Fransız rəssamı, fovizm cərəyanının lideri Anri Matiss (1869-1954) emosiyaları rəng və forma vasitəsilə təsvir etməsi ilə məşhurdur. Yaradıcılığı çoxtərəfli olan Matisi sənətşünaslar dahi kolorist adlandırırlar. O, dünyanı əsasən kontrastlı, amma ahəngdar, günəş işığı ilə bol olan təmiz rəng ləkələri ilə açır.

Anri Matiss
Hüquq təhsili alan Matiss bir müddət ixtisası üzrə işləyib. 1889-cu ildə o, appendisit əməliyyatından sonra iki ay xəstəxanda yatır. Anası onun vaxtını keçirməsi üçün rəsm ləvazimatı alır. Matiss əvvəlcə rəngli açıqcaların üzünü köçürür. Bu, onu elə cəlb edir ki, atasının müqavimətinə baxmayaraq,rəssamlıq məktəbinə yazılır. Sonralar Parisdə Jülian Akademiyasına daxil olur.
Luvr muzeyində qədim fransız və holland ustalarının əsərlərinin surətini köçürən Matisə xüsusən, fransız rəssamları Jan Batist Simeon Şardenin, Kamil Koronun və yapon ənənəvi təsvir sənətinin təsiri böyük olur. Bioqrafı Lourens Qouinqin sözlərinə görə Matissin hər tablosu yeni manerada çəkilib.

“The Bottle of Schiedam” (1896)
Avstraliyalı rəssam, impressionist Con Piter Rassellə tanışlıq onu impressionizmin təsiri altına salır. Matiss ona rənglərin nəzəriyyəsini izah edən Rasseli sonradan müəlllimi adlandırır. Bu səbəbdən Matisin 1890-1902-ci illləri əhatə eləyən tablolarında impressionizm ruhu və yolunu axtarmaq cəhdləri sezilir: “The Bottle of Schiedam” (1896), “The Dessert Table” (1897), “Fruit and Coffeepot” (1898). Əvvəlki əsərlərində o tünd palitra tətbiq edirdi. Matiss hesab edirdi ki, onun palitrası məhz impressionistlərin təsiri ilə durulaşıb.
1901—1904-cü illərdə də rəssam axtarışlarını davam etdirir. Bu dönəmdə o, başqa rəssamların yaradıcılığını arşadırır, xüsusən, postimpressionistlər Pol Sezanın rənglərlə işi, kompozisiya və formaları, Van Qoqun faktura, rəng və ekspressiyası onun formalaşmasında rol oynayır.
“Red Studio” (1911)
Daha sonra Matiss Jorj Pyer Syöra və Pol Sinyakın təsiri altında divizionizm metodu ilə əsərlər çəkir. “Luxury, Calm and Pleasure” (1904) əsərinin adı Bodlerin şeirindən bir misraya istinad edir. Dinamik və parlaq əsər fovizmin istinad nöqtəsi sayılır və o yeni konseptual əhəmiyyətə malik neoimpressionizm stilinin təkamülünü əks etdirir. Divizionizm texnikasından istifadə edilən rəngli nöqtələr kətanda ayrılıqda verilsə də, elə təəssürat yaranır ki, sanki onlar bir-brinə qarışıb.

“Luxury, Calm and Pleasure” (1904)
Sonrdan Matiss bu stili tənqid edirdi: “Rənglərin ayrılıqda verilməsi forma və xətlərin pozulmasına gətirib çıxarır”.
1905-ci ildə Matiss həmkarı Andre Derenlə tarixə fovizm adı ilə düşən yeni cərəyanın əsasını qoydular. Fransızcadan “vəhşi” mənasını verən fovizm 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində yaranmış modernist cərəyandır. Amma cərəyanın klassik mərhələsi 1904-1908-ci illəri əhatə edir. Fovizmin sələfləri bədii metod və xronoloji uyğunluq baxımından postimpressionistlər sayılır. Postimpressionistlər də fovistlər kimi intensiv subyektiv rənglərə üstünlük verirdilər. İmpressionistlər isə yumşaq natural çalarlara. Fovizm üçün digər əhəmiyyətli fiqur isə Pol Sezann idi. Onun yaradıclığının əsas cəhəti odur ki, iri formatlı olmayan tablolar belə monumental xarakter daşıyırdı. Beləliklə Sezannın yaratdığı yeni normativdən fovistlər istfadə edirdi.

“Blue Nude” (1902)
Fransız rəssamı Qustav Moronu isə bəzən fovizmin ideoloji ilham mənbəyi sayırlar. Moronun təmiz rəngə önəm verməsi fovistlərə əhəmiyyətli təsir göstərdi.
Cərəyana fovizmin adının verilməsi isə 1905-ci ilə təsadüf edir. Həmin ildə Payız salonu təşkilatında Matiss də daxil olmaqla bir qrup rəssamın əsəri nümayiş olunurdu. Fransız tənqidçisi Lui Voksel bu əsələrdəki enerji və çılğınlığa görə onları “vəhşi heyvan” adlandırır.

“The Joy of Life” (1905)
Fovizmin əsas cəhətləri dinamika, spontanlıq, emosional gərginliyə cəhddir. Bundan başqa forma və məkanın ümumiləşdlirilməsi, işıq və kölgənin, xətti perspektivin prinsiplərinin pozulması, parlaq, təmiz, intensiv rəng və sərtlik, sadə formalar cərəyanın əsas özəllikləridir. İmpressionistlərdən fərqli olaraq, fovistlər biranlıq təəssürata qarşı çıxırdılar. Parlaq çalarlara maraq isə rəng ideyasına akademik münasibətlə bağlıdır, çünki akademizmdə rəng vacib bədii vasitə sayılırdı. Rəngin ifadə imkanlarından ekspressionistlər də yararlanıb. Ona görə bəzən fovizmə ekspressionizmin fransız versiyası kimi də baxılır. Matisin bu estetika ilə çəkilən əsərləri “Dance” (1910), “The Joy of Life” (1905), “Green Stripe” (1905) və başqalarıdır.

“Dance” (1910)
Onun 1930-40-cı illərdəki işlərində daha az ekzotika, daha çox qrafika fəndləri və çox assimetriya var: “Pink nude” (1935), “Still Life with Oysters” (1940).

“Still Life with Oysters” (1940)
Bu illərdə Matiss Ceyms Coysun “Uliss” romanına da illüstrasiyalar çəkir.
Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri eyni predmetləri müxtəlif cür çəkməsidir: xalça, qırmızı balıqlar, parça və heykəllər. Və Matiss obyektləri aydın strukturla təsvir eləmirdi.
Anri Matiss incəsənət haqda məşhur “Rəssamın qeydləri” kitabının müəllifidir.