Kino və siyasi hakimiyyət mövzusunu araşdıranda maraqlı paradoksla qarşılaşdım. Bəzi ölkələrdə sərt rejim kinonun az qala bir sənət növü kimi məhvinə rəvac versə də, digər ölkələrdə kinonun inkişafına təkan olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi maneçilik törədib. Lakin bu tendensiyasının əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, hələ də teokratiyadan əziyyət çəkən, amma dünya kinematoqrafiyasında hadisə sayılan İran kinosu dayanır.
İtalyan faşizmi
Dünya kinematoqrafiyasında estetik inqilab etmiş italyan neorealizmi müharibə illərində-faşizm diktaturası dövründə təşəkkül tapdı. Əslində neoreolizm cərəyanı faşist diktaturası əleyhinə müqavimət və etiraz kimi ortaya çıxmışdı. Maraqlısı isə o idi ki, faşizmin qatı əleyhdarları və neorealizmin parlaq nümayəndələri Roberto Rosselini, Lukino Viskonti, Viitorio de Sika, Cüzeppe de Santis və sonralar tanınmış digər italyan rejissorları Mussolininin qılıncının dalını-qabağını kəsdiyi vaxtlarda onun oğlu Vittorionun baş redaktoru olduğu “Cinema” kinojurnalının ətrafında toplaşmışdılar. Daha doğrusu, toplaşmağa məcbur idilər. Çünki o, bütün italyan kinosənayesini ələ almışdı və onun icazəsi olmadan film çəkmək qadağan idi. Üstəlik, ssenarilər yazan Vittorio italyan kinosənayesi ilə öz şəxsi mülkü kimi rəftar edirdi.

Pyer Paolo Pasolini “Teorema”
Həmin dönəmdə İtaliyada “Bəyaz telefonlar kinosu” (Cinema dei telefoni bianchi) tendensiyası hökm sürürdü. “Bəyaz telefonlar kinosu” filmlərdə bəyaz telefonlardan istifadə ilə bağlıydı və maddi təminatın ifadəsi, cəmiyyətdə yüksək statusun sumvolu sayılırdı.
1936-cı ildə 1943-cü ilədək davam edən bu tendensiya eyni zamanda “Macar komediyaları” və “Cinema Deko” da adlanırdı. “Macar komediyaları” adı ssenari müəlliflərinin əksərinin macar əsilli olması ilə əlaqəliydi. “Cinema Deko” isə filmərdə təsvir olunan interyerlərin Ar-deko (Qərbi Avropa və Amerikanın təsviri və dekorativ sənətində üslubdur, modernizm və neoklassizmin sintezidir, ona həmçinin, kubizm, futurizm, konstruktivizm təsir göstərib) üslubundakı bahalı, təmtəraqlı dekorasiyaların qurulması sayəsində meydana çıxmışdı.
“Kino ən güclü silahdır” (Leninin “Bütün sənət növləri içərisində bizim üçün ən vacibi kinodur” fikrinin təsirindən yaranıb) düşüncəsinə əsaslanan yeni kinematoqraf mühafizəkar yönlü idi, ailə dəyərlərini, sosial ierarxiyanı təbliğ edirdi və istiqamətin məşhur nümyəndələri Mario Kamerini, Alessandro Blazetti idi. Buradakı təsvir olunan qayğısız həyat, zənginlik, inkişaf reallıqdaki yoxsul, diktaturadan əziyyət çəkən cəmiyyətlə kontrastdaydı.
Bununla belə, bəzi rejissorlar həyatlarını risqə ataraq faşizm haqda həqiqətləri anladan filmləri gizlin çəkirdilər. İtalyan neoreailzminin etalonu və əsas hadisəsi sayılan Roberto Rosselini “Roma-açıq şəhərdir” (1945) filmini məhz belə şəraitdə çəkmişdi. 1945-ci ildə Mussolini devrilsə də, İtaliya hələ almanların işğalı altında idi. Real hadisələrə əsaslanan ekran əsəri alman ordusunun dinc insanlara basqınından, rejimin əleyhinə çıxanlara qarşı amansız repressiyalardan danışır.
Küçələrdə birbaşa çəkiliş, təbii işıq, aşağı təbəqənin bəzəksiz-düzəksiz təsviri, ulduz aktyorlardan, musiqidən, dekorasiyadan imtina, real adamların iştirakı, gerçək dekorasya və rekvizitlər neorealizmin əsas prinsipləriydi.
Faşist dikaturası və kino mövzusundan danışarkən bu cərəyanın digər tanınmış təmsilçisi, Müqavimət Hərəkatının iştirakçısı və buna görə həbs olunan, hətta bəzi iddialara görə həbsdə seksual zorakılığa məruz qalmış Lukino Viskontini xatırlamamaq ədalətsizlik olardı. O, 1943-cü ildə ekranlaşdırdığı “Mübtəlalıq” debütünü özünün şəxsi və İtaliya Kommunist Partiyasının vəsaiti hesabına ekranlaşdırmışdı. Filmdə ərinin sərvətini ələ keçirmək istəyən qadın məşuqəsi ilə birgə onu qətlə yetirir. Amma rejissor tamaşaçının diqqətini həm də bu hadisənin fonunda yoxsulluğa, sosial problemlərə çəkir.
Müharibə bitəndən sonra da neorealist üslubda filmlər lentə alınırdı. Həmin filmlər faşist diktaturasının qoyduğu izlərdən danşırdı: sosial bərəbərsizlikdən, işsizlikdən, ölkədə müharibənin yaratdığı xarabalıqlardan, mənəvi ağrılardan. Bu filmlər arasında C. de Santisin “Faciəvi ov”, “Roma, saat 11”, De Sikanın neorealizmin klassikası sayılan “Velosiped oğruları”, “Şuşa”, Viskontinin “Torpaq titrəyir” kimi ekran əsərləri var.

Vittorio De Sika “Velosiped oğruları”
1950-ci illərə doğru getdikcə iqtisadiyyat bərpa olunur, müharibənin ağrıları unudulurdu. Məhz belə bir mərhələdə İtaliya hökuməti pessimist əhval-ruhiyyəli neorealist filmərin çəkilməyini istəmirdi. İtalyan neorealizminin görkəmli simalarından biri Vittorio De Sika “Umberto D” neorealist dramını çəkəndən sonra ölkənin Mədəniyyət Nazirliyi ona pessimist film çəkdiyinə görə irad tutur. Üstəlik, italyan kinotənqidçiləri də ekran əsərini bədbinliyə görə amansız tənqid edirlər. Bundan sonra De Sikanın yaradıcılığında komediya, melodram janrları geniş yer alır. İtaliya kinosunda isə dünya kinematoqrafiyasına təsir göstərən modernist mərhələ yaranırdı. Müasir sənayeləşmə, urbanlaşma fonunda fərdin özgələşməsi, biganəliyi, onun cəmiyyətdəki davranışının sosial motivləri, insanların ünsiyyətindəki çatlarının səbəblərinin tədqiqi – məhz modernist rejissorların ekran əsərlərində öz əksini tapırdı: Mikelancelo Antonioninin “Bir məhəbbəin xronikası”, “Gecə”, Federiko Fellininin “Yol”, “Şirin həyat”, Viskontinin “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” . Paolo Pazolini isə kinematoqrafiyanı sosial, marksist analizlərlə, mifik əsas və poetik konstruksiyalarla zənginləşdirirdi: “Teorema”, “Donuz damı”.
İtalyan neorealizmi yeni fransız, alman, İran kinosuna, “Doqma 95”-ə, müstəqil Amerika kinosuna əhəmiyyətli təsir göstərdi.
Franko İspaniyası
Kinodan təbliğat kimi istifadə eləməyə başlayan və senzura tətbiq edən Fransisko Frankonun (Frankonun hakimiyyəti 1936-1975 illəri əhatə edir) tərəfdarları Milli Kinematoqrafiya İdarəsini, bir qədər sonra isə Dövlət Kino Məktəbini yaradır. Ölkədəki siyasi vəziyyətə qarşı çıxan peşəkar kinematoqrafçıların əksəriyyəti vətəni tərk edir.
Rejissor Xuan Antonio Bardem çıxışlarından birində müharibədən sonrakı ispan kinosunu amansız və vicdansızlıq kimi dəyərəndirirdi: “Əslində ispan kinosu siyasi baxımdan qeyri-effektiv, sosial cəhətdən saxta, qeyri-estetik və sənaeyi cəhətdən zəifidr”.
Bununla belə ispan kinosu İkinci Dünya Müharibəsindən sonrakı inkişafını, hazırkı uğurlarını- tamamilə əks məqsədlərlə yaradılmasına baxmayaraq, Frankonun təsis etdiyi kino məktəbindən çıxmış solçu, müxalif mövqeli gənc rejissorlara – Mario Kamusaya, Migel Pikasoya, Fransisko Reqeyroya, Manuel Sammers və Karlos Sauraya borcludur.
Bu bölmədə sürreal kinonun lideri, dahi Luis Bunueli xüsusilə qeyd etmək lazımdır. Rejissorun İspaniyanın Las Urdes əyalətində insanların yaşamaq uğrunda mübarizəsindən bəhs edən “Çörəksiz torpaq” (1933) sənədli lenti Frankonun hakimiyyəti dövründə qadağan olunur, onu antivətənpərvərlikdə qınayırlar . Bunuel tezliklə İspaniyadan Avropaya, ordan da Amerikaya mühacirət edir, daha sonra Meksikada yaşamağa başlayır.

Luis Bunuel “Çörəksiz torpaq”
Bununla belə, o, iki filmini “Tristiana”və “Viridiana”nı Franko İspaniyasında çəkib və çəkilişlərə hakimiyyət tərəfindən maneçilik törədilməyib. “Viridiana” (1961) filminin süjeti Viridiana adlı rahibə haqqındadır və rejissora görə, katolik kilsəsinin yaydığı “müqəddəs həyat” anlayışı əslində insanın təbii ehtiyaclarının sıxışdırılmasına əsaslanır.
Xeyirxahlıq eləmək istəyən Viridananın niyyəti amansızlığın, tamahkarlığın idarə etdiyi dünyada iflasa uğrayır. Onun insanlara yardımı müqabilində təhqir olunması İsa Məsihin obrazı ilə eyni təəssüratı yaradır. Viridiananı eyni zamanda Don Kixotla müqayisə edirlər- onun mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsi kimi anlamsızdır.
Bu filmi ilə Bunuel həm də Franko İspaniyasının portretini yaradıb. O, Franko İspaniyası dövründə tabu olan məsələlərə toxunur: insest, intihar, qadına qarşı zorakılıq, küfr….Kannda “Qızıl palma büdağı”nı alan film İspaniyanın Turizm və İnformasiya naziri tərəfindən qadağan olundu. Eyni zamanda İspaniya Sinematekasının direktorunu Kannda mükafatı qəbul etdiyi üçün təcili təqaüdə yolladılar. “Viridiana” İspaniyada 16 il, Franko rejiminin süqutuna kimi qadağan olundu.
Bir çox kino mütəxəssisləri “Viridiana”nı rejissorun ən iddialı, ən yaxşı əsəri adlandırır və ispan kinosunun əsas filmlərindən biri sayırlar.
Hitler Almaniyasında kino
Avropada diktatura rejimindən ən ox əziyyət çəkən sözsüz ki, alman kinosu idi. Alman kinosu hələ 1917-ci ildən dövlətin monopoliyasına keçməyə başladı. Çünki dövlət kinonu ən uğurlu təbliğat vasitəsi sayır və rejissorlardan pafoslu intonasiyada vətənpərvər filmlər çəkməyi tələb edirdi. Amma alman tamaşaçısı daha çox əyləncəli filmlərə maraq göstərdiyindən dövlət bu cür filmləri də sifariş verməyə məcbur idi.
1920-33-cü illərdə alman kinosunda ekspressionizm cərəyanı yayılır. Ekspressionizm estetikasındakı filmlər Birinci Dünya Müharibəsindən sonra kəskinləşən sosial ziddiyyətərə, ictimai ədalətsizliyə, müharibəyə qarşı fərdiyyətçi etirazın ifadəsi kimi meydana gəlmişdi. Birinci Dünya Müharibəsində travma almış gənc nəsil əsərlərində reallığı son dərəcə subyektiv göstərir, onu emosiyalarla- həyəcan, qorxu, əndişə ilə ifadə edirdilər. Ekspressionizm cərəyanının ən parlaq nümayəndələri Fridrix Murnau (“Nosferatu-dəhşətin simfoniyası”), Robert Vine (“Doktor Kaliqanın kabineti”), Fritz Lanq (“Metropolis”) idi.
Nasional-sosialistlərin hakimiyyətə gəlişi ilə alman kino sənayesində də dəyişiklik yarandı. Bu cərəyanının bütün filmlərinə qadağan qoyuldu və dövlət kinonu tamailə nəzarətə götürdü. Kinosənayesi Almaniyanın Xalqı Maarifləndirmə və Təbliğat naziri Yozef Gebbels tərəfindən idarə olunurdu. O, çıxşlarında qeyd edirdi ki, alman kinosu əyləncəli, ruhən nasional sosialist olmalı və aşkar sezilməyən təbliğat aparmalıdır.1936- cı ildə isə Gebbels kinotənqidini də qadağan etdi. Daha doğrusu, dərin, tənqidi analizlər qadağan edilmişdi, ancaq neytral yazılar yayımlana bilərdi. 1942-ci ildə hökumət bütün kinostudiyaları UFA-Film konserni altında birləşdirdi.
Bunadək isə artıq onlarla rejissor Fritz Lanq, Peter Lorre, Duqlas Sirk, Billi Uaylder və başqaları ölkəni tərk edərək, əsasən Amerikaya üz tutdular. Bu dövrdə hakimiyyət üçün təhlükəli sayılmayan əyləncəli və təbliğat filmləri istehsal olunurdu. Repressiyalara baxmayaraq, hakim ideologiya ilə üst-üstə düşməyən kiçik büdcəli filmlər də çəkilirdi. Amma həmin filmlər ciddi senzuraya məruz qalırdı. Hərçənd, kino mütəxəssisləri həmin dövrün kinosənayesində müsbət tərəflərin də olduğunu istisna etmirdi: dövlət kinoya külli miqdarda vəsait ayrırdı, kinosənayesi texniki baxımdan təkmilləşirdi.
Almaniya bu dövrdə dünya kinosuna eyni zamanda sənədli kino ustalarından biri, Hitlerlə əməkdaşlıq edən dahi Leni Rifenştalı da tanıtdı. Rifenştal “Alman incəsənətinə böyük töhfələrinə və Fürerin obrazının bədii təcəssümünə görə” ali nasist mükafatlarını almışdı.

Leni Rifenştal “İradəni zəfəri”
Ən yaxşı təbliğatfilmlərindən sayılan “İradənin zəfəri” (1935) nasist partiyasının 1934-cü ildə Nürnberqdə keçirdiyi VI qurultayına ithaf olunmuş və Vaqner operasının nəhəng vizualizasiyasını xatırladırdı.
Rifenştalın “Olimpiya” (1938) filmi Berlindəki Olimpiya oyunlarında ari irqin üstünlüyünü göstərirdi. Tənqidçilər tərəfindən hələ də bütün dövrlərin ən yaxşı sənədli filmlərinin onluğuna daxil edilən “Olimpiya” Nitşesayağı ruhda çəkilmişdi, hər kadr fövqəlinsan haqqında ideyanı əks etdirirdi. Film Olimpiya oyunlarının tarixinin təsviri ilə başlayır. Antik heykəllər sinələrinə svastika döyülmüş çılpaq alman atletlərinin və idmançılarının homoerotik obrazlarında “canlanır”. Onların əllərindəki idman ləvazimatları əsl silahlar qədər vahiməli təsir bağışlayır.
Alman xarakterinun mahiyyəti ilk növbədə tarixi, kostyum filmlərdə ifadə olunurdu. Ona görə Şiller, Bismark, Robert Kox və real şəxsiyyətlər haqqında filmərin istehsalına üstünlük verilirdi.
Müharibədən sonra müttəfiqlər bu dönəmdə istehsal olunan filmlərin bütün surətlərini müadirə etdi. Nəticədə ideiloji dəyəri olmayan bir qism film nümayişə buraxıldı. Nasisit ideologiyasını, militarizmi təbliğ edən 200-dək film isə qadağan olundu. Düzdür, zamanla onların sayı azaldırlsa da, indiyədək 40-a yaxın film qadağa siyahısındadır.Fayt Harlanın “Yəhudi Zyuss”, Fritz Hipplerin “Ömürlük Yəhudi” filmləri bu qəbildəndir.