İmmanuel Kanta görə “Aydınlanma, insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilasıdır. Qeyri-yetkinlik -başqası tərəfindən yönləndirilmədən, öz ağlından istifadə bacarığının olmamasıdır”. Kant, romalı şair Horasdan borc aldığı “Sapere aude!” (“bilmə cəsarəti göstər”) ifadəsini Aydınlanmanın şüarı kimi təqdim edir.
Moses Mendelssona (1729-1786) görə, “Aydınlanma, insan ağlının istifadəsinə dair hələ tamamlanmamış və hamıya açıq qalması zəruri olan təhsil proyektinin adıdır. Buna görə Mendelsson, aşağı təbəqədən insanlar arasında Aydınlanma fikirlərini yaymağı qarşısına məqsəd qoymuş “populyar fəlsəfə” cərəyanını dəstəkləyirdi”.
Sayları 100-dən çox olan 18-ci əsr fransız ensiklopediyaçı yazarlar, bilginin demokratikləşməsi tərəfdarı idilər və nəşr etdikləri ensiklopediyalarda əlifba sırası ilə dövrün bütün bilgilərini hər kəsin anlayacağı şəkildə açıqlamağa çalışırdılar. Elmi və sekulyar düşüncənin yayılması, tolerantlıq, açıq fikirlilik və rasionallıq ideyalarının geniş kütlələrin mənimsənməsi də enksiklopediyaçı yazarların məqsədləri arasında idi.
Dorinda Outram, Rochester Universitetinin tarix professorudur, Aydınlanma dövrü üzrə ixtisaslaşıb, “Bədən və fransız inqilabı”, “Elm qadınları” və fransız naturalisti, ilk paleontoloq sayılan Georges Cuvierin həyatından və dövründən bəhs edən “Georges Cuvier” kitablarının müəllifidir.
Kitabda, modern dünyanın formalaşmasında tarixin ən əhəmiyyətli dövrlərindən biri olan-gender bərabərliyi, köləliyin ləğvi, azadlıq, inkişaf, rasionalizm, kilsə və dövlətin ayrılması ideyalarının eyni anda və intensiv müzakirə edildiyi dövr haqqında ətraflı məlumat verilir, bu ideyaları təbliğ edən müəlliflər və onların vacib əsərləri dövrün siyası kontekstində təqdim olunur.
Aydınlanmanın yaranmasında kofe evləri kimi ictimai məkanların rolu, aydınlanma hərəkatı ilə siyasi və dini iqtidarlar arasındakı münasibət, kolonializm, fərqli mədəniyyətlər arasındakı münasibətlər, köləlik əleyhdarlığı və gender bərabərliyi arayışları, elm və aydınlanma arasındakı əlaqələrə dair araşdırmalar yer alır.
Əgər Renesansın, Orta Əsrlərin əsas cəhəti emosional və karyerist üsyan, insan və dünyanın diqqət mərkəzinə alınması idisə, Aydınlanma və Elmi İnqilab dövrlərinə insan ağlının hər sahəyə çəkinmədən tətbiqi xas idi. Modern çağın təməlinin qoyulduğu bu iki mərhələ, modernizmlə orta əsrlər arasında qalan cəmiyyətlərin aydınlarının dərindən araşdırmalı olduğu düşüncə dövrləridir.