Artreview-də yayımlanan sorğudan Oksforddakı Pitt Rivers Muzeyinin kuratoru Den Hiksin “COVID-19 dövründə muzeylər üçün mikro manifest” başlıqlı yazısı. Den Hiks, İngiltərənin oğurladığı Benin bronzları başda olmaqla, Qərb ölkələrinin imperialist sənət talançılığını araşdırır.
Yenidən bölüşdürmə: Kolleksiyaların, pulun və gücün bir-neçə zəngin meqapolis şirkətinin əlində cəmləşdiyi illərin ardından, bütün bunların yerli muzeylər arasında yenidən bölüşdürülməsi dövrü başlamalıdır.
Çeşidlilik: Muzeylər sosial legitimlik qazanmaq istəyirlərsə, xidmət etdikləri cəmiyyətləri təmsil etməyə başlamalı, “Black Lives Matter” şüarını əsas tutmaqla irqçilik əleyhinə aktiv fəaliyyət göstərməlidirlər.
Kolleksiyalar: Muzeylərin dataları biabırçı şəkildə yarımçıqdır. Kolleksiyaların sənədləşdirilməsinə və ictimai istifadə üçün nəzərdə tutulmuş fotolara təcili maliyyə ayrılmalıdır. Muzeylərin əllərində olan əsərlərə dair məlumat hazırlaması və bu məlumatı bölüşməsi onların vəzifə borcudur.
Oğurluq: Avropa və Amerika muzeyləri Qlobal Cənubdan taladıqları əmlakı yerinə qaytarmalı, HEÇ BİR OĞURLUQ əmlakın olmadığı bir muzey sektoru yaratmalıdırlar.
İnsanlıq: İstər virtual aləmdə, istər gerçək həyatda fəaliyyət göstərən muzeylər ictimai məkanlardır. Bizim auditoriyamız artıq ortaq istehsalçıya çevrilməlidir. İnsanlara obyektlərdən daha çox önəm verən muzeylər və qalereyalara həmişəkindən daha çox ehtiyacımız var.