Cəmiyyətdə dəlilərə, əqli qüsuru olan şəxslərə qarşı əzilmişlik sindromu daşıyan insanlar tərəfindən həmişə amansız münasibət olub. Bu sindromun daşıyıcıları nə zamansa təhqir olunan, alçaldılıb əzilən, xaraktercə zəif adamlar olurlar. Onlar ağıldankəm insanları ələ salmaqla özlərinə qarşı baş verən təhqirlərin əvəzini çıxaraq müəyyən dərəcədə rahatlıq və təskinlik tapırlar. Alçalmışlardan fərqli olaraq güclü insanlar heç vaxt xəstə, zavallı, köməksiz adamları lağ hədəfinə çevirmirlər. Zədəli fərdlərə qarşı rəhmli və anlayışlı olurlar.
Digər tərəfdən isə ruhi xəstələrin statusu ağıllarını itirən andan müəyyənləşdiyindən onlara olan münasibət də dərhal özünü büruzə verir. Ortaq düşüncə isə bundan ibarət olur. Ruhi xəstələr istər fiziki, istərsə də mənəvi cəhətdən heç nəyə yaramırlar. Onların küçədə, parkda, zibilxana ətrafında gəzmələrini ətrafa zərər vurmadıqda qəbul etmək olar. Əks təqdirdə ölənəcən çırpmaq lazım gəlir.
Dəlilik mövzusu dünya ədəbiyyatında ciddi şəkildə işlənmiş mövzulardandır. Fyodor Dostoyevskinin “İdiot”, Mixail Bulqakovun “Master və Marqarita”, Ken Kizinin “Ququ quşu yuvası üzərindən uçarkən” Haruki Murakami “Norveç meşəsi” romanları ruhi pozğunluq mövzusunda fərqli forma və üslublarda işlənmiş romanlardan hesab olunur.
Çexovun “6 nömrəli palata” hekayəsi bu mövzuda yazılmış ən güclü əsərlərdən biridir. İlk baxışda palata sözünün özü xəstəxana ilə təbii assosiasiya yaratdığından oxucu istənilən xəstəxana palatasında baş verə biləcək əhvalatı və ya hadisəni təsəvvüründə canlandırmağa başlayır. Bir müddət sonra isə hekayənin ağır dramatizmi oxucunu hadisələrin gedişatına daha möhkəm bağlayır. Palatanın ümumi atmosferi, xəstələrin keçmiş və sonrakı taleyi, onların davranışına qarşı yaranan rəftar qaydaları ətrafında suallar yaradır. Hekayə ilə tanış olan hər kəs həmin palatada olmadığı üçün özünü xoşbəxt hesab edir.
Çexovun hekayəsində kənar heç kimsə yoxdur. Yazıçı qəhrəmanlarının hamısını cəmiyyətin içərisindən seçib götürür. Bu səbəbdən də “6 nömrəli palata” cəmiyyətin kiçildilmiş modeli rolunu oynayır. Əslində isə “6 nömrəli palata”da olmadığı üçün özünü xoşbəxt hesab edən hər bir kəs hekayədə baş verən əhvalatları diqqətlə izlədikdə oradakı obrazların hərəkətlərində, davranışlarında, sevinc və kədərlərində, hətta dəliliklərində belə özlərindən nələrsə görə bilərlər.
Hekayəyə nəzər salanda görürük ki, əvvəldən axıra qədər yazılan bir söz, bir cümlə belə boş yerə istifadə olunmayıb. Həmin sözlər, cümlələr mütləq şəkildə ətrafın və obrazların hərtərəfli təsvirinə, hadisələrin inkişafına, insanların daxilində gedən ruhi proseslərin öyrənilməsinə, xarakterlərin açılmasına xidmət edir.
Ümumilikdə isə dəlilik mövzusu çox ağrılı, toxunulması çətin olan mövzulardan biri bəlkə də birincisidir.
Hekayə xəstəxananın həyətindəki figelin (balaca tikili) təsviri ilə başlayır. Məkanın izahındaca yazıçı hekayədə baş verəcək gələcək hadisələrin, oradakı insanların yaşayış tərzinin öyrənilməsinə, qavranılmasına xidmət edən nəqlə üstünlük verir:
“Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.”
Xəstəxananın həyətindəki fligel baxımsız, lazımsız köhnəlmiş tikili kimi təsvir olunur. Fligeli çöldən ayıran hasarın üzərinə sancılmış mıxları vurğulamaqla yazıçı dəlixananı həbsxana ilə müqayisə etməyə tutarlı səbəb tapır. Üst-başı nimdaş, tör-töküntü, səliqəsiz olan bir dəli obrazını gözümüz önündə canlandırıb fligellə müqayisə etsək, görərik ki, yazıçı elə fligelin kənardan olan görüntüsünü qeyd etməklə həm də dəlilərin ümumiləşmiş obrazını verir.

Əsərə çəkilmiş illüstrasiya
Fligelin içərisindəki dəlilər yaşayan otaq haqqında bəhs edərkən Çexov otaqdan gələn qarışıq qoxunun yaratdığı təəssürata əsasən oranı otaq yox heyvanxana ilə müqayisə edir.
Çexov mətnlərində insan şəxsiyyətinə qarşı etik davranan yazıçılardandır. O, sözlə olsa belə insanın təhqir olunmasının, qiymətdən düşməsinin əleyhinədir. Cəmiyyətdə baş verən çirkinlikləri nə qədər qabartsa da, onları kiçik əhvalatlarla mətnə gətirib böyük mətləblərə toxunaraq insanın həmin toxunmalarda itib-batmasına, yox olmasına, alçalmasına razı olmur. Bu səbəbdən də “6 nömrəli palata” hekayəsinin elə başlanğıcında dəlini heyvana bənzətmək kimi imkan qazanan yazıçı bu yola getmir, insanı heyvanla eyniləşdirmək istəmir. Hətta həmin otaqda insanlara qarşı olan heyvani münasibəti də bildirməyə dili gəlmir. Bu fikrini o, otağın təsvirindəki qoxunun yaratdığı assosiasiyada vurğulayır. “Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı, taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.”
Çexov ixtisasca həkim idi. Onun yaşadığı dövrdə həkimlik ixtisasına yiyələnmək yüksək savad və zəhmət tələb edirdi. O, isə bədii zövqünü formalaşdırmaqla yanaşı elmlə də mütəmadi olaraq məşğul olurdu. Universiteti bitirdikdən sonra Çexov heç bir dövlət qulluğunda həkim kimi işə düzələ bilməsə də ömrünün son günlərinə qədər xəstələri evində qəbul edərək onları müalicə edir. Xüsusən kasıb, köməksiz kəndlilərə pulsuz müalicə yazırdı. Qardaşına yazdığı məktubların birindəki cümlələr diqqəti cəlb edir: “Bu yay yüzdən çox xəstə qəbul etdim. Qazancım isə cəmi bir manat olub”.
Bu sözləri yazarkən yazıçı özü də artıq vərəm xəstəsi idi. Davamlı olaraq qan qusurdu. Lakin, o, xəstəliyini ciddi-cəhdlə ailə üzvlərindən, xüsusən də anasından gizlədirdi. O, ehtiyat edirdi ki, anası onun xəstəliyini bilsə, göndərdiyi pulları qəbul etməz. Digər tərəfdən isə özünün ağır xəstəliyi və ailəsinin maddi ehtiyacları olmasına baxmayaraq Çexov qəbul etdiyi xəstələrdən heç bir halda pul, bəxşiş qəbul etmirdi. Dolanışığını yalnız yazdığı yazılara verilən çox cüzi qonorarla ötüşdürürdü.
Bu kimi bioqrafik məlumatlarla tanış olduqdan sonra məlum olur ki, yazıçını həkimlik ixtisasına gətirib çıxaran səbəblərdən biri də elə insana qarşı alicənab hisləri və sevgisi olub. Məhz buna görə də Çexovun yazdığı bütün mətnlərdə yazıçı ilə yanaşı həm də bir həkim qəlbinin döyüntüləri əks-səda verir. Çexov insan orqanizminin həkimi olmaqla yanaşı həm də insan qəlbinin, mənəviyyatının həkimi idi.
O, insanları təmənnasız şəkildə qəlbdən sevir, onların dərdinə yanır, yazıçı kimi isə insanlığın təəssübünü çəkirdi.
“6 nömrəli palata” hekayəsindəki otağın təsvirində də yazıçı ləyaqətli düşüncə tərzinə, insana qarşı olan məhəbbətinə sadiq qalaraq qeyd edir ki, insan nə qədər əzilsə də, alçaldılsa da, hətta ruhi müvazinətini itirib ömürlük dəlilik həyatına məhkum olunsa da bütün hallarda o yenə insandır, onu heyvanla müqayisə etmək sarsıdıcıdır. Lakin, burada “heyvanxana” sözü də hədər yerə işlənmir. Bu həm də oxucunun diqqətini hekayədə baş verəcək gələcək əhvalatların mahiyyətinə doğru istiqamətləndirir. Əgər otaq heyvanxana ilə müqayisə olunursa, deməli oradakı xəstələrə yaxşı münasibətin olmasından söhbət gedə bilməz. Belə olan halda Çexov məhz palata məsələsini, xəstə, cəmiyyətdən təcrid olunmuş, azadlıqlarını itirib bir palataya məhkum olunmuş xəstələrə göstərilən qeyri-insani münasibətin səbəblərini araşdırır. Çexovdan sonra bu mövzunu Azərbaycan ədəbiyyatında ən aydın şəkildə işıqlandıran Cəlil Məmmədquluzadə olmuşdur. Ədibin 1926-cı ildə qələmə aldığı “Dəli yığıncağı” pyesi də o dövrdə baş verən qeyri-insani, əxlaqdan kənar hərəkətlərin ifşa olunmasına xidmət edib. Çexovdan fərqli olaraq Cəlil Məmmədquluzadənin qəhrəmanları qapalı məkanda deyillər, onlar azaddılar. Küçələrdə gəzirlər, adamların içərisindədilər. Lakin, bu gəzinmələr, adam içinə çıxmalar onlara baha başa gəlir. Molla Abbas, Pırpız Sona, Farmasyon Rüstəm, Sərsəm Heydər və başqa dəlilər xəstəliklərinə qədər tanıdıqları tanışları, qohum-qonşuları tərəfindən döyülüb, söyülürlər. Sağlam insanlar onlara qarşı həmişə hücum mövqeyində dayanırlar. “Dəli yığıncağı” pyesindəki ən ağrıdıcı məqam isə ondan ibarətdir ki, oradakı dəlilərə qarşı onların öz qohum-əqrəbaları da əks hətta düşmən mövqe tuturlar. Dəli olan kişilərin öz doğmaca qardaşları onların arvadları ilə siğə vasitəsi ilə nikaha girirlər.
Çexov isə sanki öz xəstələrini bu cür amansızlıqlardan az da olsa qorumaqdan ötrü onlar üçün qapalı məkan-palatını seçir və cəmiyyətə həmin palata vasitəsi ilə ayna tutur.
Növbəti abzasın sonunda isə Çexov otaqdakı xəstələri oxucuya təqdim edərkən heyvanxana sözünün inamla müqayisəsindən uzaqlaşaraq heç bir güzəşt etmədən yazır: “Bunlar dəli idilər”.
Çexov burada dəliliyin insana xas olduğunu bildiyindən onun üçün bu fikirdə hansısa qəbahət görmür. Həmin üç sözlə ifadə olunan cümləyə heç bir yumşaqlıq, bəzək-düzək qatmadan birbaşa oxucunun ixtiyarına vermək qərarına gəlir. O, həm də sanki xırda təsvirlərdən yorulur və qəflətən “bunlar dəli idilər” cümləsini mərmi kimi mətnin içərisinə ataraq insanı dəli olmasına, öz ruhunu zəifliyə, qorxuya, xəstəliyə təslim etdiyinə görə qınayaraq insanlığı, cəmiyyəti həmin cümlə ilə cəzalandırır.
Ümumiyyətlə Çexovun hekayələri ilə şöhrət qazanmasında ən böyük hünəri də hekayənin içərisindəki əhvalatı, ovqatı bir cümlə, hətta sözlə ifadə etməsidir.
“Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim dəbli qalpaq qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.”
Burada yazıçı otaqdakı çarpayıların yerə vintlənməsindən tutmuş əyinlərinə geydikləri xəstəxana paltarlarına, başlarına qoyduqları köhnə dəbli qalpağa qədər üçcə cümlə sərf etsə də, əslində hekayənin bütün sirrini açır. Çarpayıların döşəməyə vintlənməsi artıq otaqdakı insanların təhlükəli olması ilə yanaşı həm də onların azadlığının döşəməyə qədər ömürlük məhdudlaşmasını bizə göstərir.
Dəliliyi yaradan səbəblərin birincisi insanın azadlığa doğru can atması, sərbəst yaşamaq, heç kimdən asılı olmamaq istəyidir. Lakin, cəmiyyət həmin insanın azad olmasına imkan vermir, hər addımda onu məhv etməyə, zərərli böcək kimi əzib suyunu çıxarmağa hazırdır. Azadlıq aşiqi olan insanlar bir qayda olaraq ətrafda baş verənlər haqsızlıq və bu kimi hallarla barışa bilmədiklərindən dəliliyə düçar olurlar. Azadlıq ehtiyacı uğrunda başlanan mübarizə insanı dəliliyə, məhdudiyyətlərə doğru sürükləyir. Nəticə isə palata, məhrumiyyətlər, dəli paltarı, əl-qolun bağlanması, zəncirlənməsi, çarpayıların yerə vintlənməsi, yalnız bir palata uzunluğu qədər gəzişmələrdən ibarət olur. Məsələnin ən ağrılı və dəhşətli tərəfi ondan ibarətdir ki, bütün bunlar bir insanın ömrünün sonuna qədər davam edir.
Axı insanın çarpayısı niyə döşəməyə bərkidilsin? O, hansı günahın yiyəsidir ki, onu həm taleyi, həm də insanlar belə qəddar formada cəzalandırırlar? Bəs əyinlərindəki xəstəxana paltarları, başlarındakı köhnə dəbli qalpaq? Axı yazıçı hələ hekayənin başlanğıcında fligelin xəstəxanadan ayrı olduğunu vurğulamışdı. Elə isə xəstələrin əynindəki göy xəstəxana xalatı hardandır? Deməli məlum olur ki, əslində ruhi xəstələr fligeldə yox, elə xəstəxanada müalicə olunub, normal insani münasibət görməlidilər. Lakin, sən demə bu bədbəxtlər hətta xəstəxanadan da təcrid olunub uçuq-sökük, yararsız fligelə sıxışdırılıblar. Onlar üçün fiziki həyat davam etsə də, mənən sağlam ruhi psixoloji varlıq kimi heçə endiriblər. Həmin dəlilərin palatadakı həyat və yaşayışları oturmaqdan və yatmaqdan ibarətdir. Çexov bir insan həyatının lazımsızlığını, heçliyini, onun palatadakı oturmağa və yatmağa əbədi məhkum olunmasının amansızlığını məhz “oturur və yatırdılar” sözləri ilə oxucuya çatdırır. Həmin cümlənin sonuna yeyib, içib, gəzirdilər kimi sözlər də əlavə olunsaydı, palatanın atmosferi, oxucunun xəyalındakı təsvir tamamilə dəyişəcəkdi. Və bu dəyişiklik şübhəsiz ki, tamam başqa əhval yaradacaqdı.
Bu səbəbdən də Çexovun dahiliyi onun sözlərdən zərgər dəqiqliyi ilə istifadə etməsində, seçməsindədir.
Palatadan seçilib oxuculara təqdim olunan ilk xəstə iyirmi il əvvəl papaqçı dükanı yandığına görə havalanmış yəhudi Moyseykadır. Xəstələrdən bircə o, hər gün bayıra çıxır. Küçələrdə dilənir, gəzir, insanlarla ünsiyyətdə olur. Palataya qayıtdıqda isə gözətçi Nikita onun bütün pullarını əlindən alır. İlk baxışda Moyseka palata yoldaşlarına qarşı çox diqqətli və qayğıkeşdir. Lakin, bu qayğıkeşlik insani xüsusiyyətlərdən irəli gəlmir. O, nəcib keyfiyyətləri özündə əks etdirən palata yoldaşı Qramovu təqlid edir. Fikir versək görərik ki, Moyseka dünya malına hərisliyi ucbatından ağlını itirib. Onun papaqçı dükanı yanıb. Məhz bu yanğın Moysekanın dəli olmasına kifayət edib. Bundan sonrakı illərdə onun xasiyyətində müsbət heç nə baş verməyib. Yazıçı onu təkcə palata yoldaşını təqlid edən biri kimi təqdim edir. Onun dəli olma səbəbi kifayət edir ki, yazıçı bu obrazın üzərində o qədər get-gəl edib özünü zəhmətə salmasın. Moyseka kimi adamlar dəli olmasalar belə mənalı və əhatəli ömür sürmə ehtimalından uzaqdılar. Moyseka da maddiyyat ucbatından baş verə biləcək istənilən uğursuz hadisədə ağlını itirəcək milyonlarla insandan biridir.
İvan Dmitriçin timsalında isə Çexov bir insanın yuxarı pillədən tədricən aşağılara, dəlixanaya qədər yuvarlanmasını, pillə-pillə enməsini göstərərək həm də onu vurğulamaq istəyir ki, dəlilik elə psixoloji haldır ki, hətta yüksək cəmiyyət insanın da başına gələ bilər.
Doğrudur, burada həyat şərtlərinin, İvanın başına gələn ailə faciələrinin, valideynlərini qardaş itirməsinin də rolu çoxdur. İvan otuz üç yaşında artıq kimsəsiz və hər şeyini itirmiş adam olur. Müəllifin də İvan Dmitriçin xarakterində vurğuladığı incə xüsusiyyətlər, onun vasvasılığı, cəmiyyətdəki qanunsuzluqlarla barışa bilməməsi faktı İvanın çox həssas adam olmasını aşkar edir. Lakin, xarakterdəki bu zəifliklər birbaşa həm də onun ruhuna sirayət edir. İvan ruhən də incə və həssas insan olduğu üçün ailəsində baş verənlər, rastlaşdığı həyat çətinlikləri ilə bacarmır. Fiziki cəhətdən su və çörəklə dolanmağı bacarsa da, ruhən bunun öhdəsindən gələ bilmir. Tükənib zəifləməyə başlayır. İnsanlardan qaçaraq tənhalaşır və təqibetmə qorxusuna tutularaq dəlixanaya düşür.
Mətndə Çexov qəhrəmanın tənhalıq axtararaq adamlardan qaçmasını nahaq yerə vurğulamır. Yazıçı bununla tənhalığın insan üçün gərəkli olduğu qədər insanlarla ünsiyyətdə olmağın da vacibliyinə işarə edir. Diqqətlə nəzər yetirəndə görürük ki, İvanın düşüncələrində özünə yer edən vəsvəsə, qorxaqlıq, hədsiz həssaslıq nevroz xəstəliyinin əlamətidir və bu zaman-zaman bir çoxumuzun başından gəlib keçmiş məsələdir. Həmin gəlib keçmişlik bizi dəlixanaya qədər ona görə aparıb çıxarmamasının bir səbəbi də insanlarla ünsiyyətimiz olub. Həmin ünsiyyət bizə ac yalavac hüceyrələrimizi doyuzdurmağa imkan yaradıb. Düzdür bu bir az da özünü aldatma prinsipinə xidmət edir. Ancaq ömür həm də özünü aldatmaqdan ibarət deyilmi?
Başqa tərəfdən isə insanlar dərdi bölüşə biləcək həmdərd tapa bilmədiklərindən dəli olurlar.
Çexovun ən kədərli hekayələrindən biri olan “Qüssə” hekayəsində oğlunu itirən faytonçu İonna öz dərdini heç kimə deyə bilmir. Çünki heç kim onu dinləmək istəmir. İnsanlardan mərhəmət və diqqət görməyən ata sonunda oğlunun ölümünü öz atına nəql edib ağlayır.
Bununla da Çexov bəyan edir ki, insanlar həm də ünsiyyətsizlikdən, dərdi bölüşə bilməməkdən dəli olurlar. Şüuraltında qalmış zədələr isə sindromlaşır və heç nə itib getmir.
Bu səbəbdəndir ki, Çexov öz əsəri ilə insanları bir-biri ilə ünsiyyətə, sosiallaşmağa səsləyir. İvan öz qarabasmaları, qorxuları barədə bir kimləsə bölüşsəydi, ətrafında özünə yaxın insanları doğmaları olsaydı bəlkə də dəlixanaya düşməz, ruhi müvazinətini itirməzdi.
***
«Onların, xahiş edərkən üzlərini, ölərkən adyallarını görmək son dərəcədə ağırdır”
Çexov Maksim Qorkiylə məktublaşarkən bu sözləri vərəmli xəstələri haqqında yazırdı. O, dövlətdən heç bir kömək görməyən, çarəsiz, bədbəxt xəstələrlə rastlaşarkən dərin kədər hissi keçirir öz xəstəliyi ilə yaşayan xəstələrin ölümünü görməyə dözə bilmirdi. “6 nömrəli palata” hekayəsində (rus ədəbiyyatında povest kimi qeyd olunur) də yazıçı xəstə insanların heç kim tərəfindən xatırlanmaması məsələsini həm də palatanın unudulması ilə vurğulayır. Gözətçi Nikitadan və iki aydan bir gələn dəlləkdən başqa xəstələr heç kimin yadına düşmür.
Bu unutqanlıq o qədər adi və sadədir ki, palata sakinləri də bunu reallıq və təbiilik kimi qəbul ediblər. Onlar üçün palataya kiminsə gəlib-gəlməyəcəyi artıq heç bir əhəmiyyət daşımır.
Bu əhəmiyyətsizlik elə bir həddədir ki, həkimin onları ziyarət edəcəyi xəbəri belə palatada şaiyə kimi qəbul olunur. “Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı. Şayiə buraxdılar ki, guya 6 №-li palatanı həkim ziyarət etməyə başlamışdır. Qəribə bir şayiə!”
Cəmiyyətin ən nüfuzlu, inanılmış simalarından hesab olunan həkimin palataya vəzifə borcu gəlişinin xəstələr tərəfindən şaiyə kimi qəbul olunması Çexov tərzinə xas şəkildə sarkazmla verilir. Hətta sarkazmdakı hiddət, kinayə o qədər güclü olur ki, yazıçı şaiyə sözünün əvvəlinə qəribə sözünü də əlavə edir. “6 nömrəli palata” o qədər unudulmuş, təhqir olunmuşdur ki, həkimin ora gəlişi həqiqət yox, qəribə şaiyə kimi qəbul olunur.
Çexov bilərəkdən palatanın ümumi vəziyyətini şaiyə sözü ilə xarakterizə etməyə üstünlük verir. Bununla da sanki xəstələrin yaşayış tərzinə, baxımsızlığına və təcrid olunmalarına ironiya edir.
Çexov “6 nömrəli palata” hekayəsində xəstələrdən ən çox İvanın üzərində dayanır. Onun üçün daha çox söz və fikir xərcləyir. Yazıçı onun obraz kimi təsvirini və xasiyyətini geniş formada oxucuya təqdim edir: “O, heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşamırdı. Həmişə rəngi sarı, bədəni arıq idi, tez-tez soyuqlayır, az yeyir, pis yatırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi. Adamlara böyük meyl göstərirdi, lakin xasiyyətinin tündlüyü və vasvasılığı üzündən heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, onların kobud nadanlığı və heyvani yaşayışları ona alçaq və mənfur görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlar ac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir. İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o bütün bəşəriyyəti namuslu və alçaq adamlara bölürdü; ondan ötrü orta bir pillə yox idi”.

“6 nömrəli palata” filmindən kadr
Sonda vurğulanan orta pillə seçiminin qəbul edilməməsi İvanı dəli olmağa aparan yol idi.
Daim kitabların əhatəsində olan, mütaliə edən bu həssas insan günlərin birində təsadüfən polislərin küçədə ayağı qandallı məhbusu apardıqlarını görməsi və sonradan tanış polis işçisinin onunla yüngülvari söhbəti İvanın canına qorxu salır. İvan özünün nə zamansa cinayət işləməyəcəyinə əmindir. Lakin yaşadığı cəmiyyətə, mühitə inanmır, insanlardan ehtiyat edir. Nə zamansa şərlənəcəyindən, iş yerində hansısa təhlükəli səhv edərək saxtakarlıqda günahlandırılıb həbs oluna biləcəyindən qorxur. Onun daxilində sələmçi qarını və bacısını qətlə yetirəndən sonra Raskolnikovda yaranan qorxuya bənzər qorxu peyda olur. Dostoyevskinin qəhrəmanından fərqli olaraq Çexovun qəhrəmanı özündən əmin deyil. Raskolnikov etdiyi cinayətin fərqindədir. Mənəvi işgəncəyə məruz qalsa da, xəstə əhval-ruhiyyədə gəzib dolaşsa da, ruhi müvazinətini itirmir. İvan isə heç bir günah işləməyib, heç kimi öldürməyib. O, cəmiyyətin yaratdığı günah bataqlığı nəticəsində havalanıb, ağlını itirir.
Əslində hər iki obraz ətraf mühitdən, insanlardan, qayda-qanunlardan narazıdır. Raskolnikovu qətlə, İvanı isə dəliliyə aparan səbəblər bir-birinə oxşardı. Lakin İvandan fərqli olaraq Dostoyevskinin qəhrəmanı düşünülmüş, planlaşdırılmış qətlə üstünlük verir. O, hesab edir ki, sələmçi, pullu bir qarını öldürməklə onun var-dövlətinə sahib olacaq. Özünü və özü kimi digər tələbələri aclıqdan, səfalətdən xilas edəcək. Ən əsası isə yaxşı təhsil almaq yolunda maneələrdən xilas olacaq. Lakin Raskolnikov düşündüyü qətlə hazırlaşarkən əsas faktoru- vicdan məsələsini tamamilə unudur. Unudulmuş vicdan da qətldən az müddət keçən kimi mexaniki olaraq işə düşür. Raskolnikov heç bir vasitə ilə mənəvi dünyasında yaranan təlatümlərdən xilas ola bilmir. Əslində həmin qətlə aparan düşüncəni və İvanı dəliliyə aparan yolu da cəmiyyət yaratmışdı. Raskolnikovun ətrafa reaksiyası, üsyanı qətl şəklində baş verir. İvanın üsyanı isə fiziki qorxudan ruhi qorxuya çevrilərək dəliliklə nəticələnir.
Çexov İvanın xəstəliyinin ətrafına bütün cəmiyyəti toplayaraq sanki böyüdücü şüşə altında İvanın qüsurlarını, xəstəliyə aparan ətraf mühitin yaratdığı səbəbləri ən xırda detallarına qədər açıb göstərir. Dostoyevskinin Raskolnikovu da, Çexovun İvanı da cəmiyyətin məhsuludur, hətta elə cəmiyyətin özüdür.
İvan başqalarının etdiyi çirkinliklərə, riyakarlıqlara, insanlar arasındakı əlaqələrin saxtakarlığına və bu kimi səbəblərə görə xiffət çəkir, cəmiyyət onun üçün keçilməz sədlər yaradır. İvan özü ilə bacarmır. Tədricən, kafkavari, lakin mənəvi, ruhi çevrilməyə məruz qalır. Kafkanın qəhrəmanı Qreqor Zamza bir sabah yuxudan ayılıb hörümçəyə çevrildiyini görür. Dəhşətə gəlsə də, bədənindəki dəyişiklik onu dəli etmir, şüuru yerində olur. Və həmin təmiz, aydın şüurla da ətrafındakı insanların özü də bilmədən, özündən asılı olmadan çevrilməyə məruz qalan doğma adama münasibətlərini analiz edir. Bu çevrilişdən sonra onun şüurunda, mənəvi dünyasında, ətrafında baş verənlərdən dolayı dəyişiklik baş verir. Onun cəmiyyətlə, hətta ən yaxın insanların iç üzü ilə tanışlığı, məhz, bədənində baş verən çevrilmədən sonra başlayır. İvanın Zamzadan fərqi ondadır ki, onun çevrilişi, qiyamı ruhunda başlanır. Və onu həmin çevrilməyə gətirib çıxaran səbəblər cəmiyyətlə, insanlarla, onların bir-birinə olan rəftarı barədə davamlı, dərin düşüncələridir. İvan başa düşür ki, o, mövcud vəziyyətə qarşı heç nə edə bilməz. Çünki o, təkdir.
Xəstənin ruhunu bürüyən qorxu onu insanlardan uzaqlaşdırdığı kimi kitablardan və real düşüncələrdən uzaq salır. O, daima həbs olunacağı qorxusu ilə yaşayır. Buna görə də həmişə səssiz olur. Gecələri isə ev sahibəsinin zirzəmisində gizlənir. Nəhayət evə gələn soba ustalarını polis işçiləri zənn etdiyi an İvanın dəlilik mərhələsinin ilk etabı başlanır.
Çexovun “Məmurun ölümü” hekayəsinə nəzər salsaq, görərik ki, orada da generalı izləyən məmur vasvası xəstəliklə generalın başına düşən tüpürcəyinə görə dəfələrlə ondan üzr istəyir. Bu vasvasılıq o qədər dərinləşir ki, məmur general tərəfindən təhqir olunur. Və təhqir olunmanın gətirdiyi biabırçılıq yox, məhz, vəzifəsini, nüfuzunu, maddi təminatını itirmək qorxusu məmurun ürəyinin partlamasına, ölümünə səbəb olur.
Əgər İvan da həmin məmur kimi içiboş, yaltaq, mənfəətini güdən adam olsaydı, çox güman ki, yaşantısı onu ölümə doğru sürükləyərdi. Amma “Məmurun ölümü” hekayəsindən fərqli olaraq Çexov “6 nömrəli palata”da tamam başqa və daha geniş miqyaslı məsələlərə toxunur.
İvanı xəstəxanaya aparandan bir il sonra o, hamının yadından çıxır. Kitablarını talvarın altındakı xizəyə tullayırlar. Uşaqlar isə həmin kitabları daşıyıb aparırlar.
İnsanların, cəmiyyətin kitaba, kitab oxuyana qarşı laqeydliyi, amansızlığı mütaliəli, savadlı şəxsin xilas olmasına mane olur.
Çexov kitabların atılmasını ona görə vurğulayır ki, cəmiyyətdəki kitabsızlıq kitablı şəxsin, fərdin qəniminə çevrilir. Bu səbəbdən də İvan həbsxanaya yox, dəlixanaya aparılır.
Demək ki, fərdin kitab oxuması hələ xilas yolu demək deyil.
Palatanın növbəti sakinini Çexov çox hörmətsiz, kobud müqayisə ilə oxuculara təqdim edir: “İvan Dmitriçin sol tərəfindəki qonşusu qabaq da dediyim kimi, cuhud Moyseyko idi, sağ tərəfindəki isə piy bağlamış, yupyumru, küt və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək qabiliyyətini çoxdan itirmiş, hərəkətsiz, qarınqulu, murdar heyvan idi. O, həmişə ətrafa tünd, boğucu bir qoxu yayırdı.
Onun yan-yörəsini sil-süpür edən Nikita, yumruqlarına rəhmi gəlmədən, var-gücü ilə onu döyürdü, burada dəhşətli şey onun döyülməsi deyil, buna adət etmək olar. Dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə də gözlərinin ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi yavaşca yırğalanırdı.”
Ötən yazıda Çexovun insanlar haqqında yüksək sevgisindən və onlara qarşı öz mətnlərində etik davrandığından söz açmışdıq. Buna misal olaraq da yazıçının fligeli heyvanxana ilə müqayisə etməməsi faktı vardı. Mujik isə oxucuya heç bir güzəştsiz murdar heyvan kimi təqdim olunur. Təbii ki, bu təqdimetmənin bir səbəbi vardır.
Çexov yaxın dostlarından biri olan Pleşşeyevlə tez-tez məktublaşırdı. Həmin məktubların birindəki fikirlər diqqəti cəlb edir: “Mənimçün müqəddəsdən də müqəddəs insan bədənidir, onun sağlamlığı, ağlı, istedadı, ilhamıdır, məhəbbəti və mütləq azadlığıdır”.
Fikir versək, görərik ki, Çexov insan bədənini müqəddəs hesab edir. Amma necə insan bədəni? Özündə sağlamlığı, düşüncəsi, məhəbbəti və azadlığı olan insandan söhbət gedir.
Palatadakı mujik sadalanan bu qədər insani dəyərlərdən çox uzaqdır. Onun sağlamlığı, ətrafa reaksiya qabiliyyəti, düşüncəsi yox dərəcəsindədir. Bu səbəbdən də yazıçı heç bir vicdan əzabı çəkmədən onu heyvan və murdar adlandırır. Mujikin, Nikitanın onu döyməsinə heç bir reaksiya verməməsi yazıçı tərəfindən dəhşətli hal kimi qeyd olunur. Yazıçı, mujikin təsviri ilə həm də cəmiyyətin simasını göstərir. Daim əzilən, döyülən, alçaldılıb təhqir olunan insanların bu kimi hallara qarşı laqeydliyi, barışıqlığı, sanki belə də olmalıdır münasibətini mujikin qoluzorlu Nikitaya münasibəti ilə eyiləşdirib müqayisə edir.
Palatanın sonuncu sakini vaxtilə poçtda çeşidləyici işləyən meşşandır. O, hiyləgər sifətli, alçaqboylu, sarışındır. Aydın, şən baxışları, ağıllı və sakit gözləri var. Meşşan daima nəyisə yastığının, döşəyinin altına soxub gizlədir. Öz yoldaşlarından xahiş edir ki, onu Stanislav ordeni aldığı üçün təbrik etsinlər. Meşşan əmindir ki, yaxın vaxtlarda mütləq İsveç “Qütb ulduzu” əldə edəcək.
Fligeldəki xəstələr hər səhər dəhlizə qoyulmuş iri çəlləkdə əl-üzlərini yuyur, sonra isə üzlərini xalatlarının ətəyi ilə silirlər.
Xəstələr heç bir zaman təzə xörək yemirlər, ya borş, ya da ki, boyat daşma ilə günlərini yola verirlər. Sonra bütöv palata boyu gəzişmələr başlayır. Heç kim yeni heç bir söz danışmır. Hətta keşmiş poçt işçisi də elə köhnə nişanlardan danışır.
“6 nömrəli palata” əsərinin ana xətti, məhz, həkim Raginlə başlayır. Çexov onun haqqında üçüncü fəsildə yüngülvarı bəhs edir. Yefimıç İvanın yanına gəlib onu yoxladıqdan sonra deyir: “İnsanların dəli olmasına mane olmaq lazım deyil.”
Bundan sonra Yefimıçın kimliyi, necəliyi barədə hələlik heç nə deyilmir.
Obrazlar üzərində detallı təsvir ustası olan Çexov qəsdən Yefimıçın kimliyi və necəliyi üzərindən sükutla keçir. Onun palata ilə hansısa əlaqəsi olub olmaması məsələsinə toxunmur ki, bunun da əsas səbəblərindən biri fligelin unudulmuş məkan olması daha da qabarıq şəkildə nəzərə çarpdırmaqdır. Beşinci fəsildə isə yazıçı Yefimıçın şəxsi keyfiyyətlərini açaraq onun oxumuş, savadlı insan kimi cəmiyyətdə hansı rolu oynaya biləcəyi və bilməyəcəyi məsələlərinə toxunur.
Yefimıç xəstəxanaya həkim təyin olunarkən ordakı natəmizliyi, özbaşınalığı, qanunsuzluqları görür. İlk əvvəl xəstəxananı bağlamağı, xəstələri isə çölə tökməyi fikirləşir. Lakin sonradan düşünür ki, fiziki və əxlaqi murdarlıqla mübarizə aparmağın mənası yoxdur. Onları bir yerdən qovduqda başqa yerə köçərək orada fəaliyyətdə olurlar.
Çexovun yazı prosesində oxucu təəccübünə səbəb olan soyuq təhkiyə “6 nömrəli palata” əsərində çox yüksək formada işlənərək öz davamlılığını qoruyub saxlamışdır.
Çexov Yefimıçı oxucuya həm zahirən, həm də xarakter baxımından təqdim edərkən onun nəyə qadir olacağını ilk başdan vurğulayır. “Onun mujiklərə məxsus ağır və qaba görkəmi vardı; sifətindən, saqqalından, yatıq saçlarından və yöndəmsiz möhkəm gövdəsindən böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu uca, kürəyi enli, qolları və qıçları nataraz idi; zorba yumruğu ilə bir dəfə vursaydı, adamın canı çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi; dar dəhlizdə adama rast gələndə həmişə yol vermək üçün kənara çəkilir və gözlədiyin kimi yoğun səslə deyil, yumşaq tenor səsi ilə “bağışlayın!” deyirdi.”
Zahiri görünüşü ilə qəti şəkildə uyuşmayan xasiyyəti, xəstəxana ilə tanış olandan sonra yüngülvari həkimlik fəaliyyətində özünü biruzə verir. Bu səbəbdən də Yefimıçın xasiyyətinə xas laqeydliyi oxucuda heç bir təəccüb yaratmır. Axı, yazıçı həkimi hələ üçüncü fəsildə İvan Qromovun yanına gələrkən təqdim edəndə, Yefimıçın İvanın timsalında insanların dəli olmasına mane olmamaq prinsipini qabartmışdı. Bu səbəbdən Yefimıç maaşının yarısını kitablara xərcləsə də, oxumuş, savadlı ziyalı olsa da, cəmiyyət üçün insanlar üçün heç bir yararlı iş görmür. Laqeydləşir, insanın öz istədiyi kimi yaşamaq prinsipinə mane olmamaq fikrini əsas götürür.
Çexov tədqiqatçılarının qaldırdığı digər bir məsələ isə Yefimıçın o dövr üçün məşhur olan filosof Mark Avrelinin fikirlərindən sitatlar gətirməsidir. Saxalində saxlanılan dustaqların həyatından bəhs edən “Saxalin adası” kitabından sonra “Sürgünlər” hekayəsini işləyən Çexovun bu hekayəsi “6 nömrəli palata” üçün etüd hesab olunur. Belə ki, həmin hekayədə qaldırılan fəlsəfi məsələlər “6 nömrəli palata”da öz əksini daha geniş formada tapır.
Mark Avreli yazıçının sevdiyi filosoflardan hesab olunur. Çexovun Yaltadakı ev muzeyində saxlanılan kitabların içərisində Mark Avrelinin kitabı qorunur. Həmin kitabda yazıçının özünün altını xətlədiyi müəyyən fikirlərlə Yefimıçın ətrafa qarşı göstərdiyi laqeyd münasibət üst-üstə düşür:
“Öz həyatının sınaqlarını qəzəb və amansızcasına qarşılayan hər bir adam sallaqxanaya aparılarkən çapalayıb, zingəldəyən donuza bənzəyir. Yadında saxla ki, ağıl sahibinin fərqli cəhəti öz taleyinə azad sürətdə tabe olmaqdır, onunla heyvana xas olan rüsvayçı mübarizə aparmaq yox”.
Filosofun, insan öz taleyindən razı olmalıdır kimi fikirlərinin kəskinləşdiyi yuxarıdakı cümlələrin altı Çexov tərəfindən xətlənmişdir.
Bu səbəbdən də istər “Sürgünlər” hekayəsində, istərsə də “6 nömrəli palata”da həmin filosofun fikirləri müəyyən formada öz əksini tapır.
Çexov, Yefimıç və onun kimi insanların cəmiyyətdə tək olduğunu gözəl bilir. Əslində Yefimıç ətrafda baş verən bu qədər iyrənc, üfunətsaçıcı məsələlərin qarşısında çox aciz və qüdrətsizdir. O, bunu gözəl anlayır və bütün işlərdən əlini soyudur. Lakin digər tərəfdən yazıçının öz həyatına nəzər salanda görərik ki, əslində “6 nömrəli palata” Çexovun yaşadığı dövrün rus cəmiyyətinin inikası idi.
Çexov Moskvada yerləşən Melixov kəndində özü üçün malikanə satın almışdı. Həmin kənddəki quruculuq işləri, məktəb və xəstəxana tikdirməyi, qızılyel və vəba xəstəlikləri yayılan zaman özü də ağır xəstə ola-ola hər gün əldən düşənə qədər əlli, altmış xəstə qəbul etməyi onun “6 nömrəli palata”da yaratdığı Yefımıç obrazının tam əksidir.
O zaman belə bir fikir ortaya çıxır ki, Çexov Yefimıçın cəmiyyətdə yaranan murdarlıqlara qarşı gücsüzlüyünü göstərməklə yanaşı onun həm də səhv yolda olmasını, meşşan həyatla barışıb günün yarısını kitab oxuyub, soba kənarında qızınmasını pisləyir.
Lakin İvan Qromov kimi Yefimıç da cəmiyyətdə baş verənlər qarşısında aciz və tənhadır. O, nə qədər oxumuş, savadlı, hissiyyatlı insan olsa da, hiss edir və görür ki, bu qədər nəhəng bataqlığın içərisində yaxşılığa doğru nəsə etmək onun imkanlarının xaricindədir.
***
Yefimıç bilirdi ki, o, cəmiyyətdə baş verən eybəcərliklərə, ikiüzlülüklərə, qanunsuzluqlara qarşı təkdir, xəstəxanadakı xəstələrə etdiyi kömək isə yarıtmaz və faydasızdır. Bu səbəbdən də o, özünü hər gün yüzlərlə insanı aldadan, onları müalicə edə bilməyən böyük yalançı, insanı isə öz iradəsi xaricində qəflətən bu dünyaya düşmüş zavallı hesab edirdi. Əgər insan gübrəyə çevrilib torpağa qarışaraq yer kürəsi ilə birgə milyon il günəş ətrafında fırlanacaqdısa, onda zəka və düşüncə insana nə üçün verilmişdi? Bəlkə əzab çəkmək üçün? Elə isə onları müalicə etmək, ölümlərinə mane olmaq nəyə lazımdır?
Bu kimi fikirlər Yefimıçə rahatlıq vermir, onu laqeydliyə sürükləyirdi. Yefimıç yaşadığı şəhərdə heç kimlə ünsiyyət qura bilmir. Buna görə də gününün böyük hissəsini mütailəyə ayırırdı. Onunla söhbət etməyə gələn poçt müdiri Mixail Averyanıçin hay-küylü söhbətlərinə candərdi qulaq asır, günün sonunda isə yorğanı başına çəkib yatırdı.
Bir gün poçt müdirini yola salarkən Yefimıç küçədən yenicə qayıdan Moyseykanı görür. Moyseyka ondan bir qəpik istəyəndə Yefimıçın nəzərləri onun şaxtadan donub qızarmış ayaqlarına dikilir. O, Nikitanın yanına gedərək çox ehtiyat və nəzakətlə Moyseyka üçün bir cüt çəkmə tikdirməsini xahiş edir.
Palatanın xəstəsi İvan Dimitriçlə də burada rastlaşır. İvan, Yefimıçın səsini eşidən kimi həkimi tanıyır. Onu kinayə və ironiya ilə qarşılayır. Yefimıç, İvanın onun ünvanına dediyi təhqiramiz sözlərdən incimir. Əksinə, neçə vaxtdan bəri daxilində gəzdirdiyi günahkarlıq duyğusunun əsl səbəblərinin kiminsə tərəfindən aydın, səlis mühakimələrlə faş olunmasına, az qala, sevinir. İvanın savadlı danışığı, dəqiq analiz qabiliyyəti Raginə xoş təsir bağışlayır. İvan öz dəliliyinə səbəb olan hər şeyin cavabını həkimdən tələb edir. Sanki bütün baş verənlərdə o da günahkardır:
“– Məni niyə burada saxlayırsınız?
– Xəstə olduğunuz üçün.
– Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayıra bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?
– Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, o burada qalır, kimi salmayıblarsa, özü üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür.
– İvan Dmitriç boğuq bir səslə:
– Mənim bu cəfəngiyyatdan başım çıxmır, – deyib öz çarpayısına əyləşdi”.
Çexov sevdiyi filosof Mark Avrelinin fikirlərini Yefimıçın dilindən təqdim edir. Əzabın, məşəqqətin həyat durduqca var olacağını İvanın nəzərinə çatdırır. Lakin İvan xəstə olsa da, şüuru iti, hafizəsi parlaqdır. O, həyatın hər üzünü görüb. Yefimıç isə İvanın təbirincə desək, sakit, rahat uşaqlıq və gənclik illəri keçirib. Onun həyatdan, orada baş verən iyrəncliklərdən xəbəri yoxdur. Varsa da, o, nə İvan,, nə də digər səfil, bədbəxt insanlar kimi iztirab çəkməyib. Bu səbəbdən də “insan iztirab çəkməlidirsə, çəksin, onsuz da günün birində öləcək” kimi fikirləri İvan gülüş və ironiya ilə qarşılayır.
Yefimıçlə İvanın görüşləri çoxaldıqca, söhbətlərinin müddəti uzandıqca ətrafdakı insanlar narahat olmağa başlayır. Bu yaxınlaşma təbii olaraq əvvəlcə feldşeri və Yefimıçə kömək məqsədilə göndərilmiş həkim Xobotovu narahat edir. Narahatlıq yavaş-yavaş xəstəxananın hüdudlarını aşır. Artıq şəhər əhalisi, Yefimıçın yaxın ətrafını, hətta şəhər bələdiyyəsini də əndişələndirir. Sanki onun abırlı səssizliyi, hədsiz nəzakətli olması qəfildən insanların zəhləsini tökür. Onlar hansı yolla olur-olsun, Yefimıçı cəzalandırmaq, onu ziyansız insan olduğu üçün yerinə oturtmaq istəyirlər.
Həkimin bir dəli ilə saatlarla oturub söhbətləşməsi insanlar tərəfindən qeyri-normal və əlaqəsiz vəziyyət kimi qiymətləndirilir. Elə bu səbəbdən də onun üçün bələdiyyə binasında qurulmuş konsiliuma gedən Yefimıç oradan çıxarkən onun haqqında nə düşündüklərini, onu nə üçün sorğu-sual etdiklərini anlayanda çox sarsılır və özünü təhqir olunmuş hesab edir.
Cəmiyyətin yazılmamış qanunları, təəssüf ki, hər zaman var olub. Damğalanan, kütlə tərəfindən təcrid olunan insanın xilası, cəmiyyətə geri dönməsi mümkünsüz hala çevrilir. İvan artıq insanlar tərəfindən dəli kimi qəbul olunub. Ona olan münasibət ağıllının dəliyə olan münasibəti olduğundan xəstəxana həkimi Yefimıçın onunla yaxınlaşması insanlarda qıcıq və ikrah yaradır. Hər kəs öz-özlüyündə bu cür ağıllı, ziyalı insanın qəfildən belə xəstə, ağıldankəm birisinə meyl etməsini, onunla qaş qaralanadək birlikdə əyləşib qızğın söhbətlər aparmasını anlamır.
Yefimıç ətrafında yaratdığı narahatlığı hiss etsə də, öz ürəyinin səsini dinləyir. Uzun illərdən sonra əsl həqiqəti İvanın timsalında tapdığından özünü bəxtiyar hiss edir. Ancaq cəmiyyət bu qısa bəxtiyarlıq dövrünü ona çox görür. Hər kəs ona qarşı qəzəbli və bağışlamaz mövqe tutur.
Yefimıç həkimlik vəzifəsindən azad olunur. Onu xəstəxanadakı mənzilindən çıxarırlar. Kirayədə yaşamağa məcbur olan Yefimıç bütün bunlarla barışır. Dostu, poçt müdiri Mixail Averyanıç onu əmin edir ki, bir müddət gəzintiyə çıxsa, xəstəliyi yüngülləşər, kefi açılar. Lakin onların birgə səfəri Yefimıçın əsəblərini daha da pozur. Geri qayıtdıqdan sonra da onun zəhləsini tökən Xobotovu və poçt müdirini evdən qovur. Bu isə onun dəlixanaya salınması üçün əsaslı səbəb olur.
Xobotov, Yefimıçın xəstəxanaya əyninə dəli paltarı geyindirib gətirilməsinin ona təhqir və biabırçılıq kimi təsir edəcəyindən ehtiyatlanaraq Yefimıçı konsilium adı ilə aldadıb xəstəxanaya aparır. “6 nömrəli palata” da Xobotovun konsilium üçün gətirəcəyi xəstəni gözləyən Yefimıç, Nikitanın ona xəstə paltarları gətirdiyini görəndə tələyə düşdüyünü, onunla necə alçaqcasına davrandıqlarını anlayır.
Cəmiyyət Yefimıçı etdiyi “səhvə” görə bağışlamır. Yefimıçın İvana görə can atdığı palataya insanlar onu təpikləyərək yumalayıb salırlar.
Lakin o, öz fəlsəfəsinə dönük çıxmamaq üçün son ana qədər müqavimət göstərir. Sanki belə olmalıymış kimi sakitcə xəstəxana paltarlarını geyinib, yatağına əyləşir.
Hava qaraldıqca, otaqdakı ətalət, hərəkətin məhdudluğu, qaranlıq onun ürəyini sıxır. O, palatadan heç bir çıxış yolu olmadığını anlayanda pəncərəyə yaxınlaşıb barmaqlıqlar arxasından çölə baxır. Bu zaman o, xəstəxananın yaxınlığında hasara alınmış, qaranlıqda ağaran evi- həbsxananı görür. Bu vaxt Yefimıç bütün həqiqəti anlayır. Onun xəyalları və fəlsəfi sistemi reallıqla toqquşaraq darmadağın olur.
Bir az sonra isə bayıra çıxıb hava almaq istədiyi üçün Nikita tərəfindən döyülən Yefimıç, üz-gözündən şoralanan qanın tamını dodaqlarında hiss edəndə palatadakı xəstələrin hər gün hansı məşəqqətlər çəkdiyini dərindən dərk edir. O, başa düşür ki, İvanın dediyi kimi, əsil həyat və onun diktə etdikləri başqadır evdə soba qarşısında əyləşib saatlarla kitab oxumaq, pivə içib fəlsəfi fikirlər yürütmək isə tamam başqa.
Çexovun “6 nömrəli palata” əsərində ən qəddarca davrandığı obraz elə Yefimıç olur. Müəllif sanki elmli, savadlı olması ilə heç bir xeyirxah əməl sahibi olmamasını, özünü uzun illər küt laqeydliyə vurmasını ona bağışlamır.
Lakin yazıçı elə Yefimıçın timsalında həyatın nə qədər sərt, insanların necə qəddar və saxtakar olduğunu təsvir edir. Yefimıç bütün həqiqəti, palatatakı xəstələrin faciəsini orada keçirdiyi bircə gün ərzində duyub anlayır. Bütün bunlara isə onun kövrək qəlbi, yumşaq xarakteri tab gətirmir. Cəmi bir gündən sonra Yefimıç “6 nömrəli palata”da dünyasını dəyişir.