Beynəlxalq sosialist hərəkatı liderlərindən olan Jean Jaurès deyirdi ki, inqilab proqresin barbar üsuludur.
“Winter on Fire”(“Atəşdəki qış”) sənədli filmi Ukrayna xalqının proqres naminə 2014-cü ildə etdiyi tarixi inqilabdan bəhs edir.
Barbar da olsa hər hansı proqres, inkişafa meyilli dəyişiklik zərurəti yaranıbsa, həmin inqilab çibanı mütləq partlamalıdır. Bugünə kimi dünya çoxsaylı inqilablara şahidlik edib. Həmin inqilablar – qanlar axıtmaqla, qurbanlar verməklə, zorakılıq önündə sipər olmaq hesabına reallaşıb. Təbii ki, mövcud məhdudlaşdırıcı, hədələyici rejimdən, atmosferdən xilas olmaq istəyirsənsə müqavimət göstərirsən. Çünki, o, sənə başqa çarə buraxmır. Müqavimətin sonu səni sıxma-boğma edən əlləri itələməklə, hətta yeri gəlsə o əlləri kəsib-yerindən qoparmaqla da nəticələnə bilər. Jauresin « barbar » dediyi şey də məhz budur. Azad olmaq və zorakılıqdan qurtulmaq üçün destruktivliyə əl atırsan. Bu təzadın əsas, həm də yeganə olan unikal təsiri fizikadakı kimi əks-təsirdən yaranır.
2015-ci ildə rejissor Yevgeni Afineyevski (Евгений Афинеевский) tərəfindən çəkilən sənədli filmin istehsalı Netflixə məxsusdur. Bu filmdən sonra ukraynalılara olan hörmət və sevgim daha da yüksəldi. Hadisələr baş verən dövrdə media vasitəsi ilə baş verənləri yaxından izləsəm də, Afinevskinin filmi bu tarixi məsələyə daha detallı və geniş icmal şəkilində baxma imkanı qazandırdı. Həm də ən əsası inqilabın necə effektiv olmağının səbəbini aydınlaşdırdım. Səbəbi bildirməmişdən öncə əhalinin niyə etiraz etmək qərarı barədə bir neçə kəlmə yazmaq istəyirəm. Əslində bu qərar məhz həmin effektivliyin lokomotivi sayılır.
Beləliklə, 2013-cü il noyabrın 21-dən Kiyevin mərkəzinə pərakəndə halda yığılan sadə insanlar ölkənin Avropa Birliyi ilə Vilnüsdə assosiativ üzvlük və azad ticarət zonası barədə müqavisinin imzalamamasına etiraz edirdilər.
Bəs bu necə baş verdi ?
Noyabrın 28-29-u tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə Gürcüstan, Moldova və Ukrayna assosiativ üzvlük haqqında müqaviləni imzalamağı planlaşdırsa da, sammitə bir həftə qalanda Ukraynanın Ali Radası müqavilənin imzalanması ilə bağlı proseduru dondurdu. Ölkənin baş naziri Nikolay Azarov bunun səbəbini Avropa Birliyinin Ukraynanın müqaviləni imzalayacağı təqdirdə Rusiya və postsovet ölkələri ilə ticarət münasibətlərində uğrayacağı iqtisadi itkiləri kompensasiya etməməklə və birliyin rəsmi Kiyevə ayıracağı kreditlərin çox ağır şərtlərlə verilməsi ilə bağladı.
Əslində Ukraynanın Avropa Birliyi ilə yaxınlaşmaqdan imtina etməsi iqtisadi deyil, siyasi səbəblərdən yaranmışdı. Burada əsas faktor – Rusiya idi.
Baş nazir Azarovun qərarından bir neçə saat sonra insanlar Kiyevin mərkəzindəki ”Mайдан” adlanan Müsətqillik meydanına toplaşmağa başladılar. İlk anlarda insanların sayı 200 nəfəri keçmirdi. Lakin onlar meydanda qalmaqda qətiyyətli idilər. Əsas tələb Vilnüs sammitində assosiativ müqavilənin imzalanması tələbi idi.
Və hər şey beləcə başladı…
”Winter on Fire” filmində hər şey olduqca gözəl şəkildə göstərilir. İzləyici həm məlumatlanır, həm də təsirli anlar yaşayır. Qeyd edim ki, filmdə çoxlu zorakılıq səhnələri var. Həm də bütün bunlar tamamilə real şeylərdir. Etirazçılar ilə Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi polis dəstəsi olan “Berkut” ilə toqquşma səhnələrini izləyərkən göz yaşlarımı saxlaya bilməmişdim. Hələ snayperçilərin əhalini güllələyib öldürməsini görmək lap dəhşətli idi.(Əsəbləri zəif olan filmə baxmasalar yaxşı olar)
« İnqilab əvvəlcə beyinlərdə yaranır » sitatı elə-belədən yaranmayıb. Ukraynalılar düşünüb qərar vermişdilər ki, biz Avropa dəyərlərinə sahib olmaq, Avropanın bir parçası olmaq istəyirik. Manifestçilər Maydanda toplaşanda da oradakı fəallardan biri öz çıxışında belə bildirmişdi : “Biz Avropanın ən vacib dəyərləri hesab olunan ləyaqət və azadlığa sahib olmaq istəyirik.”
Təbii ki, bu bir gündə, bir ayda, hətta bir ildə verilən qərar deyildi. İllərdir bu proses gedirdi. Nəticədə əhalinin fəal kəsimi, əsas da cavanlar kölə olmaqdan, rəsmi Kremlin vassalı kimi yaşamaqdan vaz keçdilər. Öz şücaətləri ilə əhalinin digər kəsiminin də oyanmasına, prosesə qoşulmasına vasitəçi oldular.
Bu o qədər vacib və incə məqamdır ki, mütləq yazmalıyam: Qarlı qış günü meydandan çəkilməyən xalqın əsas istəyi Prezident Yanukoviçi devirmək yox, məhz Avropaya inteqrasiya olmaq idi (açıqlamaq istədiyim ”səbəb” bu idi).
Bu gün Belarusiyadakı hadisələrə baxanda nə yazıq ki, Ukraynadakı müsbət dəyişikliyin onlar üçün də qısa zamanda reallaşacağına inana bilmirəm (29 sentyabr, 2020-ci il qeydləri).
Ona görə ki, Ukraynadan fərqli olaraq belarusların əsas tələbləri Prezident Lukaşenkonun istefasıdır. Başa düşüləsidir, adamlar bezib – Lukaşenko 1994-cü ildən bu yana 26 ildir eyni postda yer tutub. Sadəcə əsas tələb fiqurun postdan salınması yox, məhz sistemin islah olunması, proqressivlik yolunu seçməsi olduğu halda effektiv nəticə verə bilər. İslahat və irəliləmə yolu isə hazırki vəziyyətdə Avropanın dəyərlərinə sahib olmaq ehtirası ilə alovlana bilər. O alov ki, qış vaxtı soyuq Kiyev küçələrinə 2013-cü ilin axırı isti coşqu gətirdi. Meydandakıların qanları çeşmə kimi coşmuşdu və ehtizaza gəlmiş halda azadlığa qovuşmaq istəyi ilə alışıb-yanırdı.
”Atəşdəki qış” sənədli filmi sizə həm dramatik, həm də ümid dolu dəqiqələr yaşadacaq. Orada hadisələrin ümumi xronoloji ardıcıllığı, operator işi və ən əsası inqilabın iştirakçılarının həm proses vaxtı, həm də inqilabdan sonrakı çıxışları filmə İlahi bir işıq qatır. Sən Yaradanın qüvvəsinin nişanələrini Maydanla birgə, azad olmaq istəyən inqilabçıların məğrur baxışlarında da görə bilirsən.
Bu dərin sənədli filmə baxanlar cəsarət, yüksək entuziazm, mübarizə ruhu ilə birgə qorxaqlıq, qəddarlıq, sərhəd tanımaz vicdansızlıq və zülmün çalarlarını da görə biləcəklər.