Gəzintidə
Vəhşi qazların tünd sıraları səmanı yarır. Ağaclarda tərk edilmiş yuvalar görünür. Sanki dağlar ağırlaşıb.
Bulaqlıqdan yəşəm fleyta tapmışam, yayda itirdiyini. O zaman hündür otlar arasında tapa bilmədik onu. Ot artıq solub, qürub günəşi isə fleytanı çalmaqdadır.
Sevgimizi düşündüm, qərarsızlığımız onu nə çox gizli saxladı.
Rəfiqəm
Şəhərin Qərb darvazalarında yaz buludu kimi xəfif və ürkək qızlar gülüşür. Amma onların gözəlliyi əbəsdir: ağ donda və qalın niqab altında mənim rəfiqəm hamıdan gözəldir.
Şəhərin Qərb darvazalarında bahar çiçəkləri qədər ecazkar və təravətli gənc qızlar arzu qurur, xəyala dalırlar. Amma onların rayihəsi əbəsdir: ağ donda və qalın niqab altında mənim rəfiqəm hamıdan ətirlidir.
O gedəndən bəri
Yox, mənə gül deyil, sərv budağı gətirin: üzümü gizlədəcəyəm orada. Hər dəfə günəş dağın arxasına keçən kimi yüngül qollu mavi paltar geyinib bambuk meşəsinə yatmağa yollanıram. Bambukdan çox xoşu gəlirdi!
Musiqi haqqında
Ürəyin saflığı sevimli çiçəyimizdir. Musiqi bu çiçəyin ətridir.
O vaxt ki qarğalar…
Qarğalar Kuın sun qülləsindəki yuvalarına uçub gəldiyi vaxt gözəl Si Şi öz rəqsi ilə artıq çarın zövqünü oxşamaqda idi.
Günəş yaşıl təpələrin arxasında yox olmuş, qızılı saatın gümüşü oxu çoxdan gecənin gəlməsini xəbər vermişdi, ay Kianın sularına qərq olmuşdu; şəfəq yelləri ulduzları söndürəndə, usanmaq bilməyən Si Şi hələ də rəqs edirdi.
Budur, nəhayət, o, çarın yanında yuxuya gedib. Şaftalı çiçəyinin kölgəsi onun yanağında oynayır.
Ağarmış saçların nəğməsi
Deyirdin mənə: “Biz bir yerdə qocalacağıq. Mənimlə bir yerdə sənin də saçların ağaracaq, dağların qarı, yayın ayı kimi…” Ancaq bu gün başqasını sevdiyini öyrəndim, əlacsız qüssə içində vidalaşmağa gəlmişəm.
Son dəfə həmin çaxırdan süz badələrəmizə. Son dəfə qarın altındakı ölmüş quş haqqında mahnını oxuyaq, və mən gedəcəyəm, və mən sularının ayrılaraq bir qolunun şərqə, digərinin qərbə axdığı Tszyü-kou çayında qayığa minəcəyəm.
Ərə gedərkən ağlamayın, qızlar. Bəlkə əriniz dürüst biri olacaq və qəlbinizdə gizlənən: “Biz bir yerdə qocalacağıq…” havasını qovacaq.
Müdriklik
Qadın səninlə danışanda gülümsün, amma ona qulaq asma.
Leopold Henrik Staff (1878-1957)
Tərcümə: Fəridə Cəlilova