Əvvəla, yazını oxumağa başlayanlara xatırladım ki, o bizim Nietzsche sevgimizi araşdırmaq məqsədi ilə yazılmayıb. Başlığa “Nietzsche”nin adını çıxarmağım müəyyən qədər şərti xarakter daşıyır. Nietzsche, Azərbaycanda ən çox oxunan filosofdur və dünya filosoflarının, azərbaycanlıların düşüncə tərzinə uyğun xarakterizə oluna bilən Qitə – Kontinental qütbünə mənsubdur. Yazıda aydınlaşdırmağa çalışacağım məsələ, oxumasaq da, öyrənməsək də, Qitə filosoflarının fikirlərinin bizim “üstümüzə biçilməsinin” səbəb(lər)idir.
Qitə fəlsəfəsi nədir? Qitə fəlsəfəsini maariflənmə dövründən və XVII əsrin ortalarından XVIII əsrin sonralarına qədər uzanan tarixi dövrün rasionallığa və elmə olan ehtiramına tənqidi münasibət sərgiləyən filosoflarını bir yerə toplayan “çətir” də adlandırmaq olar. Qitə fəlsəfəsinin xarakterik xüsusiyyətləri – sənətə və humanitar elmlərə meyllilik, rasionallığa, texniki elmlərə və texnologiyaya soyuq münasibət, bir növ rasionallığa qarşı çıxmaqdır. Husserl, Bergson, Heidegger, Gadamer, Lacan, Adorno, Sartre, Levinas, Merleau Ponty, Althusser, Lyotard, Deleuze, Foucault, Habermas, Derrida kimi mütəfəkkirlər Qitə fəlsəfəsinin əsas filosofları hesab olunurlar. Siyahını uzatsaq, Jean Baudrillard, Albert Camus kimi fikir adamlarının adlarını da bura əlavə etmək mümkündür.
Qitə fəlsəfəsinin qarşısında duran qütb – analitik fəlsəfədir. Analitik fəlsəfənin məşhur filosofları arasında Frege, Russell, Moore, Wittgenstein də var. Analitik filosoflar daha çox rasionallığa söykənirlər. Aralarında elmə, texnologiyaya tənqidi yanaşanlar olsa da, əksəri elmə müxalif mövqe sərgiləmir. Digər tərəfdən, sənətə qarşı da ciddi aqressiv münasibət göstərmir, eyni zamanda Qitə fəlsəfəçiləri kimi sənəti göylərə də qaldırmırlar. Analitik fəlsəfəçilər mühakimədə aydınlıq və kəskinliyi qarşılarına məqsəd qoyurlar, məntiqi vasitələrdən rahat şəkildə istifadə edirlər və çox vaxt özlərini istər profesional, istər intellektual baxımdan texniki elmlərə humanitar elmlərdən daha yaxın hiss edirlər.

Friedrich Nietzsche
Erdinc Sayan anti-maariflənmə, anti-rasional fəlsəfə ənənəsi kimi xarakterizə olunan Qitə fəlsəfəsinin əsas strategiyasını belə təsvir edir: bir tərəfdən dünyada elmin və onun söykəndiyi rasionallığın əsla “əldə edə bilməyəcəyi”, “nüfuz edə bilməyəcəyi” bir qrup “həqiqətlər” olduğunu müdafiə edir, digər tərəfdən də elmi alçaldaraq, əsl həqiqətlərin ancaq fəlsəfənin – söhbət Qitə fəlsəfəsindən gedir – köməyilə ortaya çıxa biləcəyini irəli sürürlər. Hətta Qitə fəlsəfəçiləri analitik fəlsəfəçiləri “elmçilik”də ittiham edirlər. Bəzən də “elmçi”liyin yerinə “pozitiv”çiliyi qoyurlar.
Qitə fəlsəfəsi öz mərkəzinə insanı qoyur, amma insanın estetik zövqlərinin, bioloji inkişafının təməllərini görməzdən gəlir. Beyindən, genlərdən, insanın bioloji inkişaf mərhələlərindən, primat atalarımızdan, demək olar ki, danışmır.
Gələk Qitə fəlsəfəsi ilə bizim “həyat fəlsəfəmiz” arasındakı oxşarlıq mövzusuna.
Qitə fəlsəfəsinin məşhur təmsilçilərindən Heidegger “Metafizikaya giriş” adlı kitabında elmdə hansısa mədəni dəyər görənləri ələ salırdı. Onun fikrincə, elm – “texniki, təcrübi” işdir, “ruhun oyanışı”nın elmdən yola çıxması mümkün deyil, əslində, elm özü “ruhun xədim edilməsidir”. Təsəvvür edirsiniz, bu fikir, çox vaxt gizli şəkildə elmdən qaçan, ona nifrət edən, az qala, bütün inkişaf prosesini “ruh”da, “xurafat”da axtaran insanları – burada söhbət bizim insanlardan gedir – necə cəlb edə bilər?! Əlbəttə, oxuyub, xəbər tutsalar… Sadəcə, Heideggeri “analiz xırdalayan” kitablarsız oxumaq Neitszcheni oxumağa bənzəmir. Heidegger hər nə qədər elmin “həqiqət”in kəşfindəki rolunu qəbul eləməsə də, elmdən-bilimdən qaçsa da, onu anlamaq üçün ciddi zəka sahibi olmaq lazımdır. Bunun üçün bir A. Kadir Çüçene ehtiyacımız var. Ki, Heideggerin “Varlıq və zaman” anlayışını bizim qavrayacağımız şəkildə çeynəyib qoysun qarşığımıza.
Bəlkə də, şairlərə ən böyük mədhiyyə deyən filosof da yenə Heideggerdir. Heideggerə görə, filosof, fəlsəfəçi elmdən-məntiqdən yox, varlığa yanaşmaq üçün daha əlverişli olan şeirdən mədət ummalıdır. Onun fikrincə, dünyanı elm adamları anlaya bilməz, ancaq şairlər anlaya bilər. Təsəvvür edin, bizim şeir yazmağı beşikdən sevən xalqımız Heideggerin bu fikrindən xəbər tutsa, nələr baş verər!? Yəni Heideggerin əsərləri haqqında “analiz xırdalayan” hansısa kitab dilimizə tərcümə olunsaydı, bir-iki rasional düşüncəli adam da həyat fəlsəfələrinin dahi filosofun fəlsəfəsi ilə üst-üstə düşdüyünü görən şairlərin əlindən bu məmləkətdən qaçıb canını qurtarardı.

Martin Heidegger
Digər bir Qitə fəlsəfəçisi Bergson isə elmin və rasionallığın əsla əldə edə bilməyəcəyi həqiqətlərin ancaq intuisiya sayəsində əldə oluna biləcəyi fikrini irəli sürür. Bir balaca düşünmək yetir ki, rasional düşünməkdən qacan, dəqiq mühakimə yürütməkdən yorulan, dao, dzen, təsəvvüf kimi daha çox intuisiyaya, ruha, hisslərə güvənib “bilmədikləri qapıları” aralamağa çalışan insanlar üçün Bergson bir peyğəmbər olsun. Yenə də əgər onun varlığından xalq xəbər tutsaydı…
Fəqət, Biq Bang, təkamül nəzəriyyəsi, modern genetika nəzəriyyəsi, qara dəlik, Higgs bozonu kimi kəşflər Berqsonun dediyi kimi, intiusiya ilə ixtira olunmayıb.
Qitə fəlsəfəçilərinin yol göstərənlərindən bir digəri də metafizikaya, dinə, elmə və qadına müxalif düşüncəsi ilə tanınan Nietzschedir. Nietzscheyə görə, materialistlərin elmi yanaşması dünyanı anlamağın ən kasad yollarından biridir. Nietzsche, “fərz edək ki, bir musiqi parçasını, onun nə dərəcədə sayıla, hesablana və düsturlarla ifadə edilə bilən olmağıyla dəyərləndiririk. Musiqini belə dəyərləndirmək nə qədər absurd olardı?! Onu nə dərəcədə dərk edər, anlayar, qavrayardıq?” deyirdi.
Əsl bizim eşitmək istədiyimiz sözlər! Musiqinin, sənətin bizim bilmədiyimiz elmdən-formullardan uzaqda qalması… Musiqinin yaranmasında hansı bio-kimyəvi proseslərlərin iştirak etdiyini görməmək, eşitməmək üçün gözümüzü qulağımızı qapamaq…
Lakin elmin musiqi ilə bağlı gördüyü işlərdən biri musiqidə səsləri araşdırmaqdır. Digər tərəfdən, psixologiya, neyropsixologiya və koqnitiv elmlər, xüsusilə, gələcəyin inkişaf etmiş nevrologiyası musiqi, musiqi dinləyicisi, musiqiçinin mərkəzi sinir sistemi üzərindəki təsirlərini araşdırmaqdadır. Bu elmlər sayəsində gələcəkdə kimin hansı musiqini dinləyərkən özünü kədərli, yaxud şən hiss edəcəyini əvvəlcədən müəyyən etmək mümkün olacaq. Yəni alqoritmlər Nietzschenin iddiasını “demode” eləmək yolunda addım-addım irəliləyir.
Azərbaycanlılarla Qitə fəlsəfəçilərini, aralarından su keçməyəcək dərəcədə birləşdirən cəhət lap çoxdur. Bizlər də onlar kimi insanın daş, yaxud ağacla eyni atomlardan əmələ gəldiyini diqqətə almamağa çalışırıq. Elmin, insanın bioloji bir orqanizm olduğunu sübut etməsini eşitməkdən xoşumuz gəlmir. Özümüzü insanın, elmin aşkarlaya bilməyəcəyi nəyininsə olduğuna inandırmaq üçün bir yığın saxta həqiqətlərə, “varlıqlara” sarılmaq istəyirik (Erdinç Sayan).
Görünən odur ki, bir əlində Hararinin “XXI əsrdə XXI dərs” kitabını (hazırda Azərbaycanda ən çox oxunan, futural bilgilər verən kitab olduğuna görə onu nümunə gətiririk), o biri əlində Nietszchenin “Aforizmlər”ini tutan bir azərbaycanlı yenə dönüb “Aforizm”lərlə yaşamağa üstünlük verəcək. Çünki Qitə fəlsəfəsi daha çox elm, riyaziyyat, texnologiya fobiyası olan insanların seçimidir və o, bütün dünyada bu insanlar arasında rəğbət hissi ilə qarşılanır. “Andıra qalmış həndəsə, nə girmisən mənnən bəhsə” deyənlər, təbii olaraq, analitik fəlsəfəni anlamaqda çətinlik çəkəcək və analitik filosoflara da nifrət hissi duyacaqlar. Ona görə, riyaziyyatın, həndəsənin zəif öyrədildiyi məktəblərin məzunları qavraya bilmədikləri elmi məqbul sayan fəlsəfi qütbdə özlərinə rahatlıq tapa bilmirlər. Burada da bir anlaşmazlıq, narahatlıq içinə düşürlər.
Fəqət fəlsəfənin Platondan bu günə qədər gələn bir tələbi var: “Matematika bilməyən girə bilməz.” Platon fəlsəfə akademiyasının qapısına yazılan bu sözlər hələ də qüvvəsini saxlayır. Riyaziyyat bilməyən, fəlsəfənin qapısından içəri girə bilmir.

Francis Bacon
Fəlsəfə tarixində modern fəlsəfənin qurucusunun Francis Bacon, yoxsa Descartes olduğu uzun müddət müzakirə olunmuşdu. Bacon Descartesdən, təxminən, 30 il əvvəl Kartezyan prinsipi olaraq bilinən “əminliklərdən yox, şübhələrdən yola çıxmaq lazımdır” prinsipini irəli sürmüşdü. Lakin Bacon fikirlərini həqiqi bir filosof kimi detallı, ziddiyətsiz bir sistem şəklində və qaneedici sübutlarla təqdim edə bilməmişdi. Əvvəla, o, siyasətçi idi. Sonrası, Descartesin ustası olduğu riyaziyyatı yaxşı bilmirdi və sistemi qurmağa çalışarkən tez-tez riyaziyyata müraciət edirdi. Əgər Bacon riyaziyyatı yaxşı bilsəydi, Modernizmin qurucusu Bacon hesab olunardı, sistem isə Kartezyan yox, Bacon sistemi adlanardı.