Dostları ilə mübariz sahibkar Mirismayılın kafesində araq içib, elə ordaca “bəy havası“nı oynadıqdan sonra Bəyyoldaş xeyli yorulmuşdu. Araq yerli idi və Bəyyoldaşın ürəyini bulandırmış, başını ağrıtmışdı. Demək olar ki, mübarizə yoldaşlarının danışdığı mövzuları eşitmirdi, sadəcə qulağına çox uzaqdan səslər gəlirdi. Lakin arada “tayfa-klan“, “Nemətin oğraşlığı“, “92-93” kimi açar sözləri eşidə bilir, mövzunun nədən getdiyini anlayırdı. Gözünün önündə lülə-kabab, çoban salatı, çox qəribə iy verən, üstünə siqaret külü dağılmış kələm turşusu olan süfrə, qızğın müzakirə edən, müzakirə zamanı ağızları köpüklənən dostları hansısa filmdən olan kadrlar kimi axıb gedirdi Bəyyoldaşın gözləri önündən. Siqaret qutusuna əlini uzadıb, siqaret götürmək istədi, lakin əli qutunu tutmurdu. Sanki qutu Bəyyoldaşdan qaçırdı. Çox yaxın dostu, 88-ci illərdən bu yana olmasa da sonradan (polis sistemindən ana söyüşü üstündə istefa vermiş) demokratiya fədaisi, onlarla adamı öz hesabına Həcc ziyarətinə göndərmiş, vaxtı ilə konyak alveri ilə də məşğul olmuş Namaz bəy Bəyyoldaşın siqaret axtarışına kömək oldu.
– Sağol bəy!
– O nə deməkdir bəy, biz belə günlər üçün varıq.
– Deyəsən tutub səni?
Namazın ikrah doğuran təbəssümlə verdiyi bu sualı cavabsız qaldı.
Bəyyoldaş müəllim “Camel” markalı siqaretini yandırıb, bu masada öz cismini qoyaraq ruhu ilə bərabər komsomol olduğu dönəmlərə getdi. Sovet dönəmində Bəyyoldaş çox nümunəvi gənc idi, marksist-leninist ideyalar uğrunda hər an canından keçməyə hazır idi. Dostlarının universitet illərində Kubinkadan “Marlboro” alıb şəhərdə veyilləndikləri vaxtlarda Bəyyoldaş daima mütaliə edir, Qırmızı meydana səfər etməklə bağlı xəyallar qururdu. Tələbə yoldaşlarından fərqli olaraq onun çox parlaq gələcəyi olacaqdı. Yenidənqurma dövrü də Bəyyoldaşa ümid verirdi, bəlkə də ona Qərb ölkələrindən birinə səfər etmək qismət olardı. Nəsillərində bütün avara və işsiz oğlanlara nümunə olaraq göstərilirdi. O illərdə ədəbiyyat fakültəsində təhsil alan rus əsilli bir qadını da xatırlamışdı ki, bir neçə saat sonra gündəm mövzuları ilə bağlı sosial şəbəkədə fəaliyyət göstərən bir kanalda canlı yayıma çıxmalı olduğu yadına düşdü.
– Bəylər, üzrlü sayın, mən durum yavaş-yavaş axşam saat 11-in yarısı canlı yayımda olmalıyam.
– Bəy, sən Allah mənim o torpaq söhbətimi də danış canlı yayımda.
Bəyyoldaş müəllim Namaz bəyin bu xahişini başı ilə təsdiqlədi. Lakin bu xahişi canlı yayımda dilə gətirə bilməyəcəyini də başa düşürdü, desəydi izləyicilərdə bir təəccüb olmazdı, əsas Namaz bəyin bu probleminin rejim tərəfindən sifariş olduğunu demək lazım idi. Mübarizə yoldaşları ilə sağollaşdı, kafedən çıxıb birtəhər özünü taksiyə atdı.
Gecələr şəhərə çıxıb, keçmişdə yaşadığı xatirələrli yada salmağı, Xəzərin melanxolik abu-havası ilə tənha qalmağı sevirdi Bəyyoldaş. Arada dənizə tüpürməyi, Dənizkarı parkda gəzən qadınları ehtiraslı baxışlarla süzməyi, şortik geyinən gəncləri görəndə əsəbləşməyi də sevirdi. Taksi Hökümət evinin yanından keçəndə 90-cı illərin əvvəlində Xəlil Rza Ulutürkün burada çıxış edərkən həyəcan keçirməsi, 20 Yanvar günü evində gizlənməsi və sonradan verdiyi müsahibələrdə həqiqəti gizlədərək “Mən tank önündə dururdum, o gün qəhrəmanlıq tariximizə qanlı hərflərlə yazıldı” deməsi yadına düşdü. Dərindən köks ötürdü, çünki bu həqiqəti özündən başqa heç kəs bilmirdi.
İllər onu çox dəyişmişdi, lakin dəyişməyən yeganə şey Bəyyoldaşın oturduğu çayxana və kafelərdə minlərlə tərifdən ləzzət alması, daima rahat, komfortlu həyatın eşqində olması, insanların maraq dairəsində olmağa çalışması idi.
Evə çatanda yenə də qapını gec açdığı üçün həyat yoldaşına əsəbləşdi. Canlı yayımda çıxışına az qalmış Bəyyoldaş müəllim onsuz da gərgin idi. Mətbəxə keçəndə İctimai sektor adlı subkulturada fəaliyyət göstərən, ona görə daima başıaşağı olduğunu iddia etdiyi qızı Nərmini gördü. Nərmin LGBT və gender mövzusunda təlimlərdə iştirak etdiyi dönəmlərdən atası üçün utanc mənbəyi idi. Mübarizə yoldaşları da qızına söz keçirə bilmədiyi üçün Bəyyoldaşı qıraqda-bucaqda qınayır, bəzən isə ələ salırdılar.
Demək olar, qızı ilə bir neçə ay idi ki danışmırdılar. Ümumiyyətlə aralarında ünsiyyət yox idi. Buna isə səbəb qızının evə tez-tez içkili gəlməsi, cinsi azlıqların hüquqlarının qorunması yolunda fəaliyyəti idi.
Səmimi şəkildə nifrət etdiyi qızını görüb qanı qaralandan, həyat yoldaşına çay süzməyi əmr etdikdən sonra bir az da qanı qaralan Bəyyoldaş iş otağına keçdi. İş otağında keçən ay bukinist dostu Nəsimidən aldığı, rəfdə dağınıq şəkildə olan və heç birini oxumadığı kitabları səliqəyə salmalı idi, çünki canlı yayımda ona şanlı mədhiyyələr yazacaq insanlar arxadakı səliqəli şəkildə düzülmüş kitabları görüb, belə bir müxalif siyasətçiləri olduğu üçün fəxr etməli idilər. Bəzən izləyicilərinə görə həyatında dəyişikliklər edəndə, Bəyyoldaş şəxsi azadlığını kütlədən alqış almaq naminə tam itirdiyini düşünürdü. Amma bu qədər tərif, mədhiyyələr həm də arada bir gələn 3-5 manat qrant naminə şəxsi azadlıqları gözardı etmək olardı. Özünə kifayət qədər haqlı səbəblərlə bəraət verdikdən sonra mənəvi rahatlıq tapan Bəyyoldaş kitabları səliqəyə salmağa başladı. Kitabların içində üz qabığında 88-ci illərdən bir şəkil olan əsər diqqətini çəkdi – “Erik Hoffer, Əsl İnamlı“. Bu kitabı Rasim Qaracadan almışdı. Bütün kitabları səliqəyə saldıqdan sonra sırf bu kitabın üzərindəki şəklin onda nostalji hisslərin oyatdığı üçün kənara qoyub, canlı yayım üçün hazırlığa başladı. Bəyyoldaş müəllim içkili idi, amma içkili olanda belə rejimə qarşı öz ziyalı mövqeyini qoymağı bacarırdı. İçkili olmağı onun müxalif, ziyalı fəaliyyətinə əsla mane ola bilməzdi.
Canlı yayıma çıxacağı kanalın adı isə “Bazar Söz” idi. “Bazar Söz” Parisdə fəaliyyət göstərən müxalif bir media orqanı idi. Əvvələr sosial şəbəkədə “Əliyevlərə son!” adlı bir səhifə işlədən Zahid Azad bu kanalın həm rəhbəri idi, həm müsahibələr alırdı, həm də lazım gələndə iqtidar dəyişikliyi üçün strateji yollar təklif edirdi. Bəyyoldaş müəllim isə Yeni Azərbaycan Partiyasının üzvü olduğu illərdə Zahid Azad ilə mətbuat vasitəsi ilə təhqir mübadiləsi aparırdı. Məsələn bir dəfə Zahid Azad onu “gey” olmaqla ittiham etmiş, Bəyyoldaş müəllim isə öz növbəsində Zahidin İrəvandan maliyyələşməsi ilə bağlı iddialar səsləndirmişdi. Hətta bir dəfə yeraltı kafelərdən birində bir-birini təhqir etdikdən sonra əlbəyaxa olmuşdular. Zahidin davanı sığınacaq almaq üçün müraciət etdiyi Fransa səfirliyində deməsi müxaliflər arasında bilinirdi. Lakin Mövlananın hər doğru hər yerdə deyilməz ifadəsinə ikisi də sadiq qalırdı. Hər halda artıq Bəyyoldaş müəllimin kommunist keçmişi, iqtidarla yollarını ayırmasının əsl səbəbi heç kimə maraqlı deyildi, çünki əsas olan indiki an idi. İndiki anda isə onun leksikonundan “tayfa-klan“, “rejim” sözü əksik olmurdu, Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edərkən ağlayırdı, Elçibəy həm yaxşı adam, həm də siyasətçi olub deyərək bir sıra miflərə qarşı çıxırdı, əsasən da toylarda ona araq süzmək, bir neçə kəlmə kəsmək üstündə gənclər dava edirdi. Bəzən özü də keçmişdə etdiklərinə, o qədər də yaxşı nitqinin, savadının olmamasına rəğmən ona bu qədər böyük marağın olmasından baş aça bilmirdi. Yəqin Allahın sevimli bəndəsidir deyə düşünüb bütün suallara aydınlıq gətirirdi Bəyyoldaş.
İndi hər şey unudulmuşdu, çünki hər iki fərd “sistemə qarşı qutlu” mübarizə aparırdı. Təbii ki, bütün bunlar rasional, diqqətli insanlardan başqa heç kimi təəcübləndirmirdi. Əsas olan Bəyyoldaş müəllim ilə Zahidin sistemi təhqir etməsi, inqilab üçün konkret vaxt təyin edib izləyicilərdə “payh dədə” kimi təəccüb doğurması idi.
Canlı yayımın başlamasına isə çox az vaxt qalırdı, Bəyyoldaş müəllim “Vatsap” sosial şəbəkəsinə daxil olub öz mübarizə yoldaşlarına rəy yazmağı, canlı yayımda aktiv olmağı tapşırmalı idi. Yaxşı ki, unutmamışdı, yoxsa bu, tam biabırçılıq olardı…