Cümə günü günortadan sonra sulu qar yağdı və biz, ucu-bucağı görünməyən izdiham, üzərinə qıpqırmızı parça atılmış köhnə palıd tabutu çiynimizdə yırğalaya-yırğalaya, yorulmamaqdan ötrü tez-tez əl dəyişə-dəyişə yolboyu səpələnən qərənfilləri tapdaya-tapdaya kəndin ən sakit hissəsinə –qəbiristanlığa çatdıq. Susqun, islaq izdiham, yuvasına tələsən qarışqaya xas mətin addımlarla hissə-hissə qəbiristanlığın açıq darvazasından içəri doluşmağa başladı.
Talvarın altında, ən başda, uzun boylu, ağ əmmaməli, qəhvəyi əbalı, şeyx İbrahimxəlil dayanmışdı, o, ovuclarını havaya açıb “fatihə” verdi. Mızıldanan tünlüyün içindən qulaqları sınıb büzüşmüş, eynəkli bir adam çıxdı, şeyxə yaxınlaşdı. Onu tanımadım. O, şeyxə palçığı göstərib: “Brat, necə olacaq?” –soruşdu. İbrahimxəlil qaşqabağını sallasa da, ona cavab vermədi. Əlindəki kitabı öpüb, hündürdən danışdı:
–Əzizlərim, palçıqdan ehtiyatlı olun.
Qəbiri ərazinin çökək hissəsində qazmışdılar. Uzaqdan darçın rəngli vahiməli çuxurun yan-yörəsini görəndə anladım ki, işlər çətindi, ora qədər gedib çıxmaq hünər tələb edir. Sanki bataqlığı iyirmi metrdən hiss edirsən, ancaq şüursuz olaraq təhlükəyə tərəf addımlayırsan. Lakin, kəndin cavanları heç nədən çəkinmədən qəbirə tərəf şığıdılar, çiyinlərində də “böyük qardaş”ları.
Orada nəsə iş getdiyini, qazıntının tam yekunlaşmadığını qəbirqazan Məstəli kişi qırmızı fəhlə əlcəkli əllərini qəbirdən dışarıya kömək məqsədilə uzadanda anladım. Kənddə səxavətli adam kimi tanınan hacı Qara, əl verib qəbirqazanı çuxurdan dartıb çıxartdı. Məstəli kişi, əlcəklərini əlindən sıyırdı, əllərini dirsəyə kimi gümüşü vedrəyə saldı, dəstəmaz alırmış kimi suyu dirsəklərindən əllərinə axıtdı.
Kiminsə cibindən azan səsi eşidildi. Azan səsinin melanxolik müşayiətilə, ehtiyatla, naməlum qəbirlərin üzərindən adlaya-adlaya cənazəyə çatdım.
Dəfnə gələnlər arasında tanınan müğənnilər də vardı, yağlı saçlarını arxaya darayan, kriminal aləmdə nüfuz sahibi avtoritetlər də, sıravi kənd sakinləri də. Bir neçə adam yağışa məhəl qoymadan qəbirlərin üzərinə çıxıb telefonla camaatı çəkirdi. Ölənin yaxınlarından təkcə dayısı oğlu Salahı tanıdım. Nigaran baxışlarını tabuta dikmişdi.
Qəbirin ətrafında hay-küy düşdü. Eynəkli oğlan, üzünü şeyx İbrahimxəlilə tutub ötkəm səslə soruşdu:
–Brat, yerdən su çıxır, qəbri niyə belə qazıblar? –İbrahimxəlil bayaqkı kimi susdu, Məstəli kişi isə, səsi sözə çevirə bilməkdə çətinlik çəkən kar adamlar sayaq qaşlarını düyünləyib əvvəlcə soruşana diqqətlə baxdı, sonra çımxırdı:
–Ə, mən nağayrım? Allahın suyudu çıxır da. Mən nağayrım? Səkkiz saatdı gorda eşələnirəm.–Beli yerdən götürdü.
–Ağsaqqal! Sənə demədim suyu sən çıxarırsan, deyirəm ki, təcili bir şey fikirləş.
–Səhərdən Salaha deyirəm, deyirəm ki, saman lazım olacaq. – Qəbirqazan beli sol əlindən sağ əlinə ötürdü, elə bildim, indi oğlanı əlindəki ilə vuracaq. Çeçenistandan göndərilən iri, ulduz formalı qırmızı çələngin qarşısında dayanan adam (üzünü qırxmışdı, sarı yun pencək, qara parça şalvar geymişdi, başında sarı velvet kepka, əlində qızılı rəngdə çəlik vardı) başını dik tutdu, soyuq baxışı çarpaz yağan sulu qarı dəlib qəbirqazana zilləndi.
–Saman maşının baqajındadı.– Salah yumşaq səslə dilləndi, ona tərəf heysiz baxdım, simasında qəribə, vaginal mütilik vardı.
Təkəri palçıqda eşənək ata-ata əl arabasında saman gətirdilər. Eynəkli oğlan, qara paltosunu çıxarıb tut ağacının budağına asdı, sonra qara köynəyinin qollarını çırmaladı, qara şalvarının balaqlarını qatladı, qara ayaqqabılarının dabanında lasa palçaq vardı, onu da hansısa qəbirin aqlayına silib atdı, qara corablarını da çıxarıb qara ayaqqabılarının içinə keçirtdi, ayaqlarını aralayıb qəbirə sarı əyildi. Şeyxin göstərişi ilə saman topalarını hissə-hissə çuxura atdı, sonra isə ayaqyalın qəbirin içinə düşdü.
Şəfiqin çəkisi elə də ağır olmadığından qəbirdə bir nəfər meyidi qarşılamağa bəs edirdi.
Tabutu üç dəfə götürüb qoydular, götürüb qoydular, götürüb qoydular, yavaş-yavaş yuvasına çatdırdılar. Meyiti təkanla tabutdan çıxaranda ayağım sürüşdü, (paltom ağırlaşmışdı ) o an kəfənin qabarıqlığına gözüm sataşdı. Səndələyə-səndələyə hardansa yadıma düşdü ki, “qozbel” ləqəbli kriminal avtoritetin kürəyində kifozu vardı, qabarıqlıq bundandı. Salah qolumdan yapışıb yıxılmağa qoymadı. İki nəfər meyiti baş tərəfindən qəbirə tərəf salladılar. Yaxınlıqda at kişnədi. Telefonuma zəng gəldi, cavab verdim.
–Salam, Şəfiq bəy!– Sevincli bir qız səsi.
–Salam! Buyurun !
–Şəfiq bəy, “Urr-aa” supermarketində açdırdığınız bonus kartı ilə artıq siz istifadə etdiyiniz mobil operator danışıq və internet paket tariflərini rahatlıqla ödəyə bilərsiniz. Bunun üçün siz, **** boş sms göndərərək xidmətə qoşula bilərsiniz. Şəfiq bəy, xidmətə qoşulmağa razısınızmı?– Qız soruşdu, at kişnədi. Qəbirin içindən: “Brat, buraxın gəlsin”– nidası eşidildi. Və mən iki çəlimsiz adamın əlindən sürüşüb qəbirin içindəki sulu samanın üstünə düşən meyitin çıxartdığı şappıltı səsini eşidib diksindim. Günahkar çəlimsizlərdən biri: “Eybi yoxdu, brat, aydınnığıdı, aydınnığdı, su aydınnığıdı”– dedi.
Şeyx İbrahimxəlil, özünü itirmədən, təmkinlə, qəbirdəki diriyə tapşırdı ki, belə-belə etsin, sonra isə meyitin çiynindən tutub onu möhkəm silkələyə-silkəyə qulağına bu sözləri desin. Ardınca şeyx hündürdən təlqinə başladı.
–Şəfiq bəy, məni eşidirsiz? Xidmətə qoşulmağa razısınızmı?– Qız səsinin tonunu dəyişdi. Şeyxin avazına kişnərti qarışdı. Şeyx oxudu, at kişnədi, qız dinlədi. Şeyx oxudu, at kişnədi, qız güldü. Şeyx oxudu, at kişnədi, qız şaqqanaq çəkdi. Telefonu söndürdüm.
–Mənə bax, dərdiş – Salah dirsəyi ilə böyrümü dürtmələdi – Deyirəm, yaxşı adam yoxdu, hərə bir cür pisdi. Elə dör bəlkəm? Hə? Dərdiş, qulaq as, deyirəm bəlkəm bibioğlunun düşmənlərinin ürəyi soyumaz, gəlib qəbiri isti-isti açarlar, onun burnunu, qulağını, barmağını kəsib apararlar. Mənə bax, dərdiş, yaman qorxuram. Gərək meyit çürüyənə kimi bura keşikçi qoyaq.
Meyitin üstünə torpaq ata-ata xorla: “İnna lillahi və inna iləyhi raciun” – söylədilər. Qəbiri dörd bucaq şəklinə gətirdilər, taxta parçasını başına sancdılar, torpağına su səpdilər, qərənfil düzdülər. Şəkilini bilmədilər hara qoysunlar.
İzdihamın içindən cılız bir adam çıxıb qəbirə yaxınlaşdı. O, çiyinlərini yığıb boynunu bükmüşdü. Əlindəki səmənini qəbirin üzərinə qoydu, əlləri ilə dizlərini tutub torpağa çökdü. Qəfil hönkürtü vurdu. İç çəkə-çəkə zarıdı. Başqa şəhərlərdən gələn qonaqların hamısı tamaşaya durmuşdu. İki nəfər gəlib ağlayanı yerdən qaldırdılar. Adam uşaq kimi ağlaya-ağlaya sinəsini qabağa verdi, qollarını oynatdı, büküldü, məngənədən qurtulmağa çalışdı, lapdan dişlərini bir-birinə sıxıb qığıldadı. Onu o dəqiqə tanıdım…
Şəfiqin uşaqlıq dostu Şəfiq idi. Çoban Şəfiq.
Axı Şəfiq ölmüşdü…
Axı Şəfiqi Şəfiq öldürümüşdü…
***
İyirmi iki il əvvəl, o şaxtalı günü yaxşı xatırlayıram. Həmin gün bütün kəndə hay düşdü. Ki, Şəfiqin bacısını dostu Şəfiq qaçırıb. Şəfiq Şəfiqi bacısı ilə birlikdə dayısıgildə tapdı. Şəfiq Şəfiqi bağışlamdı. Şəfiq Şəfiqi asmalı körpünün altından axan çayın sahilinə apardı. Şəfiq Şəfiqi möhkəm döyüb, soyuqdan keyimiş adsız barmaqlarını kəsdi, sonra isə bütün kəndə ibrət dərsi verirmiş kimi dostunu asmalı körpüdən asdı…
***
şəfiqin polis polkovniki idi atası qarabağda güllələmişdi onu ermənilər türməyə düşəndən sonra şəfiqin tək qaldı anası ilə bacısı yiyə durmadı onlara qohum-əqraba bacısı sübh tezdən şər qarışana kimi atının qarşısında oturarmış bir vaxtdan sonra qəbiristanlığın yaxınlığında yaşayan iranlı xəndan kişinin hərəkətlərinə heyvanın verərmiş fikir sonra isə sonra isə qız at kimi fınxırıb kişnəyə-kişnəyə qaçarmış evlərinə doğru şəfəq qaralanda gülə-gülə qoşularmış uşaqlar da ona ayaqlarının arasına at əvəzi gəndalaş ağacının iyli uzun budağını alıb sonra isə sonra isə asmalı körpünün altında od vurub yandırdı özünü qız bir gün
***
Pəncərəsi bağa baxan rütubətli bir otaq. Otağın küncündə qarderob. Qarderobun üstündə qatlanıb yığılmış yorğan-döşək, böyründə asılqan. Asılqandan bir neçə palto, papaq, şərf asılıb. Yanaşı montaj edilmiş kişi ilə qadının çərçivəli şəkli divara vurulub. Otaqda iki nəfərik. O və mən. Stol arxasında üzbəüz oturmuşuq. Stolun üstündə təndir çörəyi, qabda yarpaq dolması, doğranmış xiyar, vəzəri, motal pendiri (pendirin üzərində nanə yarpağı), qatıq xırda kasalarda, çəngəl, yarım butulka araq, yamyaşıl səməni var. Qonşu otaqdan nağara səsi gəlir. Yeyirik, içirik. O danışmağa başlayanda mən asqırdım.
–A qızım, səbr gəldi, bir az gözlə sonra çıxarsan.
–.mərəyəlzög ışxaY
–Başında qalıb, nə edim? Min dəfə demişəm ki, sözləri tərsinə demə. İnanırsan, bizi də öyrəşdirib. Evin içində tərsinə danışırıq. (Gülümsəyir) Şeyx İbrahimxəlilin arvadının– Şəhrəbanunun yanına Quran dərsinə gedir. Qoy, öyrənsin.
–Nağara səsi səni yormur? Oğlumdu. İstəyirsən deyim səsini kəssin. Yox? Yaxşı. Özün necəsən, e? Evdə-eşikdə? Haçandı səni görmürəm. İlim-ilim itmisən. Axtarıb eləmirsən. Hərdən bayramda zəng vurardın. İndi onu da yığışdırmısan. Yaxşılıqdı? Şükür. Götür bunu vuraq. (Stula yaslanır) Deyirəm, heyf o cür oğuldan. Heç bilirsən, necə öldürüblər? Dəqiq bilmirsən? Hə-ə. Silahsız olub, qardaş, silahsız olub. (Qırmızı jaketinin cibindən telefon çıxarır) Gözlə bir dəqiqə. Aha tapdım. Hadisəni görəni danışdırıblar. Bax.
Qonşu otaqda barmaqlar dərinin üzərində gəzişir. 11/8 ritm .
“O, mağazaya girdi, bizimlə salamlaşdı, dedi ki, kommunual ödənişlərini edəcək. Yanımızda özbək qızı var, Laziza. Lazizayla zarafatlaşdı, söz verdi ki ona Çili şampanı bir də fil dişindən qayrılan boyunbağı alacaq. Gülüşdük. Kassada mən idim. Laziza vitrinlərə baxırdı, Sergey bayırda siqaret çəkirdi. Məhəllədən iki yaşlı qadın gəldi. Soğan soruşdular, onlara yerini göstərdim. Sonra qarşı binada yaşayan bir oğlan ( tehranlı idi, tanıyırdım, dilimizdə mükəmməl danışırdı, transseksual idi) içəri girdi, birbaşa terminala yaxınlaşdı. Şəfiq qardaşımız aparatın qarşısında durmuşdu. Qəfil inilti eşitdim, sonra bağırtı, daha sonra cingilti. Bıçaq döşəməyə düşmüşdü. Dəhşət idi… Qardaşımızın gözləri bərələ qalmışdı, o qarşısındakı adama qəzəblə baxırdı. İranlı qaçıb çıxdı marketdən. Əsəbdən əlim-ayağım əsirdi. Qardaşımızın ölümünü transa tapşırmışdılar?Bu… bu sadəcə dəhşət idi… İnanıram ki, onu sındırmaq, cəmiyyətdəki nüfuzunu gözdən, hörmətdən salmaq üçün belə bir iş tutmuşdular. Laziza necə çığırdısa babuşkalar qışqıra-qışqıra marektdən çıxdılar. Qardaşımız ağ uzanqol köynək geymişdi. Onun sol qolunun altından qan axıb qarın hissəsinə yayılmışdı, tamam qan içində idi. Ona heç birimiz yaxınlaşıb kömək etmədik. O, qolunun altını tutub ağır-ağır qapıya tərəf getdi, marketdən çıxdı, bir-iki addım atıb qara yıxıldı…”
–Deyirəm, bəlkə də onu Şəfiqin adsız barmaqlarının ahı tutdu. (Qaşqabağını tökür, telefonun videosunu söndürür, butulkanın qapağını açır, stəkanları doldurur, qapağı bağlayır) Ancaq əksini də fikirləşirəm. Şəfiq də elə-belə oğul deyildi. Özün də yaxşı bilirsən. O baş, bu baş bütün kəndi asfaltladı. Xeyriyyəçilər kimi nə qədər evləri təmir, neçə-neçə uşağı sünnət elətdirdi. Tələbələrin təhsil haqqını ödədi. Hamı onun xətrini çox istəyirdi, hamı. İbrahimxəlilin oğlu kənddən pomidor vurmuşdu Xarkova. Orda ruslar ilişmişdi. İbrahimxəlil Şəfiqlə kontakta keçdi. Bir zəngə həll elədi, a kişi. Görürsən ki. Bu da axırı… Vallah, bu kinli farslar var ha. Aman, aman, aman. Bə nə? Farslar təşkil edib. Hə, taciklər… (Qaşqabağını tökür, sümüklü əllərini bir-birinin üstünə qoyur) Deyirlər, guya Şəfiq Moskvada taciklərin tikinti işlərini monopoliya edən şefin barmaqlarını kəsib. Yəqin nəsə səhvi olub da, qardaş. Adamın boş yerə barmaqlarını kəsməzlər ki. Bu şefin də şefi, havadarı varmış. O da əvəz çıxıb. Əslinə qalsa məncə bizim dərk eləmədiyimiz başqa məsələlər də var. Hər nə isə, heyf oldu, getdi… Götür bunu vuraq. (Sakit-sakit bir-birimizin üzünə baxırıq)
–Bura bax, düzünü de, səkkiz il var, kəndə gəlmirsən? Hə? Deyirəm də. Yeddi il yarım. Yeddi il yarım e, a kişi. Azdı bəyəm? Çoxdu, çox. (Pəncərəyə baxır. Sol əlinin adsız barmağından üzüyü laxladıb çıxarır, yenə taxır). Ancaq toydan-toya, yasdan-yasa gəlirsən. Bütün əlaqələri kəsmisən. Səbəb? Şəhər burdan yaxşıdı ki? Məncə yox. Şəhərdə adam qalıb ki? Hamsı mutantlardı. (Gülümsəyir)
Qonşu otaqda “Lal zərbə”. Çırtma. Adsız barmaq dəyir dəriyə, orta barmaqda səs daha gur çıxır.
–Deyim səsini kəssin? Yox? Yaxşı. Deyəsən, axırıncı dəfə bizə anam öləndə gəlmişdin, hə? Hə-hə… Yadıma düşdü…(Qaşqabağını tökür, butulkanın qapağını açır, stəkanları doldurur, qapağı bağlayır) Yazıq arvad dərddən getdi, dərddən. A kişi, cavan qardaşı öldü, qızı ərindən ayrıldı, oğlu türməyə düşdü, ərini maşın vurdu. Daha nə olmalı idi ki? Hər səhər dan yeri ağarmamış namaza durub Allaha qarğış edirdi. Ki, onu niyə belə cəzalandırır? İndi-indi anlayıram, anlayıram ki, onu yatmağa qoymayan beynindəki, qəlbindəki dəhşətli hadisələrin xatirəsi idi. Götür bunu vuraq, qardaş… (Səmənini əli ilə sığallayır)
–Söz yerini çəkər. Bu il Novruz “məhərrəm” ayına düşdü. Düzdü, “aşura” çıxıb, ancaq yenə də adətə görə bayram etmiyəcik. Baxma belə araq içməyimə. İnanıram, vallah. Vallah, inanıram. İnanıram. Vallah. Allahın peyğəmbərinə də imamına da. (Stulda dikəldi) Qardaş, deyəsən, bunu sənə danışmışam. Mən uşaq olanda eləki evdə işimiz tərs gedərdi, anam o dəqiqə boyun alırdı ki, işlərimiz qaydasına düşsün, aşurada evin kiçiyini yəni məni aparıb imam yolunda başımı yardıracaq. (Gülür) Avamlıq? Cahillik? Nə ad qoyursan, qoy. Qardaşım, vallah, şəkkakə lənət. Elə ki başımı yarırdılar, işlərimiz də başlayırdı sahmana düşməyə. (Gülümsəyir. Səmənini əli ilə sığallayır) Bilirsən, qardaş, anam, hər il bayramın səhəri bu rayondan durub gedərdi o biri rayona ki, anasının, cavan ölən qardaşının qəbrinin üstündə yasin oxutsun, şam yandırsın, səməni qoysun. Özü də otuz ildi düz-əməlli yeriyə bilmirdi, çəliklə, axsaya-axsaya. Maraqlısı bilirsən nə idi, qardaş? Axırıncı ili bayramda gedə bilmədi, təzyiqi qalxmışdı. Həmin gün nə dindi, nə danışdı, elə yatağında fikirli uzandı. Axırda ürəyi dözmədi. Gözlərindən yaş axıda-axıda, səsi titrəyə-titrəyə bilirsən nə pıçıldadı, qardaş? Dedi, indi kim gedəcək qəbr üstünə, onların məndən savayı kimi qalıb? Mən getməsəm… ki-ki-kim gedəcək? (Hönkürdü)
–Bağışla məni! Yadıma düşəndə qəhər məni boğur, halım pisləşir. (Pəncərəyə baxır) Ay qardaş, hara gedirsən? Oturmusan da. Qapımızı səkkiz ildə bir dəfə açırsan. O da belə. Belə də iş olar? Allah saxlasın səni. Day nə deyim. Özün bilən məsləhətdi. İndi zəng vuraram taksi gələr. Möhkəm yağır, piyada kəndin ağzına çıxa bilməzsən. lo ilrbəS (Güldü)
***
–Üzü-ü görəy, ay qohum. Şəhərə çıxısan?
–Dəfnə gəlmişdün?
–Qohum-əqrabaya baş çəkdün?
–Xəbərün var, axşama qar deyib?
Sulu qarın altında paltomun düymələrini aça-aça dörd mühim suala “hə” deyəndən sonra qırmızı “Espero”nun arxa qapısını açdım, maşına oturub narahat oturacağa yayxandım. Sonra sürücünün ənsəsinə, sonra boynuna yayılmış çəhrayı rəngli iri-iri sızanaqlara, sonra soyuqdan tünd yasəməni rəngini almış qulaq məməsinə təmkinlə baxdım, o an lap uzaqlardan diş siniri kimi incə bir fikir gəlib beynimi qıdıqladı və istədim ki, boynu ilə əsəblərimi korlayan bu adamın boğazına sürücü kəmərini dolayıb onu boğum, ancaq o dəqiqə də fikirdən daşındım.
Maşın yoxuşu qalxdıqca qluşiteli aram-aram öskürürdü. Yol qırağına atılmış üzərinə KVAS yazılan sapsarı dəmir çəlləyin yanından burulub baş yola çıxdıq. Köhnə kənd taksisinin çat vermiş pəncərəsinin buxarını silib növbə ilə bir-birini əvəzləyən kartof sahələrinə, şpalerlərə bərkidilən üzüm tənəklərinə, kip örtülmüş çiyələk parniklərinə, keşikçi komalarına baxa-baxa şüşəsini saldım, soyuq külək quşların oxuduğu rübailəri maşına doldurdu. Əlimi maşından çıxarıb bir addımlıqdakı yazı, baharı ovcuma yığmaq istədim…
– Qohum, o düzdi ki, Çinnən virus yayılır? O düzdi ki, şəhərdə hər yeri dezinfeksiya eliyirlər?
04.02.2020.– 01.04.2020.