Aktyor Johnny Depp “Karib dənizinin quldurları” filminin hissələrindən birində hiyləgər, diribaş və komik “Sərçə Cək” roluna görə 55 milyon dollar honorar almışdı. Futbolçu Neymarın 25 yaşındaykən subyekti olduğu transferin həcmi 222 milyon avro idi. İllik gəlirləri on milyonlarla dolları keçən aktyor, müğənni və idmançıların sayı kifayət qədərdir. Obrazlar status, rəqabət, sosial qrup üzvlüyü-aid olma hissi kimi instinktlərimizə və qaçmaq, döyüşmək ya da heyrətləndirmək kimi təkamül taktikalarımıza xitab etdiyi üçün ticari uğura çevrilir, aktyor və rejissorlar böyük miqdarda maddi gəlirlə mükafatlandırılırlar. Filmlərin, idman növlərinin və musiqi əsərlərinin yüz milyonlarla insanın duyğularına xitab etməsi-obrazları özümüzə çox yaxın hiss etməyimizə, məhz bizim fərdi hisslərimizə, zövqlərimizə xitab edirmiş kimi illüziyaya qapılmamıza səbəb olur. Növümüzün bütün üzvlərinin bölüşdüyü bu hissləri, fərdi hisslər kimi yaşayırıq.
Yalnız başımız dərddə olanda həlli tələb olunan məsələlərə diqqət ayırırıq. Ancaq işlər yolundaykən həqiqətin tapılmasında – ümid, qorxu, illüziya, məqsədli aldatma kimi hisslərdən özümüzü azad edirik və bu səbəbdən bizə uzaq, soyuq görünən elmə – şou-bizneslə müqayisədə nə qədər az diqqət və qayğı sərf edildiyini Arnold France nümunəsində göstərmək olar.
İdarə edilən təkamül metodu ilə enzimlərin (metabolik proseslərdə bioloji katalizator rolu oynayan proteinlər) sintezlənməsi üsulunu kəşf edən Arnold France bu kəşfinə görə Nobel mükafatı alanda 62 yaşında idi. Alimin universitet illərindən etibarən bütün karyerasını bu vacib kəşfi etmək üçün sərf etdiyini fərz etsək və 500 000 dollarlıq mükafatı 45 ilə bölsək, onun ayda təxminən 1000 dollar maaş almış olduğunu deyə bilərik. İnsanların “karbon ayaq izlərini” artıran idman yarışlarına sərf etdikləri vəsaitin, kimin dəmir kürəni kimdən neçə santimetr daha uzağa atacağının, kimin kimdən neçə santimetr daha hündürə tullanacağının nə qədər əhəmiyyətli olduğu sualına da cavab axtarırıq.
4 nəfərlik ailə üçün 14 ev, bahalı şərablar gətirtmək üçün şəxsi təyyarə aldığını unudan Johnny Depp 600 milyon dollarlıq sərvətinin əriyib getməsində maliyyə məsləhətçilərini günahlandırır. Arnold France-ın kəşf etdiyi metodun isə tibbdən kənd təsarrüfatına qədər bir çox sahədə insanlara faydası olacaq.
Hollywood-un fizika qanunlarına hörmət etmədiyi bilinən həqiqətdir (Bu mövzuda Bollywood-u isə günahlandıra bilmərik, Hindistan hələ də mifik dövrdə yaşayır və film qəhrəmanlarını hind panteonunun kinodakı obrazları kimi görürlər). İnsanın güc arzusuna xitab edən, böyük ticari uğur əldə edən super-qəhrəman mövzulu filmlərdə fizika qanunları ilə bərabər, artıq biologiya qanunlarını da nəzərə almırlar. Fiziki cəhətdən zəif olan birini hörümçək dişləyir və o anında mutasiya keçirib super-qəhrəmana, insan-həşərat hibridinə çevrilir. Superman uçur, ancaq nə reaktiv motoru, nə də aerodinamik qanadları var. Sadəcə uçmaq istədiyi üçün uça bilir. (Burada insanları dolayan, “siz ürəkdən istəsəniz olacaq” deyə aldadıb pullarına yiyələnən quruları da yada salırıq). Motor və qanad olmadan, dəstək almadan öz təbii gücləriylə ən hündürə tullanan Masai qəbiləsinin rekordu sadəcə 2.5 metrdir. Wolverin-in caynaqları da sakitlik zamanlarında biləkdə necə gizlənir və döyüş zamanı onu hansı əzələlər işlək hala gətirir, ayrı sualdır.
Xoşbəxtlikdən, son dövrlərdə “İnterstellar” kimi, məşhur astrofizik Kip Thorne-un redaktorluğunda ərsəyə gələn, elmi və bəşəri problemləri heç bir təbiət qanunun pozmadan təqdim edən filmlər də var. Belə filmlərdən biri, “Nome şəhərinə serum çatdırılması”, “böyük mərhəmət marafonu” və ya “Serum marafonu” adıyla anılan real bir hadisədən bəhs edən bədii filmdir. Fırtına və qarın kənar dünya ilə əlaqəsinin kəsildiyi Alyaskada Nome şəhərində yayılmağa başlanan difteriya xəstəliyi xüsusilə uşaqlar üçün ciddi təhlükə yaradır. Şəhərdə difteriya serumu yoxdur, ancaq 20 nəfər 150 kirşə iti ilə birlikdə çox ağır təbii şərtlər altında 1000 km-dən artıq məsafəni marafon kimi qət edərək difteriya serumunu şəhərə çatdırmaları xəstəliyin epidemiyaya çevrilməsinə mane olur. Leonard Seppalanın özü və yetişdirdiyi kirşə itləri olmasaydı, bu qəhrəmanlıq mümkün olmazdı. Bu itləri isə Seppala uzun müddətli və səbrli süni seçmə yolu ilə yetişdirmişdi. İtlər ov zamanı ağ ayının dişləməsiylə soyuğa dayanıqlıq mutasiyası keçirməmişdilər. Möcüzə təbiət qanunlarının pozulmasıyla mümkün ola bilər. Realda isə nə təbiət qanunları pozulur, nə də möcüzəvi mutasiyalar baş verir.