Jan-Lyuk Qodar amerikalı kinotənqidçi Conatan Rozenbaumu Amerikanın Andre Bazeni adlandırırdı. Daha çox populyar fikir və tendensiyalara qarşı çıxmağı ilə məşhurlaşan Rozenbaum Orson Uells, Cim Carmuş, Abbas Kiarostami kimi rejissorlar və ümumiyyətlə, müasir kinoproseslərdən bəhs edən 11 kitabın müəllifidi.
“Əlvida, kinematoqrafiya, xoş gəldin, sinefiliya” (“Goodbye Cinema, Hello Cinephilia: Film Culture in Transition”) adlı sonuncu kitabı üçün yazdığı “Kino əvəzinə sinefiliya” adlı essesində kinematoqrafiyanın bu günkü vəziyyətinə diaqnoz qoymağa çalışan Rozenbaum, Bazenin “Kino nədir?” sualını “Sinefiliya nədir?” sualı ilə paralelləşdirir və hər ikisinə cavab axtarır.
***
Kino nədir? Bu suala cavab verməyə başlamazdan əvvəl anlamaq lazımdı ki, Fransa və digər ölkələrdə kinonun tərifi eyni olmayacaq. Düşünürəm ki, səbəb aydındı: Fransada bu tərif, daha çox kinonun, incəsənətin bir növü kimi qavranılması üzərində qurulacaq. Ki, bu da digər ölkələr üçün ikinci dərəcəli sayılacaq. Hətta bəlkə elitar yanaşma hesab ediləcək. Digər tərəfdən, əgər “Sinefiliya nədi” sualını versək, hər yer üçün məqbul bir tərif tapmaq asan olacaq.
Yəqin, kino və sinefiliya arasındakı zahiri ziddiyyəti belə izah eləmək olar: “kino”, “sinefiliya”nın tərkib hissəsi kimi başqa şeydi, sosial formaları nəzərə alınmadan, bütöv anlayış kimi başqa şey.
Çikaqolu sinefilin qülləsindən baxanda “Kino nədi” sualına nikbin cavab vermək çətindi, amma eyni nöqteyi-nəzərdən “Sinefiliya nədi” sualını cavablandırmaq daha əyləncəli məşğuliyyətdi.
Harda olmağımızdan, hərfi, yaxud metaforik danışmağımızdan asılı olmayaraq, adətən, belə hesab edilir ki, “kino” – kinoteatrın ekranında baş verən, bilet alıb başqa insanlarla birlikdə baxdığımız bir şeydi. Ancaq son vaxtlar tez-tez düşünürəm ki, yuxarıda dediyim kinonun ideal modelidi və artıq əksər insanların real təcrübələri ilə üst-üstə düşmür.
Müasir dövrdə insanlar kinoya daha çox televiziya ekranlarında baxırlar, nəinki kinoteatrda. Odur ki, bu teatral model – keçmişin, hadisələrin aktual vəziyyətini o qədər də düzgün əks etdirməyən, nostalji qalığıdı.
Vacib deyil, söhbət nədən gedir: reklam fasiləli, ixtisarlı, orijinal formatı dəyişdirilmiş (ya da bunların heç biri olmadan) telenümayişlərdən, yoxsa satın alınmış, kirayə götürümüş videokasset, DVD-lərdən. Kinoya baxmaq qərarı və bu qərarın icrası indi əvvəlki dövrlərdən kəskin şəkildə fərqlənir.
Get-gedə filmlər daha çox reklam kampaniyalarının bir parçası olur. Ki, onlar yalnız filmin özünü satmır. Buna görə də filmin ekzistensial əhəmiyyətinin harda başlayıb, harda bitdiyini dəqiqləşdirmək vacibdi. Təbii, əgər müşahidəçinin affektiv həyatında onun bir yerdə başlayıb bitdiyini qəbul eləsək… Axı, açıq-aşkar bəllidi ki, baxmadığımız flmlər də bizə təsir eləyir.
Milad bayramı ərəfəsində təzə pasport almaq üçün Çikaqo poçt xidmətinin yerli şöbəsinə getmişdim. Orda təcili göndərişləri reklamı edən bir plakat gördüm. Plakat eyni zamanda həm də bir həftə əvvəl ekranlara çıxmış, “Şlyapalı pişik” bədii uşaq filminin reklamı idi. Mən, Doktor Syuzun (ABŞ-dan kənarda o qədər də tanınmayan yazıçı Teodor Qeyzelin təxəllüsü) kitabı əsasında çəkilmiş bu filmə baxmamışam, baxmaq fikrim də yoxdu: filmi izləmiş bütün tanışlarım onu bərbad adlandırıblar. Amma bu, o demək deyil ki, həmin film həyatımda olmayacaq. Əslində poçt şöbəsindəki reklam məni, Stalinin mədəniyyətin planlaşdırılması barədə arzusunun müasir Amerikada reallığa çevrildiyini düşünməyə vadar elədi. Hətta bəlkə nə vaxtsa Rusiyada olduğundan daha geniş miqyasda.
“Şlyapalı pişiy”ə qədər mən Qeyzelin əsərinin motivlər əsasında çəkilmiş bircə film görmüşdüm: uşaqlıqda sevdiyim “Doktor T.nin 5 000 barmağı”. 25 il əvvəl Qeyzeldən telefonla müsahibə alanda o dedi ki, kino təcrübəsi həddindən artıq uğursuz alınıb, buna görə də sonralar yalnız televiziya üçün yazıb, çünki orda yaradıcı azadlığın səviyyəsi daha yuxarıdı. Belə görünür ki, varisləri onun fikirlərini bölüşmür.
Amma əvəzində “21 qram”a baxdım – Alexandro Qonsales İnyaruttinin mübaliğəli depressiv art-filminə. “21 qram”, aktyor heyəti (Şon Penn, Naomi Uots, Benisio Del Toro) və kifayət qədər böyük reklam büdcəsi sayəsində KİV-də geniş işıqlandırılırdı.
Deyəsən, Şonn Pennin filmin sonunda söylədiyi kadrarxası monoloq mətbuatın diqqətini daha çox cəlb eləmişdi, nəinki İraq və Əfqanıstanda ölən mülki vətəndaşlar.
Mətn belədi: “Deyirlər ki, bizim hər birimiz ölüm anında 21 qram yüngülləşirik… bir neçə qəpiyin çəkisi. Bir plitka şokoladın çəkisi. Milçəkquşunun çəkisi”.
Monoloqla bağlı rəylərin əksəriyyəti bunun tamamilə yalan söhbət olduğunu isbatlamağa çalışırdı. Amma bu, “Focus Features” şirkətinin (ordakı adamlar bilirlər ki, “mənfi rəy” deyilən bir şey yoxdu) press-reliz əvəzinə şəffaf plastik paketlərdən ibarət üç bağlama göndərməyinə mane olmamışdı. Paketlərin içində hərəsi beş sentlik beş dənə qəpik, “21 qram”ın reklamına bükülmüş bir plitka şokolad və Çin istehsalı plastmas quş vardı.
Zənnimcə, “Focus Features”in, o şəffaf paketlərə filmin reklamı ilə təchiz edilmiş dəqiq ölüm tarixlərimizi yerləşdirmək imkanı olsaydı, cüzi əlavə ödəniş qarşılığında onu da hədiyyə kağızına büküb jurnalistlərə göndərərdi.
Maraqlıdı, görəsən, studiya jurnalistlərə neçə dənə 25 sentlik qəpik göndərib və həmin pula nə qədər evsiz-eşiksizi yedirtmək olardı? Bu kobud və bayağı reklam aksiyası kimisə filmə baxmağa ruhlandırıbmı?
Marketinq departamentləri bu yolda nələrə hazırdılar və bunun bir həddi varmı? Kampaniyanın uğuru onları narahat edirmi?
Bir neçə il əvvəl “DreamWorks” studiyası, Piter Çanın “Sevgi məktubu” filminin reklamı çərçivəsində (Hollivud komediyasıdı, “21 qram”dan daha çox xoşuma gəlmişdi) tənqidçilərə anonim sevgi məktubları göndərmişdi. Filmdə haqqında söhbət gedən məktub kimi onlar da köhnə yazı makinasında yazılmışdı. Etiraf eləməyə utanıram, amma məktub o qədər inandırıcı idi ki, onun şəxsən mənə ünvanlanmış əsl məktub olduğunu düşünmüşdüm. Sonra jurnalistlər üçün keçirilən baxışa getdim və həmin məktubun eynisini ekranda gördüm. Yalnız onda anladım ki, “DreamWorks” vicdansızcasına məni emosional təcavüzə məruz qoyub.
İndi həmin saxta məktub haqqında soruşmaq istəyirəm: Bu, “kino” idimi? Əgər deyilsə, ona nə idi?
Əgər “kino”dusa, filmin özündən daha çox kinodu, yoxsa daha az?
Tərcümə etdi: Aygün Aslanlı