Bir 30 ilin söhbətidir.
Kəlbəcərlə Ağdərənin arasında cənnətməkan bir yer vardı – Aydoğan yaylağı. Hər il yay tətilində ən azı iki ay orada babamgillə birlikdə, yaylaqda olardıq.
Bizdən azca aralı Qozlu tərəflərdən bir erməni ailə də çadır qurub yaylanırdı. Həm də orada donuz saxlayırdılar.
Sol qolu dibindən kəsilmiş, yazıq, sakit bir erməniydi. Adı Ağalov idi. Qolu olmadığına görə hamı öz arasında adını “qoluyox Ağalov” çağırırdı. Orda başqa eyni adlı erməni yox idi. Amma buna baxmayaraq, onun barəsində danışanda fərqləndirmək üçün adının qarşısına həmişə “qoluyox” kəlməsi əlavə edirdilər. Hərdən yamacda təsadüfən qarşılaşırdıq. Məni görəndə adətinə xilaf olaraq, qəzəbli səslə soruşardı “ara bizim kopaklarla yena da söyüşürsünüz”. Gah da deyərdi ki, “valla, dadana deyacam qulağını kəssin”. Səsinə verdiyi qəzəb o qədər süni alınardı ki, bu təhdiddən heç kefim pozulmazdı. Bilirdim ki, dədəm bunun sözüylə qulağımı kəsməz…
Onların çadırı ilə bizim çadırın arasından bir dərə keçirdi. Dərənin o tayında isə uzun kəmər qaya vardı. Günorta gün qalxıb isti düşəndə qoyun-quzunu gətirib dərədəki bulağın üstündə kürnəşdirib, qalxardıq evə günorta yeməyinə.
Ağalovun 12-15 yaşlarında üç nəvəsi vardı. Hərdən kənddən onların yanına gələn də olurdu.
Hər günorta Ağalovun nəvələri qonaqlarını da yanlarına alıb o kəmər qayaya çıxardılar. Biz də təpənin hündür yerinə dırmaşıb başlardıq söyüşməyə…
Onlar bizə, biz onlara… Nə onlar bizə sarı gələrdi, nə də biz onlara. Buna heç cəhd də etmirdik, elə olduğumuz yerdə dayanıb söyüşərdik.
Hər dəfə bir bəhanəmiz olardı. Olmayanda isə onu uydurardıq. Onlar “bizim donuzları döymüsünüz”, biz də onlara “bizim danalarımızı daşlamısınız” ittihamları irəli sürərdik. Olubmu ya yox, buna aydınlıq gətirən kimiydi, dərhal söyüşməyə keçərdik.
Söyüşlər müxtəlif səpkidə və janrlarda olurdu; əvvəl kimin oğlu olmağı qarşı tərəfə xatırladırdıq: köpək oğlu, it oğlu, donuz oğlu, canavar-çaqqal oglu. Elə ki, vəziyyət bir az qızışırdı, keçid alınırdı cinsəl yamanların dövriyyəyə girdiyi növbəti “level”ə; ay sənin filanını… A filan olmuşun uşaqları və ilaxır… Tempi bir az artırmaq üçün milli-dini-etnik paradiqmalara müraciət olunurdu. Adətən onlar bizim mollaları və məzhəbimizi, biz də onların keşiş və xaçlarını təyinat altına alırdıq. Sakral mövzularda bundan savayı söyüş bilməzdik. Heç bu söyüşün mənasını tam anlamırdıq, necə yəni “sənin xaçını…”? Xaç arqumentimiz adətən adekvat cavabdan məhrum olardı, ya da proses bu məqama çatanda mövzu dəyişərdi. Sevinirdik ki, nə yaxşı xaçpərəst deyilik, xaça sitayiş etimirik, bizdə onun funksional alternativi, bənzəri yoxdur, varsa, nə biz, nə də qarşımızdakılar bunu bilmirlər. Bir də “erməni qan gördü” klişe-tənəsi… Deyirdik ki, siz qan görəndə qorxan köpək uşaqlarısınız… Bu “zərbə” də cavabsız qalırdı. Bəlkə mənasını qanmırdılar, bizim onlar haqqındakı spereotiplərimizdən bixəbər idilər, “qan gördü qorxacaq“ inancımızı özlərinə təhqir saymır və cinlənmirdilər. Ola da bilərdi ki, əksinə, lap anlayırdılar, bizim bu inancda olmağımızdan bərk əsəbləşirdilər, sadəcə yanıb-tökülürdülər deyə cavab olmurdu. Hər halda bu iki arqument öldürücü “silahımız” idi.
Onu da etiraf edim ki, kreativ təşəbbüs həmişə onlar tərəfdən gələrdi. Bir qayda olaraq, bizim dediklərimiz onlara cavab olardı və bir az sönük səslənərdi. Məsələn, onların açdığı hansısa yeni “qafiyə”yə cavab olaraq biz adətən “əəə, sənin…” şəklində giriş edərdik. Bu silsilədən olan yamanlar adətən qarşı tərəfdən atılan tək “mərmiyə” cavab olurdu. Hərdən yaradıcı qabiliyyətimizi işə salaraq, öncələr istifadə etmədiyimiz idiom və frazeloji birləşmələr düşünürdük. Bəzən daha asan anlasınlar və lap yanıb tökülsünlər deyə, ermənicə bildiyimiz iki-üç kəlməni cümlələrimizin gözünə qatıb qarşı tərəfə “tolazlayardıq“. Hava küləksiz, sakit olanda söyüşlərimiz erməni uşaqlarının üzərində qərar tutduqları kəmər qayada əks-səda verib özümüzə qayıdırdı. Erməni balaları kökü dağın dərinliklərinə çatan sal qaya üzərində dayanırdılar, ayaqlarının altında söyüb-söylədiyimizi əks-səda ilə özümüzə qaytaran nəhəng, sərt qaya vardı. Bilmirəm, ermənilərin söydükləri eyni şəkildə özlərinə qayıdırdımı? Çünki bizim üzərində dayandığımız adi bir təpə idi, ayağımız altında sal qaya yox, yaş torpaq vardı…
Bütün söyləşmələr, söyüşmələr ana dilimizdə aparılırdı. Xoşbəxtlikdən erməni uşaqları dilimizi də, söyləşilərimizi də yaxşı anlayırdılar. Anladıqlarından yana dil problemi hiss etmirdik. Anlayırdılar, amma tələffüz-ifadə etmədə çətinlik çəkdikləri hiss olunurdu. Məsələn, hərdən akustik olaraq qulağımıza “mırıt-vırıt” kimi gələn nələrsə deyirdilər və bu zaman bizim səngərdə ani bir sükut yaranırdı; “nə dedilər əə onlar?”. Mənasını bilmədiyimiz söyüşə cavab vermirdik. Çünki deyiləni anlayıb uyğun tərzdə qarşılıq verməyəndə, başqa mövzuya adlayanda qarşı tərəfdən gülüşmə səsi gəlirdi və bu da bizim psixoloji durumumuza pis təsir edirdi, ruhdan düşürdük, bununla da təşəbbüs və üstünlük qarşı tərəfə keçirdi.
Bir dəfə yenə eyni sıralamayla, əvvəl yüngül ata-ana “suvarması”, ardınca cinsəl-intim mövzulu və ardından da molla- xaç mövzulu ibarələrdən ibarət “arthazırlıq”ı yenicə bitirmişdik ki, münaqişənin qızğın yerındə qarşı tərəfdən qulağımıza belə bir söz yetişdi: “a sizin Mahammad…”.
Vay köpəyuşaqları… Peyğəmbərimizə söydülər. Peyğəmbərimizin adı nədir, bunu hardan bilirlər, kim deyib bunu onlara ki? Yəqin öz böyüklərindən eşidiblər…
Bir anlıq çaşbaşlıq, ardınca da uzun sürən sükut və öz aramızda qısa bir məşvərət… Nə cavab verək? Qərar bu oldu ki, “qana-qan”, “dişə-diş” olmalıdır. Peyğəmbərimizə söyüblər, eyniylə də cavablarını almalıdırlar. Bəs bunların peyğəmbərinin adı nədir? Aydın oldu ki, bunu heç kim bilmir. İnanclarından bildiyimiz elə bir keşişdir, bir də xaç. Bundan o yana ermənilərin dinləri, imanlarıyla bağlı bilgimiz yoxdur.
İçimizdə ən məlumatlısı məndim. Birdən ağlıma gəldi;
– Ə, deyəsən deyəsən bunların peyğəmbərlərinin adı İsadır. Hardansa eşitmişəm…
Təklifim yaşca bizdən böyük Sədrəddinin ürəyindən olmadı.
– Ə nə danışırsan, nə İsa?! İsa bizim addı. Bizdə nə qədər İsa adında adam var. İsa erməninin peyğəmbərinin adıdırsa, nətəər olur, bizdə erməni peyğəmbərinin adında adam olur? İsa döyül. Nəsə ayrı adı var. Yəqin Vazgennən-zaddan olar…
“Daşdan keçən” arqument qarşısında mən daha israr etmədim və ara xeyli uzandığından erməni uşaqları bərkdən gülüşüb, üstündən biz tərəfə bir-iki daş da tolazlayıb aşdılar yalın o biri üzünə, rədd olub getdilər.
Biz isə məyus, basılmış, qalası odlanmış qırıq qoşun kimi başımızı aşağı salıb qayıtdıq obaya.
Amma cavabını verə bilmədiyim söyüş mənə bərk yer eləmişdi. Dedim gərək soruşub dəqiqləşdirim, erməninin peyğəmbərinin adı nədir? Növbəti “qarşılaşmaya” tam hazırlıqlı çıxmalıyıq.
Axşam ehtiyatla nənəmdən soruşdum ki, ermənilərin peyğəmbəri kimdi, adı nədir? Nənəm cavab verdi ki, İsa. Sevindim, təxminim düz çıxmışdı, yaddaşım məni aldatmamışdı. Sonra nəsə xatırlamış kimi tələsik soruşdu ki, neynirsən, nəyinə lazımdır bunu bilmək? Cavab verdim ki, heç, elə-belə, soruşdum…
Nənəm yəqin ki, anlamışdı, erməninin peyğəmbərinin adı nəyimə lazım olduğunu. Başladı mənə izah etməyə ki, erməninin peyğəmbəri bizim üçün də əzizdir. Hər iki peyğəmbərin adı Quranda keçib. Yəqin ermənilər sizə elə söyüş ediblər, aralıdan görürəm hər gün təpənin üstündən onlarla nəsə danışırsınız… Peyğəmbərə söymək olmaz. Nə söymək olmaz, nə də söyüşə qulas asmaq… Yoxsa allah sizə qənim olar…
Sonra da bərk-bərk tapşırdı ki, əgər gedib erməni uşaqlarına qoşulub belə söyüş söysəm gözlərimi çıxardacaq…
O zaman erməninin peyğəmbərinin nə üçün bizə əziz olduğunu anlamasam da, nənəmin dediklərini dinləməli, “qulağımdan sırğa” etməli oldum. Ondan sonra, günorta saatlarında quzuları bulağın başına toplayıb daha yalın təpəsinə çıxıb söyüşmək üçün erməni uşaqlarını gözləməzdim, elə dolayı cığırla evə gələrdim.
Qorxurdum ki, birdən peyğəmbərimə söyərlər, eşidərəm, allah mənə qənim olar, nənəm də gözlərimi çıxardar…
Berlin, 2018.