İspan rəssamı, qravüraçı Fransisko Qoyya (1746 -1828) romantizm dövrünün ustalarından biridir.
Onun rəsmlərindəki alleqorik və arxetipik obrazlar ispan xalqın şüurunun dərin qatlarına söykənir, nağıl və əfsanələrin elementlərini özündə ehtiva edir.

Hersoq Osunun ailəsi. Fransisko Qoya
1780-ci illərdə Qoyya həssas rəng qammaları ilə işləmiş portretlər müəllifi kimi tanınır, onun fiqurları və predmetlərı sanki incə dumanda (“Hersoq Osunun ailəsi”) əriyir. Rəssamın yaradıcılığına eyni zamanda feodal klerikal İspaniyasının köhnə quruluşuna nifrət cizgiləri xas idi. O, mənəvi, ruhi və siyasi eybəcərlikləri qrotesk-tragik verir, folklordan istifadə edirdi. Onun ofort üsulu (metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir) ilə yaratdığı “Kapriços” silsiləsindəki yeni cəsarətli bədii dil, xətt və ştrixlərin kəskin ifadəsi, işıq və kölgənin kontrastı, reallıq və qroteskin, alleqoriya və fantastikanın, sosial satira və reallığın analizinin birləşməsi Avropa qravüra sənətinin inkişafında yeni yollar açdı.
1824-cü ildə Fransada yaşayan rəssam dostlarının protretlərini çəkir, litoqrafiyanın (üzərində şəkil çəkilmiş yastı daşdan çapetmə üsulu; daş basması) texnikasını mənimsəyir.
Prado muzeyində saxlanılan “Çılpaq maxa”( 1797-1800) tablosunda ispan maxası təsvir olunub. Əsərin İspaniyanın dövlət xadim Manuel Qodoy tərəfindən sifariş olunduğu güman edilir.
Maxa deyiləndə İspaniyada aşağı sosial təbəqəyə aid yüngül davranışlı qadın nəzərdə tutulur.
Rəsmdə gənc çılpaq qadın makiyajsız təsvir olunub. O, qolunu başının altına qoyaraq, yüngülcə ayaqlarını qatlayıb. Solğun sifətində iri qara gözləri xüsusən seçilir. Əsəri Qoyya “Çarmıxa çəkilmiş İsa” tablosunda olduğu kimi eyni soyuq tonlara boyayıb.
İncəsənət tarixçisi Teodor Hetzer əsərlə bağlı deyir:
“Qoyya bizi çılpaq qadının gerçək bədən quruluşu üzərində fikrimizi cəmləşdirdi. Heç kim rəsmin güc və enerjiyə malik olduğunu inkar edə bilməz və bu xüsusiyyət Qoyyanın digər əsərlərində də var. Əsər Qoyanın ən vacib xüsusiyyətini ortaya çıxardı: insan bədəninə yeni gözlərlə baxa bilmək”.

Çılpaq Maxa, 1800. Fransisko Qoya
Həmin dövrün rəssamları qadınları Yunan ilahələri, ya da Müqəddəs qadınlar kimi təsvir edirdilər. “Çılpaq maxa” isə Qərb incəsənətində mifoloji və dini konnotasiyası (bir sözün ilkin və ədəbi mənalarından başqa, həmçinin insanda yaratdığı duyğu və düşüncələrdir) olmayan ilk çılpaq qadın təsvirlərindəndir. Müəllif maxa obrazında dövrün ciddi akademik kanonlarına rəğmən, cazibədarlığı, təbii gözəlliyi təcəssüm etdirir. Qoyyanın obrazı cəsur və özündən əmindir. Əsər tarixdə qasıq tükləri görünən ilk çılpaq qadın təsviri kimi də qeyd edilir.
“Çılpaq Maxa”ya qadın azadlığının simvolu kimi də baxmaq olar. Qoyyanın yaşadığı dövrdə qadınların üzərində dini təzyiqlər güclüydü. İspaniya kilsəsi çılpaq qadın portretləri çəkməyi qadağan etmişdi və İspan inkivizasiyası bu mövzuya xüsusi nəzarət edirdi. 1808-ci ildə əsər şübhəli məzmununa, cəmiyyətin maraqlarına, əxlaqına zidd olduğuna görə İspan inkvizisiyası tərəfindən müsadirə olunur. Məhkəmə qarşısında dayanan Qodoy müəllifin kimliyini açıqlamalı olur. Rəssam əxlaqsızlıqda ittiham olunsa da, cəzadan yaxa qurtara bilir.
XIX əsrdə hesab olunurdu ki, rəsmdə Alba hersoginiyası Mariya Kaetana de Silva təsir olunub, amma bu, sənədlərdə təsdiq edilməyib. Əksər sənətşünasların fikrincə, model Qodyanın məşuqəsi Pepita Tudo idi.
Qoyyanın bu əsərində Velsakesin, Tisianın çılpaq qadın əsərlərindən təsirləndiyi deyilir.
Qoyya eyni zamanda Qodoyun sifarişi ilə əsərin başqa versiyasını “Geyimli Maxa”nı (1802-1805) çəkib. Hər iki əsərdə eyni model yatağa uzanaraq tamaşaçının gözlərinə baxır.

Geyimli Maxa, 1800. Fransisko Qoya
Rəsmin tarixçəsinə istinad edən eyniadlı filmlər (1958-ci ildə çəkilən filmin rejissoru Henri Koster, 1998-ci ildə ekranlaşdırılına filmin rejissoru isə Biqas Lunadır) lentə alınıb.
Eduard Mane “Olimpiya”sını “Çılpaq Maxa” əsərindən ilhamlanaraq çəkib.