Orta Çin əyalətlərindən Yanqçoulu Çen qatır alverçisi idi. Əllili yaşlarında xəstələnərək yatağa düşdü. Bir gün qapısına gənc bir atlı gəldi. Gənc adam onun boğazından elə yapışdı ki, ağlı başından çıxdı. O, Çeni tutduğu kimi atına alaraq sürətlə oradan uzaqlaşdı. Çen “Yardım edin!” deyə bağırmağa başlasa da səsinə hay verən tapılmadı. Şəhərin böyük qapısına çatan zaman gənc, yaşlı adamı yerə ataraq “İndi sürətlə qaç. Mən də atla gedib səni gözləyəcəm” dedi. Yaşlı adamın kürəyinə möhkəm zərbə vuraraq atını sürüb getdi. Çen nə edəcəyini bilmirdi. Təəccübdən yerində donub qalmışdı. Elə o an ayaqları qeyir-iradi hərəkət etməyə başladı. Sanki o yerimirdi, quş kimi süzürdü. Yerisə də heç yorulmurdu. Toxunma çəkmələri parçalandıqca qarşısına çəkməçilər çıxaraq ona yenisini verirdilər. Bunlar təkrarlanaraq yoluna davam edirdi. Qarşısına kim çıxsa da suallarına cavab tapa bilmirdi. Acıdığı zamanlar bazardakı restoranlara girərək qarnını doyurub yoluna davam edirdi. Heç kim də sən nə edirsən deyə soruşmurdu. Üç gün üç gecə yoluna belə davam etdi. “Unutma” daşını görəndə isə anladı ki şimali-qərbdə Hsien-yang torpaqlarındadır. Şəhərin böyük qapısına çatanda gənc adamın da orada olduğunu gördü. Yaşlı adamı “Niyə bu qədər gec qaldın, 3 gündür səni gözləməkdən ürəyim üzülüb.” deyərək azarladı. Çeni şəhərdəki bir evə götürdü. Gənc yaşlı adamı yaxasından tutaraq içəri saldı. Çen burada, yataqda, bir qadının sanki dəhşətli ağrı çəkirmiş kimi qıvrandığını gördü. Gənc Çenin ayaqlarına və boynuna sillə ilə vurdu və onu qadının bədəninə saldı. Yaşlı Çen boğulmağa başladı. Özünü dərin bir uçurumda hiss edirdi. Kəskin bir iy onun halını dəyişdi. Artıq göy üzünü görmürdü. Biraz sonra kiçik bir yarıq və işıq gördü. Bütün gücüylə yarığın arasından keçib, özünü çölə atmağı bacardı.
O sırada sevinc səsləri eşidildi: “Yaraşıqlı bir oğlan uşağı doğuldu”. Çen çox qorxdu, bir şeylər demək istəsə də ağzı bağlanmışdı. Səsi çıxdığı qədər qışqırmağa başladı. Ətrafındakı adamlar ona fikir vermədilər. Yenə qışqırdı. Bu səs eyniylə körpə uşaq səsinə bənzəyirdi. Əlləri və ayaqlarına baxdı, onlar da balacalaşmışdı. Qorxaraq: “Yoxsa, mən yenidən mi doğuldum?” – düşündü. Gözlərini açaraq bir daha ətrafına baxdı. Elə bu an yaşlı bir qadının bağırdığını eşitdi: “Bu uşağın gözlərinə baxın, görün necə parıldayır. Sanki cindir. Bir daha belə baxsa onu öldürməliyik”. Çen qəfil gözlərini bağladı. O andan etibarən içinə qapandı və axmaq biri kimi göründü. İçində hiss etdiyi bütün kədəri və narahatlığı ağlamaqla boşaltdı. Biraz keçmişdi ki, ona içmək üçün nəsə gətirdilər. Keçmiş həyatında yaşadıqlarını unudana qədər bütün bunların mənasını başa düşmədi. Altı yaşında yavaş-yavaş danışmağa başladı. Bir gün atası ticarət üçün getdiyi Yangtsenin cənubundan geri döndü. Arvadına ipək parça hədiyyə etdi və dedi ki: “Bu çox nadir parçalardandır. Yangtsenin cənubunda belə buna ən aşağı yirmi-otuz qızıl verilir”. Qadın parçanı bəyənərək yastığın altında gizlətdi. Çen bir gün oynayarkən bu parçanı yastığın altından götürdü. Qadın həmin an oğluna əsəbiləşərək, ona xəbərdarlıq etdi. Parçanın haradan gəldiyini və nə qədər dəyərli olduğunu bildirdi. Çen gülümsəyərək “Atam sənə yalan söyləyib, bu Puyüyan ipəyidir və çox dəyərsiz bir şeydir” dedi. Atası bunu eşidəndə çox əsəbiləşdi. Çen bu an əvvəlki həyatını olduğu kimi danışaraq: “Mən bura gəldiyim zaman evimdə bir oğlumu qoymuşdum. Onun 10 yaşı var idi. Oğlumun adı filandır və filan yerdə yaşayır. Ata, əgər bir gün yolunuz yenə ora düşərsə, onu bir dəfə də olsa ziyarət edin” – dedi.
Atası oğluna söz verdi. Gələn il Yanqçouya getdiyində oğlanı taparaq bütün olanları ona danışdı.
Oğlan ticarətçi idi. Adam evinə geri qayıdarkən, o da onunla birliktə getdi.
Ata və oğul ilk dəfə bir-birlərini görən zaman tanıya bilmədilər. Oğlan artıq yetkin bir gənc idi. Uzun saqqalı var idi. Atası isə balaca uşaq. Ata evlə bağlı bildiklərini hələ də orda yaşayırmış kimi danışdı. Bir qonşusunun ona borclu olduğunu və oğlunun toy xərcləri üçün pul ayırdığı yeri dedi. Sözləri bitincə isə böyük təəssüf hissiylə dərin bir nəfəs aldı. Oğlan şəhərə qayıdarkən atasının dediklərinin doğru olub-olmamasını yoxlamaq istədi. Hamısı doğru çıxdı. On il sonra Çen ikinci dəfə böyük bir oğlan oldu. Atasının işlərini davam etdirirdi. Yangtsenin cənubuna gedərək, köhnə evinə ziyarət etdi. Ancaq oğlu uzun zaman olmuşdu ki artıq dünyada yox idi. Ev dağınıq vəziyyətdə idi. Yalnız yaşlı arvadı nəvəsiylə birlikdə qalırdı. Bu Çenə çox təsir etdi. Keçmiş arvadına öldüyü zaman dəfn xərci üçün 300 qızıl verdi. Atalarının məzarına nəzir olaraq bir badə şərab tökdü və yenidən gəldiyi yerə qayıtdı.
Qədim çin nağılı
Mənbə: Anonim Çin Nağılları – Wolfram Eberhard
Tərcümə: Taleh Rəcəbli