Bu hekayə gecikən sərnişinlərə heç zaman qapı açmayan avtobus sürücüsü haqqındadır. Bu sürücü heç kimə qapı açmırdı: avtobusun yanıyla qaçaraq ona yalvarıcı nəzərlərlə baxan çarəsiz məktəblilərə, sanki zamanında avtobusa çataraq, bütün günah sürücüdəymiş kimi qapını yumruqlayan əsəbi tiplərə, hətta əllərindəki dolu torbalarını sallayaraq, əl edib onu dayandırmağa çalışan yaşlı və titrək qadınlara. Pis adam olmağından deyil, çünki avtobus sürücüsünün ruhunda pisliyin zərrəsinə də rast gəlməzdiniz. Bütün məsələ sadəcə ideologiyadır. Sürücünün inancına görə, gec gəlmiş sərnişinlərə qapını açmaq otuz saniyədən az vaxt alsa və qapını açmamaq sərnişinin on beş dəqiqə itirməsinə səbəb olsa belə, açmamaq toplumun xeyrinəydi. Çünki o otuz saniyə avtobusdakı hər sərnişinin həyatından gedəcəkdi. Dayanacağa vaxtında gəlmiş altmışa qədər günahsız sərnişin olduğunu düşünsək, birlikdə yarım saat itirəcəkləri asanlıqla hesablana bilərdi: on beş dəqiqənin iki qatı. Geciçəknlərə qapı açmamağı bu səbəbdən prinsip halına gətirmişdi.
Avtobus sürücüsünün prinsipindən ən çox zərər görən adamın adı Eddiydi. Amma digərlərindən fərqli olaraq, avtobusun arxasından qaçacaq bir tip deyildi; çünki tənbəl və tükənmiş biri idi. Eddi, axmaq sahibinin ağlı ancaq belə söz oyununa çatdığı üçün adını “Steakaway” qoyduğu bir restoranda aşpaz köməkçisi işləyirdi. Yeməklər də haqqında mədhiyyə yazılacaq növdən deyildi, amma Eddi özü həqiqətən də yaxşı insan idi. O qədər yaxşıydı ki, hazırladığı yeməklər alınmayanda servisi özü edib, müştərilərdən üzr istəyərdi. Xoşbəxtliyi, xoşbəxtliyə toxunmaq fürsətini ən azı, üzrlərindən biri sayəsində tapdı. Gətirdiyi dadsız bifşteksi sırf Eddi özünü pis hiss etməsin deyə, son tikəsinədək yeyən mehriban bir qız görkəmində. Qız ona telefon nömrəsini verməsə də, adını belə deməsə də, ertəsi gün saat beşdə qərarlaşdırdıqları yerdə görüşməyi qəbul etmişdi – Delfin şousunda.
Ancaq Eddi bir xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən həyatda çox şeyi qaçırmışdı. Limfa vəzlərinin şişdiyi xəstəliklərdən filan olmasa da, yenə həyatına çox təsir edirdi. Xəstəlik onu həmişə on dəqiqə artıq yatmağa məcbur edirdi, zəngli saatın da faydası olmurdu. “Steakaway”dəkı işinə bu səbəbdən hər gün gecikirdi – hə bir də cəmiyyətin xeyrini, fərdi dəstəkdən üstün tutan avtobus sürücüsünə görə. Amma bu dəfə mövzu xoşbəxtlik idi. Ona görə Eddi ehtiyatlı davranmağa çalışdı. İşdən evə qayıdanda həmişəki kimi qənnadı hazırlamaq əvəzinə, oyaq qalmağa üstünlük verdi və televizora baxdı. Özünü sığortalamaq üçün üç fərqli zəngli saat qurmaqla kifayətlənməyib, oyandırma xidmətinə də zəng vurdu. Amma xəstəliyin çarəsi yox idi. Eddi cizgi film kanalına baxarkən uşaq kimi yuxuya getdi. Bir milyon zəngli saatın səsiylə tər içində və yenə on dəqiqə gec oyandı. Əynini belə dəyişdirmədən evdən tələsik avtobus dayanacağına tərəf qaçmağa başladı. Sanki necə qaçmağı belə yaddan çıxarmışdı. Səkidən enəndə ayaqları dolaşırdı. Sonuncu dəfə məktəbdə, altıncı sinifdə oxuyanda bədən tərbiyəsi dərsindən necə əkilməyi tapmadan əvvəl belə qaçmışdı. Amma məktəb illərindən fərqli olaraq indi dəli kimi qaçırdı. Çünki itirəcəyi bir şey vardı. Sinəsindəki ağrı və Lucky Strike’ in (siqaret markası) törətdiyi xırıltı xoşbəxtliyinə mane olmayacaqdı. Onu heç nə dayandıra bilməzdi, qapını bağlayıb yola çıxan avtobus sürücümüzdən başqa. Arxa güzgüdən Eddini görsə də əvvəldə izah etdiyim kimi bir əqidəsi var idi – hər şeydən çox ədalət sevgisinə və bəsit hesablamalarına dayanan son dərəcə məntiqli əqidə. Sürücünün hesablamaları Eddini heç maraqlandırmırdı. Həyatında ilk dəfə bir yerə vaxtında çatmağı həqiqətən istəyirdi. Şansının olmamasına baxmayaraq, avtobusun arxasınca qaçmağa başladı
Birdən, Eddinin yüzdə yüz olmasa da, bəxti gətirdi. Dayanacaqdan yüz metr aralı işıqfor vardı, avtobus ora çatanda işıqfor qırmızını göstərdi. Eddi avtobusa çataraq ön qapının qarşısında dayandı. Qapının şüşəsini yumruqlayacaq taqəti qalmamışdı. Nəmli gözlərlə sürücüyə baxıb solğun nəfəslə dizləri üstə çökdü. Bu isə avtobus sürücüsünə bir şeyi xatırlatdı – avtobus sürücüsü yox, Allah olmağı istədiyi günləri. Sürücünün Allah yox, avtobus sürücüsü olmağı kədərli xatirə idi. Bu o qədər də pis sayılmırdı, çünki avtobus sürücülüyü ikinci seçimiydi. Avtobus sürücüsü birdən, Allah olsaydı bütün qullarına mehriban davranacağına və onları dinləyəcəyinə necə and içdiyini xatırladı. Ona görə Eddini asfalta çökdüyünü görəndə ürəyi dözmədi, əqidəsi və hesablamalarına baxmayaraq qapını açdı, Eddi avtobusa mindi, təşəkkür etmədi, nəfəsini dərməyə çalışırdı.

Etgar Keret
Bu məqamda oxumağı dayandırsanız yaxşı olardı, çünki Eddi Delfin Şou Mərkəzinə vaxtında yetişsə də xoşbəxtlik gəlmədi. Onun sevgilisi var idi. O qədər yaxşı biriydi ki, bunu Eddiyə söyləməmiş, onu aldatmağı üstün tutmuşdu. Eddi onu vədələşdikləri yerdə iki saata yaxın gözlədi. Skamyaya oturanda həyatının qaranlıq detallarını düşünməyə başladı. Oturmuşkən günəşin batmasını da seyr elədi, möhtəşəm idi, bir tərəfdən də qayıdanda ayaqlarının necə ağrıyacağını fikirləşirdi. Tez bir zamanda evində olmaq istəyirdi. Uzaqdan avtobusu gördü. Dayanacaqda sərnişin endirirdi. Bilirdi ki, hətta var gücüylə qaçsa da, avtobusa çatmayacaq, ona görə ağır addımlara getməyə davam etdi. Hər yeri ağrıyırdı. Nəhayət, dayanacağa çatanda avtobusun hələ orada olduğunun fərqinə vardı. Onu gözləyirdi. Sərnişinlərin səsli etiraz etməsinə baxmayaraq sürücü Eddini gözlədi və Eddi yerinə oturana qədər pedala basmadı. Yola çıxanda arxa güzgüyə baxıb Eddiyə göz vurdu və bu, hər şeyə dözməyi biraz asanlaşdırdı.
Etqar Keret
Tərcümə: Taleh Rəcəbli