Aygün Aslanlının “Skafandrlı adam” kitabından
– Bir dəfə… 37-38 yaşım vardı. Hələ Azdramada işləyirdim. Mikayıl Mirzə ilə aramız o qədər də yaxşı deyildi. Onu özümə yaxın buraxmırdım, tamam fərqli adamlar idik. Mikayıl həmişə zildən danışırdı. Qışqıra-qışqıra. Urapatriot idi də. Bir dəfə buna görə bufetdə ona təpindim. Yavaş səslə iki kəlmə dedim, yeddi rəng dəyişdi.
– Nə dediz?
– Yox, o, ikimizin arasında idi.
– Oynamıram e. hər şeyi gizlədirsiz.
– Yaxşı söz deyildi, axı?! Heç nə demədi. Sadəcə üzümə baxdı. Ertəsi gün gəldi. Girdi bufetə. Məni görəndə qayıtdı ki, sən mütləq evlənməlisən. Niyəsini soruşdum. “Çünki sənin kimi insanın oğlu olmalıdı özündən sonra” dedi.
– Fuad müəllim, doğrudan niyə gec evlənmisiz? Zəngin həyat yaşamısız, qadınlarla münasibətiniz yaxşı olub. Evlənəcək qız yox idi?
– Bilirsən, niyə? Yadıma düşmürdü. Amma bir gün ayıldım. Azdramadan gedəndə mənim üçün elə ağır idi ki… Elə bil qəflətən başım nəyəsə dəydi, da-danq elədi. Fikirləşdim ki, bu boşluğu, bu zərbəni nə ilə kompensasiya edə bilərəm? Yadıma düşdü ki, 40 yaşıma çatıram, hələ də ana-atamla yaşayıram. Bu nə həyatdı? Fikirləşdim ki, bu stressdən ancaq bir yolla çıxa bilərəm. O vaxta qədər başım işə qarışmışdı. Bütün varlığımla o teatrın içindəydim. Bəzi şeyləri görməyim üçün ordan çıxmağım lazım imiş. Ona görə də Həsənağa Turabovun atasına rəhmət oxuyuram. Onunla konfliktim olmasa idi, bəlkə elə qalıb çürüyəcəkdim Azdramada. Heç vaxt ailə haqqında fikirləşməyəcəkdim.
– Yəni ailə sizin üçün o qədər uzaq məfhum idi?
– Yox, uzaq deyildi. Sadəcə unutmuşdum! İşimə o qədər aludə olmuşdum ki, unutmuşdum. Fikirləşirdim ki, atam yanımdadı, anam yanımdadı. Həmişə belə olacaq, həmişə hazırın naziri olacam. Teatrdan çıxandan sonra tamamilə başqa adam oldum. Elə bil ki, o vaxtacan yaşadığım hər şey orda qaldı.
– Yoldaşınız da sənət adamıdı?
– O bizim institutu bitirmişdi. Mən institutda dərs deyəndə tanış olmuşduq. Kafedrada laborant işləyirdi.
– İndi də işləyir?
– Yox, uşaqlar olandan sonra işləmədi.
– Evlənəndən sonra ailə sizinçün nə oldu?
– Həəəəəə! Ailə məni xilas elədi. Başıma çox şeylər gələ bilərdi. Ailə məni naməlumluğa yuvarlanmaqdan qurtardı. Bayaq oxuduğum mesajda söz vardı haa.. “Tanrı sizi sevir”. Həqiqətdi. Dostlarımla yeyib-içməyə gedəndə bir telefon zəngi məni türmədən xilas eləyib. Dostlarımdan ayrılmamaq üçün o zəngi eləməyə də bilərdim, amma elə bil bir səs “evə zəng eləməlisən” dedi və məni nəinki həbsdən, bəlkə hətta ölümdən qurtardı. Bax, ailə də mənim üçün həmin zəng qədər oldu. Allah lazım olan anlarda həmişə özünü yetirir. Bunu o qədər hiss eləmişəm ki…. Çox. Ona görə Allahla davamı azaltmışam.
Sükut.
– Bildiyim qədərilə başqalarından fərqli olaraq sizin ailəniz o qədər də tanınmır, efirə çıxmırlar. Deyəsən, sizin üçün ailə həm də hamıdan gizlətdiyiniz adadı.
– Elədi.
– Ailə üzvləriniz sizi nə qədər tanıyır?
– Məni?
– Hə. onların yanında nə qədər açıqsız? Məncə, özünüzü onlardan da gizlədirsiz.
– (Gülür.) Məşhur bir amerikan aktyoru var: Dastin Hoffman. Deyir ki, “mən ən çox evdəkilərdən qorxuram. Çünki mənim haqqımda ən çox onlar bilirlər”. Mənim də necə olduğumu ailəmdən yaxşı bilən yoxdu.
– Yəni tanıyırlar sizi?
– İstər-istəməz tanımalıdırlar. Əgər ailə həqiqətən sənin adandısa, qalandısa, orda rahat olursan, azad olursan.
– Siz həmişə hər şeyi nəzarətdə saxlayan, özünənəzarət hissi güclü olan insansız, axı?!
– Yox, nə danışırsan. İnsan hərdən işin, şəhərin gərginliyindən azad olmalıdı. Mənim yaşıdlarımın əksəriyyəti işini bitirən kimi çayxanaya, çölə-bayıra qaçır, mən birbaş evə. Ailə mənim üçün çox əhəmiyyətlidi. Həddindən artıq. Jurnalistlərin çoxu içəri girən kimi birinci “gec evlənməyinizin səbəbi nədi?” soruşur. Mənim də şablon bir cavabım var. Deyirəm ki, gec evlənməyimin səbəbi odur ki, tez evlənsəydim, indiki ailəm olmayacaqdı.
– Bilirsiz də o sualı niyə verirlər, sizdən nə eşitmək istəyirlər?
– Bilirəm.
– Etiraf eləyim ki, hamının eşitmək istədikləri şey məni də maraqlandırır. Neçə dəfə bu sualı sizə vermək istəmişəm.
– Yox, biz əvvəldən danışdıq axı..
– Elə ona görə soruşa bilmirəm də. Nə vaxtsa haqqında danışmaq istəmədiyiniz mövzuya aid suallara cavab verdiyiniz olubmu?
– Yox, heç vaxt. Elə şeylər var ki, onlar səninlə getməlidir, toxunulmazdır.
– Niyə danışmaq istəmirsiz? Ailənizi incitməkdən qorxursuz, ya özünüzü?
– Yox! Yoooooox!! Məni incitdiyinə görə yox! O mövzu toxunulmazdır! Məndən başqa heç kimə aidiyyatı, dəxli yoxdur! Heç kimə!
– Hirsləndiz?
– Yox, niyə hirslənirəm?! Hirslənmirəm. Sadəcə bunu anlamağınızı istəyirəm. Hərdən bəzi jurnalistlər, az qala, istintaq qururlar. Görürsən ki, danışmaq istəmirəm, niyə təkid eləyirsən?!
– Onda mövzunu dəyişək.
– Dəyişək.
– Həmid Herisçinin “Portretlər” kitabında sizin də portretiniz var və orda əyri bir güzgünüz olduğunu yazıb. Burdakı qrim otağınızdadı o güzgü, yoxsa Azdramadakı?
– Yox, elə burda görüşmüşdük. Həmidlə tanışlığımızdan “sizin haqqınızda portret yazmaq istəyirəm” cümləsinə qədər keçən yol çox enişli-yoxuşlu olub. Hiss eləyirdim ki, o, məni yoxlamaq, cikimi-bikimi öyrənmək istəyir. Əslində xeyli əvvəl tanış olmuşduq, bir-iki dəfə söhbət eləmişdik. Sonra məni “Gecə kanalı” verilişinə dəvət elədilər. O verilişdə Heydər Əliyevin rolunu oynamaqdan imtina etməyimdən danışmışdıq. Deməli, “Lenfilm”də Brejnev haqqında film çəkilirdi, məni də Heydər Əliyev roluna dəvət eləmişdilər. İki-üç ay getdim- gəldim, senarini vermədilər. Axırıncı dəfə dedim ki, senarini verməsəz, bir də gəlməyəcəm. Yüz cür bəhanə gətirdilər, çəkilişlər başlayana qədər uzatdılar. Nə isə çəkilişdən bir gün əvvəl Peterburqa uçdum, hava limanından birbaş kinostudiyaya apardılar. Senarini verib dedilər ki, sabah çəkilişdi, “palitbüronun iclası” səhnəsini çəkəcəyik. Kinostudiyadan çıxıb otelə gələndə artıq gecə saat 1 idi. Yəqin fikirləşiblərmiş ki, yorğun olacam, ssenarini diqqətlə oxumayacam. Ya da ümumiyyətlə, oxumayacam.
– Niyə belə eləyirdilər? Sizi çəkmək istəmirdilər?
– Əksinə. İstəyirdilər ki, mən senarini axıra qədər oxumayım, çəkilməyə başlayım, sonra da davam eləməyə məcbur olum. Gəldim otelə, gecə 4-ün yarısına qədər senarini oxudum. Dördə qalmış rejissora zəng elədim və roldan imtina elədim. Səbəbini soruşanda cavab verdim ki, siz mənim prezidentimi pis qələmə vermisiz. Dəstəyin o başından mənə bədii təxəyyül, kino haqqında mühazirə oxumağa başladı, mənim müxalif düşüncəli adam olduğumu bildiklərini dedilər. Onlara başa salmağa çalışdım ki, mənim müxalifliyimin bu məsələyə heç bir dəxli yoxdu. Mən azərbaycanlıyam, o da ölkəmin prezidentidi. Axırda da “sizin Aleksandr Sergeyeviç Puşkin demiş, mən öz vətənimi tənqid eləyirəm, amma bunu başqaları eləyəndə xoşuma gəlmir” deyib sağollaşdım. İlhamiyyə ilə Həmidin “Gecə kanalı” verilişində də elə bu barədə söhbət eləmişdik. Onda Həmid roldan niyə imtina elədiyimi soruşdu. Mən də “sən başa düşməzsən” dedim. O vaxtlar Sankt-Peterburq-Bakı reysi həftədə bir dəfə olurdu. Yəni geri qayıtmaq üçün bir həftə gözləməliydim. Özümlə pul götürməmişdim ki, gedən kimi orda qonorarımı alacam. Roldan imtina elədiyimə görə pul da vermədilər. Bir həftə mehmanxanada qaldım, sonra tanışlarıma zəng elədim. Bəziləri mənim o hərəkətimi qorxu kimi qəbul elədi. Amma mən qorxmamışdım, sadəcə bir vətəndaş kimi qüruruma toxunmuşdu. Bax, belə yerdə bayaq dediyiniz qürurluluğum yerinə düşdü. O filmdə başqa millətlərin nümayəndələri də vardı – qazax, ukraynalı – Siyasi Büronun üzvləri. Təkcə mənim millətimin prezidentini mənfi obrazda göstərmişdilər. Mənim etirazım, müxalifliyim daxili işimdir. Uzun sözün qısası, o vaxt buna görə Həmidlə aramızda anlaşılmazlıq yaranmışdı. Amma insanın içini görməyi bacaranlara bir az vaxt vermək lazımdı.
Fotolar Orxan Əzimindir.