Aleksandr Otaroviç Tamazşvili Sankt-Peterburqdakı Rusiya Oriental Tədqiqatlar (Şərqşünaslıq) İnstitutunda çalışıb. O, Nizami Gəncəvinin, Azərbaycanın milli kimlik atributu kimi, siyasiləşdirilməsi və 800 illik yubleyi ilə bağlı aşağıdakı məqalənin müəllifidir. Məqalənin əsli rus dilindədir, burada isə məqalə ingilis dilindən tərcümə edilib.
SSRİ-də Nizami Gəncəvinin tədqiqat tarixindən: ildönümü ətrafında – Y.E.Bertels, İ.V.Stalin və başqaları
1940-cı ilin payızında Sovet İttifaqında keçiriləcək ən əlamətdar və diqqətəlayiq mədəni və ictimai-siyasi hadisələrdən biri mütəfəkkir və şair Nizami Gəncəvinin 800 illik yubileyi olmalı idi. Lakin qeydetmələr müharibə üzündən altı il, 1947-ci ilin payızına qədər yubandı.
Bir çox elm adamı – şərqşünaslar, ədəbiyyatçılar və siyasətçinin iştirak etdiyi bu uzun yubiley kampaniyası (1937-ci ildən 1947-ci ilədək) yaxşı nəticələr verdi. Kampaniyanın fəal iştirakçısı Y.E.Bertels 1930 ilə 1940-cı illərin kəsişməsində qeyd edirdi ki, “Nizaminin xalis elmi tədqiqi yalnız bizim zəmanəmizdə aparıla bilər” (Bertels,1940:3).
Y.E.Bertels belə bir nəticəyə gəlmişdi ki, “hələ iyirmi il əvvəl Nizami ilə bağlı olan bütün rus dilli ədəbiyyat əsasən biblioqrafik xarakterli az sayda məqaləyə əsaslanırdı. Böyük azərbaycanlı mütəfəkkir və şairin vətənimizin hər güşəsindəki 800 illik yubileyi bu vəziyyəti əsaslı şəkildə dəyişdi” (Bertels, Literaturnaya Qazeta, 1953, №148).
Bizim yerli akademik tədqiqatımız üçün bu kampaniyanın əsas və inqilabi nəticəsi o oldu ki, Nizamini Azərbaycan şairi və onun yaradıcılığını Azərbaycan ədəbiyyatının nailiyyəti kimi görməyə başladı, halbuki Nizami dünya oriental tədqiqatlar sahəsində (və o vaxtadək Sovetlər Birliyində də) fars ədəbiyyatının təmsilçisi hesab edilirdi.
…
Sovet Nizami tədqiqatlarının siyasi məzmunundan Y.E.Bertelsin bioqrafları da daxil olmaqla, akademik tədqiqatla məşğul olan yerli tarixçilər yan keçiblər. Üstəlik, Nizaminin milli mənsubiyyəti və onun yaradıcılığı məsələsi elmi aspektdən əlavə, aydın siyasi aspektə malik idi və bu problemə dair elmi əsaslı cavabın Azərbaycan SSR-in yaradılmasına əsaslanan mühüm bir siyasi mənası vardı.
Azərbaycan SSR alimləri Nizamiyə çox yüksək qiymət verir və onu yüksək səviyyədə təbliğ edirdilər. “Nizaminin insan sivilizasiyasının inkişafında oynadığı rol yalnız Aristotel, İbn Sina, Şekspir və Puşkinin missiyası ilə müqayisə edilə bilər”. (Əliyev, 1979:9).
“Nizami yaradıcılığı təkcə xalqımızın deyil, eyni zamanda bütün Yaxın və Orta Şərq xalqlarının – kürdlər, hindlər, əfqanlar, ərəblər və digərləri – fəlsəfi və bədii fikrinin, sosio-etnik baxışının formalaşması və sonrakı inkişafında müqayisəyəgəlməz rol oynayıb (Əliyev, 1982:123). Təbii ki, yeni və suveren bir dövlətin tarixində belə böyük bir şəxsiyyətin olması şərəfli və qürurverici idi.
Məhz bu səbəbdən Nizaminin 800 illik yubiley kampaniyasının əvvəlindən sonuna qədər elm ilə siyasət bir-birini dəstəkləyərək və istiqamətləndirərək əl-ələ getdi; lakin məlum olur ki, siyasət daha mühüm rol oynadı. Bunu bir sıra obyektiv və subyektiv səbəblər şərtləndirirdi.
Nizami akademik tədqiqat üçün səmərəsi aşkar olan bir yubileyə istənilən halda layiq idi. Bunun üçün president də vardı – 1934-cü ildə SSRİ miqyasında klassik fars şairi Firdovsinin min illik yubleyi keçirilmişdi. Bununla belə, Nizamini eyni məziyyətlərlə təqdim edərək yubiley keçirmək obyektiv olaraq məqsədəuyğun sayılmazdı.
1930-cu illərin ikinci yarısı milli ədəbi ildönümlər dövrünə çevrildi. 1937-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının 750 illiyi, 1938-ci ildə “İqorun yürüyüşü haqqında nağıl”ın 750 illiyi, 1939-cu ildə erməni dastanı “Sasunlu David”in min illiyi keçirildi.
Bu ildönümlər Azərbaycan SSR-də də qeyd edilirdi. Əgər Azərbaycan həm xronoloji, həm də mədəni perspektivdən bənzər bir yubiley təklif etməsəydi, bu, fars, gürcü və ermənilərlə müqayisədə azərbaycanlılar və onların milli mədəniyyətinin geriliyi barədə tarixən rəsmiləşmiş inancların nəfinə arqument olardı. Bunu yubiley kampaniyası ərzində Nizami və onun yaradıcılığına istinadlar, habelə Azərbaycanın 12-ci əsrdəki inkişaf səviyyəsinə dair mübahisələr də təsdiqləyir; lakin bu barədə daha sonra.
Həmin illərdə “Bakinski raboçi” qəzetində dərc olunmuş “Yoldaş Stalinə” başlıqlı bir məqalədə belə yazılmışdı: “Nizaminin anadan olmasının 800 illik yubileyini qeyd etmək xalqımızın mədəni quruculuq sahəsində böyük nailiyyətidir” (Bakinski raboçi, 1947, №191).
Orta əsr Azərbaycan şairinin səs-küylü yubleyi mövcud vəziyyətdə Cənubi Qafqazda Sovet höküməti və ÜİKP (Ümumittifaq Kommunist (bolşevik) Partiyası) tərəfindən həyata keçirilən beynəlxalq münasibətləri ahənglaşdırmaq siyasətinin mənafeləri üçün də həyati əhəmiyyətli idi.
O illərdə Azərbaycan SSR K(b)P MK-nın (Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi) birinci katibi vəzifəsini tutan Mircəfər Bağırovun çox güclü anti-İran hissləri vardı və şübhəsiz ki, o, vətənpərvər bir adam idi. Bunu demək kifayətdir ki, Azərbaycan SSR K(b)P-nın 14-cü qurultayı tərəfindən M.Bağırovun çıxışına əsasən qəbul edilmiş qərarda “Azərbaycan dilinin ərəbizm, farsizm və osmanlı sözlərindən təmizlənərək tədrisində əsaslı təkmilləşdirmələr” tələb edilirdi (Bakinski raboçi, 1938, №137).
M.Bağırov Qafqaz və Cənubi Qafqaz xalqlarının tarix və mədəniyyətinin öyrənilməsini diqqətlə izləməyə çalışır, yanlış və ideoloji cəhətdən səhv inanca əsaslanan hesab etdiyi vəziyyətlərə qarşı fəal şəkildə mübarizə aparırdı. Belə vəziyyətlərdən biri də, əlbəttə, Nizaminin fars şairi olduğu bəyanı idi. Ümumilikdə Bağırovun səyinin nəticəsi idi ki, Nizaminin yubileyi çox uğurlu keçdi.
Qəbul edilməlidir ki, Azərbaycan üçün ədəbi yubiley məsələsi meydana çıxdıqda M.Bağırov çətin vəziyyətdə qaldı. 1930-cu illərdə qaldırılan Nizami məsələsi sadəcə Respublika (Mətndə Respublika ilə nəzərdə tutulan Az.SSR-dir-tərc.) ilə əlaqədar, yaxud Respublika səviyyəsində bir məsələ deyildi. Bu barədə qərar vermək Azərbaycan SSR rəhbərliyinin səlahiyyətindən kənar idi. Nizaminin mili mənsubiyyəti və yaradıcılığının Azərbaycanın maraqları baxımından yenidən nəzərdən keçirilməsi cəhdinə rəsmi Moskva millətçilik meyillərinin nümayişi – Azərbaycan xalqının keçmişinə “üstünlük qazandırmaq”, Respublikanın nüfuzunu gücləndirmək təşəbbüsü kimi baxa bilərdi. SSRİ siyasi rəhbərliyinin millətçilik, eləcə də millətçiliyin əlamətləri ilə necə qəti və sərt şəkildə mübarizə apardığı çox yaxşı məlum idi.
Alimlərdən, əsasən də Sovet ədəbi orientalizm tendensiyasını yaradan Leninqrad mütəxəssislərindən etirazlar gözlənilən idi. Bütün bunlara baxmayaraq, baş tutdu; Nizaminin Azərbaycan şairi kimi “transferi” çox yaxşı düşünülmüş tərzdə, sürətli, israrlı, lazımi qaydada və hər şeydən öncə zərif bir şəkildə həyata keçirildi. Bununla belə, hər şey qalmaqalla başladı.
1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti Ongünlüyünün keçirilməsi planlaşdırılırdı. Respublika qərar vermişdi ki, bu məqsədlə rus dilində “Azərbaycan poeziyası antologiyası” hazırlansın. “Ən böyük sənətkarlar –Azərbaycan poeziyasının yaradıcıları”nı təqdim etməyi nəzərdə tutan Antologiyanın ilk variantına Nizami poeziyasının daxil edilməsi düşünülməmişdi. 1937-ci ilin may ayından vəziyyət bu cür idi. (Şamilov, Luqovski, Vurğun, “Poeti Azerbaydjana na russkom yazıke”, Bakinski raboçi, 1937, №112).
Hər üç müəllif (Seyfulla Şamilov, Vladimir Luqovski, Səməd Vurğun) “Azərbaycan poeziyası antologiyası”nın ilk versiyasının redaktorları idilər.
Lakin 1 avqust tarixində mətbuat xəbər verdi ki, şeirlərin tərcüməsi üzrə iki illik iş başa çatıb və rus oxucusu Nizaminin monumental poeziyası ilə tanış ola bilər. “Müəyyən məqamda xalq düşmənlərinin çirkli əlləri Antologiyaya müdaxilə etdi… Onlar daha cılız və qüsurlu Antologiya üçün əllərindən gələn hər şeyi etdilər” – “Bakinski raboçi” qəzeti bildirirdi (Bakinski raboçi, 1937, №177).
Bununla belə, Nizami poeziyasının Antologiyaya daxil edilməsi qərarının tamamilə siyasi məzmunlu olduğunu iddia etmək üçün əldə kifayət qədər dəlil yoxdur. Bu qərarın leyhinə arqument Sovet şərqşünası Yuri N.Marrın Nizami haqqında mülahizəsi ola bilərdi. Y.Marr əsərlərinin birində qeyd edir ki, elə ki o, Rustaveli, Xaqani və Nizamini və onların dövrlərini tədqiq etməyə başladı, “dövr və müəlliflərin rüsvayçı şəkildə gözardı edilmiş vəziyyətdə” (Marr, 1935:5) olduğuna dərhal əmin oldu. 1929-cu ildə Y.Marr iddia edirdi ki, “Nizami Qafqaza, xüsusən də ədəbiyyatında fars ənənəsini son vaxtlara qədər saxlayan etnik qrupa, yəni gəncəli şairin İrandan daha çox hörmət edildiyi Azərbaycana məxsusdur” (Araslı və başqaları, 1939:XIX).
Əlbəttə, Y.Marrın “Azərbaycana məxsusluq” qeydini “azərbaycanlı” ilə eyniləşdirmək olmaz, lakin 1937-ci ilin ortalarında iki il əvvəl ölmüş Y.N.Maar öz tədqiqatı ilə Nizamini Azərbaycan şairi hesab edənlərin arxalana biləcəyi yeganə sovet şərqşünası idi. Uğurun bütövlükdə onların leyhinə olduğu qeyd edilməlidir, xüsusilə ona görə ki, Nizamidən danışan Yuri Marr idi. Ölkənin siyasi rəhbərliyinin gözündə onun akademik etibarı müəyyən şəkildə atasının, yəni Nikolay Marrın reputasiyası ilə əlaqəli olmalı idi. Həmin illərdə N.Y.Marrın adı həm sovet akademik tədqiqatında, həm də Partiya dairələrində çox mötəbər idi. Atanın məşhurluğunun ziyası oğulun da üzərinə düşmüşdü.
Azərbaycanda Nikolay Marrın adını Nizami tədqiqatlarına bağlamaq üçün çətinlik çəkilmədi; “Nizamiyə elmi yanaşmanın təftişində xüsusi haqq Azərbaycan alimlərinə, akademik N.Y.Marr, professor Y.N.Marr və başqalarına məxsusdur. Onlar azərbaycanlı şairin obrazını təhrif edən burjua oriental tədqiqatın nəzərdən keçirilmə haqqını öz əllərində saxlayırdılar…” (Rəfili, 1947:7-8). Y.Marra bu istinad daha çox siyasi səbəblərdən ortaya çıxdı, çünki alimin Nizaminin Azərbaycan şairi olduğu barədə birbaşa açıqlaması yox idi.
SSRİ Elmlər Akademiyasının Azərbaycan şöbəsinin Tarix, Dil və Ədəbiyyat İnstitutu 1937-ci ildən etibarən arxayınlıqla Azərbaycan ədəbiyyatının böyük klassiki kimi anılan Nizami Gəncəvinin əsərlərinin tədqiqi və hazırlanmasına dair işlərə başladı (Yaqubov, Bakinski raboçi, 1938, №48).
Azərbaycanda 1937-ci ilin ikinci yarısında nəşr olunan materiallarda Nizami xatırlanakən, onun adı və əsərləri adətən Şota Rustavelinin adı və əsərləri ilə sıx şəkildə əlaqələndirilirdi. Azərbaycanlı ədəbiyyatçının “Pələng dərisi geymiş pəhləvan” poemasının 750 illik yubileyi münasibətiylə Bakı Bələdiyyə Sovetinin işçi deputatlarının təntənəli plenumunda etdiyi çıxış buna yaxşı nümunədir: “Yoldaş Mirzə İbrahimov Rustaveli dövründə yaşayıb-yaratmış, Şota tərəfindən dahiliklə tərənnüm edilmiş, eyni yüksək ideal və istəklər uğrunda mübarizə aparmış və yalnız Stalin dövründə başa düşülmüş Azərbaycan ədəbiyyatı klassiklərini – Nizami və Xaqanini – xatırlamışdır” (Bakinski raboçi, 1937, №304).
Rustavelinin adı Nizaminin əsərləri və ideyalarının Stalin dövrünün ideyaları ilə daha eyhamlı formada ahənginə və dolayısı ilə Stalinin bəzi şəxsi fikirləriylə ahənginə dair əsaslı ideya verməyə yardım edirdi. Nizami məsələsinə dair Azərbaycanın qərarı üçün Moskvanın dəstəyi son dərəcə vacib idi.
Növbəti, 1938-ci il SSRİ-də Nizami “laqeydliyi”nə birdəfəlik son qoyulduğu ildir. Azərbaycan İncəsənəti Ongünlüyü 1938-ci ilin 5-15 aprel tarixlərində Moskvada müvəffəqiyyətlə baş tutdu. Bakıda “Azərnəşr” “Azərbaycan poeziyası antologiyası”nın 700 xatirə nüsxəsini nəşr etdi. Ona Nizami Gəncəvinin Konstantin Simonov tərəfindən tərcümə edilmiş şeirləri də daxil edilmişdi. Antologiyanın redaktoru yalnız bir nəfər – V.Luqovski idi. Digər iki nəfərin – Səməd Vurğun və Seyfulla Şamilov – 1937-ci ildə işləyə bilmədikləri üçün siyahıdan çıxarıldığı nəticəsinə gəlmək məntiqlidir, lakin fərz edilir ki, səbəb yalnız bu deyildi. Bəzi mənbələrə görə Antologiyanın ikinci redaktoru da vardı; artıq Azərbaycan SSR Sovet Xalq Komitəsi (Nazirliyi) yanında İncəsənət məsələləri şöbəsinin rəhbəri olan Mirzə İbrahimov (Literaturnaya Qazeta, 1938, №19). Lakin onun da adı kitaba daxil edilməmişdi. Yüksək rütbəli rəsmilərin adının Antologiya redaktorları siyahısında olmamasının səbəbi, ehtimal ki, işin sadəcə Azərbaycan və Rusiyanın yaradıcı intelligensiyasının təşəbbüs və əməyinin nəticəsi hesab edilməsi idi. Bundan əlavə, yalnız qeyri-azərbaycanlı şairlər tərəfindən (yalnız səthi) görülən işləri Nizamiyə millətçi yanaşma hesab etmək daha çətin idi. Antologiyanın anonim önsözündə deyilirdi ki, “12-ci əsrin azərbaycanlı şairləri arasında Nizami çox yüksək qiymətləndirilir”, lakin bu iddia nəyləsə dəstəklənmirdi (Azərbaycan poeziyası antologiyası, 1938:3).
Antologiyanın nəşri Nizaminin vəziyyətinə dair qərar qəbul etmək üçün hiyləgər taktiki addım idi. Şübhəsiz ki, bu kitab SSRİ hökumət üzvlərinə və Azərbaycan İncəsənəti Ongünlüyünə canlı maraq göstərən AK(b)P rəhbərliyinə təqdim edilmişdi. Onların arasında Stalin də vardı.
Əgər “Azərbaycan poeziyası antologiyası”nın məzmununda hansısa bir məqam (məsələn, Nizaminin milli mənsubiyyətinə dair iddia) “yuxarıdan” etiraz və siyasi tənqidə səbəb olardısa, xətalı kitabın nəşrinin günahı Azərbaycan SSRİ rəhbərliyində qalacaqdı; ancaq onların Nizami haqqında fikirlərinin kitabda əks olunduğuna dair hansısa sübut yox idi. Bununla belə, bəlli oldu ki, Antologiyanın məzmununa dair hansısa sual və ya etiraz yoxdur.
İstənilən halda “Azərbaycan poeziyası antologiyası”nın ilk nəşri qəribə tale yaşadı. Ədəbiyyat adamları və alimlərin Antologiyadan praktik cəhətdən xəbərdar olmaması mümkün deyildi; lakin bəzi səbəblərdən dolayı bu barədə çox danışılmadı. Kitabda önsözün bir hissəsi olan “Nizami Gəncəvi” adlı qısa esse Rüstəm Əliyevin “Nizami:qısa biblioqrafik arayış” (Bakı, 1982) adlı kitabında da qeyd edilmir.
Ongünlüyün ilk günü “Pravda” qəzetində “Azərbaycan xalqının incəsənəti” adlı baş məqalə dərc olundu. Məqalədə yazılırdı: “Hələ feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı ən böyük sənətkarlara həyat verdi. Nizami, Xaqani, bağdadlı Füzulinin adları fars şairləri Sədi və Hafiz ilə eyni səviyyədə dayanır. Nizami, Xaqani və Füzuli öz xalqının alovlu vətənpərvərləri idilər və yalnız təzyiq altında yadellilərə xidmət göstərmişdirlər” (Pravda, 1938, №94).
Məqalənin mənasını Nizaminin Azərbaycana “geri qaytarılması” üçün şişirtmək çətindir. Bu, Azərbaycan SSR-in Nizami barədə verdiyi qərarla rəsmi Moskvanın razılaşdığını sübut edirdi.
Ertəsi gün, 6 apreldə “Bakinski raboçi” “Pravda”nın məqaləsini təkrar dərc etdi (Bununla onun mənasını Respublika üçün gücləndirirdi). Bu andan etibarən rəsmi Bakı hər dəfə təşəbbüsü Moskvaya ötürdüyünü nümayiş etdirəcək və Nizaminin 800 illik yubileyi Moskvadan başlayacaqdı.
18 aprel 1938-ci ildə “Pravda” “Azərbaycan incəsənətinin triumfu” ilə yola çıxdı; “Lakin bütün qadağalara və təqiblərə baxmayaraq, ədalətsizliklərə qarşı qəhrəman Azərbaycan xalqı öz üsyançı, cəsarətli və qəzəbli ruhunu ifadə edənləri ərsəyə gətirdi. Feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı Nizami, Xaqani, Füzuli kimi böyük sənətkarlara həyat verdi. Onlar öz xalqının alovlu vətənpərvərləri, ölkələrinin azadlıq və müstəqilliyinin mübarizləri idilər” (Pravda, 1938, №107). “Pravda” bu dəfə Nizamini daha yaxşı xarakterizə edirdi. Göründüyü kimi, şair artıq yadellilərin xidmətində deyildi.
Güman ki, Azərbaycan tərəfi bu materialın hazırlanması işində Moskvadakı İncəsənət Ongünlüyünə Azərbaycan nümayəndə heyətinin tərkibində qatılan M.Bağırov və M.İbrahimovun rəhbərliyi ilə iştirak etmişdi. Yalnız M.Bağırov bu məqalələrin dərcini müxtəlif vəziyyətlərdə koordinasiya edə bilərdi.
Lakin kim tərəfindən yazılmasından asılı olmayaraq, bu, AK(b)P Mərkəzi Komitəsinin rəsmi mövqeyini əks etdirirdi; “Pravda”nın yazılarının mənası bu idi. Yalnız bir neçə şərqşünas həmin fikirləri poza bilərdi, lakin onlar da bunu etmədilər, bəlkə ona görə ki, Nizami məsələsi “Pravda”nın dərcindən əvvəl də olduqca mübahisə doğururdu. Burada Y.N.Marr və A.N.Boldırevin fikirlərinə müraciət edə bilərik (Boldırev, 1938).
1940-cı illərin sonunda Y.E.Bertels irəli sürürdü ki, “1938-ci ildə mənə aydın oldu ki, bütün böyük, nəhəng fars ədəbiyyatını dəlilsiz-sübutsuz İrana aid etmək sadəcə yanlış deyil, ən böyük səhvdir. Fars dili tamamilə fərqli bir sistemin ana dili olmasına baxmayaraq, bir çox xalq tərəfindən istifadə edilirdi” (Tamazşvili, 2001:185-186). Tamamilə mümkündür ki, Y.E.Bertelsin 1935-1936-cı illərdə fars şairi hesab etdiyi Nizami ilə bağlı keçmiş fikirlərini nəzərdən keçirməsinə “Pravda”nın məqalələri səbəb olub.
Elmi ədəbiyyatda belə bir fikir var: “Y.E.Bertels Nizaminin Azərbaycan şairi olduğunu hər kəsdən əvvəl açıqlayıb” (Tamazşvili, 2001:191). Lakin məsələnin daha dərin tədqiqatı göstərir ki, Nizaminin Azərbaycan şairi olduğu qənaətinə Azərbaycan alimləri, ədəbiyyatçıları və siyasətçiləri (rusiyalı həmkarlarının fikirlərindən çox da narahat olmadan) Y.E.Bertelsdən əvvəl gəlibər.
9 may 1938-ci ildə – yenə də V.Luqovski və S.Vurğunun redaktorluğu ilə – Moskva Dövlət Bədii Nəşriyyat Evinə yeni “Azərbaycan poeziyası antologiyası” təqdim edildi. Antologiyada müəllifləri azərbaycanlı ədəbiyyatşünas və alimlər – H.Araslı, M.Arif və M.Rəfili – göstərilən “Azərbaycan xalqının poeziyası” adlı önsöz vardı. Göründüyü kimi, Moskvadakı Azərbaycan İncəsənəti Ongünlüyündən əvvəl bundan bəhs edilirdi – “Antologiyanın kütləvi nəşri Moskvada həyata keçirilir” (Bakinski raboçi, 23.03.1938, №67).
Maraqlı bir fakt – Mikayıl Rəfili 1937-ci ildə Azərbaycan Yazıçılar Birliyindən qovulub; səbəblərdən biri “(karaim mənşəli) krımlı yazıçını azərbaycanlı kimi göstərməsi” idi.
Nizaminin milli mənsubiyyətinin nəzərdən keçirilməsinin təşəbbüskarı yaxşı və pis şansın hər ikisinə hazır idi.
Biri Bakıda, digəri isə Moskvada nəşr olunan iki “Azərbaycan poeziyası antologiyası”nın tekstual yaxınlığı göstərir ki, yazıçılar qrupu eyni və ya demək olar ki, eyni idi. Lakin Antologiyanın Moskva versiyası bir il iki gün geri (7 may 1937-ci il) tarixə imzalandı və bunun səbəbi bilinmir.
Nizaminin 800 illik yubileyi kampaniyasının təşəbbüskarı uzun müddət gözlədi ki, Leninqrad və Moskva elmi dairələri şair haqqında dəqiq bir açıqlama versinlər.
1938-ci ilin 8 may tarixində SSRİ Elmlər Akademiyasının iş planını nəzərdən keçirən SSRİ Xalq Komissarları Şurası (Nazirlər Soveti) planı təsdiq etməməyə və yenidən baxılması üçün Elmlər Akademiyasına geri qaytarmağa qərar verdi (VAN, №5,1938:72).
Həmin ilin 17 mayında orta məktəb zəhmətkeşləri üçün dövlət ziyafəti təşkil edildi. Stalin banketdə qədəhini qaldıraraq kiçik bir çıxış etdi: “elmin çiçəklənməsi üçün – o elmin ki, insanlar elmi ənənələrin gücünü və əhəmiyyətini dərk edərkən və onlardan elmin maraqları naminə məharətlə istifadə edərkən, hələ də bu ənənələrin köləsi olmaq istəmir, əvvəlki ənənələr, normalar, münasibətlər köhnəldikdə, irəliyə doğru hərəkət üçün əyləcə çevrildikdə onları pozmağa cəsarəti, qətiyyəti çatır və yeni ənənələr, normalar, münasibətlər yaratmağa qadirdir” (VAN, №5, 1938:1). Bütün bunlar Nizaminin tədqiqi üçün istifadə edilə bilərdi.
25 iyulda SSRİ Xalq Komissarları Şurası növbəti dəfə SSRİ Elmlər Akademiyasının iş planının əleyhinə səs verdi. 11 sentyabr tarixində Rəyasət Heyəti planın artıq üçüncü variantını nəzərdən keçirərkən qeyd etdi ki, “institutların elmi şuraları yoldaş Stalinin mütərəqqi elmlərin inkişafı və gücləndirilməsi ilə bağlı söylədiklərinin icrası üçün mübarizəyə bütün işçi kollektivlərini səfərbər etməmişdir”. Rəyasət Heyəti təklif etdi ki, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu “böyük Azərbaycan şairi Nizaminin həyat və yaradıcılığı” mövzusunda elmi monoqrafiyanın hazırlığına başlasın (VAN, №7-8,1938:119, 126).
Bu, həm bütövlükdə Elmlər Akademiyası, həm də Şərqşünaslıq İnstitutunun Nizami Gəncəvini rəsmi olaraq Azərbaycan şairi kimi tanıması demək idi. Belə görünürdü ki, Nizaminin milli mənsubiyyət məsələsi tamamilə həll olunub. “Pravda” Nizamini ən çətin vəziyyətlərdə mənəvi cəhətdən sınmayan bir şair – azərbaycanlı vətənpərvər obrazında “kanonlaşdırdı”. Azərbaycan SSR KP-nın 14-cü qurultayında yoldaş M.C.Bağırov 12-ci əsri “Azərbaycan ədəbiyyatının qızıl əsri” adlandırdı, çünki bu dövrdə “böyük epik şair Nizami Gəncəvi və eyni dərəcədə istedadlı, sevimli xalq şairi Xaqani yaşamışdır” (Bakinski raboçi, 16.06.1938, №136). Bu qiymətləndirmə Respublikada meyar kimi qəbul edildi və tarixə “Azərbaycan ədəbiyyatının qızıl əsri” kimi düşən Nizami epoxası barədə elə həmin il oxumaq mümkün idi. (Yaqubov, Bakinski raboçi, 1938, №136). “Azərbaycan Kommunist Partiyası MK-nın katibi yoldaş M..Bağırovun həmin tərifi” SSRİ-nin sözdə “geniş oxucusu”na da çatdırıldı (Rəfili, 1941:6)
Həm siyasi dairələr, həm də Azərbaycan alimləri gözəl başa düşürdülər ki, Nizami irsinə dair aparılan işlərdə – öz təbiəti etibarı ilə klassik şərq filologiyası ilə əlaqəli olduğu üçün – ən yaxşı nəticəyə yalnız Rusiyanın oriental mərkəzləri, ilk növbədə Leninqraddan olan mütəxəssislərlə əməkdaşlıq vasitəsilə nail olmaq mümkündür. Respublika “Tarix, Dil və Ədəbiyyat İnstitutunun hələ də EAAŞ-ın (Elmlər Akademiyasının Azərbaycan şöbəsi) ən zəif həlqəsi” olduğunu etiraf etdi (İzvestiya Azerbaydjanskoqo Filiala AN SSSR, Baku, 1938, №4-5, s.26). Həmçinin, rus şərqşünaslığında yaxşı bir ənənə, SSRİ xalqlarının milli və mədəni quruculuğunda yardım təcrübəsi formalaşmağa başladı. Mətbuat xəbər verirdi ki, “Azərbaycan təşkilatının rəhbərliyi yubiley hazırlığına SSRİ EA Şərqşünaslıq İnstitutunu, alimləri, sənət adamlarını və şairləri cəlb edir” (Literaturnaya qazeta, 1938, №5).
Prosesin ən fəal iştirakçısı Y.E.Bertels oldu və bu, sovet şərqşünaslıq tarixinin maraqlı, əsasən də nümunəvi fraqmentidir. Siyasi vəziyyətlər Y.E.Bertelsin tərcümeyi-halında mühüm rol oynadı; bəlkə də ən çətin və ən bənzərsizləri onun Nizami haqqındakı əsərləri ilə bağlı idi.
1938-ci ildə nailiyyətlər əldə edilmişdi, lakin Nizaminin 800 illik yubiley kampaniyası bütövlükdə təşəbbüskarların istədiyi kimi dinamik şəkildə davam etmir və davamlı nəzarət, o cümlədən təşviqetmə tələb edirdi. Bu da qəribə deyildi. Nizamiyə olan hörmət və marağa baxmayaraq, 1938-1941-ci illər ərzində onun yubiley məsələsi obyektiv olaraq əsas problem kimi nəzərdən keçirilə bilməzdi. Buna baxmayaraq, “Pravda” 3 fevral 1939-cu ildə Y.E.Bertelsin “Dahi Azərbaycan şairi Nizami” adlı məqaləsini dərc etdi (Pravda, 1939, №33).
“Pravda”da şəxsi təşəbbüs ilə dərc olunmağın çox çətin olduğu açıq-aşkar idi, xüsusilə də Sov.İKP-nin 18-ci qurultayından bir qədər əvvəl. Buna görə də məqalənin sifariş edildiyini güman etmək olar. Y.E.Bertels ilk dəfə idi ki, bütün ölkə qarşısında Nizamini Azərbaycan şairi adlandırırdı.
Təxminən on il sonra Bertels qeyd edirdi: “Hər bir diqqətəlayiq müəllifin etnik mənşəyini müəyyənləşdirmək və sonra fərqli ədəbi mənbələrə əsasən yenidən təsnif etmək. Lakin ilk növbədə belə bir vəzifəni həyata keçirmək mümkün deyil, çünki köhnə yazarların etnik mənsubiyyətinə dair məlumatımız yoxdur və ehtimal ki, heç vaxt olmayacaqdır. İkincisi, bu, metodoloji cəhətdən də son dərəcə səhv olardı. Nəticə etibarı ilə qana əsaslanan, irqə əsaslanan ədəbiyyat yaradacağdıq. Ədəbiyyatı bu tərzdə qura bilməyəcəyimizi və qurmayacağımızı söyləməyə ehtiyac yoxdur. İstənilən halda mən bunu etməyəcəyəm, başqası etmək istəsə, buyursun, bu, onun öz işidir” (Tamazşvili:184). Buna baxmayaraq, Bertels 1939-cu ildəki məqaləsində şairin Gəncədə (gələcək Kirovabad şəhəri) doğulub yaşaması faktından başqa, Nizaminin Azərbaycan şairi olduğuna dair heç bir dəlil göstərmirdi.
Bu, alimin müəmmalarından biridir: o, 1930-cu illərdəki orijinal elmi baxışlarından müəyyən səbəblər üzündən yayınmaq qərarına gəlmişdi, yoxsa onlar 1940-cı illərin sonlarında dəyişdi?
Y.E.Bertelsin “Pravda”dakı məqaləsi, şübhəsiz, sovet Nizami tədqiqatlarının formalaşmasında mühüm mərhələ idi. Akademik və ədəbiyyatşünas K.Luppov qeyd edirdi: “əgər altı ay əvvəl “Pravda”da Nizami üçün bir “zəmin” tapılmışdırsa, əgər Sovet İttifaqında bir partiya orqanı Nizami üçün “təməl” qoymuşdursa, bu o deməkdir ki, Sovet İttifaqının hər bir şüurlu vətəndaşı Nizaminin kim olduğunu bilməlidir. Bu, bütün idari təşkilatlara, respublika, rayon, regional miqyaslı bütün instansiyalara bir təlimatdır və Elmlər Akademiyası yüksək elmi ləyaqətini pozmadan bu işdə öz sözünü deməlidir” (Rusiya Elmlər Akademiyası arxivi:70-71).
Buna baxmayaraq, Nizami haqqında “Pravda”nın nəşrlərində yer alan fikirlər yenidən nəzərdən keçirilərək səhv kimi qəbul edilə bilərdi. “Xalq düşməni” elan edilən xeyli sayda insan müxtəlif vaxtlarda “Pravda” qəzetində dərc olunmuş və səhifələrində bir çox səhv baxış bucağı yer almışdı. Ehtimal ki, çox yaxşı təşkil edilmiş bir vəziyyətə yaxşı bir şans mübaxilə etdi.
Tərcümə: Misir Məmmədli