Sənan Səfərov montajçıdır. Mobil telefonla qısa filmlər çəkir. O, “Bir zamanlar” adlı filmlər silsiləsinin müəllifidir.
Sənan S: “Zamanla hiss elədim ki, həyatın yanından yox, içindən keçməyə başlamışam. Bu hissiyyat məni hansısa hekayələr çəkməyə sövq elədi. Sağıma-soluma baxdım ki, bir cüt gözüm var, bir də cibimdəki mobil telefonum. Daha çox “Bir zamanlar” adı ilə çəkilişlər eləməyə başladım. Niyə “Bir zamanlar”? ”Bir zamanlar”da bir uzaqlıq var. Hər uzaqlıq halımız bizim indimizdir. Biz hər gün, hər an “indi”mizdən uzaq düşürük. Hər şey keçmişə çevrilir.
Bəzən olur ki, çəkdiyim anda hansısa musiqinin səsini eşidirəm. Montajda daha aydın hiss edirəm və internetdə musiqinin səslərini, tonlarını axtarıram. Ya bir filmin musiqisinə çıxıram, ya da müstəqil əsərə. “Bir zamanlar Xudat”ı çəkəndə at gördüm. Atın təkliyi məni vurdu. Avtomatik “Turin atı” filmi yadıma düşdü. Bir oxşarlıq tapdım. Bu oxşarlıqdan keçərək çəkməyə başaldım, ordakı musiqini də istifadə etdim”.