3 aprel 1939-cu ildə “Pravda” “Ümumittifaq Kommunist (bolşevik) Partiyasının 18-ci qurultayının nəticələri haqqında” material dərc etdi. “Yoldaş M.Bajanın 2 aprel 1939-cu ildə Kiyev ziyalılarının toplantısındakı çıxışı”. Ukraynalı şair Mikol Bajan İ.V.Stalinin yazıçılardan Aleksandr Fadeev və Pyotr Pavlenko ilə görüşü barədə məlumat verirdi. “Yoldaş Stalin bu yoldaşların, əfsus ki, hələ də sovet oxucusuna tam məlum olmayan tacik, qırğız, kalmık, lak xalq ədəbiyyatının fenomen və adları barədə nə bildikləri ilə maraqlandı, xüsusilə onları diqqətli şəkildə sorğuladı və hətta yoxladı. Yoldaş Stalin Azərbaycan şairi Nizamidən bəhs etdi. Bizim qardaş Azərbaycan xalqının bu böyük şairi əsasən İran dilində yazıb-yaratdığına görə onun İran ədəbiyyatına verilməli olduğu nöqteyi-nəzərini Nizaminin öz sözləri ilə yıxmaq üçün onun əsərlərindən sitat gətirdi. Nizami poemalarında etiraf edirdi ki, xalqına ana dilində xitab etməyə icazə verilmədiyi üçün İran dilinə müraciət etmək məcburiyyətində qalıb. Yoldaş Stalin məhz bu yerdən bəşəriyyət tarixi tərəfindən yaradılan bütün ecazkar şeylərin daxil olduğu düşüncə və biliyinin dahi əhatə dairəsi ilə sitat gətirdi” (Pravda, 1939, №92).
Stalinin düşüncəsi sözün əsl mənasında üçüncü şəxs tərəfindən elan olunsa da, şübhəsiz ki, bu, doğru şəkildə söylənilmişdi, yəni Stalinlə həmin söhbət həqiqətən baş tutmuşdu. Heç kim Stalinin ağzından bir şey qondarmağı ağlına belə gətirə bilməzdi. M.Bajanının çıxışı dərc edildikdən sonra Y.E.Bertelsin Nizami haqqında yazdığı məqalə əhəmiyyətinə görə ikinci dərəcəyə düşdü.
Təbii bir sual ortaya çıxır; Stalin Nizamini, xüsusilə 1939-cu ildəki siyasi vəziyyət zamanı niyə xatırladı? Nəzərə almaq lazımdır ki, Stalin poeziyanı sevir və anlayırdı, eyni zamanda Bakını da sevirdi. Lakin bu amillər olmasaydı belə o, Nizaminin – azərbaycanlı şairin yubileyinin siyasi mənasını çox yaxşı başa düşürdü.
M.Bajanın məruzəsi Bakıda coşqu ilə qarşılandı. 10 aprel 1939-cu ildə şəhər ziyalılarının toplantısında İ.V.Stalinə şeirlər yazıldı. Şeirlərin müəllifləri Səməd Vurğun, Rəsul Rza və Süleyman Rüstəm, rus dilinə tərcümə edənlər isə P.Pançenko, İ.Oratovski, V.Qurviç idi. 16 aprel tarixində aşağıdakı sətirlərin daxil edildiyi məktub “Pravda”da dərc edildi:
Yadlar bizim nəğməkara – Nizamiyə sahib çıxdı,
Ancaq nəğməkarın könüllərdə qurduğu mülk möhkəmdir.
Sən bizə onun nəğmələri, əzəmətini qaytardın.
Ölməz sözlərinlə onun dünyasını işıqlandırdın.
(“Bakı intelligensiyasının yoldaş Stalinə məktubu”, Pravda, 1939, №105).
Növbəti gün “Bakinski raboçi” “Pravda”ya istinadən məktubun rus dilli versiyasını yenidən dərc etdi. Lakin qəribədir ki, azərbaycanca olan orjinal versiya 17 aprel tarixinə qədər dərc edilməmişdi (Kommunist (azərbaycanca), 1939, №88).
Rəsmi Bakı Nizaminin yubileyi ilə bağlı siyasi çalarlı bütün tədbirlərin Moskvanın təşəbbüsü və razılığı ilə həyata keçirildiyini vurğulayırdı.
Nizamiyə Stalin tərəfindən göstərilən yeni maraq yubiley kampaniyasının daha da irəliləməsinə yeni bir təkan verdi. Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin hazırlanması və keçirilməsi üçün Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində yaradılan Komitə 1939-cu ilin mayında öz işinə başladı. Komitəyə Stalinə müraciət ünvanlayan hər üç müəllif, həmçinin Y.E.Bertels, İ.A.Orbeli, M.İbrahimov, yubiley Komitəsinin rəsmi olaraq sıravi üzvü M.C.Bağırov və başqaları daxil idi (Bakinski raboçi, 1939, №100). Ancaq Komitənin fəaliyyəti təbii olaraq M.C.Bağırovun nəzarətində idi.
Nizami məsələsinə Stalinin baxışı dərc olunduqdan sonra “Azərbaycan poeziyası antologiyası”nın Moskva nəşrində də irəliləyiş baş verdi və bu çətin ki, təsadüf idi. 1939-cu ilin payızında Antologiyanın 15 min nüsxəsi işıq üzü gördü.
Şairə A.Adalis qəribə və izahı qəliz yanaşmalar ehtiva edən çox xeyirxah bir icmal yazdı. İcmalda deyilirdi ki, belə bir Antologiya “dünya ədəbiyyatı tarixində ilk dəfə” nəşr olunur və “bu kitab bir sıra dünya klassiklərinin Azərbaycan xalqına mənsub olduğunu açıq şəkildə bildirir” (Adalis, Literaturnaya qazeta, 1939, №53).
Tam təəssürat isə odur ki, A.Adalis 1938-ci ildə Bakıda nəşr olunmuş Antologiya barədə heç nə bilmirdi; yeri gəlmişkən, bu Antologiyada onun tərcüməsində “Koroğlu” dastanından bir hissə də vardı.
Moskva Antologiyasının önsözündə Nizami Gəncəvinin Azərbaycanın böyük romantik şairi olması iddiası bir sıra arqumentlərlə əsaslandırılmışdı. Burada ən yaxşı sovet iranşünası, Nizami və Xaqaninin mükəmməl bilicisi Y.N.Marrın sözlərinə və “Nizaminin yubileyi ilə bağlı verdiyi xüsusi qərarda onu möhkəm və qəti surətdə Azərbaycanın böyük şairi kimi tanıyan” SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna istinadlar vardı (Araslı və başqları, 1939:XVI, XIX).
Azərbaycanlı müəlliflər iddia edirdilər ki, Nizami ətrafında bütün baş verənlər Rusiyadan gələn təşəbbüs və elmi baxışlarla başlayıb. Lakin Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatına məxsus olduğuna dair yerli sübutlar da təbliğ edilirdi. “Nizami yaradıcılığında tarixin canlı səhifələri görünür. Fantaziya, inanılmaz təxəyyül gücü Azərbaycan xalq həyatının real təsvirləri ilə iç-içə keçir. Rusların Bərdəyə hücumu, rus şahzadəsi haqqında nağıl, gözəl Şirin və çariça (kraliça) Şamira, amazonlar, Nizaminin müxtəlif şeirlərində təsvir edilən döyüşlər – bütün bunlar tarixən və coğrafi baxımdan Azərbaycan və Qafqazın orta əsrlər dünyası ilə bağlıdır.
Bundan belə, Azərbaycan xalqının Nizaminin əsərlərini özününkü hesab etmək hüququnu sübut etməyə ehtiyac vardırmı?! Nizaminin burjua orientalistləri tərəfindən İran ədəbiyyatına ənənəvi təhkiminin mürtəce mahiyyəti və iflası göz qabağındadır. Onların dünya poeziya tarixini süni şəkildə, zorla təhrif etmələri, fars dilinin və İran adət-ənənəsinin Azərbaycan mədəniyyəti tarixindəki rolunu dərk etməmələri, Azərbaycan xalqının çoxəsrlik tarixi, yüksək və zəngin mədəniyyəti və ədəbiyyatını inkar etmələri, bütün bunlar, böyük tarixi həqiqəti və insanların sağlam yaradıcı gücünü inkar etməyə gətirib çıxarır” (Araslı və başqları, 1939: XVII, XIX).
Nizamiyə yeni baxış bucağının tərəfdarları rəqiblərini siyasi düşmən cildində görür və onlara həssaslıqla yanaşmağı düşünmürdülər.
Bakı həm də elan etdi ki, Azərbaycan xalqı “öz böyük şairinin xatirəsini 800 ildir ehtiramla yad edir” (Literaturniy Azerbaydjan, 1938, №10-11) və Nizaminin əsərləri ilə bağlı açıq-aşkar məlumat çatışmazlığına belə izah verildi: “faşizmin çirkin agentləri, burjua millətçiləri, fövqəldövlət şovinistləri Azərbaycan xalqından öz böyük oğlu şair Nizaminin irsini gizlətmək üçün əllərindən gələn hər şeyi etmişdirlər” (Literaturniy Azerbaydjan, 1939, №3).
Bu cür formullar, eyni zamanda Nizaminin milli mənsubiyyətini açıq şəkildə müzakirə etmək istəyinə qarşı idi.
M.C.Bağırov məhz belə bir versiyanı hər mümkün yolla təbliğ edirdi ki, Nizami və əsərlərinin Azərbaycana geri qayıtması məhz Stalinin sayəsində mümkün olub. 1939-cu ilin dekabrında İ.V.Stalinin anadan olmasının 60 illiyinə həsr olunmuş Bakı şəhər partiya fəallarının iclasında Bağırov çıxış edərək Mikol Bajanın sözlərindən sitat gətirdi və əlavə etdi: “Stalinin müdrikliklə dolu bu sözləri keçmiş mədəni irsimizə münasibətimizin necə olacağını bizə öyrədir” (Bağırov, 1944:170).
1939-cu ildə Böyük Sovet Ensiklopediyasının bir cildi nəşr olundu və ona Y.E.Bertelsin Nizamini böyük Azərbaycan şairi adlandırdığı məqaləsi də daxil edildi (Bertels, 1939:93). Bu, bir növ, şərqşünaslarımızın Nizami Gəncəvinin milli mənsubiyyətinə baxış prosesini rəsmiləşdirdi.
Şübhəsiz ki, Y.E.Bertels M.Bajanın nitqidən və gələcək elmi-siyasi kampaniyanın təfərrüatlarından yaxşıca xəbərdardı və o dövrdə şərq ədəbiyyatı ilə bağlı bəzi əsərlərin bir qədər siyasiləşdirilməsində əsaslı qüsur görməmişdi. Zəruri hesab etdiyimizə görə, Y.E.Bertelsin “İsgəndərnamə”nin qəhrəmanından bəhs edən unudulmuş məqaləsindən bir sitat gətiririk:
Müdrik uzun müddət səyahət etdi. O, cənubda, qərbdə və şərqdə oldu, amma heç yerdə xoşbəxtlik tapa bilmədi. Nəhayət, səyahətləri onu şimala apardı. Səyahətlərini xəritədə çəkməyə çalışsaydıq, bu yer təxminən Sibir olardı. Və İsgəndər nəhayət axtardığını tapdı. Zənginlə kasıb arasında fərqi anlamayan insanlarla görüşdü; onlar depressiya və ya zülmün nə olduğunu başa düşmür, krallar və ya tiranlar barədə heç nə bilmirdilər. Güclərin mübarizəyə sərf edilmədiyi bu açıq cəmiyyətdə hər şey həyatın yaxşılaşdırılmasına və düzəldilməsinə yönəldilmişdir.
Burada insanlar yaxalarını xəstəliklərdən qurtara və xoşbəxt ömürlərini uzada bilirdilər. Burada hər şey çiçək açır, hər şey gözü sevinc bəxş edir; bura əbədi sülh və əbədi xoşbəxtlik səltənətidir. Bu ecazkar ölkəyə aşiq olduqdan sonra İsgəndər ah-nalə etdi ki, əgər bu yerin varlığından əvvəlcədən xəbərdar olsaydı, səyahətlərə vaxt itirməzdi və buranın həyat tərzini qanun halına gətirərdi.
Bəlkə də burjua tədqiqatçıları üçün bu ölkə “sxolastik xəyal”a bənzəyirdi. Biz, Nizaminin sovet oxucuları isə buna tamamilə fərqli bir nöqteyi-nəzərdən baxırıq. Bu ölkəni tanıyırıq; bu ölkədə yaşadığımız üçün xoşbəxtik və bu cür xoşbəxtliyə çatmaq üçün hansı yolla getməli olduğumuzu bilirik.
Sovet oxucusunu da həyəcanlandırır ki, 12-ci əsrin böyük Azərbaycan mütəfəkkiri həmin ölkəni öz böyük arzusunun əslində gerçəkləşdiyi coğrafi məkana yerləşdirib. Qeyd edək ki, Nizaminin bütün əsərləri burada bitir və bütün əsərləri bu kulminasiya nöqtəsinə çatmalı idi… İndi isə sosializmin qalib gəldiyi bir ölkədə, tarixi həqiqətdən qorxmayan bir ölkədə, sovet alimləri xalqlarının əsrlər boyu məhrum olduqları xəzinələri onlara təslim etmək kimi nəcib bir vəzifəni öz üzərlərinə götürürlər (Literaturnaya qazeta, 1939, №68).
Yuxarıda göstərilən siyasi sədaqət sözlərindən fərqli olaraq, Stalinə elmə göstərdiyi yardıma görə təşəkkür etmək hansı mənaya gəlir?! Y.E.Bertels, bəzi nəşrlərinə baxsaq, Stalinə çox hörmətlə yanaşırdı, bununla belə, onun bu dövrdə Nizami haqqında yazdığı rus dilli əsərlərinin hansısa birində nə şairin Stalin tərəfindən Azərbaycana qaytarıldığı xatırladılır, nə də Stalinə minnətdarlıq vardır. Ola bilsin ki, Bertelsin kiçik qəzet məqalələrinin hər hansı birində bundan bəhs edilir, ehtimal ki, azərbaycanca, amma bu ehtimal da çox azdır.
Əslində, Moskvada və Leninqradda – ən böyük mədəni və elmi mərkəzlərdə – 1939-cu ildən etibarən geniş yayılmış bir təcrübə mövcud idi: mətbuatda Nizami Gəncəvinin milliyyətinə dair qərarda Stalinin rolundan danışmaq olmazdı. Kimin təşəbbüsü olduğu məlum deyil – hökumətin, alimlərin yoxsa ədəbi dairələrin? Bu, bir qayda olaraq, rus nəşrlərindəki azərbaycanlı müəlliflərə də şamil edildi.
Stalinin Nizamini Azərbaycana geri qaytaması hekayəsi “Azərbaycan poeziyası antologiyası”nın Moskvadakı nəşrində xatırlanmırdı, baxmayaraq ki, 1938-ci ilin aprelində keçirilən Azərbaycan İncəsənəti Onngünlüyündə bu haqda danışılmışdı.
1939-cu ildə Stalinin anadan olmasının 60-cı ildönümü münasibətilə “Literaturnaya qazeta”da Səməd Vurğunun “Xalqın qüruru” adlı məqaləsi dərc edildi. Məqalədə yazırdı ki, “Yoldaş Stalin Azərbaycan xalq atalar sözlərini çox sevir və yeri gələndə istifadə edir. Yoldaş Stalin gənc yaşlarında Azərbaycanda yaşayıb. O vaxtdan bəri otuz ildən çox vaxt keçib, ancaq, o, Azərbaycan atalar sözlərini unutmayıb”; lakin Stalinin Nizaminin şeir və əzəmətini Azərbaycana qaytarması barədə bir kəlmə belə yox idi (Literaturnaya qazeta, 1939, №70).
Azərbaycan 1940-cı ildə sovet hakimiyyətinin 20 illiyini qeyd etdi. Bütün tədbirlərdə İ.V.Stalinə vahid müraciət qəbul edildi. Orada Nizamidən sitat gətirilir, Azərbaycan xalqını isidən gündəlik vətənpərvər stalinist qayğıdan, onun bu xalqın tarixini yaxşı bildiyindən bəhs edilir, lakin Stalinin Nizamini Azərbaycan xalqına geri verməsi barədə heç nə deyilmirdi (Literaturniy Azerbaydjan, 1940, №4-5, s.15-17).
1940-cı ilin 15-20 mayında Moskvada Azərbaycan Ədəbiyyatı Ongünlüyü keçirildi. İştirakçılardan biri Moskva səfəri haqqında yazırdı: “Bizə dünya ədəbiyyatının ən böyük nümayəndəsi, Azərbaycanın dahi şairi, əbədiyaşar Nizami rəhbərlik edir… Nizami onu yad bir dildə yazmağa məcbur edən zalım və tiranların ağır zəncirlərdən qurtulub yenidən öz sevimli yurduna qayıtdı. Nizami Moskvaya gedir, onu öz doğma Azərbaycan xalqına geri qaytaran Stalinə təşəkkür etmək üçün gedir” (Sadıx, 1940:121).
Səməd Vurğun Lenin adına hərbi-siyasi Akademiyada çıxış edərək Nizaminin “öz vətəninə geri qaytarılması” məsələsinə yeni bir çalar əlavə etdi: “Mənfur xalq düşmənləri, millətçi müsavatçılar, pantürklər və digər xainlər Nizamini öz xalqından almaq istədilər, sadəcə ona görə ki, o, əsərlərinin çoxunu İran dilində yazıb-yaradıb. Ancaq zəhmətkeşlərin böyük dahisi, atamız və liderimiz yoldaş Stalin Azərbaycan xalqına ən böyük şairini geri qaytardı” (Sadıx, 1940:222). Stalin həqiqətən də pantürkizmlə çox güclü mübarizə aparırdı.
1940-cı ildə Y.E.Bertelsin Stalindən bəhs edilməyən “Böyük Azərbaycan şairi Nizami: dövrü, həyatı, yaradıcılığı” kitabı Bakıda nəşr edildi. Nizaminin Azərbaycan xalqına geri qaytarılmasında Stalinin böyük rol oynadığı barədə versiya Azərbaycanda hakim olmağa başlasa da, Bertelsin burada nəşr olunan əsərlərinin heç birində Stalin redaktorlar tərəfindən xatırlanmırdı; baxmayaraq ki, bunu edə bilərdilər, xüsusilə də Bağırov tələb etsəydi.
1941-ci ildə Moskvada Mikayıl Rəfilinin, demək olar ki, eyni adlı (“Nizami Gəncəvi: dövrü, həyatı, yaradıcılığı”) kitabı nəşr olundu. Müəllif sonda Stalinin şair haqqında sözlərini “Nizaminin öyrənilməsinin ən yüksək inkişaf mərhələsi” adlandırırdı (Rəfili, 1947:8). Buna görə də kitabın M.Bajanın nitqindən müvafiq sitatla açılması məntiqli görünür.
Bu, təcrübə mübadiləsi idi, yoxsa kiminsə (Y.E.Bertelsin?) siyasi səhvinin düzəldilməsi? Kitabın Stalinin sözlərinə istinad edərək açılması fikri bəlkə də, M.Rəfiliyə aid deyildi. O, Azərbaycan SSR Xalq Komissarları Soveti nəznindəki Yubiley Komitəsinin məsul katibi idi, lakin Nizami ilə bağlı nəşrlərində (xüsusilə müharibədən əvvəl) Stalindən heç bəhs etməmişdi.
Siyasiləşmiş yubiley səs-küyünün müşayiəti ilə, həm siyasi, həm də mədəni baxımdan əhəmiyyətli olan elmi-tədqiqat və nəşriyyat işi daha da aktivləşdi. Y.E.Bertelsə görə, artıq 1948-ci ilədək sovet alimlərinin gərgin zəhməti nəticəsində son on illiklərdə yazılan əsərləri “Qərbi Avropanın yüz il yarımda yaza biləcəyindən daha üstün” olan yeni bir elm sahəsinin – nizamişünaslığın əsası qoyuldu (Bertels, 1948:20).
Müharibə sovet nizamişünaslığının yaradılması prosesini dayandırmadı. 1941-ci ilin payızında Nizaminin 800 illiyi hətta Leninqradda da qeyd edildi. “17 oktyabrda” – Piotrovski nəql edirdi – “Ermitajda Nizamiyə həsr olunmuş bir görüş keçirildi. Burada bir çox iştirakçı, o cümlədən iki natiq birbaşa cəbhədən gəlmişdi. Ermitajın bomba sığınacaqları elə hazırlanmışdı ki, zərurət yaranarsa, görüş orada davam etdirilə bilsin” (Yüzbaşyan,1986:85). İlk çıxışı Ermitajın direktoru akademik İ.A.Orbeli etdi və “ürəkləri qızdıran alovlu bir nitq söylədi” (Bakinski raboçi, 1947, №189). İştirakçılar daha sonra A.N.Boldırevin, Q.V.Ptiçının, M.M.Dyakonovun çıxışlarını və şair V.A.Rojdestvenskinin Nizamidən etdiyi tərcümələri dinlədilər (Yüzbaşyan,1986:85).
Beləliklə, Nizaminin yubileyi plana uyğun və mümkün qədər ən layiqli şəkildə keçirildi. Bundan sonra şair üçün 800 illik yubiley kampaniyasını davam etdirməmək olardı. Lakin Bakı bununla razılaşmadı.
1944-cü ildə M..Bağırovun sözügedən kitabı (“Bakı və Azərbaycanın bolşevik təşkilatı tarixindən”) nəşr olundu. Müharibədə zəfər onsuz da yaxın idi və müharibədən sonrakı dinc həyat üçün müəyyən planlar qurmaq və müharibə nəticəsində yarımçıq qalan qeydetmələri xatırlamaq olardı.
1945-ci ilin mayında Bakıda Nizami Muzeyi inşa edildi. “Dinc inşaata yeni başlayan azərbaycanlı fəhlələr ölməz həmvətənlərinin xatirəsini ehtiramla yad etdilər” (Bakinski raboçi, 1947, №190).
Muzeyin “Nizami və bizim dövrümüz” zalının ziyarətçiləri “yoldaş Stalinin qızılı hərflərlə divara işlənmiş sözlərini görə bilərdilər. Burada o, Nizamidən öz xalqına ana dilində müraciət etməyə icazə verilmədiyi üçün İran dilində yazmağa məcbur olan böyük Azərbaycan şairi kimi bəhs edirdi” (İzvestiya, 1947, №190).
“İzvestiya” bu barədə məlumat verdiyi halda “Bakinski raboçi” nədənsə buna əhəmiyyət vermədi. 1946-cı ildə M.Bağırovun kitabı Bakıda ikinci dəfə nəşr edildi. Səbəbi nə olursa olsun, bu, Nizami problemi haqqında, şairin Respublikada qeyd olunmayan yubileyi haqqında yeni bir xatırlatma idi. Yubileyin nə üçün 1945, 1946-cı illərdə deyil, yalnız 1947-ci ildə keçirildiyi sualı isə hələ də cavabsız qalıb. Buna baxmayaraq, Y.E.Bertels, çox güman ki, şərtlərdən dolayı, bildirdi ki, Nizaminin doğum tarixini “qəti olaraq təsbit etmək mümkün deyil” və “bir neçə il sonra və ya 1147-ci ildə doğulduğuna inanmaq üçün əsaslar vardır” (Bertels, Bakinski raboçi, 1947, №107).
SSRİ Elmlər Akademiyasının üzvü Aleksandr Makovelski də bu cür düşünürdü (Znamya, 1947, №10, s.177).
Böyük Vətən Müharibəsindəki qələbə SSRİ xalqlarının milli kimlik və milli qürur hisslərini gücləndirmişdi. Belə bir mühitdə, 1947-ci ilin yay-payız aylarında Nizaminin həyat və yaradıcılığının şərtləri və Şirvanşahlar dövründəki mədəni inkişaf səviyyəsi barədə məhdud bir müzakirə aparılırdı. Müzakirələrin təfərrüatlarına varmadan belə bir mübahisənin ortaya çıxdığını qeyd edək: “Yoldaş Skosırevə görə, Azərbaycan xalqı, demək olar ki, tamamilə savadsız, yoxsul və hüquqsuz idi. Şirvanşahların xarici hökmranlığı altında idi və milli mədəniyyəti tapdalanmışdı. Sual yaranır ki, onda Nizaminin yaradıcılığı hansı təməldə meydana çıxıb? Yoldaş Skosırevin sözlərinə inansaq, demək olar ki, tamamilə savadsız və yoxsul olan bir xalqın Nizamini ərsəyə gətirməsi mümkün idimi? 12-ci əsr Azərbaycan ədəbiyyatı üçün Skosırev bu qara rənglərə niyə ehtiyac duyur?” (Vurğun, Literaturnaya qazeta, 1947, №28). Və bu, Nizaminin yubleyinin Azərbaycana siyasi bir vasitə kimi də lazım olduğunu göstərirdi.
Səməd Vurğun sovet yazıçısı və ədəbi tənqidçi P.Q.Skosırevin “Вопрос далеко не академический. “Против путаницы и извращений в оценке литературного прошлого” adlı məqaləsinin əleyhinə çıxırdı. ( Literaturnaya qazeta, 1947, №24).
Qeyd: məqalənin ingilis dilli variantı iranlı araşdırmaçı Dr.Ali Doostzadehin bir tədqiqat işindən götürülüb.
Məqalədə istifadə edilmiş ədəbiyyat siyahısı:
- Bertels, E. Yevgeni, Nizami yaradıcılığının öyrənilməsinin bəzi vəzifələri – Nizami. Bakı, 1940.
- Bertels, E. Yevgeni, “Nizaminin böyük yaradıcılığı”. Literaturnaya qazeta, 15.12.1953, № 148.
- “Yoldaş stalinə”, Bakinski raboçi, 28.09.1947, № 191.
- Bakinski raboçi, 17.06.1938, № 137.
- Şamilov, Seyfulla, Luqovski, Vladimir, Səməd Vurğun, “Poeti Azerbaydjana na russkom yazıke”, Bakinski raboçi, 16.05.1937, № 112.
- “Antologiya Azerbaydjanskoy poezii na russkom yazıke“, Bakinski raboçi, 01.08.1937, № 177.
- Marr N.Yuri, Predislovie/Xakani, Nizami, Rustaveli, M. – L., 1935.
- Araslı, Həmid, Arif, Məmməd, Mikayıl Rəfili, Antologiya Azerbaydjanskoqo naroda/Antologiya Azerbaydjanskoy poezii, Moskva, 1939.
- Rəfili, Mikayıl, Nizami Qyandjevi i eqo tvorçestvo, Bakı, 1947.
- Yaqubov A.A., “Nauçnaya Rabota v Azerbaydjane”, Bakinski raboçi, 28.02.1938, № 48.
- “750-letie genialnoqo tvoreniya Şota Rustaveli – Vepkhis Tkaosani. Na Torjestevvnom Plenume Bakinskoqo Soveta”, Bakinski raboçi, 31.12.1937. № 304.
- “Antologiya Azerbaydjanskoy Poezii” Literaturniy Azerbaydjan, 1938, № 3.
- “Antologiya Azerbaydjanskoy Poezii” Literaturnaya qazeta, 05.04.1938, № 19.
- Poeziya azerbaydjanskoqo naroda. İstoriçeskiy obzor/Antologiya azerbaydjanskoy poezii, Bakı, 1938.
- “İskusstvo azerbaydjanskoqo naroda”, Pravda, 05.04.1938, № 94.
- “Torjestvo azerbaydjanskoqo iskusstva”, Pravda, 18.04.1938, № 107.
- Bakinski raboçi, 20.04.1938, № 90.
- Boldırev N. A., Dva şirvankskix poeta Nizami i Xakani/Pamyetniki epoxi Rustaveli, Leninqrad, 1938.
- Tamazşvili, O. Aleksandr, Posleslovie/Iranistika v Rossii i iranisti, Moskva, 2001.
- “Antologiya azerbaydjanskoy poezii”, Bakinski raboçi, 23.03.1938, № 67.
- “V Sovete Narodnıx Komissarov Soyuza SSSR”, VAN, 1938, № 5.
- “V Prezidiume Akademii nauk SSSR”, VAN, 1938, № 7-8.
- Bakınski raboçi, 16.06.1938, № 136.
- Yaqubov, A. A., “Pered yubileem velikoqo Nizami”, Bakinski raboçi, 11.11.1938, № 136.
- Rəfili, Mikayıl, Nizami Qyandjevi. Epoxa, jizn, tvorçestvo, Moskva, 1941.
- “Za dalneyşiy rastvet sotsialistiçeskoy kulturı i nauki v Azerbaydjanskoy SSR”, İzvestiya Azerbaydjanskoqo Filiala AN SSSR, Bakı, 1938, № 4-5.
- “800-letie so dnya rojdeniya poeta Nizami”, Literaturnaya qazeta, 29.09.1938, № 52.
- Pravda, 03.02.1939, № 33.
- Bakinski rabochi, 04.05.1939, № 100.
- Rusiya Elmlər Akademiyası Arxivi, ф.456, оп.1, д.18, л.70-71.
- Pravda, 03.04.1939, № 92.
- “Pismo bakinskoy intellegentsii tovarişu Stalinu”, Pravda, 16.04.1939. № 105.
- Kommunist, 17.04.1939, № 88.
- “V SNK Azerbaydjanskoy SSR, Bakinski raboçi, 04.05.1939, № 100.
- Adalis, Adelina, “Antologiya azerbaidjanskoy poezii”, Literaturnaya qazeta, 26.09.1939, №
- “800-letniy yubiley Nizami”, Literaturniy Azerbaydjan, 1938. № 10-11.
- “Nauçno-issledovatelskaya literatura o jizni i tvorçestve Nizami”, Literaturniy Azerbaydjan, 1939, № 3.
- Bağırov, Mircəfər, İz istorii bolşevistskoy orqanizatsii Baku i Azerbaydjana. Doklad na obşebakinskom sobranii partiynoqo aktivaposveşennoqo şestidesyatiletiyu so dnya rojdeniya tovarişa İ.V.Stalina. 19-20 dekabrya 1939 q., Bakı, 1944.
- Bertels, E.Yevgeni, Nizami/Böyük Sovet Ensiklopediyası, c.42, Moskva, 1939.
- Bertels, E.Yevgeni, “Nizaminin yubleyinə hazırlıq”, Literaturnaya qazeta, 10.12.1939. № 68.
- Vurğun, Səməd, “Qordost naroda”, Literaturnaya qazeta, 21.12.1939, № 70.
- “Velikomu Stalinu”, Literaturniy Azerbaydjan, 1940, № 4-5,
- Sadıx, A., Moskva! Stalin! – Dekada azerbaydjanskoy literaturı v Moskve, Bakı, 1940.
- Rəfili, Mikayıl, Nizami Qyandjevi i eqo tvoçestvo, Bakı, 1947.
- Bertels, E.Yevgeni, Nizami i eqo poema – “Xosrov i Şirin”/Nizami Qyandjevi. Xosrov i Şirin, Moskva, 1948.
- Yüzbaşyan, N. Karen, Akademik İosif Abgaroviç Orbeli. 1887-1961, Moskva, 1986.
- Bakinski raboçi, 26.09.1947, № 189.
- Raeva, R., “Po zalam muzeya Nizami”, Bakinski raboçi, 27.09.1947, № 190.
- Gik, Ya., “Muzey velikoqo poeta”, İzvestiya, 21.09.1947, № 190.
- Bertels, E.Yevgeni, “Nizami i eqo tvorçestvo”, Bakinskir,
27.09.1947, № 107.
- Makovelski, O. Aleksandr, “Azebaydjanskoe obşestvo XII veka po proizvedeniyam Nizami” , Znamya (jurnal), 1947. № 10.
- “S.Vurğunun SSRİ Sovet Yazıçılar Birliyi İdarə Heyətinin XI plenumundakı çıxışı”, Literaturnaya qazeta, 08.07.1947, № 28.
- Skosırev, Q. Pyotr, “Vopros daleko ne akademiçeskiy. Protiv putanitsi i izraşeniya v otsenke literaturı proşloqo”, Literaturnaya qazeta, 14.06.1947, № 24.
Tərcümə: Misir Məmmədli