Andrey Tarkovskinin 1986-cı ildə Tomas Consona verdiyi müsahibədən maraqlı hissələri təqdim edirik.
Nikbinlikdən, bədbinlikdən danışmaq axmaqlıqdır. Bunlar mənasız məfhumlardı. Üzərlərinə nikbinlik yorğanı çəkənlər bunu siyasi və ya ideoloji əsaslarla edirlər. Əslində isə nə düşündüklərini bildirmək istəmirlər. Nikbinin mövqeyi ideoloji olaraq fırıldaqçılıqdır; teatraldır, səmimiyyətdən məhrumdur. Ümid isə əksinə daha insanidir, insanlıq halıdır. İnsanlar ümidlə doğulurlar. İnsan həqiqətlə qarşı-qarşıya qalanda ümidini itirməz. Çünki ümid rasional deyil. Məntiq nə qədər irəli gedirsə getsin, qarşısında ümid var. Ümid, həyatın ən acı həqiqətləri qarşısına səpilərək inkişaf prosesindədir.
***
Güman edirəm, şüura çatma, dərk etmə fikri “Solyaris”də çox gözəl ifadə edilir. Problem bundadır ki, filmdə elmi baxımdan dəbdə olan çoxlu gözəl cihazlar var. Orbitə daxil olan kosmos stansiyaları, texnologiya- bütün bunlar məni hədsiz formada qəzəbləndirir. Məncə müasir, texnoloji mexanizmlər insan səhvinin simvollarıdı. Müasir insan, maddi inkişafıyla nəyin arxasınca gedəcəyini bilməyən yırtıcı heyvan kimi həqiqətin praqmatik hissəsi ilə çox məşğul olur. İnsanın qədim və naməlum bir dünyaya duyduğu maraq itib getdi. Bu gün insan bir növ soxulcana çevrilməkdədir. Onu, bunu udub arxasında kiçik tullantı qalıqları qoyan bir həşarat kimidir. Bir gün dünya insan onu udduğu üçün yox olub getsə, heç təəccüblənməyin. Özümüzü insanın əsas məsələsindən, mənəvi dünya ilə, maddi dünya arasında uyğunluq təmin olunması məsələsindən uzaqlaşdırmaq üçün kosmosa gediriksə, bunun bizə nə faydası var?
İnsan özünü aldatdığını başa düşməsə, gələcəyinin çox qaranlıq olacağını düşünürəm. Amma gec-tez bunu anlayacağını bilirəm. Sənətin, insana mənəvi bir varlıq olduğunu, sonunda geri dönən nəhayətsiz genişlikdə ruhun bir parçası olduğunu xatırlatmaq üçün var olması lazımdır. İnsan bu suallarla məşğul olursa, özünə bu cür suallar verirsə, deməli mənən xilas olub. Cavabın olub-olmaması o qədər də əhəmiyyətli deyil. Çünki özünə bu cür suallar verməyə başlayan andan etibarən insanın keçmişdəki kimi yaşamayacağını bilirəm.
***
İki növ rejissor var: Kinonu sənət növü kimi görüb özlərinə şəxsi suallar yönəldənlər, işi əzab, lütf, zərurət kimi görənlər, bir də kinonu pul qazanmaq vasitəsi kimi görənlər. Bu, kino ticarəti adlanır.
Misal üçün “Yadplanetlilər” xeyli sayda insanı məmnun etmək üçün yüksək səviyyədə hazırlanaraq çəkilmiş filmdir. Spilberq bu filmi ilə məqsədinə çatdı. Əhsən! Ancaq mənim çatmaq istədiyim məqsəd heç vaxt bu olmayıb. Maraqlanmamışam da. Sizə bir misal çəkim. Moskvada, turistlərlə birlikdə 10 milyon insan üçün yalnız üç klassik konsert zalı var: “Çaykovski” salonu ilə Konservatoriyanın böyük və kiçik salonları. Az olsa da hamını qane edir. Buna görə heç kim musiqinin Rusiyanın həyatında rolu olmadığını söyləmir. Əslində, mənən güclü, ilahi, möhtəşəm musiqi sənətinin varlığı artıq kifayətdir. Məncə, populist sənət söhbəti cəfəngiyyatdır. Sənət hər şeydən əvvəl aristokratikdir. Musiqi sənəti ancaq aristokratik ola bilər, çünki yaradıldığı anda, kütlənin şüursuz olaraq içinə çəkildiyi mənəvi səviyyəni ifadə edir. Əgər hər kəs bu cür əsərləri anlasaydı, o zaman çəmənlikdə bitən zəmi kimi ortalıq şedevr əsərlərlə dolu olardı, həmin əsərlər üçün edilən həmlələri yaradan potensial fərqliliyi olmazdı.
***
Mən Rusiyada qadağan olunmuş rejissor kimi qəbul edilirəm. Bu da xalqı həyəcanlandırır. İkincisi, ifadə etməyə çalışdığım mövzuların ruhumun dərinliklərindən gəldiyini zənn edirəm. Bu mövzular mənim üçün vacib olduqları qədər yəqin ki, başqaları üçün də önəmlidir. Üçüncüsü filmlərim fərdin özünü ifadəsi yox, bir duadır. Film çəkdiyim gün müqəddəs gün kimi ötüb keçir. Həmin gün sanki ikonanın qarşısında şam yandırıb, oraya bir dəstə çiçək qoyuram. Tamaşaçı isə ona deyilənlərin nə zaman səmimi olduğunu həmişə anlayır. Daha sadə, axmaq, ya da ağıllı görünmək üçün yeni bir dil icad etmirəm. Həqiqətdən cüzi uzaqlıq belə dialoqu pozar.
Zaman mənim lehimə işlədi. İnsanlar mənim təbii bir dildə danışdığımı, rol oynamadığımı, onları axmaq yerinə qoymadığımı, sadəcə, düşündüklərimi dediyimi başa düşdükləri zaman mənimlə maraqlanmağa başladılar.
***
Pravoslav kimi Rusiyanı mənəvi evim hesab edirəm. Rusiyanı bir də heç vaxt görməsəm belə əsla qınamaram. Bəziləri həqiqətin qərbdən, bəziləri isə şərqdən gələcəyini deyirlər. Amma işə baxın ki, tarix sürprizlərlə doludur. Rusiyada mənəvi və dini oyanışın şahidi oluruq. Buna ancaq yaxşı inkişaf demək olar. Lakin, üçüncü bir yolun tapılmasından hələ çox uzağıq.
***
İnandığım tək bir şey var: İnsan ruhu ölümsüzdür, yoxedilməzdir. O biri tərəfdə heç nə olmaya da bilər. Bunun heç bir əhəmiyyəti yoxdu. Əslində isə ölüm dediyimiz hər nədirsə bu, ölüm deyil. Oyanışdır. Bir qurd baramaya çevrilir. Güman edirəm ki, ölümdən sonra həyat var və insanın cəsarətini qıran da budur. Özümüzü naqildən aralanmış telefon xətti olaraq görmək çox asan olardı. O zaman istədyiniz kimi yaşaya bilərdiniz. Tanrının isə heç bir əhəmiyyəti olmazdı.
***
Sənətkar insanların fikirlərini toplayıb yoğurur və insanların səsinə çevirir. Ardı işləmək və xidmətdən ibarətdir. Mənim estetik və etik söhbətim bu vəzifə ilə tamamlanır.
***
…Amma hər zaman şərq mədəniyyətinin gücünü, təsirini üzərimdə hiss etdim. Şərq insanı özünü mövcud olan hər şeyə bəxş etməyə çağırır. Qərbə isə əhəmiyyətli olan özünü göstərmək, özünə dəyər verməkdir. Bu, mənə yazıqca, sadəlövh, iyrənc, mənən aşağı və insanlıqdan uzaq olmaq təsiri bağışlayır. Bu mənada getdikcə daha çox şərqli oluram.
***
Sözdən səhv formada istifadə edirik. Söz, yalnız həqiqət olduqda sehrli qüvvəyə malikdir. İndi söz, fikirləri gizlətmək üçün istifadə olunur. Afrikada yalan danışmağın nə olduğunu bilməyən bir qəbilə var. Ağ adamlar onlara yalanın nə olduğunu izah etməyə çalışmış, lakin, onlar bunu anlamayıblar. Bu ruhların sirrini anlamağa çalışın, o zaman nə üçün başlanğıcda söz olduğunu anlayarsınız. Sözün vəziyyəti dünyanın mənəvi vəziyyətini göstərir. Bu gün artıq söz ilə sözün izah etdiyi şey arasındakı uçurum getdikcə dərinləşir. Çox qəribədir. Bir müəmmadır!
***
Nüvə bombası ilə dünyanın məhvi, kibrit çöpləri ilə oynayan bir uşağın evi yandırmasına bənzəyərdi. Onu oda qarşı ehtiraslı olmaqda belə günahlandıra bilməzsiniz. İnsan kifayət qədər təcrübəli deyil. İnsanın tarixi öyrənməsi lazımdır. Tarixdən öyrəndiyimiz bir şey varsa, o da bizə heç nə öyrətməməsidir. Çox pessimist bir nöqtəyə gəlirik. İnsan öz səhvlərini dəfələrlə təkrarlayır. Dəhşətdir. Bu da başqa bir müəmmadı! Tarixin daha yüksək səviyyəyə keçməsi üçün çox əhəmiyyətli mənəvi səfərbərlik etməyimizin lazım olduğuna inanıram. Ən əhəmiyyətli şey elm əldə etmə azadlığıdı. İnsan sərhədsiz formada elm, savad əldə etməlidi. Yeganə müsbət vasitə budur. Sərhədsiz həqiqət başlanğıc nöqtəsidir.
Tərcümə etdi: Samirə Əşrəf