Rejissor Hilal Baydarovun “Səpələnmiş Ölümlər Arasında” filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsin qatıldı. Onun Venesiya Film Festivalı üçün verdiyi müsahibəni təqdim edirik.
– Davud qaçır, eyni zamanda nəsə axtarır. Bu, qeyri-adi yol səyahətidir. Filmin ideyası hardan ağlınıza gəldi?
– “Portretlər” adlanan uzun müddətli bir layihəm var, yaxşı tanıdığım insanlar haqqında filmlər toplusu çəkmək istəyirəm. Sadəcə bir insanın öz evində bir gününü. Rembrandt kimi mən də hər il bu insanların portretlərində özümü, necə dəyişdiyimi görmək üçün bu işə imza atmaq istəyirəm. Çünki insan yalnız başqalarına baxanda özünü görə bilər. Özü-özlüyündə insan güzgüdür.
Buddanın hekayəsi mənə çox təsir etmişdi. Buddanın Kralın oğlu olduğunu söyləyən sadə hekayə idi. Sarayından çıxmayan, heç vaxt yaşlı, çirkin və xəstə insanları görməyən Buddaya atası yalnız gözəllik göstərməyə çalışırdı. Bir gün o, təsadüfən saraydan çıxanda çirkin, xəstə insanlarla və ölümlə qarşılaşır. Bu qarşılaşmalar onu elə dəyişir ki, saraya qayıtmır. Yalnızlıq içində yaşayır, öz yolunu seçərək ona sadiq qalır və sonda əsl gözəllik tapdığı nirvanaya çatır. Filmimizdə də hər şey bir gündə və təsadüfən olur. Bu da Davudu yeni yola aparır. Davud ilə Buddanın hekayəsi arasında yalnız bir fərq var – Davud gözəlliyi başlanğıc nöqtəsinə qayıdanda tapır.
– Davud heç vaxt dumanlı yolun və qəribə səyahətinin onu hara aparacağını bilmir. Ancaq yenə də ümidini itirmir – onu davam etməyə təşviq edən nədir? Xarakterini təsvir edə bilərsiniz?
– Onun düşünməyə vaxtı yoxdur. Qaçmalıdır. Ancaq hər qaçışla müəyyən nöqtəyə sürükləndiyini, həyatını sorğulamağa başladığını hiss edir. Qarşılaşdığı hər ölümlə yavaş-yavaş dəyişir və özünə daha da yaxınlaşır. Ölümdən qurtulmaq bir növ özünə qayıtmaq deməkdir.
– Davud özünə şəxsiyyət, mənsubiyyət və xüsusən, sevgi ilə bağlı fəlsəfi suallar verir. Niyə filminizdə bu mövzuları araşdırmağı seçdiniz?
– Düzünü deyim ki, “Xurmalar yetişən vaxt” filminin premyerasına qədər “fəlsəfi” danışdığımı və ya yazdığımı bilmirdim. Nyon-da, “Visions du Réel”-də bir tamaşaçı məndən soruşdu: “Sən və anan gündəlik həyatda da filmdəki kimi fəlsəfi danışırsınız?” Mən isə filmdə fəlsəfi danışdığımızı düşünmürəm. Biz gördüklərimizi danışan sadə ana və oğul kimiyik. Niyə insanlar filmlərimdəki dialoqun ekzistensial bir ölçüyə sahib olduğunu düşünürlər? Çünki onlar nadir hallarda ölüm, bu həyatda niyə olduqlarını haqqında düşünürlər, ümumiyyətlə, çox şeyə düşünmədən vaxtlarını sərf etməyə, yayınmağa və ya əylənməyə çalışırlar. Beləliklə, “ölüm” və “həyat” haqqında danışanda, mövzu fəlsəfi olaraq qəbul edilir. Bu, fəlsəfə deyil, reallıqdır – hamımız öləcəyik. Kənddəki evimizin yaxınlığında üç qəbiristanlıq var və biz hər gün ölüm görürük. Zarafat da edirik ki, on ildən sonra və ya bəlkə sabah biz də qəbiristanlıqda olacağıq. Bu, bizim üçün zarafatdır, amma digər insanlar üçün fəlsəfi və ekzistensial düşüncədir.
– Davud həm “Bütün həyatınız bir gündə dəyişə bilər” deyir, həm də “heç bir şey dəyişə bilməz”. Dəyişmənin iki fərqli forması varmı və bunları necə izah etmək olar?
– İnsan təbiətinin dəyişə biləcəyinə inanmıram. Sevinc hər zaman sevincdir, ağrı hər zaman ağrı. Min il əvvəl yaşamış insanlar üçün də belə olub və gələcəkdə də belə olacaq. İnanmıram ki, insan öz təbiətini tərbiyə edə bilsin, insan təbiətinin inkişafı deyə bir şey yoxdur. Düzdür, bir insanı dünyaya faydalı etmək və ya faydalı ola biləcək bir şey ərsəyə gətirməyə şövq etmək olar. Amma insan həyatı qeyri-müəyyənlik və ziddiyyətlərlə doludur. İnsan təbiətinin mahiyyəti rəngsiz olduqda gördüyümüz rəng – prizmadan ayrılan işığa bənzəyir, işığa baxanda göy qurşağını görürük, amma mənşəyi saf və rəngsizdir.
– Davudu təqib edən üç nəfər dramatik təqibə, demək olar ki, komik element əlavə edir. Onların məqsədi nədir və filminizin janrını necə adlandırardınız?
– Davudu onun dairəvi səyahətində izləyirlər. Bu, təkcə Davudun yox, həm də onların çevrəsidir. Davud dəyişdikcə onlar da yavaş-yavaş dəyişirlər. Bu, yalnız Davud üçün deyil, hər kəs üçün təmizlənmə yoludur. Göstərmək istəmişəm ki, Davud bütün insanları əks etdirir, özünəməxsusluğu yoxdur və xüsusi biri deyil. Həmişə elə film çəkməyə çalışıram ki, sanki indiyə qədər bu, ilk filmimdir, sanki kino hələ icad olunmayıb. Əlbəttə, kinonun tarixinə dair çox şey bilirəm, amma çəkməyə başlayanda bildiklərimi unutmağa çalışıram. Buna görə filmin quruluşu və ya janrı barədə heç nə deyə bilmərəm.
– Əsas aktyorunuz Orxan İsgəndərlini haradan tapmısınız?
– O, mənim yaxın dostumdur. Birlikdə beş film çəkmişik və adı bütün filmlərdə Davuddur. Orta məktəbdə oxuduğum müddətdə “Davud” ləqəbi ilə bəzi şeirlər yazmışam və Davud həm də Orxanın anasının əvvəlcə ona vermək istədiyi addır. Görüşəndə ondan daha güclü olduğumu düşünürdüm. Sonra zəif olduğumu və ondan öyrənə biləcəyimi başa düşdüm. Ancaq hiss edirəm ki, ikimiz də Davud olmaq istəyirik, çünki onun doğru yolda olduğunu bilirik. Həmişə filmlərimin baş rolu olacaq. Hətta 2-3 saniyə görünsə belə, baş rolda olacaq. Filmdə deyilsə belə, onun yoxa çıxması baş rol kimi başa düşülməlidir.
– Davud səfərində fərqli qadın simvolları ilə qarşılaşır, bəziləri güc qazanır, bəziləri onunla görüşərək xilas olur. Davud onlara daha əvvəl tapmadıqları nəyi verir ki?
– Bir sözlə, bu, sevgidir. Hamısı eyni “qara rəngli qadındır”, yalnız müxtəlif formalarda və bədənlərdə. Əslində, heç bir güc və ya xilas yoxdur, onlar sadəcə ruhun boşluğunu doldururlar, ruhun itkin hissəsini tapırlar: vəhdət.
– Şəxsi həyatınızda hansı qadınlar sizə çox təsir edib və filminizdəki qadın personajlarına təsiri olub?
– Şübhəsiz ki, bu, mənim anamdır. Çünki o, həyatda elə bir maraq tapdı ki, bunu nə kitablarda və əsərlərdə, nə də ki dərin düşüncələrdə tapmaq olar. Bunu yalnız həyatı yaşayıb tapmaq olar, xüsusilə də ölümdən agah birisi kimi yaşayanda. Mən Larisa Shepitko, Seraphine Louis kimi bir çox qadın sənətkarı əlavə edə bilərəm, amma həyatın sənətdən hər zaman güclü olduğunu bilirsiniz. Hər zaman.
– Ailə faktoru filmlərinizdə böyük rol oynayır, “Katex” trilogiyanızdakı kimi. Niyə bu tip mövzulara diqqət edirsiniz?
– Əvvəla, ailə həyatda yeganə real mövzudur. Ailə quruluşlarında hər cür münasibət və hiss tapa bilərsiniz. Hər zaman güclü bir ailə mövzusu və ya heyran olduğum filmin ortasında öz “həqiqi” ailəsini tapmağa çalışan biri var – Mouchette, Winter Light, Mirror, The Only Son və s. İkincisi, gündən-günə anlayıram ki, atama oxşayıram. Bunun necə baş verdiyini bilmirəm, amma demək olar ki, onu dayandırmaq mümkün deyil. O, mən orta məktəbdə oxuyanda öldü və onda heç nə hiss etmədim. Ancaq 7-8 ildən sonra hiss etməyə başladım. Bəzən elə bilirəm ki, mən yox, atam burada oturub. Seçdiyim sözlər, cümlələrimin quruluşu, hətta üz ifadələrim də ona bənzəyir. Bəzən gəzəndə qaçmağa başlayıram, sanki atamın gəzdiyini hiss edirəm və bu hissdən qaçmağa çalışıram. Ancaq görürəm ki, qaçış yoxdur, atam olmuşam. 100-dən çox bəstəkarın və dirijorun adını çəkə bilərəm, fortepiano məktəbinə getmişəm, böyük operalara dəfələrlə baxmışam, amma heç biri atamla dinlədiyim, həvəskar yerli xalq mahnıları kimi ruhlandırmır. Bəzən demək istəyirəm ki, filmləri mən yox, atam çəkir.
– Davudu möcüzəvi, demək olar ki, xəyal kimi təbii mənzərələrdən izləyirik – ətraf mühit kinematoqrafiyanızda hansı rolu oynayır?
– Ruhu olduğu üçün, təbiət – filmlərimizin əsas personajlarından biridir. Mən personajlar arasında, təbiət vasitəsilə ifadə etmək istədiyim hisslər arasında harmoniya qurmağı xoşlayıram. Ədəbiyyatda xarakter yaratmaq üçün çox sayda səhifələr yaza bilərsən, hər şeyi təsvir etmək olar: Paltar, mühit, işıq, hərəkətlər və s. Ancaq kameranı açanda kinoda hər şey var. Hərçənd kinonun vizual sənət olduğuna və görə biləcəyimiz şeylərə aid olduğuna heç inanmıram. Film mənim üçün – əsasən gizli hisslər, insan təbiətinin gözlərimizin qarşısında paradoksal olaraq görünməyən tərəflərindən ibarətdir.
– Minimalist səs mənzərəsi çox maraqlıdır: motosikletin təkrarlanan monoton səsi, şərhsiz və atmosfer musiqisi. Bu, ağlınıza necə gəlib?
– Səslər sehrli və mistikdir, çünki onların nə olduğunu tam bilmirik. Həmişə filmin fiziki məkanı barədə düşünürəm – haradan başlayır və harada bitir. Rəsmlərə və ya kitablara baxanda – fiziki cəhətlər var, bəs film haradadır? Şəkillə səslər arasındakı məsafə nə qədərdir? Film – şəkillər və səslər, sözlər və personajlar harmoniyada birləşəndə bütövləşir. Səsin səsləndirilməsi maraqlıdır, çünki kimin danışdığı, harada olduğu, boşluğun harada olduğu və aramızdakı səslər arasındakı məsafənin nə qədər olduğu aydın deyil.
– Keçmişdə bir neçə sənədli film çəkmisiniz. Bədii film çəkmək təcrübəniz nə ilə fərqlənir?
– Düzünü desəm, sənədli film çəkdiyimi bilmirdim. Heç vaxt “sənədli” və ya “bədii” film çəkmək niyyəti ilə başlamamışam. Heç vaxt filmimin hara aid olmasına qərar verə bilmirəm. İllərdir, filmlərimi göstərməyə yer tapa bilmirdim. Sadəcə filmlər çəkirəm, insanlar onları “sənədli” və ya “bədii” adlandırırlar, amma mən heç vaxt onları ayırmıram. Aralarındakı fərqin nə olduğunu başa düşmək üçün internetdə “sənədli film” və “bədii film” haqqında ən azı yüz dəfə məlumatlar axtardım. Hələ də başa düşmürəm. Ancaq başa düşdüyüm budur – ucuz filmlərə sənədli filmlər, bahalı filmlərə isə bədii filmlər deyirlər …
– Venesiyada ilk dəfə olacaqsınız – festivalın nümayişindən nə gözləyirsiniz?
– Əvvəla, böyük liqaya gəldiyimiz üçün çox sevinirik! Hərçənd bəzən çox utancaq oluram və görünmək istəmirəm. Lakin tamaşaçı tapmaq gözəl hissdir. Mənim üçün festivalların dəyəri – öz ailəsini, qaranlıq otaqda özünü itirən, köklərini başqa bir dünyada tapan sizin kimi insanları tapmaqdır.
– Tamaşaçıda hansı sinematik təcrübəni oyatmaq istəyirsiz?
– Mənə toxunan filmlər, məni heç olmadığım yerlərə aparır və ora məxsus olduğumu hiss edirəm. Mənə lazım olan tək bu hissdir. Bunu mən tamaşaçıdan hiss edəndə özümü dəyərli iş görmüş biri hesab edirəm
– Tamaşaçı filmdən hansı mesajı alacaq?
– Düzünü deyim, bilmirəm. Əvvəllər kino mesaj verməməlidir deyə düşünürdüm. Dostoyevskinin dediyi kimi insan təbiətinin qaranlıq tərəfi ilə bağlı böyük suallarla məşğul olmalıdır. Heç vaxt öyrətmək və ya təbliğ etmək üçün film çəkməmişəm. Hiss etməyi başa düşməkdən üstün tuturam. Bunu sənət adlandırmaq istəyiriksə, belə də etməliyik. Həmçinin mühakimə yürütməkdən də yayınmaq istəyirəm, inanıram ki, bütün personajlar və əşyalar – canlı və ya cansız fərq eləmir – filmlərdə eynidir. Bəzən filmlərimizdə “pis” personajın olmaması ilə zarafat edirik. Ki, niyə başqa filmlərdəki kimi heç kim nifrət etmir və qisas istəmir? Ancaq sonda başa düşürəm ki, kişi və qadın, gənc və qoca, həqiqi və uydurma, hətta ağaclar, yollar, avtomobillər, quşlar, qatarlar, dağlar, pəncərələr, pərdələr eyni mənşəlidirlər və həyat mənbəyindən gələn işığı ortaya qoyur.
Mənbə: Film Aç