İngiltərədə çap olunan ədəbiyyat jurnalı “The Bookseller”in ənənəvi bir mükafatı var. Jurnal 1978-ci ildən bəri hər il ən qəribə adı olan kitablara mükafat verir. Jurnalın redaktorlarından Bryus Robertson 1978-ci ildə Frankfurt Kitab Sərgisini gəzərkən xoşuna gələn nəsə tapmamasından çox sıxılır və hər il qatılmağa məcbur olduğu bu kitab sərgilərini əyləncəli vəziyyətə gətirməyin yolunu sərgidəki stendlərdə mənasız adı olan kitabları axtarmaqda tapır. Bundan sonra bu iş ənənəviləşir.
Jurnalın təsis etdiyi “Ən qəribə adı olan kitab mükafatı” doğrudan da maraqlı adı olan kitablara verilib. Belə kitablardan biri “Greek Rural Postmen and Their Cancellation Numbers”, yəni “Kəndli yunan poçtalyonları və ləğv nömrələri” adlanır. Kitab pul kolleksiyaçılığı ilə bağlı kiçik broşur olduğu halda, 1979-cu ildə mükafat alandan sonra kulta çevrildi. Digər bir kitab “People Who Don’t Know They’re Dead” – “Öldüyündən xəbəri olmayan insanlar” idi. Kitab mağazalarının “paranormal” bölməsində rast gələ biləcəyiniz bu kitabı unudulmaz edən isə təkcə adı idi.
Bundan başqa siyahıda “Badımcanların qəzəbi”, “Tanıdığım çaqqallar”, “Şux tabutlar”, “Yapon nahar qutusunun estetikası”, “Ayaq barmağı falı”, “Köhnə məzarları yenidən istifadə etmək”, “Siçovullar: qayğı göstərənlər üçün” kimi kitab adlarıvar.
Bunların ikisindən xüsusilə danışmaq olar.
“Meşəlikdə böyük ayaqyoluna necə getmək olar”… Qəbul edək ki, əcaib addır. Kitabın adına əlavə olunan altbaşlıqda “itib-getmiş sənətə ekoloji yanaşma” da yazılıb.
Bir də “İt tükü ilə hörgü hörmək” adlı kitab var. İtin evdə xalçaya, divana, kresloya yapışmış tüklərini bir yerə yığıb onlardan necə papaq, şərf toxumağı izah edir. Altbaşlıq isə möhtəşəmdir: “Heç tanımadığınız qoyunun tükündənsə, tanıyıb-sevdiyiniz itin tükündən hörəcəyiniz sviter yaxşıdır.”
Jo Packama isə tort və bioqrafiya sözlərini birləşdirib “Pieography” adlı kitab yazıb.
Sonda çox qəribə üç kitab adı da əlavə edək:
– “Ən yaxşı şirniyyat xaricilərdədir” (Strangers Have the Best Candy), Margaret Meps Schulte. Xaricilərlə tanış olmağın həyatınızı necə dəyişdirdiyinə aid bir səyahət kitabıdır. 2015-ci ildə birinci yeri tutmuşdu.
– “Çirkin həyat yoldaşı evin xəzinəsidir”( The Ugly Wife is a Treasure at Home), Melissa Margaret Schneider. Çin mədəni inqilabında sevgi, evlilik və gündəlik həyat haqqındadır.
– “Əsl ifritədən boşanmaq” (Divorcing a Real Witch), Diana Rajchel. Paqan (paqanizmi təmisl edən adam) cadugərdən ayrılan kişinin boşanma ərəfələri barədədir.