Corc Sonders Random Hausa verdiyi müsahibədə “Linkoln bardoda” romanının ideyası barədə danışarkən deyir: “Vaşinqton DC-də idik, maşınla Oak Hill qəbiristanlığının yanından keçirdik. Bir dostum vətəndaş müharibəsi dövründə Linkolnun kiçik oğlunun burda dəfn edildiyini dedi. O dövrün qəzetləri yazırmış ki, Linkoln dəfələrlə məzara girərək oğlunu qucaqlayıb. Bunu eşidəndə zehnimdə bir xəyal formalaşdı: Linkolnun abidəsi ilə Pietanı (qucağında ölü İsa Məsihi tutan Məryəm ana heykəli) birləşdirmək.
“Deyə bilərsiniz, bardo nədir?” – sualına Sonders belə cavab verir: “Bardo” – Tibet buddizmində keçid vəziyyəti mənasını daşıyır. Bu termin daha çox ölümlə sonrakı həyatda yenidən doğulma arasındakı vəziyyətlə əlaqəlidir – şüurumuzun hələ də funksional olduğu, fəqət artıq fiziki bədənə bağlı olmadığı vəziyyət.”
Kitabın adının “Linkoln bardoda” olması buradan irəli gəlir. Türkiyəli tərcüməçi Nuran Elçi bu kəlməni islami məna verən “əraf” sözü ilə əvəz edib.
“Linkoln bardoda” romanına ABŞ-ın ilk prezidenti Abraham Linkolnun və ABŞ vətəndaş müharibəsinin 1862-ci ilindən bəhs edən əsər də demək olar.

Corc Sanders “Linkoln bardoda” (“YAY” Nəşriyyatı)
Romanın ilk təəssüratı və sonrakı cazibəsi
“Linkoln bardoda” romanını oxumağa başlayandan bir qədər sonra anlaşılmaz bir şeylə qarşılaşdım: əsər su kimi oxunurdu, fəqət pyeslərdə, yaxud yunan xorlarındakı kimi bütün paraqrafların altında kursivlə personajların adları yazılmışdı. Roman boyu dialoqlar bəzən yazarın uydurduğu qəhrəmanlar, bəzən də araşdırdığı kitablardan, məqalələrdən seçdiyi cümlələrin müəllifləri arasında davam edir. Personajların kursivlə yazılmış adları səssiz axan suya atılan daş təsiri yaradırdı.
Kitabı bir müddət kənara qoydum, sonra təkrar əlimə aldım və iqtibas sahiblərinin adlarına çox nadir halda göz atdım. Bu dəfə kitabı nəyin həqiqət, nəyin uydurma olduğunu dəqiqləşdirmədən, birnəfəsə oxudum. Onsuz da həqiqətlə uydurma arasındakı sərhəd bir müddət sonra bir-birinə qarışırdı.
Robert Sitalerin “Torpaq” romanından fərqli olaraq, Corc Sonders ölü personajlar üçün ayrı dil istifadə etmir, hər personaja ayrı geyim biçmir. Sondersin personajları adlarından yox, fikirlərindən tanınır. Ümumiyyətlə, Sonders xarakter yaratmağa çalışmır, xarakter qəhrəmanlar danışdıqca öz-özünə ortaya çıxır.
Əsərdəki hadisələr Oak Hill qəbiristanlığında, bir “sümük tarlasında” baş verir. Xəyalətlər gündüzlər “xəstə qutusu” adlandırdıqları tabutlara girir, gecələrsə ordan çıxıb “bardoya” toplaşırlar. Onlar öldüklərini bilmirlər, cəsədləri yatan qutuya tabut demirlər. Əsərin böyük bir hissəsində öldüyünü bilməyən, bu dünyaya qayıtmağa çalışan xəyalətlərin xatirələri, gələcək planları haqda söhbətləri oxucunun təxəyyülündə ABŞ-ın həmin dövrdəki mənzərəsini canlandırır. Personajlar o qədər canlıdır ki, kimin ölü, kimin diri olduğunu ayırd etmək çətindir.
Romanda cəmi üç nəfər diri insan var. Abraham Linkoln, qəbiristanlığın qarovulçusu və yaxınlıqdakı binada yaşayan şikəst qız. Burada hər cür xəyalət görmək mümkündür: qızları ilə görüşəcəyi günü gözləyən gənc ana, homoseksual, haqqı əlindən alınmış qəzəbli professor, cani, sevgilisindən ayrılanlar və s.
Rahib Tomasdan başqa hamı geriyə qayıdacağı günü gözləyir. Təkcə rahib geriyə yol olmadığını bilir, ancaq irəliyə keçməyə cəsarəti çatmır. Yazıçı yuxarıda adı çəkilən müsahibədə Tomas adını təsadüfən seçmədiyini bildirir: “Tomasın (Foma-red) incilində İsanın söylədiyi bir şey haqqında düşünürdüm: “İçinizdə olanı aşkara çıxarmasanız, o, sizi məhv edəcək””. Tomas İsanın haqq-hesab çəkməsini müşahidə edir, oradakı ətdən çadırı görür, öz bağırsaqlarını daşıyan qadınlardan qorxub qaçır. Orada hər kəsin ölü olduğunu yalnız Tomas bilir. O, bardodan çıxışını uzadır, özünə “sevilmişdik, illər sonra bizi xatırlayanda qısa müddətlik də olsa, hələ də xoşbəxtliklə gülümsəyirlər” sözləri ilə təsəlli verir.
Əsərdə bütün ölülər Linkolnun, oğlunu geri qaytaracağını düşünürlər. Onu anlamaq və oğlunu aparmağa təşviq etmək üçün ölülər, ata Linkolnun bədəninə girir, lakin onun sevimli oğlunu qaytarmaq fikri olmadığını başa düşəndə məyus olurlar. Linkoln nə qədər əzab çəksə də, “yəqin, çoxdan xoşbəxt bir yerə, ya da heçliyə gedib. Nə olur-olsun, artıq əzab çəkmir. Artıq hər şey qurtardı. Ya xoşbəxtdir, ya da bir heçliyin içindədir” deyir.
Bundan sonra xəyalətlər atasını yola gətirmək üçün Uill Linkolnu onun vücuduna girməyə sövq edirlər. Bu dəfə hər şey tərsinə olur, Uill gerçəyin fərqinə varır, “o qutu “xəstə qutusu” deyil, biz ölüyük” deyir. Bundan sonra böyük köç, ikinci ölüm başlayır. Bardonu adlamaq istəməyən, geri dönüşü gözləyən yüzlərlə xəyalət “maddəişıqçiçəkləməyə” çevrilir.

“Buker” mükafatlı yazıçı Corc Sanders
Sənədlərlə yazmaq
Sonders ata Linkolnun xarakterini açmaq üçün uydurma personajların dilindən dialoqlar yaratmır, tarixə müraciət edir. Onlarla məktub, əsər, məqalə və şəxsi məktublardan sitatlar gətirir.
Yazıçı, sənədləri romana redaktə etmədən, o qədər ustalıqla əlavə edir ki, onlar yamağa yox, tarixi naxışa bənzəyir. Oxucu araşdırmaq üçün vaxt sərf etməyəcəyi onlarla mənbədən bilgi almış olur.
Linkolnun zahiri görünüşü, siyasi imici haqda tərəfdarlarının və düşmənlərinin fikirləri romanın təbii axışına qarışır.
Əsərin ikinci hissəsində dövrün qəzet və kitablarında, şəxsi məktublarda Linkoln haqda yazılmış cəsarətli və sərt tənqidi fikirlər, bəzən təhqiramiz cümlələr, paraqraflar çıxır qarşımıza.
“Başqan axmağın biridir”, “tarixə zamanın işarələrini oxuya bilməyən, şərtləri və ölkəsinin mənfəətini anlamayan biri olaraq düşəcək”, “siyasi qabiliyyəti, hər hansı planı olmadan ölkəsini müharibəyə soxmuş, bəhanəsiz halda uğursuzluğa düçar olmuş…”, “istefa verməsən, səni zəhərləyəcəyik, həyatını məhv edəcəyik…”, “Abe Linkoln belə bərbad idarəetməyə rəğmən, dörd il də seçilsə, ümid edirik, xalqın yaxşılığı naminə tiranın ürəyinə xəncər vuracaq cəsur bir əl tapılar.”
Linkolnun düşmənləri hətta onun uşaqlarına verdiyi sərbəstliyi də ciddi şəkildə tənqid edir, “Linkoln ailəsini idarə etmirdi, uşaqları öz istədikləri kimi davranırdılar” yazırdılar. Yeri gəlmişkən, Linkolnun düşmənlərinin tənqid etdiyi tərbiyə metodu XX əsrin sonlarına doğru Qərbdə uşaq tərbiyəsində əsas metodlardan biri sayılacaqdı.
Kiçik oğlunun ölümündən bir gecə əvvəl Abraham Linkoln həyat yoldaşı ilə birlikdə Ağ Evdə təşkil olunan ziyafətdə istirak edib. Bu hadisə də o dövrün mediasında ciddi tənqidlə qarşılanıb. Halbuki Linkolnlar, həkim müsbət rəy verdiyinə görə gecəni təxirə salmamışdılar.
Həmçinin roman oxucunu Linkoln dövründə söz azadlığının səviyyəsi barədə də məlumatlandırır. Belə ki, Linkolnun siyasəti adi əsgərlər tərəfindən də tənqid olunurdu. “İnsanlar sizin çağırışınızla on doqquz ay ərzində çöllərə töküldü – oğullar, qardaşlar, ərlər və pul. Nəticədə nə oldu? Başa düşürsünüz ki, ölkəni boğan bədbinliyin, kədər və iztirabın səbəbkarı sizsiniz? Yaralanan, əlil olan, öldürülən, həyatı boyu şikəst qalacaq gənclərin sizin zəifliyiniz, qərarsızlığınız, əxlaqi cəsarətsizliyiniz üzündən bu vəziyyətə düşdüklərini bilirsinizmi?”
Əminliklə deyə bilərəm, “Linkoln bardoda” məni qane edən və günlərlə düşündürən roman oldu. Sondersin vahid dildə müxtəlif personajlar yaratması yeni texniki imkanlardan xəbər tutmağıma fürsət verdi. Xüsusilə, yeniliklər axtaran, fərqli yazı texnikasında yazılmış romanlar oxumaq istəyənlər üçün “Linkoln bordoda” əvəzsiz kitabdır. Xoş mütaliələr!
Gülnar Əhməd