“Xilas olmadım ki; Şərəfimin lazım bildiyi kimi, 19 noyabr,1918-ci ildə beynimə bir güllə sıxdım; mən ölüyəm, içimdə yaşayan mən deyiləm.O gündən bu yana “mən” deyə bir şey bilmirəm… Mən millət üçün öldüm. Bu səbəbdən içimdə yaşayan hər şey yalnız millət üçün yaşayır. Etməli olduğum şeyi edirəm, çünki hər gün ölürəm. Etdiyim şeylər yalnız tək bir gücün xidmətində olduğu üçün, etdiyim hər şeyin kökü o gücdən qaynaqlanır. Bu güc dağılma istəyir, mən də dağıdıb yox edirəm… – Bir imperiya zabiti olaraq, inqilab günündən necə xilas olduğu sualına cavab verərkən Kern bu cür deyir.
(Erix Fromm “İnsanda dağıdıcılığın kökləri”)
İtalyan rejissoru Dario Argento 1977-ci ildə “Üç ana” trilogiyasının əsasını “Suspiria” filmi ilə qoyur. “İnferno” qaranlıqlar anası Tenenbrarum, “Göz yaşları anası” Lachrymarumdan bəhs edirsə, “Suspiria” adı bilinən yeganə ana Markosdan – Suspiriorumdan bəhs edir.
2018-ci ildə digər italyan rejissoru Luca Guadagnino yenidən Suspiria mövzusuna qayıdır. Amma Argentonun “Suspiria”sına bənzər və ya onun vizuallığına xas bir film gözləyirsizsə, ümidləriniz boşa çıxacaq. Qarışıq tənqidi fikirlər səsləndirilən filmdə ssenarist David Kayganich reallıqdan tamam uzaq süjet yaratmaqdan imtina edərək, mövzunu özününküləşdirib. Rejissor dəyişkən, canlı rənglərlə oynamaqdan imtina edərək soyuq rəng tonallığı və kölgələrlə qaranlığın rəqsini üstün tutur. Rənglərin yaratdığı gərginliyi isə süjet xəttinin dərinliyi və hadisələrin bir-birini ötməsi əvəz edir. Guadagninoun özünün qeyd etdiyi kimi, bu, rimeyk yox, Argentoya heyranlıq və sevginin nəticəsidir.
“Suspiria” filmlərinin əsas məzmununu gənc amerikalı balerina Suzinin Alman payızının (alman siyasətçisi Hanns Martin Şleyerin qətli nəticəsində 1977-ci illərin sonlarında baş verən hadisələr) tüğyan etdiyi zamanda Berlinə məşhur balet məktəbi olan “Tanz”a təhsil almağa gəlməsi və burada qarşılaşacağı müəmmanı əhatə edir. Qaranlıq qüvvələrlə mübarizədə tələbələrdən bəzilərinin məğlub olduğu, bəzilərinin qurban verildiyi məktəbdə Suzi öz dirəniş gücünü axtarmaqdadır. Guadagninonun “Suspiria”sını orijinaldan fərqləndirən əsas cəhətlər, rejissorun filmi ikinci dərəcəli hekayələr və alt mətnlərlə zənginləşdirərək yeni yanaşma nümayiş etdirməsidir.
Tamaşaçını ölüm və Thom Yorkun tilsimli ifasıyla qarşılayan səhnə “Ana”nın ölümü ilə filmin məğzini özündə birləşdirir. Seyrçini yağışlı, əsgərlərin xaos yaratdığı bir küçəyə “atan” rejissor onu gənc bir qızın anlaşılmaz problemi ilə tanış etməyə başlayır. Psixoloq-həkim Klempererin yanına vaxtsız gələn Patricianın (Сloe Moretz) ifritələr barədə fikirləri və gözlənilməz qaçışı ilk gərginliyin əsasını qoyur.
Müharibənin yalnız əhvalatın atmosferini qorumağa çalışan bir vasitə və arxa fon kimi düşünsək də, əslində, əsas xətt qədər önəmli olan bu fon qoca həkim vasitəsilə özünü təsdiq edir. İlk cəhddən həkim Klemperer və Patricia iki cəbhənin nümayəndəsi kimi çıxış edir: müharibə və magiya, köhnə və yeni, kişi və qadın. Bir-birilə çəkişmədə və xaos münasibətində olan bu inqrediyentləri birləşdirən isə güc və daimi mübarizədir.
Klemperer və Patricia hərəsi öz cəbhəsinin qurbanı rolundadırlar. Lakin müharibəni kişi, magiyanı isə qadın yaradıb. Patricianın gündəliyindən göründüyü kimi, basdırılmış daxili şiddət özünü sosial zorakılıqda (“binalara butulka atmaq”) ifadə edir. Cinslərin və onların güclərinin rəqabətini göstərən film ardıcıl tarixi faktlara toxunur.
Filmin ilkin versiyası 1977-ci ildə çəkilib və Qərbi Almaniyada “Alman payızı” kimi tanınır. Hadisələr bank müdiri Jürgen Pontonun qaçırılması və öldürülməsi ilə başlayır ki, bu hadisənin iştirakçıları Qırmızı Ordu Fraksiyasından (RAF) olan üç qadın idi (Brigitte Mohnhaupt, Christian Klar və Pontonun vəftiz qızı Susanne Albrecht). İkinci versiyada isə Amerikanın Ohayo ştatından Berlinə “Tanz” rəqs məktəbinə gələn gənc qız Suzi (Dakota Johnson) ilk rəqsindən müəllimə madam Blancın (Tilda Swinton) diqqətini çəkməyi bacarır. Argentonun filmindən fərqli olaraq, cadugərlərin həyat tərzini, onların həyatını, məişətini ilk dəqiqələrdən öyrənirik. Və sən demə, bu qruplaşmada Madam Blanc və Ana Markos tərəfdarları arasında ədavət mövcuddur. Eyni zamanda Suzi və Blanc arasında incə və gizli münasibət yaranır. Filmin əvvəlində Patricianın həkimə onların – cadugərlərin şah damarı olmaqdan imtina etməsini bildirməsinə qarşılıq olaraq, Suzi “əllər” olmağa qərar verir.
Filmdə daha bir şiddətli və maraqlı səhnə var ki, Patricianın hissəsini oynamaqdan imtina edən və içindəki nifrəti və cadugərlər haqqında düşündüklərini açıqca ifadə edən Olga (Elena Fokina), voodoo (Qərbi Afrikaya aid olan animist din) sayağı magiya ilə eynilə Suzinin ifadə etdiyi rəqs parçasını paralel təkrar etməsi bədəninin deformasiya olunmasına gətirib çıxarır.
Tailandlı operator Mukdeproomla işləyən Guadagninonun filmində bəzən Dogma 95-i xatırladan və çəkim qaydalarını gözardı edən kadrları, bəzən isə bəsit slow-motionları görürük. Uzun çəkimlərlə bərabər attraksion montajından geniş istifadə gərginliyi pik həddə çatdırır.
Suzinin rəfiqəsi Anna (Mia Goth), ən azı, onun qədər önəmli rol oynayır. Klempererin həqiqətləri deməsindən sonra mühafizəkar Anna özü ona həyatı bahasına başa gələcək həqiqəti araşdırmaq qərarına gəlir. Suziyə onun Blanc tərəfindən tilsimləndiyini bildirəndə isə, o, qəti şəkildə etiraz edir. Birinci şübhə artıq buradan yaranır. Patricianın axtarışını təşkil edən polislərin tilsimlənib aşağılandığına şahid olmuş Suzinin bundan şübhələnməməsi təəccüb doğuracaqdı. Müharibənin bu qapalı binaya daxil olması isə ya televiziya xəbərləri, ya da pəncərədən gələn səslər vasitəsilə reallaşır. Tarixi fakta əsasən, RAF keçmiş nasist Hanns Martin Schleyeri qaçıraraq, 11 nəfər tərəfdarlarının həbsxanadan buraxılmasını, digər yandan isə 4 nəfər ərəbdən ibarət qrup Lufthansa təyyarəsini qaçıraraq Türkiyədə tutulan fələstinlilərin azad olunmasını tələb edir. Nəticədə, təyyarə tapılaraq ərəblər öldürülür, həbsxanada olanlara isə sui-qəsd edilir və onların ölümü kütləvi intihar adı ilə təqdim olunur. Bu azadlıq və qurban edilmə mərasiminin filmin sonunda daha bir təkrarlanmasını görəcəyik:lakin qadınlar tərəfindən. Müharibə və ifritələr arasında daha bir oxşar məqam isə manipulyasiya gücünün silahdan daha önəmli rol oynamasıdır.
Müharibənin digər carçısı isə həkim Kemplererdir ki, onun gündəlik həyatına, hətta ən xırda detallı hərəkətlərinə belə hörmətini nümayiş etdirən rejissor, onun prototipi psixoanalitik Lutz Ebesdorfun çəkiliş meydançasına gəlməsini təkid etməyib. Bu rolun öhdəsindən Tilda Swinton məharətlə gəlir. Filmin sonrakı aktında Damien Jaletin Les Médusées xareoqrafik əsərinin əsasında “Volk” rəqsi oynanılır. Filmin ilkin versiyasından fərqli olaraq burada nəinki rəqsə geniş yer ayrılır, hətta, adi balet rəqsindən fərqli olaraq eksperimental rəqs də əlavə edilir(contemporary dance). Ssenarist Kayganich qeyd edir ki, rəqs konsepsiyasında alman ekspressionist rəqqasları Mary Wigman və Pina Bauschdan təsirlənib. Ritualı xatırladan bu xaotik rəqsi izləməyə həkim Kemplerer belə gəlir. Annanın binanın alt mərtəbələrinə enərək cəhənnəmin dibindən çıxardığı həqiqət, onun vəhşiyə çevrilmiş Olga və Patricia ilə qarşılaşmasına səbəb olur. Ayağını sındıran Anna Blancın tilsimi altında rəqsə dönür və bu ibtidai vəhşiliyi təmsil edən rəqs tilsimin qırılması və Annanın əbədi itirilməsi ilə nəticələnir. Film boyu ifritələrin iki gecə gəzintisi və birlikdə şam yeməyinə şahid oluruq ki, bunların hər ikisində Suzi iştirak edir. Sonuncu isə ikinci şübhənin yaranmasına səbəb olur. Baxışlarla danışan Suzi Blanca meydan oxuyarcasına hakimiyyəti ələ keçirir.
Əhvalat boyu güclü qadının – pis niyyətli qadın olaraq tərənnüm edilməsini nəzərə alaraq- filmin son aktında Hind mifologiyasında vəhşi və qaniçən ilahə olan Kalini xatırlamaq lazımdır ki, bu da birbaşa şiddət və ana mövzusu ilə əlaqəlidir. Dünyadakı fəlakətlərin qabağını ala bilməyən Tanrılar dualar edərək, ilahə Durganın ortaya çıxmasına səbəb olurlar. Düşmənlərlə mübarizədə gücünü itirən Durga (Helena Markos) özünü Kaliyə (Suspiriorum) dəyişir. Qurbanvermə ritualı gərgin və tilsimli rəqslə müşayiət olunur və həkim Kemplerer çılpaq halda bu ritualda iştirak etməyə məcbur edilir. Qadın gücünü nümayiş etdirən bu proses kişi cinsi tərəfindən şahidlik tələb edirdi. Helena Markosa qurban gələn Suzi məhv olacağını və hər şeyi qəbul etdiyini bildirir. Lakin, öncə o ilk addımı atmalı və öz anasını xəyalında öldürməlidir: bu prosesə qarşı çıxan Blanc isə Markos tərəfindən öldürülür.
Süjet boyu ölüm yatağında olan ananın xatirələrini bir neçə dəfə görsək də, onun ölüm anı gerçəkləşmir, onun dilindən bir ifadə eşidirik: “Mən dünyaya peyğəmbər gətirdim”. Ölümü çağıran Suzi Mater Suspiriorum olduğunu elan edir və Markos tərəfdarlarını onun əli ilə öldürür. Patricia, Olqa və Annanın ölüm arzularını həyata keçirən Suzi növbəti gün Kemplererin evinə gedir. 35 il müddətində həyat yoldaşının xatirəsi, Patricianın problemləri, Annanın ölümə məhkum olması fikri – ahıl kişiyə həyatı boyu əzab verən bütün qadınların xatirələri Suzinin ona toxunan əli ilə yaddaşından silinir. Və filmin sonu fırtınadan sonrakı ölü sakitliyi xatırladır:heç vaxt baş verməmiş, lakin heç zaman unudulmayacaq hadisələri.