Soyuq idi. Çox soyuq. Gecə-gündüz atapleniyaları yanan evdə qoca titrəyirdi. Yox, yox üşümürəm, mən üşümürəm. Əlini alnına apardı, qızdırmam da yoxdur, ev soyuqdur, ev, keçirdi fikrindən. Ucadan, daha da ucadan deməyə çalışdı. Səsi sinəsində ilişdi. Dünən, evdəkilər birdən-birə dağılışanda, günortadan sonra idi. O vaxtdan bəri yanına heç kim gəlməmişdi, səs-səmir yox idi. Bəlkə, başqa yerə getdilər. Bircə oğlu arabir otağa girirdi. Belə qorxunc adamammı mən? Bilirdi, başa düşürdü hamını, qəzəbi harasa, bir boşluğa idi. Vücuduna düşmən girmiş kimi hiss elədi özünü. Görmürdü, amma bilirdi hardadır. Əlini düyünləyib, zəif yumruğunu sinəsinə vurdu. Bax burda. Zəhrimar, burda oturub nəfəsimi kəsməyə başlayıb. Ax, dırnaqlarımı keçirib dağıda bilsəm, əlimlə əzə bilsəm! Gözləri doldu, çarəsiz əli yatağa yançağının yanına uzandı. Hiss elədi, qolu yatağa dəyəndə əzələsi də ağrımışdı. “Yoxsa, qollarımı da götürdü, lənətə gəlmiş.”
*
Başqa bir şey xatırlamırdı qoca. Günlər keçmişdi, yoxsa saatlar… “Off” çəkdi, yenə süni nəfəs aparatına bağlı idi. Yatırdı, oyanırdı, həmin şey. Görəsən oğlu, axırıncı dediyi sözləri eşitmişdimi. Başqa vaxt dilinə gətirməzdi ölüm sözünü. Söz, arxasınca ölümün özünü gətirərdi. Oğlunun qəlbini yumşaldar deyə “Qoy evimdə ölüm” demişdi. Buz tutmuş, tərpənməz canına qımıltı gəlmək istədi. Ayağa qalxmaq, hər şeyi atıb qaçmaq… Ayaqları istəmədi. Lap təmbəlləşən əlləri yerindən tərpənmədi. Narahat eləmə bizi dedilər. Satqınlar. Düşmən tərəfindən işğal olunmuşdu bədəni. Bircə nəfəsi kişi kimi döyüşürdü, əlində süni nəfəs aparatı.
*
Evdə olsa heç olmasa yatağı aynanın yanından qoyulardı. Çölə baxardı. Nə bilim, bəlkə uçan bir quş görərdi. Zaman keçərdi.
*
Palataya gəldiyi günün neçəsi idi? Hərdən uşaqların məktəb kitablarında gördüyü Aya çıxan adam kimi geyinmiş adamlar, o biri xəstələrin yanından onun yanına dönürdülər. Qocanın üzünə yox, vəziyyətini göstərən ekrana baxırdılar. Onda qoca, bir damla canı qalmış gözlərini plastik şüşə maska arxasında gizlənmiş gözlərə zilləyirdi. Canlı, yaşadığına onu inandıracaq əlamət görmək istəyirdi. Yaşayan, dünyanın istiliyini axtarırdı. İsti, qanı donmamış bir ələ toxunmaq, parlaq, altı piy toxumalı, diri insan dərisi görmək, heç əziyyət çəkmədən gedib-gələn nəfəs duymaq… Gör nə qədər çox şey istəmişdi. Vücudu onu satmışdı. Satqınlara güzəşt yox idi.
*
Yenə palata qonşusundan biri “ölürəm” qışqırdı. Dünəndən bəri ən çox eşitdiyi söz bu idi “ölürəm”, “ölmək istəmirəm”.
Sürüyə-sürüyə bir çarpayı da gətirirdilər. Azacaq dirsəkləndi, çarpayıdakının üzünü dəqiq görə bilmədi. Çoxu ölüb lap azı qalmış gözləri çarpayının istiqamətini izləyirdi. Kimin yerinə gəlmişdi. Heç kimi tanımırdı, adını, üzünü, gözünü bilmirdi. Dərdini bilirdi. Demək o yerdəki adam, bir az əvvəl getmişdi. Dodaqları kinayə ilə yanlara çəkildi. Televiziyada görmüşdü. İndi onu mumya kimi sellafona sarıyırdılar. O dəqiqə yerinə ayrısı gətirdilər. Nə çoxdur bu korpusda ölmək üçün ölənlər. Hələ buna görə nə qədər adama minnət edirlər. Xahiş, tapşırıq. Bu korpusda ölüm, elə belə ölüm deyil. Oğlu da onu bura saldırmaq üçün neçə adama ağız açmışdı. Elə dedi, ambulans gələndə.
*
“Heç olmasa bir istəkan çay içib ölərdim” dedi covidlilərdən biri. “Çay”, gör ha ey bəni adəm, çay da ölümün ağırlığını yüngülləşdirə bilərmiş, demək, başqa heç nəyə ümid yoxdur. Yox, qocanın ürəyi çay istəmədi. Yenə bir hənirti, bir insan üzü görmək olsaydı… Yanından keçən, geyiminə görə robort dediyi tibbi personaldan birni başını əyərək yanına çağırdı. Telefona işarə elədi. “Filan adı tap zəng elə” dedi.
“Gəlin, məni aparın, evimdə ölüm” dedi qoca. Öz səsini yaxşı eşidə bilməyəndə öyrəndi, dünəndən bəri danışığı bir az da çətinləşmişdi. Görəsən oğlu onu eşidə bildimi? Nigaran qaldı. Xahiş elədi, “robort”, onun dediklərini təkara elədi. “Atanız evə getmək istəyir. Burda ölmək istəmir.” Başqa vaxt olsaydı çox söz deyərdi. Başqa vaxt olsa o qədər şey edərdi ki. Onu ölümün icarəyə götürdüyü bu korpusda heç kim saxlaya bilməzdi.
*
Ağ xalat, ağ kəfən. Xəstə adam ağ rəngdən qorxar. Hələ nəhəng Ağ korpuslar, kənardan nəhəng ağ kəfəni xatırladır. Burda ölüləri kəfənə bükmür. Onlar xəstə deyil, toxunulmazdır. Toxunduğu hər yerdə ölüm qoyan adamlar… Toxunulmazlar kəfənə bükülməz. Nankor olmayaq, orta əsirlərdə olsaydıq, bir yerə yığıb yandıracaqdılar, qəbrimiz də olmayacaqdı. Ağ korpuslar, toxunulmaz ölümü bir yerə toplamağa gəlmişdilər. Toxunulmazlar burda ölməli idilər. Şərəflə Modul Tipli Xəstəxana adı vermişdilər onlara. Kimi aldadırsız? Yanından keçən adam, onun içində olmadığı üçün, kosmsosa sonsuz təşəkkür enerjisi buraxır, sonra qulağını çəkir. Uzaq olsun, getsin, iraqda bitsin. Yazıq İrak.
*
Bəlkə evə gedib, evdə ölmək özü də uğursuz səfər idi. Yenə də burda uzanıb gözləməkdənsə… Ölümdən əvvəl nəyisə gözləmək, birdən ikiyə birbaşa keçmək deyildi. Arada, bir tam onda beşi saymaq idi. Gözləmək, həyəcandır, zamanı sürətləndirir. Məkan dəyişmək, o bir ucu ölüm gətirən olsa da gözləmək, bəlkə ətdən candan bir əl tutmaq, ətrafında fırlanan adamlar, hıçqırıqlar, gözlərdə yığılan yaşlar.. Bəlkə ürəkli olub saçlarını sığallayan da oldu.
*
Vaxt keçmir. Robotlar hərdən gəlib qocanı yoxlayır. Danışmadan, toxunmadan. Müdaxilə etmədən. Yerin boşalmasını gözləyirlər. Kərkəslər kimi. O yerin boşalması üçün nə qədər dua edən var. Duanın da işi çətindir, döydüyü qapı, gərək o yeri işğal edənlərdən birini ölümə itələsin ki, yer boşalsın.
*
“Bəlkə ətdən candan bir əl tutmaq, ətrafında fırlanan adamlar, hıçqırıqlar, gözlərdə yığılan yaşlar.. Bəlkə ürəkli olub saçlarını sığallayan da oldu.” Gözləmək fikri dağıtmaqdır, ölüm qorxusunu dağıtmaqdır. İndi heç birini istəmirdi qoca. Yorulmuşdu, gözləmək yormuşdu onu. Bura həbsxana idi. Yox, həbsxana deyildi, həbsxanadan çıxmağın yolu var. Ağ korpusdan yoxdur. Burda qocalar aministiyaya düşmür. Boş yerə oksigen alan ət yığını. Dünyaya karbon ifraz edən müddəti keçmiş məxluqat. Qonşusu demişdi, hələ testi müsbət çıxanları məcburi aparıb korpuslara həbs etdikləri günlərdə. Bizim hamımızı qıracaqlar demişdi. İstifadə müddətimiz keçib. Dünyanın on ildir gözlədiyi əfsanəni indi öyrənmişdilər. Görən qonşu necə oldu? Ciyərdolusu nəfəs ala bilir hələ? Onun dərdini danışandan sonra sinə dolusu oflamasını xatırlayıb qısqandı. Görəsən mənim üçün “of”ladımı. Yenə qonşusunun səsi gəldi qulaqlarına “Ordan qocalar sağ çıxmır.” Xəyalında evinə getdi “Bu evdən tərpənməyəcəm. Bura mənim evimdir, heç kim məni məcbur çıxara bilməz” bağırdı. Qaçıb çarpayının altında gizləndi.