Rejissor Əli İsa Cabbarov Milli Dram Teatrının səhnəsində oynanılan “Şah Qacar” tamaşası haqda təəssüratlarını bölüşür:
“Şah Qacar” yaxşıdır, rəssam işi, kostyum, özəlliklə də musiqi. Fuad Poladovun oyunu duygulandırır. Əli Əmirli yetkin dramaturqdur. Qacarın anası ilə dialoqu da verilib, yəni o, həm də övladdır. Amma aktyorlar ikinci planı dəqiq verə bilməyiblər. Yoxsa freydist traktovka vardl pyesdə, axtalanmış adamın kompleksləri. Finalda asılmış Qacar sükutda uzun qalmalıydı.
Mən: Əli İsa, sabah gedirsən bazara. İndi xurmanın kilosu ucuzdur, doğrayıb qurudursan. Böhranda çayla içərsən, həm faydalıdır, həm də tox tutur. Əlavə pul xərcləyib yemək-zad da almazsan. Xurmanın faydaları: Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.
Ə. Cabbarov: Başa düşmədim, nəyi alırsan, nə xurma… Həəə. Ala mən Qacardan danışıram e.
KREM VƏ SƏNƏT
Dünən dostumla şəhərin mərkəzində keçirilən tədbirə gedirdik. Dostum Pyotr Veqinin şeirlərindən danışırdı. Yolu keçəndə elə bil məni elektrik vurdu. Vahimə içində qışqırdım. Dostum sözünü kəsib təəccüblə mənə baxdı:
– Nə oldu, şeir sənə təsir elədi?
– Yox, nə şeir? Şeir zad boş şeydir. Gün kremi vurmağı unutmuşam.
Tələsik, elə yolun ortasında çantamdan kremi çıxarıb üzümə çəkdim.
Sonra yolüstü marketə girdik, xırda para alış-veriş elədik. Metroya tərəf yol aldıq. Dostum yenə nəsə ciddi söhbətlər edirdi. Birdən dayandım.
– Dəhşət!
– Yenə nə oldu?
– Corab almaq yadımdan çixdi.
– Bu istidə corabı neynirsən?
– Zalda kondisioner olsa gərək geyinim ki, ayaqlarım üşüməsin.
Sonra başladım, soyuqdəymənin törədə biləcəyi fəsadlardan danışmağa.
Sənət söhbətləri yaddan çıxdı. Tural başını bulayib dedi:
– Sən adamı məhv edərsən. Elə sənin kimi qadınların üzündən bu ölkədə sənət zad yaranmır.
NƏFS
Şənbə rejissor Cavid Təvəkküllə müsahibəyə gedirdim. Yolda ayağımda narahatlıq hiss elədim. Ayaqqabılarıma baxdım. Gördüm ki, səndəlim qopub bir az. Səndəlimin tamamilə qopa biləcəyi təqdirdə nələr etmək lazım olduğunu fikirləşməyə başladım. Heç bir variant ağlıma batmadı. Düşündüm ki, çəkməçidə vaxt itirməmək üçün ən yaxşısı təzə səndəl almaqdır.
Avtobusda qadınların qopmamış ayaqqabılarına baxıb onlara həsəd aparırdım. Hətta ortayaşlı qadının zövqümdə olmayan ayaqqabısına belə. “Necə bəxtəvərdirlər ki, ayaqqabıları qopmayıb” deyə düşünürdüm. Metroya endim. Fürsət tapıb diqqətlə səndələ baxdım. Yox, o qədər də faciəvi durum deyildi, özümə təsəlli verdim ki, evə kimi idarə edə bilərəm. “Sahil” metrosundan çıxdım. Ayaqqabı dükanlarının vitrinlərində “50 faiz endirim” yazılmışdı. Tərəddüd içində “dükana girim ya girməyim” dilemması qarşısında qaldım. Son anda istehlak nəfsimi boğdum. Zigmunt Baumanın, Bodriyarın, Fransada yaşayan hüquqşünas Konul Derya Qasımovanın istehlakla bağlı fikirlərini xatırladım. Gözümün önünə Suriya qaçqınlarını, natəmiz şəraitdə yaşayan Banqladeş fahişələrini, yoxsulluqda sürünən meksikalıları, dar, havasız həbsxana kameralarında saxlanılan vicdan məhbuslarımızı gətirdim, vicdanım sızıldayan kimi oldu və… səndəlimə baxdım. İndi səndəlimin qopması məndə tamam başqa hisslər yaratdı. Bu, nəinki faciə deyildi, hətta çox, həddən çox əhəmiyyətsiz xirdalıq idi.
ZƏRDABİ VƏ ALMODOVAR
“Zərdabi” mükafatının təqdimatı ərəfəsində tipik qadın krizinə girdim. Qarderobu töküb töküşdürdüm. Onu götürüb bunu qoydum. Bunu qoyub onu götürdüm. Nəhayət, gözümü yumub seçimi elədim.
İndi də ayaqqabı seçmək lazım idi. Krem rəngli ayaqqabı uygun gəlirdi… Baxdım ki, ayaqqabı bir az sökülüb. Təmirçi iki məhəllə aşağıda idi. İstədim gedim, amma düşünəndə ki, gün kremi vurmalıyam, paltarımı dəyişməliyəm, fikrimdən daşındım. Dəxlisiz, uyğun rəngi olmayan ayaqqabının üzərində dayandım.
Qaldı bərbər. Bərbərə də 5-10 manat xərcim cıxacaqdı.. Əlim gəlmirdi. Elə 5-10 manati verib kişmiş, ərik kurusu, badam alıb bədənimi vitaminlərlə zənginləşdirərdim. Bütün günü əlləşib vuruşdum, saçımı fenlə düzəltdim. Axşam yatanda arxası üstə uzandım ki, saçım pozulmasın. Tərslikdən yuxum da gəlmirdi. Başladım sado mazoxist, erotik fantaziyalara qapılmağa ki, beynim yüngülləşsin. Bu qədər fantaziya düşün, yuxuda da rəhmətlik qonşumuz Məmmədəlini gör.
Səhər oldu, tədbirə getməmək üçün cürbəcür bəhanələr uydurmağa başladım. Vüsalədən və ya Tahirdən xahiş edərəm ki, mükafati alsın. Mədəm də bulanırdı. Nəsə arqumentlərim özümə də əsassız gəldiyi üçün iki tetraskilin atib yola düzəldim.
Dayanacağa çatanda düşündüm ki, bəlkə taksi ilə gedim. “Xətai” metrosuna beş manata aparırdılar. Beş manatıma heyifim gəlirdi. Elə götür-qoy edirdim ki, avtobus gəldi.
Metronun qarşısımda Vüsalə ilə görüşəndə dedim ki, yadima sal, ora çatanda başımdakı sancaqları çıxarım. Saçımı külək dağıtmasın deyə, beş-on sancaq vurmuşdum.
Nəsə, tədbir oldu, bitdi, şəkil zad çəkdirdik. Zaldan çıxanda, dəhlizdəki güzgüyə baxdım. Gördüm ki, yanağımın bir tərəfində ənlik çoxdur. Bir az bunalıma girdim. Sonra da özümə təsəlli verdim ki, “əşşi cəhənnəmə ki”.
Evə gəldim, yuyundum, yemək yedim və yadıma düşdü ki, mükafat Tahirin maşınında qalıb…
Ardınca da yadıma Pedro Almodovar düsdü. Onun filmlərində qəhrəmanlari yalnız “El Pais” qəzetini oxuyurlar. Çünki “El Pais” diktator Frankodan sonrakı İspaniyada ilk demokratik qəzetdir.