Gözlərini yumub yatmağa çalışdı. Amma nə qədər çalışsa da yata bilmədi. Gah o tərəfə, gah bu tərəfə çevrildi. Balışın yerini dəyişdi. Yenə yata bilmədi. Ayağa qalxıb su içmək üçün mətbəxə getmək istədi. Eyvana çıxanda yan otaqda yatan nənəsinin zarıltısını eşitdi. Otağa girib nənəsinin çarpayısına yaxınlaşdı.
-Nənə
-….
-Nənəcan, eşidirsən məni?
-….
-Bəlkə sənə su gətirim? Nənə, məni eşidirsən?
-…Heç nə…heç nə istəmirəm..
– Nənə, məni qorxutdun. Niyə yatmamısan axı?
– Yata bilmirəm.Canım bərk ağrıyır.
– Səsinə o biri otaqdan gəldim.
– Su ver…su ver, get yat.
-Yox heç yerə getmirəm. Elə burda, sənin yanında yatacam.
Bu onun üçün lap göydəndüşmə oldu. Nənəsinin xəstə olması onu üzsə də, birlikdə yatmaqları sevindirdi. Ən azından qorxmayacaqdı. Çarpayıya uzanıb, nənəsinə qısılıb yatdı.
Səhər oyananda nənəsi yanında deyildi. Yerində dik atılıb nənəsinə səsləndi.
-Nənə, nənəcan!
-….
Narahatlıqla yerindən qalxıb eyvana çıxdı. Nənəsi burda da yox idi. Mətbəxə girdi. “Ay nənə axı hardasan?” öz –özünə danışa –danışa jaketini geyinib həyətə çıxdı. Nənəsi həyətdə oturub ağır-ağır nəfəs alırdı. Qız əvvəlcə sevindi, daha sonra bu sevinci kədər əvəzlədi. Qapının önündə durub bir xeyli nənəsinə baxdı.
***
5 yaşından onu nənəsi böyütmüşdü.Valideynlərini itirdikdən sonra nənəsi onun ən əziz adamı oldu. Nazını çəkib, qayğısına qaldı. Düz 15 ildir ki, onlar birlikdə yaşayırlar. Bir-birinin xasiyyətini, nəyə əsəbləşib, nəyə sevindiklərinə yaxşı bələddirlər. İndi nənəsi heç nə demədən səhər erkəndən qalxıb həyətdə oturmuşdu. Bu hadisə qızı qorxutdu. Nənəsi xəstə idi. Onsuz həyatı düşünmək belə istəmirdi. Nənəsinə yaxşı müalicə lazım idi. Şəhərə aparmaq, xəstəxanaya yerləşdirib, müalicə etdirmək xeyli pul tələb edirdi.Onların isə bir-birindən savayı nə bir yaxını, nə də qohumu var idi. Nənənin aldığı təqaüd isə ikisinin dolanmasına ancaq bəs edirdi. Elə nənəsini tək qoymamaqdan ötrü qız şəhərə getməmiş, ali təhsil almamışdı. Düzünə qalsa, buna görə peşman deyildi. Çünki, nənəsini böyük məhəbbətlə sevirdi. Onunla keçirdiyi illər çox dəyərli idi. İndi nənəsinin xəstə olmasını görüb arzulayırdı ki, kaş, oxuyub həkim olardı, nənəsini müalicə edərdi. Şəhərə getmək mümkün olmasa da, 3 ay idi şəhərdən kəndə təyinatla gənc həkim gəlmişdi. Deyilənlərə görə həkim çox savadlı idi. Kəndə bütün xəstələrin dərdinə əlac tapırdı. Bunu ona dünən axşamçağı mağazadan qayıdarkən Safura xala demişdi.
***
Uzun müddət beləcə nənəsinə baxdıqdan sonra gözlərindən süzülərək, yanaqlarını isladan göz yaşlarını silib nəhayət, ona yaxınlaşaraq yanında əyləşdi.
-Nənəcan, sabahın xeyir. Necəsən?
Nənəsi nəfəs almaqda çətinlik çəkirdi. Ürəyi çox zəif idi. Buna görə də güclə səsini çıxardı.
-….yaxşı…yaxşıyam
– Yanımda səni görməyib narahat oldum.
Nənəsi gülümsəyərək əlini qızın boynuna saldı.
-Qorxma…mənə heç…heç nə olmaz.
-Buna heç imkan da vermərəm- deyib nənəsinin yanağından öpdü.
Yazın gəlişi ilə ətrafda canlanma hiss olunurdu. Xüsusən, bağçada. Ağaclar yarpaqlamış, nərgizlər, bənövşələr çiçəklənmişdi. İnsan saatlarca burada oturub, təmiz havanı ciyərlərinə çəkmək istərdi.
Qız evdən çıxanda saat 12:00 idi. Məntəqəyə çatanda gördü ki, gənc həkim qapını bağlayıb getməyə hazırlaşır. Kamran elə məntəqənin yaxınlığında yaşayan Reyhan arvadın evində kirədə qalırdı. Onun 25 yaşı var idi. Uca boy və yaraşıqlı idi. Bir neçə il şəhər xəstəxanalarından birində işləmişdi. Daha sonra təyinatla bu kəndə gəlmişdi. Səhər saat 9:00-dan axşam saat 18:00-dək məntəqədə olur, kənd camaatının səhhəti iə bağlı şikayətlərini dinləyib, müalicə edirdi. Günorta saat 12:00-də isə nahar etmək üçün evə gedirdi. Elə indi də nahar etmək üçün evə gedirdi ki, qapıda duran qızı görüb dayandı.
-Buyurun.
-Bağışlayın sizi yoldan saxlayıram. Nənəm bərk xəstədi. Bir neçə gecədir ki, normal yatmır, nəfəs alması da çətinləşib.
– Xanım, gəlin içəridə danışaq- deyib Kamran qapını açmaq üçün üzünü çevirdi.
Lakin qız : -Ehtiyac yoxdur. Mən xahiş edəcəkdim ki, əgər gün ərzində vaxt edib bizə gələ bilsəydiniz , nənəmi yoxlayardınız. O, özü bura gələ bilməyəcək.
Kamran heç bir şey demədən qıza baxdı. Gülümsədi.
-Yaxşı. Mütləq gələcəm.
-Təşəkkür edirəm- deyərək qız çevrilib elə gəldiyi yolla getdi. Kamran xeyli onun ardınca baxdı. Qız qəşəng idi. Çox zərif, cəlbedici görünüşü var idi. Balaca üzündə iri və açıq rəngli gözləri, balaca ağzı,burnu, çəhrayı yanaqları insana xoş təsir bağışlayırdı. Qızılı rəngli saçları günəşin şüaları altında parıldayırdı.
– Nənə, bu gün həkim gəlib səni yoxlayacaq.- qız sevinə-sevinə otağa girdi. Nənəsi sakitcə çarpayıda uzanmışdı. Heç ona cavab da vermədi. Qız sakitcə çarpayıya yanaşdı.
-Nənə, ay nənə….
Heç bir səs gəlmədi. Qız qəhərdən boğula- boğula yenə çağırdı. Yenə,yenə,yenə…. heç bir səs yox idi. Nənəsi o evdən çıxanda canını tapşırmışdı. Qız dizləri üstə çöküb əlləri ilə üzünü tutub ağladı. Sonra qalxıb nənəsini qucaqlayıb bir daha ağladı. Safurə xala əlində qazan eyvana girdi. Səsi eşidib tez özünü otağa atdı.
-Qızım, nə olub?
Arvadı səsiz uzanan görüb əlini ağzına apardı.
***
Artıq nənəsinin ölümündən bir ay keçmişdi. Hər gün həyətdəki güllərdən toplayıb nənəsinin məzarını ziyarət edirdi. Bütün günü nənəsinin tikiş maşını ilə dərzilik edib pul qazanırdı. Axşamlar Safurə xala onu tək qoymurdu. Arada kənd kitabxanasına gedib saatlarca kitab oxuyurdu. Kamran da bura tez- tez gəlirdi. Birlikdə kitab seçib, uzun-uzun söhbət edirdilər. Artıq aralarında səmimi münasibət yaranmışdı. Bir gün Kamran ona öz sevgisini etiraf etdi. Qız nə deyəcəyini bilmədi. Gülümsəyib başını aşağı dikdi. Kamran lazım olan cavabı almışdı deyə, o da güldü.
Bu hadisədən cəmi bir ay keçmişdi. Qız kitabxanada oturmuşdu. Nədənsə Kamran gəlməmişdi. Kitabxanadan çıxarkən yolunu məntəqə tərəfdən saldı. Məntəqənin qapısı da bağlı idi. Qız təəccüblə kilidli qapıya baxı. Axı, hələ iş vaxtı idi. Arxadan ona səslənən Reyhan arvada tərəf döndü.
-Qızım, yəqin ki, Kamran üçün gəlmisən.
Qız utanıb başını aşağı dikdi.
-Kamran səhər erkəndən qalxıb, yükünü yığıb şəhərə qayıtdı.
Bu xəbər onu çaşdırdı. Necə yəni şəhərə qayıdıb. Bütün sözlər boğazında düyümləndi. Heç bir söz demədən evə tərəf qaçdı. Özünü çarpayısına atıb, balışı üzünə tutub ağladı. Heç bir söz demədən,bir parça məktub belə yazmadan çıxıb getmişdi.
Bir neçə gün kitabxanaya getmədi. Demək olar ki, evdən çölə çıxmırdı. Amma bu səhər poçtalyon ona bir zərf gətirdi. Mavi rəngli zərfin arxa hissəsində qızın adı yazlmışdı. İçində kiçik məktub və çobanyastığı çiçəyi var idi. Məktub Kamrandan idi. Xəbər verə bilmədiyi üçün üzr istəyirdi. Məcbur qaldığı üçün şəhərə qayıdıb. İmkan tapıb onu da öz yanına aparacağını yazırdı. Bu məktub qızı çox sevindirdi. Ümid dolu sətirləri dəfələrlə oxudu. Çobanyastığını su dolu stəkana qoydu. Gedib gəlib qoxladı. Yenidən kitabxanaya getməyə başladı. Beləcə günlər bir-birini əvəz etməyə başladı. Kamran gec-gec və qısa məktub yazırdı. 5 ay sonra artıq bu məktublar da gəlmirdi. Qız yenə də ümid edirdi ki, bəlkə başı qarışıqdı, yəqin ki, imkan tapan kimi özü nəsə yazacaq. Həm də ünvan bilmədiyi üçün özü heçnə yaza bilmirdi.
***
Bütün gün beynində qarışıq fikirlərlə dolaşırdı. Elə ki, axşam oldu, otağına girir, beyni aydınlaşırdı. Sadəcə bir fikir olur beynində. Bu otaq onu dünyadan ayırırdı sanki. Qapıdan içəri girən kimi çöllə bütün əlaqəsi kəsilirdi. Onu düşünürdü.
Otaq qaranlıq idi. Pərdəsi yarıya qədər çəkilmiş şüşəli, bağçaya açılan qapıdan ay işığı süzülərək otağın yarısını işıqlandırırdı. Çarpayının yarısı işıqlı yarısı qaranıq idi. Çarpayıya yaxınlaşaraq oturdu. Sonra balışın yerini dəyişdi. Ay işığının işıqlandırdığı tərəfə qoydu. Çarpayıda uzanıb bir xeyli ayı izlədi. Sonra özü də fərqində olmadan gülümsədi. Birdən xatırladı ki, əvvəllər o, çox gülümsəyərdi. Üzündən gülüş əksik olmazdı. Bir zamanlar onu xoşbəxt edən hadisələrdən artıq bir il ötürdü. Üzündə məyusluq dolu sərsəm gülüş, gözlərini aya dikib bu fikirləri beynində fırladırdı. Amma onu xəyal dünyasından ayıran bir şey tapıldı. Pəncərənin pərdəsiz hissəsində qara kölgə göründü. Kölgəni salan nə idi? Ya da kim idi? Hər kim idisə olduqca hündür idi. O qədər hündür ki, bütün otağı qaranlıq edirdi. Qız diksinib yerindən qalxdı. Həyəcan qarışıq qorxu bürüdü onu. Otağın sakitçiliyində onun ürək döyüntüsünü aydın eşitmək olardı. Nə edəcəyini bilmirdi. Qışqıra da bilmirdi. Sanki kimsə ağzını bərk-bərk tutmuşdu. Qorxudan yerindən tərpənə bilmədi. Gözlərini daha da geniş açdı. Az qaldı gözləri hədəqəsindən çıxa. Ayağa da qalxa bilmirdi. Elə bil onu çarpayıya kilidləmişdilər.Qorxu qızın bədəninə qəribə ağırlıq vermişdi. Amma o bütün cəsarətini toplayıb ayağa qalxdı. Asta addımlarla bağçaya açılan qapıya yaxınlaşdı. Kölgə yavaş-yavaş uzaqlaşırdı. Qız gözlərini yumub açdı. Dərk etmək istəyirdi ki, bu xəyaldı ya gerçək. Gözlərini açanda artıq kölgə yox idi. Bu, onu daha da qorxutdu. Qapını açıb bağçaya çıxmaq istədi. Tərəddüd etdi. Bir xeyli qapının astanasında dayadı. Qapının astanasıdan boylanaraq bağçaya göz gəzdirdi. Ay işığı bütün bağçanı işıqlandırmışdı. Xəfif külək əsərək nərgizlərin qoxusunu ona gətirdi. Gözlərini yumub bu ətri ciyərlərinə çəkdi. Sakitləşdi. Astaca qapını örtüb, çarpayısına yaxınlaşdı. Uzanaraq bir xeyli düşündü. Bütün bu olanlar nə idi axı. Bəlkə artıq ağlını itirir. Amma bu kölgə necə də Kamranı xatırladırdı.Səhər oyanan kimi qərar verdi ki, şəhərə getsin. Kamranın ünvanını bilməsə də soraqlaşıb tapar.
Bir neçə paltarını çantasına yığıb, evi Safurə xalaya tapşırdı. Nənəsinin qəbrini ziyarət edib, şəhərə getmək üçün avtobusa mindi.
***
Kamran uzun müddət baş ağrılarından əziyyət çəkirdi. Bir səhər başında küt ağrı ilə yuxudan oyandı və şəhərə gedib yoxlanmağı qərara aldı. Özünü o qədər pis hiss edirdi ki, heç ona xəbər belə vermədi.Şəhərdə bir çox həkim, professorlar görüşdü. Başında şiş var idi. Müalicələr nəticəsində ağrılar azalmışdı. Buna ümidlənib qıza məktublar yazırdı. Özlüyündə planlar qurmuşdu. Onu şəhərə gətirəcəkdi. Ali təhsil almasına kömək edəcəkdi. Onsuz da kənddə qalması üçün heç bir səbəb yox idi. Amma qısa müddətdən sonra xəstəlik onu yataqdan qalxmamağa məcbur etdi.
Qız avtobusdan düşəndə günorta olmuşdu. Hara gedəcəyini, Kamranı harda axtaracağını bilmirdi. Nə bir ünvan var idi, nə də tanış. Təkcə Kamranın əvvəl işlədiyi xəstəxananın adını bilirdi. Öz-özünə düşündü ki, bəlkə Kamran indi başqa xəstəxanada işləyir. Amma bəlkə də orda bir tanış,əlaqəsi olan biri tapılar. Vaxt itirməmək üçün taksiyə oturub düz xəstəxananın qarşısında düşdü. İçəri girib Kamranın adını deyərək onun haqda öyrənməyə çalışdı. Amma burda elə biri işləmədiyini dedilər. Bütün ümidləri bir anda qırıldı. Daha onu hardan tapacaqdı? Ağır addımlarla yerindən tərpənib xəstəxanadan çıxmaq istədi.Amma birdən ağlına nə gəldisə geri çevrilib Kamranın burda işlədiyi illər barədə məlumat almağa çalışdı. Bu zaman qız Cavid adlı bir həkimin həmin illərdən bəri xəstəxanalarında çalışdığını bildirdi. Qız həkimin otağının yerini öyrənib ikinci mərtəbəyə qalxdı. Qapını döyüb içəri girdi. Cavid həkimlə söhbətləri qısa oldu. Elə Kamranın adını çəkən kimi Cavid həkimin üzündə kədər yarandı. Dodaqları əsdi.
– Yəqin ki, xəbəriniz yoxdur.Biz…biz Kamranı itirdik. Artıq aydır ki, o yoxdu.-deyib həkim başını aşağı dikdi. Qız bilmədi nə etsin. Sadəcə donub qalmışdı. Sonra həkim nələrsə dedi. Onun xəstə olduğu haqda qısa məlumat verdi. Bütün bunlar onun qulağına quyudan gələn səs kimi gəlirdi. Sadəcə qəbirstanlığın ünvanını öyrənib, asta-asta otaqdan çıxıb xəstəxananı tərk etdi. Beynində o qədər sual var idi ki,amma bütün cavablar sadəcə Kamranda idi.
Kamranın qəbrinin yanındakı çobanyastığılar çiçəklənmişdi.