Uşaqlıq…
Mən anadan olanda anam ispan qripinə yoluxub. Bu səbəbdən də vəziyyətim ilk zamanlar çox pis olub. Hətta “sağ qalmaz” deyə xəstəxanada xaç suyuna da salınmışam. Bir gün ailə həkimimiz məni müayinə etmək üçün bizə gəlir. Müayinədən sonra deyir: “Az qıdalanmadan öləcək”. Onda nənəm məni anamdan alıb qatarla Dalarnadakı bağ evinə aparır. Yolboyu o, məni suda islanmış biskivitlə bəsləyir. Dalarnaya çatdığımız vaxt mən yarıölü vəziyyətdə imişəm. Nəhayət, nənəm mənim üçün süd anası tapır. Süd anam qonşu kənddən olan sarışın, iri cüssəli qadınıydı. Zaman keçdikcə səhhətim yavaş-yavaş düzəlməyə başlayır. Ancaq sonralar həmişə mədə xəstəliyindən, öyümədən və səbəbi o qədər də aydın olmayan bir çox xəstəliklərdən əziyyət çəkdim. Belə deyək də yaşayıb, yaşamamaq haqqında heç cür bir qərar qəbul edə bilmirdim. O zamankı vəziyyətimi şüurumun dərinliklərində xatırlaya bilirəm:
Bədənimdəki sarğıların pis qoxusu, sərt, nəmli, tərə batan paltarlar, gecə lampasından yayılan zəif işıq, bitişik otağa açılan aralanmış qapı, baxıcının dərin nəfəs dərməsi, asta addımlar, fisıltılı səslər, günəşin dolçadakı suya düşən əksi və s. Bunların hamısını xatırlayıram. Amma heç bir qorxu hiss etmirəm. Qorxu hissi sonralar gəlməyə başladı…
Hərdən uşaqlıq fotoşəkillərimə lupa ilə baxanda anamın siması üzərində daha çox dayanıram. Onun üzünü araşdırır, çoxdan silinmiş duyğuların içərisinə sızmağa çalışıram. Geniş alınının yuxarısında ortadan ayrılmış gur saçları, oval, şirin üzü, həssas dodaqları, tünd rəngli formalı qaşlarının altındakı isti, səmimi baxışı və kiçik əlləri ilə anam çox cazibədardı.
Dörd yaşımda anama qarşı it qədər sədaqətli idim. Ona qarşı hədsiz məhəbbətim bəzən onu narahat edib əsəbləşdirirdi. Çox vaxt soyuq və lağlağı sözlərlə məni özündən uzaqlaşdırırdı. Hirs və küskünlüklə ondan uzaqlaşıb ağlayırdım. Anamın böyük qardaşımla əlaqəsi daha sadə idi. Çünki çox vaxt onu atama qarşı müdafiə etmək məcburiyyətində qalırdı. Atamın qardaşımı vəhşicəsinə döyməyi və onu mərhəmətsiz sərtliklə tərbiyə etmək üsulu valideynlərim arasında tez-tez təkrarlanan mübahisə mövzusu idi.
Səmimi olmaq lazım gələrsə, geriyə baxdığım zaman həyatımın ilk illərini zövq və maraqla xatırlayıram. Xəyallarım və hisslərim kifayət qədər qidalanırdı. Həmin dövrlə bağlı darıxdırıcı, rəngsiz heç bir şey xatırlamıram. Əksinə günlər və saatlar, gözlənilməz möcüzəli görünütülər və sehrli dəqiqələrlə dolub daşardı. Bu gün hələ də uşaqlığımla bağlı kadrların içərisində gəzib dolaşaraq, işıqları, qoxuları, insanları, xatirələri, otaqları, jestləri və səs tonlarını yenidən yaşaya bilirəm. Bu xatirələrin əsas özəlliyi ondan ibarətdir ki, onlar məqsədsiz olaraq, təsadüfən çəkilmiş filmlərə bənzəyirlər.
İlk kinokamera və əzablı göz yaşları…
Bir müddət sonra isə həyatıma kinokamera adlı aparat daxil oldu.
Yeni il bayramına hələ bir neçə həftə qalmışdı. Milyonçu Anna xalanın sürücüsü bizə xeyli hədiyyə gətirmişdi. Həmin hədiyyələr hər zaman olduğu kimi pilləkənlərin altındakı dolabda Yeni il hədiyyələri olan səbətin içərisinə qoyulmuşdu.
Xüsusilə bir bağlama daxilimdə həyəcanlı maraq oyandırmışdı. Bağlamanın kağızı “Forsners” firmasına məxsus idi. Bu firma təkcə fotoaparat deyil, həm də həqiqi kinokamera aparatları satan mağazaydı.
Bir kameraya sahib olmaq istədiyim qədər başqa heç bir şey yox idi.
Bir il əvvəl ilk dəfə kinoya getmiş və at haqda bir film görmüşdüm. Səhv etmirəmsə, filmin adı “Quru gözəllik” idi. Hansısa məşhur uşaq əsəri əsasında çəkilmişdi. Həmin filmi ən qabaq sıralarda oturub seyr etmişdim. Mənim üçün başlanğıc həmin film oldu. Heç vaxt sönməyəcək atəşlə alovlanmışdım. O vaxtdan bu yana altmış il keçdi. Lakin heç bir şey dəyişmədi. Hələ də eyni atəş mənimlədir.
Bizim evimizdə Yeni il bayramı sakit qeyd olunurdu. Anam hər şeyi çox böyük uğurla yerinə yetirərdi.
Hədiyyələrin paylanması yemək masasında həyata keçirilirdi. Səbətlər içəri gətirilər, atam əlində siqaret və bir qədəh şirin likörlə mərasimi idarə edər, hədiyyələri bizə verərdi.
İlk kinematoqrafik partlayış onda baş verdi. Kamera mənə yox, qardaşıma bağışlanmışdı…
Həmin dəqiqə qışqırıb ağlamağa, ulamağa başladım. Məni o ki var danlasalar da, göz önündən çəkilib hirsimi masanın altında davam etdirdim. Dərhal səsimi kəsməyim tələb olundu. Qaçaraq uşaq otağına getdim. Lənətlər yağdırır, söyüş söyür, evdən qaçmağı düşünürdüm. Nəhayət, ağlamaqdan və kədərdən əldən düşüb yatmışdım.
Axşam yuxudan oyananda dərhal bir qərar qəbul etdim. Qardaşımı oyandırıb ona təklif etməliydim. O, kinokameranı mənə bağışlayır, mən də əvəzində ona oyuncaq əsgərlərimi. Yüz ədəd dəmir əsgər idi. O, dostları ilə tez-tez müharibə oyunu oynadığı üçün mənim təklifimlə razılaşdı. Beləliklə, kinokamera artıq mənim olmuşdu.
Filmlər, aktyorlar və məşqlər…
İndi yadıma düşməyən səbəblərə görə əvvəllər köhnə filmlərimi izləməkdən xoşum gəlməyib. Maraqdan, ya da zərurətdən hansı filmimi izləməli olmuşamsa, həmişə əsəbləşib, kədərlənmişəm. Bütün filmlərimin seyrindən sonra əldən düşmüş vəziyyətdə olmuşam. Bir kənara çəkilib ağladığım məqamlar da olub. Özümü bədbəxt, darıxmış, kədərli hiss etmişəm. Bu cür qarışıq, gurultulu duyğular səbəbi ilə öz filmlərimi təkrar izləməkdən uzaq olmaq qərarına gəldim. Bütün bunlara baxmayaraq filmlərimə qarşı xüsusi mehribanlığım var. Hətta ən pis filmlərimə belə…
Öz xaoslarını səhnəyə gətirən və bu xaosdan ortabab film yaradan rejissorlar var ki, bu cür həvəskarlığa nifrət edirəm. Heç vaxt aktyor ifasına qarışmıram, amma onlar üçün ifanı şərh edib konkretləşdirirəm. Məşq prosesi zamanı mənim üçün ən vacib məqam mətnin sirlərini həll etmək, ya da aktyorun yaradıcılığını ortalığa çıxartmağı bacaran təkanverici gücümü bərpa etməkdir. Qarışıqlıqdan, təcavüzkar və romantik partlayışlara nifrət edirəm. Mənim məşqlərim demokratik intizam, vasvasılıq və sükunətin olduğu, məqsədə istiqamətlənən şərhetmə əməliyyatı da hesab oluna bilər.
Məşq rejissor və ya aktyor üçün xüsusi bir müalicə prosesi deyil. Bu, qarşılıqlı hörmət tələb edən işdir.
Xüsuən, teatr məşqlərində sükunət, intizam və yoldaşlıq istəyirəm. Ancaq bu yolla sərhədsiz dünyaya yaxınlaşa bilərik. Ancaq bu yolla sirləri təhlil edib təkrarlanmaq mexanizmini öyrənə bilərik. Təkrarlamaq dedikdə, nəbzi daima vuran, yaşayan təkrarı nəzərdə tuturam. Hər gecə eyni ifa, amma yeni yaranan ifa. Yoxsa hər ifanın ölü bir təkrarçılığa və dözülməz inadkarlığa çevrilməməsi üçün gərəkli olan şimşək sürətli məqamı necə əldə edə bilərik?Yaxşı aktyorlar hamısı bu sirri bilirlər. Ortabablar bunu öyrənmək məcburiyyətindədirlər. Pislər isə həmin sirri heç bir zaman öyrənə bilməzlər.
Nəticə olaraq mənim vəzifəm mətn üzərindəki işi idarə etmək və iş saatlarını təyin etməkdir. Günlərini məqsədsiz keçirən adam kimi görünməməyin məsuliyyətini daşıyaram. İş prosesində heç vaxt olduğum kimi görünmürəm. Daha doğrusu, əsl mənliyimi nümayiş etdirmirəm. Kənardan müşahidələr, qeydlər edərək, işin nizamlanmasına nəzarət edərəm. Aktyorun görən gözü, eşidən qulağı olaram. Bəzən müxtəlif təkliflər irəli sürüb onları qıcıqlandırır, ürəkləndirir və ya rədd edirəm.
Maska
Aktyorlarla qarşı hədsiz səmimi və həmkar kimi davranmıram. Ancaq belə görünməyə çalışıram. Əgər bir an üçün maskamı çıxartsam və həqiqətən nələr hiss etdiyimi onlara söyləsəm, yoldaşlarım məni pəncərədən aşağı atarlar. Özümü gizləsəm də, heç nəyi təhrif etmirəm. Sadəcə, maskam mənim üçün süzgəc rolunu oynayaraq, iş prosesi ilə heç bir əlaqəsi olmayan hansısa şəxsi məsələnin daxilə sızmasına imkan vermir.
Bəzən işimlə bağlı hər kəsin və hər şeyin yoxluğunu kəskin hiss edirəm.
Kinonun həyat tərzi olduğunu deyən Fellininin nəyi nəzərdə tutduğunu başa düşürəm. Aktrisa Anita Ekberqlə bağlı mənə nəql etdiyi təsirli əhvalatı da çox gözəl başa düşürəm. Ekberq “Şirin həyat” filmində özünün iştirakçısı olduğu son səhnəni studiyada avtomobildə ifa edib. Çəkiliş bitəndən sonra, filmdəki işi sona çatdığına görə Anita Ekberq avtomobildən enməyi rədd edərək, sükana möhkəmcə yapışıb ağlamağa başlayıb. Bir müddət keçəndən sonra onu güclə avtomobildən çıxarıb sakitləşdirməyə nail olublar…
Filmlərimdəki ritm masadakı ssenaridən doğulub, kamera qarşısında yaşamağa başlayır. Hər növ improvizasiya mənə yaddı. Əgər məcburi şəkildə nəyəsə tələsik qərar verməli olsam, çətinlik çəkirəm, tərə, suya batıb, qorxudan özümü itirirəm. Film çəkilişi mənim üçün detallı şəkildə planlanlaşdırılmış illüziyadır. Yaşadığım müddətdə mənə daha da hiyləgər görünən həqiqətin illüziyası…
Tərcümə etdi: Samirə Əşrəf