“Tarkovski xəyali məkanlarda bir lunatik əminliyi ilə hərəkət edərək heç nə izah etməz. Xəyallarını rabitə vasitələrinin ən çətini, həm də ən arzulanan formasıyla görüntüyə çevirə bilən müşahidəçidir. Mən bütün həyatım boyu onun böyük bir təbiiliklə dolaşdığı, girib çıxdığı qapıları yumruqlayıb dayandım. Lakin bu qapılardan içəri süzülməyi bir neçə dəfə bacara bildim…”
İnqmar Berqman
“Ayna”nın çəkilişi zamanı əlimizdə 400 metr, yəni on üç dəqiqəlik lent qalanda ortalıqda film deyilən bir şey yox idi. Hazırlanıb çəkilən kadrlar ancaq hekayəni nəql edənin uşaqlıq xatirələri idi. Bu xatirələr filmdə bütünlük yaratmırdı. Ona görə biz əhvalatı danışanın görüntüsünün də filmdə yer almasını təmin etdik. Bundan sonra film bütöv quruluşa malik oldu. Belə fikir isə əvvəlcədən ssenaridə yox idi.
Əhvalatları nəql edənin anası rolunu ifa edən aktrisa Marqarita Terexovanın işindən çox məmnunduq. Lakin əvvəlcədən hiss etdiyimiz kimi bu obraz Terexovanın fövqəladə istedadını yaxşı əks etdirmirdi. Nəhayət, ssenariyə yeni obrazlar əlavə etməyə başladıq. Ancaq bundan sonra uydurmada nəqlçinin keçmişinə aid epizodları indiki zamanla iç-içə keçirtməyə nail olduq.
“Ayna”nın əslində necə yarandığını izah etməkdə əsas məqsədim ssenarinin mənim üçün necə həssas, hər zaman dəyişdirilə biləcək bir quruluşa malik olduğunu və filmin ancaq bütün işlər tamamilə sona çatdıqdan sonra ortalığa çıxdığını göstərməkdən ibarət idi.
Filmdə qəhrəmanın ata-anasının yaşadığı, doğulduğu, uşaqlığını keçirdiyi köhnə ev mövzusu var. Bu, mənim uşaqlıq illərimin keçdiyi evin üzərində yenidən inşa olunmuş evdir. Biz çəkiliş heyəti ilə kəndimizə gedəndə ilk işim bu evə baxmaq oldu. Zamanın çarxları altında qalaraq yıxılan həmin evin ailə albomumuzda olan şəkillərinə baxaraq, qırx ildən sonra onu köhnə təməllər üzərində yenidən inşa etdirdik. Gəncliyini o yerdə, o evdə keçirən anamı ora gətirdiyimiz zaman onun verdiyi reaksiya məni dərindən mütəəssir etdi. Anam həmin an keçmişinə qayıtdı. O zaman doğru yolda olduğumu başa düşdüm. Ev anamda bizim filmdə ifadə etmək istədiyimiz duyğuları oyandırmışdı…
… Evin qarşısında tarla var idi. O zamanlar evimizlə qonşu kənd yolu arasında qarabaşaq tarlası olduğunu xatırlayırdım. Qarabaşaqlar ağ rəngli çiçək açanda tarla çox gözəl görünürdi. Tarlanı sanki qarla bürünmüş göstərən ağ rəng xatirələrimdə, uşaqlıq illərimin ən qabarıq, ən əsas təəssürratı kimi qalmışdı. Ancaq biz çəkiliş üçün tarlaya getdiyimiz zaman orada bircə buğda dənəsi də tapılmadı. Kolxoz kəndliləri artıq neçə illərdi ki orada buğda və yulaf əkdiklərini dedilər. Orada bizim üçün qarabaşaq əkmələrini istədiyimiz zaman onlar israrla həmin torpaqda qarabaşağın yetişməyəcəyini, torpağın artıq bu əkin üçün uyğun olmadığını bildirdilər. Lakin biz yenə də bütün təhlükələri nəzərə alaraq bir az torpaq kirayə etdik. Və oraya qarabaşaq əkdirdik. Kəndlilərin təəccüb dolu baxışları altında qarabaşaqlar yetişib boy atmağa başladılar. Uğurumuzu yaxşılığa yozduq. Bütün bunlar həm də xatirələrimizin özəlliyini, zamanın örtüyü altından çıxa bilmək gücünə malik olduğunu göstərirdi. Filmin əsas məqsədi məhz bundan ibarət idi. Qarabaşaqlar çiçək açmasaydı, filmin taleyinin necə olacağını bilmirəm. O zaman onların çiçəklənməsi mənim üçün çox vacib idi.
“Ayna” üzərində işləməyə başlayanda düşüncələrimdə istər-istəməz bu fikir ilişib qaldı: İnsanın ciddi şəkildə özünü həsr etdiyi doğru-dürüst bir film adi iş yox, həm də onun taleyini müəyyənləşdirən insani davranışının aksiyasıdır. Bu filmdə ilk dəfə heç nədən çəkinmədən mənim üçün ən önəmli, ən dəyərli və ən şəxsi məsələlərdən bəhs etməyə qərar vermişdim.
Tamaşaçılar filmi izlədikdən sonra onlara filmin arxasında hər hansısa gizli məqsədin və fikrin olmadığını izah etmək çox çətin oldu. Film vasitəsi ilə həqiqəti söyləməkdən başqa bir məqsədim olmadığını izah etdiyim zaman isə həmişə şübhə ilə qarşılandım. İnsanlar məyus olmuşdular… Bəzi tamaşaçılar üçün bu izahlarım o qədər də qənaətbəxş olmadı. Elə hey gizlinlər, simvollar, qayələr arxasınca qaçdılar. Çünki onlar şairanə filmə baxmağa vərdiş etməmişdilər. Bu da təbii ki, məni dərindən məyus etmişdi. Tamaşaçıların fikirləri belə idi… Həmkarlarım isə hücuma keçərək, məni dürüst olmağa dəvət edərək, özüm haqqımda film çəkməkdə günahlandırdılar. Bizi xilas edən bircə nüans oldu: bizim qədər tamaşaçıların da filmin vacibliyinə olan inamı…
Film canımdan çox sevdiyim və çox yaxşı tanıdığım insanların həyatlarını yenidən canlandırmaq məqsədi daşıyırdı. Özü üçün dəyərli olan insanların haqqını qaytara bilməyəcəyini, ona göstərilən sevginin, çəkilən o qədər zəhmətin əvəzinin heç bir zaman lazımınca qiymətləndirə bilməyəcəyini düşünən bir insanın çəkdiyi əzabları izah etmək istəyirdim. Bu adam o insanları lazımınca sevmədiyini düşünür. Və bu düşüncə həqiqətən də ona dözülməz dərəcədə əzab verir.
İnsan çox vacib bildiyi məsələlər haqqında danışmağa başladığı zaman söylədiyi və müdafiə etdiyi şeylərə göstərilən münasibətdən çox təsirlənir. Nə olursa olsun səhv başa düşülməkdən qorunmaq istəyir.
“Ayna” filmində özümdən yox, mənə yaxın insanlara qarşı duyğularımdan, onlarla olan əlaqələrimdən, həmçinin, onlara qarşı etdiyim və düzəlməsi heç bir zaman mümkün olmayan günahlarımdan və uğursuzluğumdan bəhs etmək istəmişdim. Qəhrəmanın içərisinə düşdüyü ağır böhran vaxtı ən incə məqamlarına qədər xatırladığı hadisələr, əhvalatlar ona əzab verir, onun daxilində dağınıqlıq yaradır.
Çəkiliş zamanı mən aktyorları danışıqlarla sıxmamağa xüsusilə diqqət edirəm. Aktyorun ifa etdiyi hissəni özbaşına bütünlüklə filmlə birləşdirməsinə qətiyyətlə qarşıyam. Hətta bir-birini izləyən səhnələrdə belə bunu etmək olmaz.
Misal üçün filmin qadın qəhrəmanı – uşaqlarının atasını əlində siqaret, çəpərdə oturaraq gözləyən səhnədə Marqarita Terexovanın ssenarini bilməməsi yaxşı nəticə verdi. Onun bu səhnəni yaxşı ifa edə bilməsi üçün o biri səhnələrdə ərinin geri dönüb-dönməməsini bilməməyi lazım idi. Mövzunu aktrisadan gizlətmişdim. Belə etməsəydim o, rolu özünə uyğun formada ifa edə bilərdi. Əslində isə aktrisa rolu ifa edərkən növbəti günün taleyinə nələr gətirəcəyini bilməyən anamla eyni ruhi vəziyyəti yaşamalıydı. Terexova həmin səhnədə əri ilə sonrakı münasibətlərinin necə olacağını bilsəydi, çox güman ki, rolu başqa cür ifa etmək istəyəcəkdi. O, ssenarini filmin sonuna qədər görməyəcəyini anlayanda çox təəccüblənsə də, mənə inanaraq filmin sonuna qədər ssenarinin nədən bəhs etdiyini tam olaraq bilmədi. O, ancaq ona izah edilən bölümləri ifa edirdi. Çəkilişlər bitdikdən sonra mozaik şəkildə olan kadrları birləşdirəndə həqiqətən də Terexovanın öz rolunu intuitiv ifa etdiyini gördüm.
Anatoliy Solonitsın də gözəl aktyor idi. Çox heyif ki, həyatını erkən itirdi. Onun yoxluğunu indi o qədər dərindən hiss edirəm ki… Ümumilikdə isə “Ayna” filmində iştirak edən aktyorlar rejissorlarına uşaq inamı ilə sarıldılar. Və bu inam məni ilhamlandırdı.
Rejissorun iradəsinə zidd olan hər şey elə rejissorun çiyinlərinə yüklənir. Rejissor aktyorunu bəlli vəziyyətə salmazdan əvvəl həmin vəziyyəti öz daxilində hiss etməli, yaşamağı bacarmalıdır. Doğru istiqaməti ancaq bu üsulla tapmaq olar.
Tərcümə: Samirə Əşrəf