan, steorotipləri dağıtmaqdan və mövcud vəziyyətə uyğun davranmaqdan xəbər verir. Təkcə Azərbaycanda yox, bütün dünyada əlilliyi olan şəxslərə sevgi və seks partnyoru tapmaq asan deyil. Əlbəttə inkişaf etmiş ölkələrdə əlillik sahəsi üzrə sosial, ictimai və digər sahələri əhatə edən inkişaf proqramları tətbiq olunur. Həmin proqramların hesabına əlilliyi olan adamların həyatı daha da yüngülləşir. Azərbaycanda isə əlilliyi olan şəxslərin vəziyyəti çox acınacaqlıdır. Problemləri sadalamaq üçün sözlər kifayət etməz. Həm yazının mövzusu o deyil.
Bu gün necə ki, İspaniyada əlilliyi olan şəxslərə özəl bardel varsa, Hollandiyada hər ay fiziki məhdudiyyətli vətəndaşlar üçün seks imtiyazı mövcuddur. Baxın hökumət öz fiziki məhdudiyyətli vətəndaşının partnyor tapa bilmədiyi halda yaranacaq təbii ehtiyacının təminatına da boyun olur.
“Hasta la Vista” filmi göstərir ki, əlilliyi olan adamlar da sevə, sevişə bilər. Onlar nə impotent, nə də frigiddilər. Belə bir şəxsin sekslə məşğul olması da utopik deyil.
2011-ci ildə rejissor Geoffrey Enthoven tərəfindən çəkilən Belçika filmi “Hasta la Vista” əslində real həyatdan götürülmüş hekayədən ilhamlanıb. 25 yaşında olanda Britaniyada yaşayan Asta Philpot bəkarətdən qurtulmaq üçün iki əlilliyi olan dostu ilə İspaniyaya yola düşür. Onların yol səyahətlərini BBC kanalı lentə alır və bu barədə “One day” adlı sənədli film də hazırlayır. Yeri gəlmişkən doğuşdan əlilliklə dünyaya gələn Asta Philpot “Hasta la Vista” filminin prodüseridir. O, epizodik də olsa həm bu filmdə, həm də “Come As You Are”da da rol alıb.
“Hasta la Vista” filmi təkcə əlillik və onun gətirdiyi çətinliklər, eləcə də seks haqda deyil, o eyni zamanda düşüncələrdəki məhdudiyyətlər barədədir. Düşüncələrdəki məhdudiyyətin ortaya çıxardığı fəsadlar təbii ki, fiziki məhdudiyyətdən qat-qat ağırdır. Azad və müstəqil qavrama üçün cəsarət və hərəkət labüddür. Onun reallaşması üçün qəliblərdən xilas olmaq və adekvatlığa meyil göstərməklə səadət pilləkənləri ilə qalxma yolunu tutmuş ola bilərsən.
Hasta la Vista, məhdudiyyətlər!