XIX əsrin sonu, XX əsrin əvvəllərində Böyük Britaniya yazıçısı Con Qolsuorsi roman, novella və dram əsərlərində ölkəni bürüyən mənəvi böhranı əks etdirirdi. Hələ yaradıcılığının ilk illərindən o, incəsənətin cəmiyyətə məxsus olduğu ideyasını müdafiə edir, ədəbiyyatın riyakarlığa, saxtakarlığa, istismara və ictimai ədalətsizliyə qarşı mübarizədə ən kəsərli silah olduğunu təbliğ etməyə başlayır. İncəsənətdə yeni təzahür edən postimpressionizm, dadaizm, kubizm, futurizm kimi cərəyanlara nifrətini açıq şəkildə bildirən yazıçı onların mənəvi-estetik təsirdən uzaq olduğunu kəskin tənqid edir, yazılarında ardıcıl olaraq fərdin özünüidarə və davranışında psixoanalitik metodun inkarı mövqeyində dayanır. “Xəyali qəsr” (1928), “Müşahidələr və düşüncələr” (1937) esse və ədəbi tənqidi əsərlər toplusunda o, klassiklərin ənənələrinin prinsiplərini müdafiə edir. “Forsaytlar haqqında əfsanə” əsərinin müəllifi C. Qolsuorsi oxucuların qarşısında humanizm və ədalət carçısı, incəsənətin və ədəbiyyatın mahir bilicisi kimi dayanır. Yazıçının böyük erudisiyası, geniş biliyə malik olması ona müxtəlif xalqların və dövrlərin əsərlərini təhlil və müqayisə etmək imkanını verir. 1928-ci ildə yazdığı “Yazıçı inamı” polemik məqaləsində Vircinya Vulfa və psixoloji məktəbə qarşı kəskin fikirlər söyləyir.
Hissə bütövdən ayrı ola bilmədiyi kimi, həqiqətin də insandan ayrılıqda mövcudluğu mümkün deyil. İnsan sadəcə, onsuz yaşaya bilməz. Yaradıcı insanın üzərinə düşən əsas vəzifə, həyatdakı proseslərdə gizlənən həqiqəti aşkarlayıb təsvir etməkdir. İki eyni təsvir mümkün olmadığı kimi, həyati təzahürləri də iki cəhətdən təsvir etmək mümkün deyil. Yazıçıdan sadəcə onu görmək bacarığı tələb olunur.
Bədii əsərlər yazıçının kimliyini təqdim edir. Məsələn, Qoya, Domiye, Velaskes və Metyu Merisanın yaratdığı əsərlər həmin yazıçıların şəxsiyyət vəsiqəsidir. Burada söhbət yüngül, ağıllı karikaturaçıların metodlarından getmir.
Vacib deyil ki, roman müəllifin əhval-ruhiyyəsini tam təmin etsin, söhbət əsl yaradıcı insandan gedirsə, o, özünə qarşı çıxmağı da bacarmalıdır. Yaratmaq sözü sıradan bir ifadə deyil. Onun öz məsuliyyəti və öz həqiqəti var.
Roman yazmaq xüsusi yanaşma, təravətli istedad tələb edir. Roman yazıçıdan hamının görə bilmədiyini görməyi tələb edir. Deyək ki, Mopassanın romanlarını onun müəllimi Floberlə, yaxud, Corc Elyotun əsərini Dikkensin əsəri ilə müqayisə etdikdə, onların roman janrının tələblərinə münasibətlərinin tam müxtəlif olduğunu görərik.

Con Qolsuorsi
Bəziləri bu nöqteyi-nəzəri müdafiə edir ki, guya, yazıçının yeganə funksiyası təbiətdə olan hadisələrə, həqiqətlərə heç bir müdaxilə etmədən, olduğu kimi təqdim etməkdən ibarət olmalıdır. Mənim fikrimcə bütöv incəsənət üçün belə bir hökm vermək qəbuledilməzdir. Çünki təbiətdə mövcud olan həqiqətlərə münasibət yaradıcı adamın fərdi baxışından, fərdi yanaşmasından asılıdır. Yazıçının gördüyü hadisələri müşahidə etməsi, onlar arasında müqayisələr aparması və bütün bunlara onun şəxsi münasibəti və yaradıcı fantaziyası nəticəsində şedevrlər yaranır. Bunun üçün uzunmüddətli müşahidə aparmaq qabiliyyəti və yaradıcı düşüncə tərzi lazımdır. Bunsuz biz yazıçılar nəyəsə nail ola bilmərik. Əks təqdirdə biz “jurnalizm”in ənənələrini davam etdirmiş olarıq. Axı, hər hansı yazıçının temperamenti digəri ilə uyğun gəlməyə bilər. Çünki hər bir yazıçıda emosional və analitik düşüncə tərzi müxtəlifdir və daim bir-biri ilə vuruşdadır. Bəzən biri, bəzən digəri qalib gəlir. Çox nadir hallarda emosional hal ilə analitik düşüncənin razılığı yaranır. Ayıq oxucu yazıçıda gedən bu prosesi dərhal duyur. Yazıçı öz romanını yazanda həmişə oxucunun intellekt səviyyəsini nəzərdə tutmalı və həmin oxucunun ona bu və ya digər məsələlərlə bağlı sual verəcəyini gözünün önünə gətirməlidir.
Görünür, istedadlı yazıçıların taleyinə gecikmiş bir qismət yazılıb; o, ölümündən sonra əsil qiymətini almalıdır. Yazıçı o zaman özünü xoşbəxt hiss edir ki, sağlığında onun əməyi, qazandığı uğurlar cəmiyyət tərəfindən qiymətləndirilir. Bununla yanaşı, onu ən çox maraqlandıran yaradıcılığına gətirdiyi yeniliyə oxucu münasibətidir. Əgər yazıçı xroniki olaraq öz təkəbbürünün əsiri olub qalacaqsa, ədəbiyyat cəbhəsində gedən proseslərə biganə yanaşacaqsa, o, əsərinin cəmiyyət tərəfindən necə qiymətləndirildiyini düzgün təyin edə bilməyəcəkdir. Bu hal həmin yazıçıda bir növ nəşəxorlara xas olan xüsusiyyəti xatırladır. Danılmaz həqiqətdir ki, öz yaradıcı temperamentini düzgün qiymətləndirən yazıçı heç vaxt belə bir xüsusiyyətə malik ola bilməz. Onun əsəblərinə toxuna biləcək hər hansı neqativ hal, qeyd olunan fakt cəmiyyətə aid deyilsə, mütləq öz təsirini tezliklə itirəcəkdir. Ola bilsin ki, onun təsvir etdiyi ədəbi hissə oxucuya bütövdən ayrı götürülən parça kimi görünə bilər, lakin həmin istedadlı yazıçı cəmiyyətlə əlaqəli məsələdə özünün bədii mövqeyini qorumaq iqtidarında olacaq. Yazıçı məsuliyyəti, yazıçı şəxsiyyəti hiss ediləcək dərəcədə daim onu narahat edəcək.
Başqa bir gercək hiss də var: “ taleyimə nə yazılıbsa, o da olacaqdır” fikri ilə yaşayan yaradıcı insanda xarakter zəifliyi özünü tezliklə büruzə verəcək. Elə yazıçılar da var ki, şəxsi mənafeyi baxımından həyata ironik münasibət bəsləyir. Yenilik adıyla qarşısında dayanan heç kimdən, heç nədən çəkinmədən şəxsi tərbiyəsinə, əxlaqına uyğun davranır. Yazıçıda məsuliyyət hissi ilə yanaşı, ictimailəşmiş həya hissi olmalıdır. Təbii ki, bu hiss yaratdığı obrazlarda öz əksini tapmalıdır.
Bizim müasir durumda cəmiyyət bəzən kor-koranə gurultulu təbliğata uyaraq, həqiqətin üzünü bürüyən boz dumanın çəkilib gedəcəyinə inanmır, nəticəni gözləməyə hövsələsi çatmır. Doğrudur, boz dumanın o tərəfindəki tam həqiqəti görmək hər kəsin işi deyil, bəzən də qeyri-mümkün görünür. Bu hal mövcud aristokratiya tərəfindən bilərəkdən yaradılır.
Aristokrat cəmiyyətdə kök salan riyakarlıq, ikiüzlülük heç bir zaman demokratik dəyərləri olduğu kimi təqdim və ya tədqiq edə bilməz. Bəzi ziyalılar xristianlıq doktrinaları ilə çıxış edəndə bu halət, yəni riyakarlıq özünü açıq şəkildə göstərir. Artıq bu riyakarlıq onların qanında və iliyindədir. Aristokratiya bütün dövrlərdə özünü bu cür aparıb.
Yazıçı, əgər o, doğurdan da yazıçıdırsa, bilməlidir ki, o nə siyasətçidir, nə də məktəb müəllimi. Onların yerini və vəzifələrini tutmağa çalışmamalıdır. Yazıçının vəzifəsi sosial, etik, bəşəri dəyərləri yaratdığı obrazların xarakterində verməkdir. O başqa məsələ ki, təsvir və bədii təqdimat müxtəlif forma ala bilər. Onun qəhrəmanları neqativ örtükdə də, realist biçimdə də, hətta satirik də ola bilər. Lakin hər bir halda yazıçı yaratdığı qəhrəmanına neytral hisslərlə yanaşmağı bacarmalıdır. Ona nə yuxarıdan aşağı, nə də aşağıdan yuxarı baxmamalıdır. Əsərdən həzz almaq və ya onu kənara qoymaq isə artıq oxucunun işidir.
Şedevr əsərlərdə yaradılan obrazların çoxu həmişə oxucuların yaddaşında yaşayır, onlarla ayrılmaz dost kimi birgə addımlayır, nəfəs alır, mübarizə aparır. Çünki onlar insani dəyərləri özündə birləşdirməyi bacarıb. Bu sıradan Don Kixot, Sanço Pansa, Hamlet, Lir, Falstaf, Tom Cons, Faust, Dartanyan, Sem Ueller, Betsi Trotvud, Mikouber, Bekki Şarp, mayor Pendennis, Milıy druq, İrina, Bazarov, Nataşa, Stepan Arkadyeviç, Anna Karenina və s. artıq onlar oxucuların təsəvvüründə canlı insanlardır.

Dözümlü adam, Con Qolsuorsi
İstedadlı oxucu hətta təcrübəli yazıçının da şıltaqlıqlarını bağışlamır. Savadlı oxucu istəyir ki, əsərdən özü nəticə çıxarsın. Əslində əsərə ən dəqiq resenziyanı oxucu verir. Oxucunun zövqünü korlayan, həyatı dərk etməkdə ona yardımçı ola bilməyən yazıçıdan yaddaşlarda yaşayan qəhrəman yaratmağı gözləmək olmaz. Bununla yanaşı bəzən özü də bilmədən yazıçı şıltaqlığı oxucunun razılığına səbəb ola bilir. Məsələn, Düma qəhrəmanı Atosun simasında bu həqiqəti doğruldur. Kitabın birinci hissəsində onlar vuruşmurlar, daim sərxoş olurlar. Amma biz onları sevirik, çünki onlar öz davranışlarında, cəmiyyətlə münasibətlərində səmimidilər. İkinci və Üçüncü hissədə isə elə bir fiqura çevrilirlər ki, onlara olan marağımız azalır və bu maraq hiyləgər Aramisə, qeyri-adi Portosa tərəf yönəlir. Bunu estetik zövqün böhranı kimi də qəbul etmək olar.
Yazıçı cəmiyyətlə işləyirsə və bir qədər tənqidə meyillidirsə, istər-istəməz satiraçı olur. O cəmiyyəti təsvir edərkən hamının işlətdiyi sözlərlə danışsa da, təkcə gördükləri ilə kifayətlənmir, o həyatda hamının baxıb, lakin görə bilmədiyini görür və özünəməxsus satirik dil və üslubla, ironik ifadələrlə onu təqdim edir. Satirik yazıçı qaranlıq künclərə baxmaqdan özünü saxlaya bilmir və bu xarakter yaradıcılıqda sona qədər onunla yanaşı addımlayır. Onun üçün cəmiyyətdə bütün təbəqələrin- peşəkar və plutokratların, zadəganların, intellektualların, aristokratların özünəməxsus zəif cəhətləri var. Özünə inamı olan satirk yazıçı yaratdığı obrazlara güzgü tutur ki, insanlar bu güzgüdə özlərini görə bilsinlər və necə göründüklərinin fərqinə varsınlar. Baxmayaraq ki, onlar mütləq şəkildə bir-birindən fərqlənirlər, bu zaman biz Forsaytlara, Pendaysanlara və Keradoklara da inam gətirəcəyik. Çünki onları birləşdirən bir oxşar cəhət var: – “Ölüm” adlı xəyali dünyada da həyat davam edir.
Yazıçının məqsədi həyatın müəyyən bir hissəsini təsvir edərkən onu mütləq bütövlə əlaqələndirməkdir. Yazıçı təsvir etdiyi hissəni bütövdən ayırıb onun xəstəliyini müalicə etməklə məşğul olmamalıdır. Sadəcə, dolayı yolla evolyusiyaya nail olmaqdır. Sadəlövh və yaxud əksinə, inamlı yazıçı elə fikirləşir ki, yalnız seksi diqqətlə izləməklə insanın bu məsləyə münasibətini dəyişə bilər. Həmin yazıçı okeana baş vurub o biri sahildən çıxmaq arzusu ilə yaşayan nataraz üzgüçüyə bənzəyir. Ehtirasın psixologiyasını yolu olmayan labirintlərlə təsvir edərkən yazıçı adi oxucuları inandıra bilər. Lakin ayıq oxucu öz hisslərini yazıçı terrorundan qorumağı bacaracaq. Yazıçı özünün yaratdığı obrazın fikirlərinə də hörmətlə yanaşmalıdır. Obrazın qarşısında duran məsələləri öz istəyinə uyğun yox, obrazın istəyinə uyğunlaşdırmalıdır. Qoy həmin obraz özü fikirləşsin. Onun fikirlərinə yersiz müdaxilə obrazı iflic vəziyyətinə salmış olur. Bu halda yazıçı bütün təbəqədən olan insanların psixologiyasını dərindən bilməyə borcludur…
Bir sözlə, yazıçı öz ilhamına inanmalı, yaşadığı mühitin psixologiyasını dərindən bilməli, ölkədə və dünyada gedən ictimai və ədəbi prosesləri diqqətlə izləməli, ən nəhayət yazmağı bacarmalıdır. Vəssalam..!
Tərcümə : Zakir Abbas