İtalyan rəssamı, İntibah dövrününü əhəmiyyətli ustalarından biri Sandro Bottiçelli ( 1445 – 1510) Florensiya rəssamlıq məktəbinin nümayəndəsidir.
Bottiçelli rəssamlığı erkən italyan intibahının ustalarından biri Filippo Lippidən öyrənib, freska təsvirinin texnikasını, ornamental detalları və incə koloriti mənimsəyib. Sonra heykəltəraş və rəssam Andrea Verrokyonun Florensiaydakı emalatxanasına daxil olaraq burda, gənc Leonardo da Vinçi ilə dostlaşır.
Onun yaradıcılığının çiçəklənməsi Mediçi ailəsinin hakimiyyəti dövründə baş verdi. Bu həmin dövr idi ki, intibah mədəniyyəti çiçəklənmişdi. Antik sivilizasiyaya heyran olan rəssam intibah dövründə bu süjetləri yenidən mənalandıraraq poetik rəsmlər çəkirdi: “Primavera” (1470-ci illərin sonu və 1480-ci illərin əvvəli ), “The Birth of Venus” ( 1484-86). Bottiçellinin şöhrəti Florensiyadan kənara çıxır və o, Roma Papasının dəvəti ilə Vatikanın Sikst kapellasının yaradılmasında iştirak edir: “Temptations of Christ”, “Youth of Moses” freskaları ona aiddir.

“Primavera” Sandro Bottiçelli
Azadlıq axtarışında olan rəssam ənənəvi dini süjetlərə müraciət etmir, o, ilham mənbəyini sevginin və həyatın qaynadığı yerlərdə axtarırdı. Rəssam həyat müşahidələrini antik süjetlərdən və yeni poeziyadan aldığı təəssüratlarla birləşdirirdi.
Sonrakı illərdə onun üslubunun dəyişməsinə Florensiyadakı dərin sosial sarsıntı səbəb oldu. Keşiş və reformator Cirolamo Savonarola dövründə Bottiçellinin içində uzunmüddət dünyəvi, intibah mədəniyyətinin dəyərləri ilə asketimzə və tövbəyə çağırış arasında mübarizə gedirdi.
Bütün Florensiyada Savonarolanın ardıcılları kitabları, cah-cəlal predmeti sayılan zinət əşyalarını, xüsusən, heykəlləri, tabloları yandırırdılar. Savonarolanın barbar ideyalarına fanatikcə heyran duyan rəssam özünün də bir neçə əsərini məhv edir. Savonarola hesab edirdi ki, rəssam tanrı naminə çalışmalıdır. Bottiçellinin öncəki mövzulardan imtinası və dinə sığınması belə bir dəyişiklik dövründə baş vermişdi. Həmin dövrdə onun üslubuna asketizm daxil olur, rəng qamması təmkinli və tünd tonlarıyla seçilir. Hərçənd, rəssam bu dövrdə də xeyli əhəmiyyətli, dramatik əsərlər yaradıb. Onun sonrakı işlərinə güclü dramatizm, emosionallıq, kompozisiyanın xətti ritminin dəyişməsi xasdır.
Rəssamın yeni yanaşması “Lamentation over the Dead Christ” (1490) “Portrait of Dante” (1495) tablolarında duyulur, burda peyzaj və interyer fonları yoxdur. Onun yaradıcılığında tragizm və sarsıntı xasdır, əsərləri ikiölçülü manerada həll olunur, fiqurlar qotikaya xas zərifliklə vurğulanır. Parlaq koloritlə zəngin rəsmlərdə vücud rənginin verilməsində istifadə olunan energetik sarımtıl-qəhvəyi kölgələr rəssamın təkrarolunmaz üslubunu ifadə edir.

“Lamentation over the Dead Christ”. Sandro Bottiçelli
***
“Primavera” əsərində antik mif qəhrəmanları sehrli bir bağda rəqs edirlər. Burda bütün fəsillər haqda təsəvvürlər qarışıb və zamanın dayandığı bu təsvirdə rəssam sanki bir anda sevgini, harmoniyanın poeziyasını əbdiləşdirib. Gözəllik və məhəbbət ilahəsi Venera bəzənmiş gənc qız kimi çəkilib. Veneranın başı üzərində, gözləri sarğı ilə bağlanan sevgi tanrısı Amur bəxtəbəxt eşq oxunu atmağa hazırlaşır. Veneradan sağda üç qrasiya rəqs edir. Qrasiyaların yanında isə elçi tanrısı Merkuri dayanıb. Meşənin dərinliyindən görünən külək tanrısı Zefir gənc nimfa Xloyanı təqib edir. Çiçək və bahar ilahəsi Flora sanki birbaşa tamaşaçıya doğru gəlir.
Gözəllik və məhəbbətin hakim olduğu, baharın gəlişinə alleqoriya olan əsərin Mediçi villası üçün çəkildiyi güman olunur. Çünki Venera bağın tam mərkəzində, Mediçi ailəsinin simvolu olan portağal ağacının qarşısında durub.
Bottiçelliyə şöhrət gətirən “Adoration of the Magi” (1475) əsərində məşhur İncil süjeti əks olunub: yeni doğulmuş İsanın və anası Məryəmin hüzuruna təzim üçün şərqdən üç sehrbaz gəlib. Sehrbazlardan birinin obrazında rəssam öz müasirlərini, Mediçi ailəsini, ön planın sol hissəsində isə özünü çəkib.

“Adoration of the Magi”. Sandro Bottiçelli
“Calumny of Apelles” (1494-95) alleqorik əsərdir, insanın çoxsaylı qüsurlarını simvolizə edir. Əsas qəhrəman gözəl, məsum üzlü qız obrazında olan Böhtandır, o, ittiham olunan kişini məhkəməyə gətirib. Onun saçlarını iki qız Yalan və Məkr hörür. Böhtandan irəlidə əlində məşəl tutan isə Həsəddir. Taxtda oturan hökmdarın qulaqlarına Şübhə və Cəhalət nəsə pıçıldayır. Sağda dayanan Tövbə qara geyinmiş qarı obrazındadır. Çılpaq Həqiqət isə səmaya doğru baxır.

“Calumny of Apelles”. Sandro Bottiçelli
“Venus and Mars” (1483) əsərini güman ki, Florensiyanın məşhur ailələrindən biri Vespuççilər sifariş verib. Tabloda Veneranın müharibə allahı Marsı sevgiylə yatırtdığı təsvir olunub. 1960-cı illərin Amerikanın Vyetnamda müharibəsi zamanı səslənən məşhur “savaşma seviş” şüarı mənbəyini burdan götürüb. Əsər müharibə üzərində sevginin qələbəsini təsvir edir.

“Venus and Mars”. Sandro Bottiçelli