Noyabr axşamı
Anton Çexovu oxuyub
Çaşıram – heyrətdən dilim tutulur.
(Asahi Suehiko)
Anton Pavloviç Çexova həsr olunmuş bu məşhur haykunu çoxlarınız eşitmisiniz. Üç misradan ibarət bu şeir Asahi Suehikonun “Mənim Çexovum” adlı kitabında yer alıb. Bəs, müəllifi Çexov yaradıcılığında bu dərəcədə heyrətləndirən nə idi? Yəqin ki, yapon olmayan bir adamın yapon estetikasına bu qədər yaxın olması…
Çexov və yapon estetikasının bağlılığını araşdıran tədqiqatların sayı az deyil. Yazıçı özü pyeslərinin tərcüməsinə kifayət qədər pessimist yanaşırdı. O, “Albalı bağı” pyesi haqda həyat yoldaşı O. L. Knipperə yazdığı məktubda deyirdi: “Mənim pyesimi fransızcaya tərcümə etməyə nə gərək var? Axı, bu, onlara əcaib görünəcək, fransızlar Yermolaydan, malikanənin satılmasından heç nə anlamayacaq və darıxacaqlar”. Tarix göstərdi ki, Çexov dünyada müasirləri tərəfindən daha çox dəyərləndirilən hekayələri ilə deyil, məhz yeni dramaturgiyası ilə tanındı. Ancaq Çexovun nəsrini də, dramaturgiyasını da birləşdirən cəhətlər vardı. İlk növbədə, bu, özünü oxucunun qarşısında qəhrəmanın daxili aləmini dostoyevskisayağı, tolstoysayağı təftişdən qorumaqda göstərirdi. Sanki bu qəhrəmanlar Çexovun tanıdığı real insanlardır və o, bu qəhrəmanlar haqqında hər şeyi bilir. Ancaq real tanıdığın insan haqqında bildiyin hər şeyi digərlərinə demək alicənablıqdan uzaq olduğu kimi, ədəbiyyat da, bu baxımdan, istisna təşkil etmir. Yəni Çexov realizmi, deyək ki, Dostoyevskinin “ali dərəcəli realizmi”ndən fərqlənir. “Cinayət və cəza”da biz gələcək qatilin qəlbini bütün çılpaqlığı ilə görürük. Yazıçı burada bizdən heç nəyi gizlətmir. Dostoyevski səbəb-nəticə bağlılığını göstərmək üçün yalnız konkret hadisəylə nəticələnəcək vəziyyətlərdə cinayətkarın daxili aləmini yox, əsaslı şübhələrin olduğu hallarda belə, potensial cinayətkara haqq qazandırmağa çalışan qəhrəmanın daxili yaşantılarını da bütün dəqiqliyi ilə təsvir edir. “İdiot” əsərində knyaz Mışkinin Roqojinin onu təqib etdiyini, qətlə qadir olduğunu düşündüyünə görə özünü necə məzəmmət etdiyini yadımıza salaq: “O, “Məgər mənim tərəfimdən bu cür düşünmək cinayət, alçaqlıq deyilmi?!” – deyərək qışqırdı və anındaca utandığından üzü qızardı. O, heyrət içində yolun ortasında durmuşdu. […] O, Roqojinin qarşısında necə də günahkardı – riyakarcasına və ləyaqətsiz şəkildə günahkardır! Əgər o, belə bir dəhşəti ağlına gətirə bilibsə, deməli, məhz onun (Mışkinin – F. C.) qəlbi qaranlıqdır” [1]. Əslində, bu “mənəvi təftişin” ədəbiyyatın sonrakı inkişafı üçün tamamilə yeni səhifə açması aşkardır və bu istiqamətin kifayət qədər ardıcılları vardır.
Çexov isə əsərlərində qətl hadisəsini təsvir edəndə belə, hisslərin nümayişinə xəsislik edir. “Yuxum gəlir” hekayəsini xatırlayaq: “Varka yavaşca beşiyə yaxınlaşır və uşağa doğru əyilir. Uşağı boğaraq, tezcənə yerə uzanır və bir dəqiqədən sonra o, artıq ölü kimi möhkəm yuxuya gedir” [8]. “Ov əhvalatı” povestində də qatil qətlin səbəbini müsahibinə ikicə qısa cümlə ilə izah edir: “O, mənə and içməyə başladı ki, məndən başqa heç vaxt heç kəsi sevməyib… Bu, doğrudan da, belə idi: o, məni sevirdi… Və söhbətin düz ortasında o, murdar bir ifadə işlətdi: “Mən necə də bədbəxtəm! Mən Urbeninə ərə getməsəydim, indi qrafa ərə gedə bilərdim!” – bu cümlədən sonra elə bil başıma su tökdülər… Ürəyimdə yığılanlar hamısı qaynamağa başladı… İkrah hissi məni bürüdü… Balaca, çirkin məxluqu çiyinlərindən tutub topu tullayan kimi yerə atdım. Sonrasa onun axırına çıxdım” [7]. Qəhrəman gözümüzün önündə digər insanın həyatına son qoyur, bizə isə onun yaşantılarını, demək olar ki, təsvir etmirlər. Yalnız əməli ardıcıllıq göstərilir. Ancaq bəlkə də bu səbəbdən biz vəziyyətin gərginliyini daha kəskin duya bilirik. Bəlkə də yazıçı bizim əvəzimizə bu barədə “bağırsaydı”, “qışqırsaydı” biz daha sakit olardıq… Burada qəhrəmannın daxili hissləri məhz əməllərində təzahür olunur. Bu mənada, Çexov hətta hekayələrində belə dramaturqdur.
Beləliklə, Çexov realizmi deyərkən biz müəllifin həm qəhrəmana, həm də oxucuya qarşı özünəməxsus alicənablığının şahidi oluruq. Bu münasibət özünü yapon incəsənətində də göstərir. Yaponlar sona qədər deyilməmək, eyham mədəniyyətini estetik kateqoriya səviyyəsinə qaldırıblar. Aşırı izahların bəzən bütün əsərdən alınan təəssüratı korlaya bilməsini müasir Avropa ədəbiyyatının ən məşhur imzalarından birinin üzərində nəzərdən keçirək. Patrik Züskindin “Cənab Zommer haqqında povest” əsərinin son abzası, daha doğrusu, son cümləsi, az qala, oxucunu həssaslıqdan məhrum olmaqda ittiham edir: “Məni onun meşədəki iniltisi, onun yağışın altında titrəyən dodaqları, “əl çəkin məndən!” – deyən yalvarışı haqqında xatirələr saxladı; məhz bu xatirələr məni suya qərq olan cənab Zommeri görüb susmağa məcbur etdi” [2]. Çexov bu abzası yazmazdı, yapon ədibləri də bu izahı lüzumsuz sayardılar. Niyə? Çünki müəllif, qəhrəman və oxucu əsərdə göstərilənlər vasitəsilə eyni sirrə vaqif olmaq haqqında müqavilə imzalayırlar sanki. Müəllif qəhrəmanı düzgün təqdim edibsə, oxucu intihar şahidi olan insanın susması səbəbini anlayacaq, yox, əgər əlavə izaha ehtiyac varsa heç bir sirdən, estetik vaqifolmadan söhbət gedə bilməz.
Yapon estetik baxışlarına görə, incəsənətin sirri deyilməyənləri eşitmək, görünməyənləri sezməkdən ibarətdir. Kökü buddizmə gedib çıxan yugen anlayışının məğzi də bundan ibarətdir. Yugen özündə susqunluğun gözəlliyi və eyham ustalığını ehtiva edir. Dəyişikliyin poetikləşdirilməsi dzen-buddizmlə əlaqədar olub yapon mədəniyyətində özünəməxsus yer tutmuşdu. Dzen ardıcılları hesab edirlər ki, Budda təlimini sözlər vasitəsilə deyil, yalnız ani nurlanma zamanı intuisiyanın köməkliyi ilə dərk etmək olar. Dzen təliminə görə, dünyanın dəyişkənliyi və bitkinlik ideyası bir-biri ilə ziddiyyət təşkil edir, bu səbəbdən də, incəsənətdə bitkinlikdən, tamın təsvirindən qaçmaq lazımdır. Kamilləşmə prosesində zirvə, sükunət nöqtəsi ola bilməz. Bütöv bir kamilliyi duymaq üçün bir an kifayət edir, sonra isə bu an dəyişikliklər burulğanında yox olur. Kamilləşmə kamillikdən üstündür; tamamlama həyatı tamdan daha çox təcəssüm etdirir. Buna görə də, yapon ədəbiyyatında hər şeyin sona qədər açılmadığı, deyilmədiyi əsərlər oxucunu gözəllikdən daha çox hali edir. Yugen məhz şeylərin dərinliyindəki gözəllikdir və o, səthə çıxmağa can atmır. Daxili rahatlıqdan və zövqdən məhrum insan onu duymayacaq.
Çexov yaradıcılığını yapon estetikasının kateqoriyaları ilə təhliletmə cəhdlərini nəzərdən keçirərkən bu marağı tam dolğunluğu ilə izah edəcək təyinata rast gəldim: “Çexovun Yaponiyada populyarlığının səbəbi yalnız onun qaldırdığı problemlərin aktuallığında deyil, həm də Çexov poetikası ilə klassik yapon sənəti poetikasının yaxınlığındadır. Yaponiyada Çexovun qavranılmasını milli bədii ənənə kontekstində nəzərdən keçirmək lazımdır. Çexov hekayəsinin lakonikliyi, onun yumşaqlığı, zərif nüansları, yazıçının əsərlərinin sonluğunu yarımçıq saxlamaq meyli, həmçinin detallara qarşı diqqətcilliyi – qərb oxucusu üçün qeyri-adi görünən bu təhkiyə forması yaponlar üçün orqanik idi” [3].
Yapon incəsənəti sintoizm və buddizmin, həmçinin Çin fəlsəfi təlimləri sayəsində formalaşıb. Yuxarıda konkret yugen anlayışı ilə bağlı buddizmin adını çəkdik. Bəlkə də dünyada heç bir xalqın mədəniyyətində dini baxışlarla estetik görüşlər bir-birinə Uzaq Şərq ölkələrində olduğu kimi üzvi şəkildə sirayət etməyib. Ovçinnikov qeyd edir ki, bir sıra yaponist alimlər gözəllik və təbiilik kultunun Yaponiyada dini ənənələri sıxışdırdığına əmindirlər [5; 52]. Bəlkə də belədir – tanrılar ölür, incəsənətə ehtiyac isə həmişə yaşayır.
Çexov yaradıcılığı estetik baxımdan yapon mədəniyyətinə yaxın olsa da, onun Şərq aləmi ilə bağlılığı bununla məhdudlaşmır. Çexov dünyagörüşünü və duyumunu anlamaq üçün də Şərq təlimlərinə ehtiyac var. Düzdür, biz əsla demək istəmirik ki, Çexov, deyək ki, Tolstoy kimi bu məsələlərlə xüsusi olaraq maraqlanıb. Ancaq onun dramaturji əsərlərinin janr mənsubiyyətinə dair yaranan anlaşılmazlıqlar, tipik qərb təfəkkürünün bu pyeslər üçün dolğun açar sayılmadığını düşünməyə əsas verir.
Əslində, bütövlükdə yapon mədəniyyətinə də böyük təsir göstərmiş Çin fəlsəfi təlimləri Çexov yaradıcılığını da anlamağa kömək edir. Çexov sanki, haradasa, daosizm ilə buddizmi barışdırır. Hərçənd bu cür cəhdlər Çexovsuz da, qat-qat əvvəl çinlilərin özü tərəfindən reallaşdırılıb… 300-cü ildə yazıldığı ehtimal olunan məşhur “Xuaxutszin” (“Barbarların imana gətirilməsi qaydası”) traktatı daosizm ardıcılları və buddist rahibləri arasında aparılan mübahisələrdə birincilərin əsas istinad mənbəyi idi. Rəvayət risalənin yaranmasını da Van Funun iştirak etdiyi bu cür debatlarda məğlub olması ilə bağlayır. Buddanı gördün, öldür Buddanı! “Xuaxutszin”ə görə, daosizmin yaradıcısı Lao Tszı (əfsanəvi Sarı İmperator Xuandidən fərqli olaraq, Lao Tszı daosizmin real yaradıcısı kimi qəbul olunur) məhz belə edir – o, Hindistana keçərək Buddaya çevrilib. Bu fərziyyə dövlət səviyyəsində qəbul olunduqdan sonra Çində buddist mətnlərindən geniş istifadə etməyə başladılar. Beləliklə, Çində buddizm daosizmlə, Yaponiyada isə sintoizmlə əlaqəli şəkildə yayılır.
Ona görə Çexov yaradıcılığında Şərq dünyagörüşünün araşdırılması konkret bir təlimə deyil, bir neçə mənbəyə istinad etməyə vadar edir. Əgər forma baxımından Çexov yapon buddizminə yaxın idisə, məzmun baxımından o, Çin daosizminə yaxındır. Daosizmə yaxınlıq Çexovun irihəcmli pyeslərində daha çox sezilir.
Yarandığı vaxt “Albalı bağı” pyesinin komediya (müəllifin fikrincə, məqamlarla hətta fars) adlandırılması ilə razılaşmayanlar razılaşanlardan çox idi. Komediya janrı üçün zəruri uyğunsuzluq, bu pyesdə qəhrəmanların şərq düşüncəsi üçün izaholunan və anlaşılan fəaliyyətsizliyinin, qərbli yanaşmasındakı “yelbeyinlik”lə toqquşmasında təzahür olunurdu. “Albalı bağı”nı rus ədəbi ənənələri çərçivəsində passionarlığı ölməkdə olan sinfin “Oblomovçu” nəğməsi kimi yozmaq olar. Ancaq biz o dəqiqə “Üç bacı”nın Moskva sevdasını və “Vanya dayı”dakı “işləmək lazımdır!” çağırışını xatırlayıb bu qənaətə gəlirik ki, Çexov məhz daosizmin aparıcı anlayışlarından olan U-veyi – düşünüşlü passivliyi tərənnüm edirdi. Üç bacı Moskvaya istəyir, ancaq yalnız Çexov bilir ki, Moskva heç nəyi dəyişməyəcək. Vanya dayı həmişəki kimi başını aşağı salıb öz kəndində işləməlidir, çünki onun nəyisə dəyişməsi üçün səbəb yoxdur. Burada qəhrəman müəllifə daha yaxındır. Ağıl bunu anlayır, hisslərsə mübarizəyə başlayır. “Dao de Tszin”də deyilir ki, “daoya xidmət edənlər günbəgün öz istəklərini azaldırlar. İstəklərin fasiləsiz azaldılması insanı əməlsizliyə gətirir. […] Əməlsizliyə əməl etmək, sakitliyə riayət etmək və dadsızı dadmaq lazımdır. Böyük kiçikdən, çox azdan ibarətdir. Çətinliyi dəf etmək üçün asandan başlamalısan, çünki dünyada çətin olan asandan, böyük olansa kiçikdən yaranır. […] Əməlləri ilə uğur qazanmağa can atanlar uğursuzluğa düçar olacaqlar. Əməllərini başladığı kimi ehtiyatla yekunlaşdıran həmişə müvəffəqiyyət qazanacaq” [4]. “Vanya dayı” U-veylə Veyin qarşıdurması üzərində qurulub. “Albalı bağı” da həmçinin. Avropasayağı dramaturgiya özü bütünlükdə Vey üzərində qurulub – onu əməlsiz, fəaliyyət olmadan təsəvvür edə bilmərik. Çexov pyeslərinin konfliktini, janrını müəyyənləşdirərkən “Vey açarı”ndan istifadə etdikdə çaşqınlıq yaranır. Çexov pyeslərində bir fikrin qırmızı xəttlə keçməsinin şahidi oluruq: lazım olmayanı etməmək kifayətdir ki, lazım olanı etmiş olasan [6]. Lazım olmayanı edənlərsə Çexov dramaturgiyasında komik görkəm alırlar. Çexov yaradıcılığına xas zərif yumor da buradan qaynaqlanır. Çoxları komikliyi həm də lazım olanı etməməkdə görəcək, ancaq bunun özü yenə Qərbə qayıdış cəhdidir: hamısı Qərb maarifçiliyinin «xəta»larıdır.
Ədəbiyyat siyahısı:
1.Достоевский Ф. М. Идиот. http://www.ilibrary.ru/text/94/p.21/index.html
2.Зюскинд Патрик. Повесть о господине Зоммере.
3.http://royallib.com/read/zyuskind_patrik/povest_o_gospodine_zommere.html#163840
4.Ким Рёхо (Ле Чун). Почему японцы любят Чехова? http://ricolor.org/rz/iaponia/jr/cu/3/
5.Лао-цзы. Дао Дэ Цзин. https://psylib.org.ua/books/_laotz01.htm
6.Овчинников В. Ветка Сакуры – М., 2011
7.Толстой Л. Н. Путь жизни. http://az.lib.ru/t/tolstoj_lew_nikolaewich/text_0540.shtml
8.Чехов А. П. Драма на охоте. http://www.ilibrary.ru/text/1165/p.10/index.html
9.Чехов А. П. Спать хочется. http://www.ilibrary.ru/text/683/p.1/index.html