Norveçdə yaşayan azərbaycanlı şairə, yazıçı Günel Mövlud Facebook profilində Dostoyevskinin istifadə etdiyi adlarla bağlı bir xatirəsini bölüşür:
“Tolstoy müəllim yadıma saldı, deməli ötən il bir iran azərbaycanlısı ilə söhbət edirdim. Dedir baba, siz o Dostoyevskidə-zadda adları başa düşə bilirsiz? Biz başlayarıq məsələn, Anastasiya ilə. Bir neçə səhifədən sonra görürük söhbət gedir Nastyadan. Baba, bu Nastya nəmənədi? Sonra qanırığ ki, Nasta elə həmin Anastasiyadı. Heyhat, beş səhifədən sonra bir də görürsən, Nastyuşa peyda oldu. Baba, Nastyuşa kimdi, o nə vaxt gəldi? Həə, onu da qanırığ ki, Nastyuşa da elə həmin Anastasiyadı. Çifayda, bir də görürsən, kimsə dedi ki, Nastenka! Baba, bə Nastenka kim ola? Demə, elə bunnar hamısı o Anastasiyadır. Bir dəyil, iki dəyil, baba, Vladimir, Volodya, Volodechka, Vova, Vovoçka, nətəri qanırsız siz buları?)))
Onda başa düşdüm ki, biz Sovetyonoklar bu söhbətdə başqalarından nə qədər uduşdayıq.”