İtalyan rəssamı Cotto di Bondone ( 1266 və ya 1267-1337) Protorenessans dövrünün banisi, intibahın atası, Qərb incəsənətinin vacib fiqurlarındandır. Protorenessans italyan mədəniyyəti tarixinin erkən Renassans dövrüdür. XIII-XIV əsr italiyan mədəniyyətində Bizans və qotik ənənələr fonunda yeni sənət xüsusiyyətləri təzahür etməyə başladı ki, bu da gələcək İntibahın başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz Protorenessans – bunu Renessansa giriş kimi də dəyərləndirmək olar – adlandırırlar.
İtalyan təsviri sənətinin inkişafında əhəmiyyətli rol oynayan Cotto məkan təsvirinə yeni yanaşma gətirib. Leonardo da Vinçi, Rafael, Mikelancelo məhz ondan bəhrələnib.
Cottonun freskaları kompozisiya quruluşu, personajların canlılığı, işıq-kölgənin köməyi ilə modelləşməsi, eyni zamanda ideya bütövlüyü, rəvan təsvirləri və illüzionist həlləri ilə seçilir.
Özəlliklə də Cotto hərəkətli məkan hissini verməklə Avropa rəssamlığında dönüş yaratdı. Cottonun yaradıcılığının əsas cəhətlərindən digərləri parlaq işıq və bir-biri ilə sıx əlaqədə olan detalların işlənməsidir. Onun əsərlərində reallığın illüziyası yaranır, başqa cür desək, gerçəklik həddən artıqdır və onun detalları aydın görünür. Əslində Cottoya qədər də digər rəssamlar hərəkətli məkan təəssüratını yaratmışdılar. Lakin məsələ ondadır ki, Cottonun kompozisiyasındakı ustalıq, tamaşaçının baxışını lazımi istiqamətə yönlədən optik perspektivlərin yerdəyişməsi, freskaların qeyri-adi işıqlı tonları, təsvirin effektini rənglərin çoxluğu hesabına yox, çalarların qradasiyası sayəsində yaratmaq bacarığı üslubunu təkrarsız edir.
Mütəxəssislərin fikrincə, bu freskaların digər özəlliyi süjetlərin təmkinində və traktovkasında, həcmin plastik modelləşməsində, məkan quruluşunun dəqiqliyində, jest və pozların ifadəlilyində, işıqlı, bayramsayağı koloritdə və daxili bədii bütövlükdədir.
Cotto formaları modelləşdirən fəndləri işləyərək bunun köməyi ilə tədricən əsas rəngi işıqlandırırdı, bu isə formaya demək olar ki, heykəl həcmliliyi verir və eyni zamanda rəngin parlaq təmizliyini, dekorativ funksiyasını qoruyurdu.
Üslubuna üç rəngin – sarı, çəhrayı və yaşılın zərif qradasiyası, ahəngdar rəng keçidləri hakimdir. Cotto IV əsr italyan təsviri sənətində məktəblərin formalaşmasına təsir göstərmişdi. O, sələflərindən fərqli olaraq, yaradıcılığında üçölçülü fəza təsvirini daha yaxşı bacarmışdı. Qısacası, Cottonun mürəkkəb məkan və optik effektlərə marağı təsviri sənətin tarixini çox dəyişdi.

“İudanın öpüşü”
“İudanın öpüşü” (1303-1305) rəssamın Paduyada yerləşən Skrovenyi Kapellasında işlədiyi freskalardan bir fraqmentdir. İncilin bu məşhur hekayəsi təsviri sənətdə çox işlənsə də, Cottonin yozumu xüsusən fərqlənir.
Orta əsr rəssamlarının əsərlərində fiziki, real dünya yox, ruhanilik daha əsas idi və tamaşaçı dini motivə diqqət kəsilməliydi.
Cotto isə ilk dəfə personajları həcmli edir və ilk dəfə bu süjetin personajlarını emosiya ilə yükləyir. O, kompozisiyanı düşünülmüş qurur: mərkəzdə İuda və İsa Məsih dayanıb, obrazlar ifadəlidir. Və bununla da rəssam iki fərqli xarakterin qarşıdurmasını yaradır.
Bundan başqa Cotto digər personajların gərginliyini də verir. Misalçün, qara dəbilqəli və qırımızı plaşlı adam o qədər qəzəblidir ki, arxasında dayananın ayağını tapdaladığını hiss etmir. Ayağı tapdalanan adam isə ağrı duymur, o da qəzəblə irəli əsas qəhrəmanlara baxır.

“Sonuncu şam yeməyi”

“Ağı”
“Ognissanti Madonna”

“Çarmıx”