Avstriya rəssamı Eqon Şile (1890-1918) Avstriya ekspressionizminin parlaq nümayəndələrindən biridir.
Şilenin anası ilə münasibətləri hamar olmayıb. Ərinin ölümündən sonra qadın qızını və oğlunu qardaşının himayəsinə verib. Bu səbəbdən anasına nifrət edən Şile onu atasının ölümündə günahkar bilirdi. Rəssam artıq populyarlaşanda emosiyalarını “Ölməkdə olan ana” (“Dead Mother”) portretində ifadə edib.

“Hamilə qadın və ölüm”. Eqon Şile
Erkən yaradıcılığında peyzajlar çəkən Şile Vyanada İncəsənət Akademiyasına daxil olandan dövrünün modernist rəssamı Qustav Klimtlə tanış olur.
Rəssamın əsas mövzuları bədən, ölüm və yaranmaqda olan həyatdır. 1910-cu ildə müəllif ginekoloji klinikada çox vaxt keçirərək hamilə qadınları çəkir. O, əsərlərində hər iki anlayışı birləşdirir. Çünki qadınlar bəzən doğuş zamanı ölə və əvəzində uşaqları sağ qala bilərdi. Onun “Hamilə qadın və ölüm” (“Pregnant woman and Death”) tablosu belə yarandı.
Qadın obrazları onun yaradıcılığında üstünlük təşkil edir. O, daha çox çılpaq naturalara önəm verirdi. Şile freydizmin meydana gəlməsi dövründə yaşayıb. Bu, o dövr idi ki, fərdin, cəmiyyətin həyatında seksuallığın mühüm rolundan danışırdılar. Şile bu temanı da tədqiq edirdi. O, nyu və avtoportet janrlarını birşəldirirdi. Onun yozumunda erotik motivlər belə estetik prinsiplərə əsaslanır. Çılpaq rəsmləri pornoqrafik sayıldığından onlar müsadirə olunub. Buna görə rəssam hətta qısamüddətli həbsdə də yatıb.

“İki Dost”. Eqon Şile
“İki dost” (“Two Friends”), “Qara corablı qadın” (“Woman in Black Stockings”), “Uzanmış yaşıl corablı qadın” (“Reclining Woman with Green Stockings”), “Qucaqlaşan çılpaq qızlar” ( “Naked Girls Embracing”) tablolarının qəhrəmanları naturaçı rolunu oynayan kasıb qızlar idi və onlar rəssamın emalatxanasına pul qazanmaq üçün gəlirdilər. Şile insanları gözəl, mükəmməl göstərmir, onun fiqurları o qədər də cazibəli deyil, əksinə gərilmiş ifadə olunur.
Şilenin yaradıcılığında avtoportretlər də əhəmiyyətli yer tutur.

“Ailə”. Eqon Şile
Avtoportretlərində çox işlənən detallardan biri əllərdir. O, özünü adətən müxtəlif obrazlarda çəkir:gah çılpaq, gah qrotesk, gah üz ifadələrini təhrif edərək. İstər avtoportretərində, istər digər personajların təsviri zamanı o, ekspressiv jestlərə, mimikalara, pozlara üstünlük verirdi. Ümumiyyətlə, rəssamın yaradıcılığı ekspressiv tərzə əsaslanır.

“Uzanmış yaşıl corablı qadın”. Eqon Şile
O, adətən, fiquralarını sosial və məişət kontekstindən çıxararaq abstrakt sahədə yerləşdirir. Bu mənada onun personajları konkret zaman və məkandan kənardadır.
Onun son əsəri “Ailə”(The Family) isə ailəsinin portretidir. Burda özü, arvadı və doğulmayan körpəsi təsvir olunub. Yaxınlaşmaqda olan ölümə baxmayaraq, personajların üzü sakitdir. Öncə qadının ayaqları arasında gül dəstəsi təsvir olsunda da, sonradan rəssam bunu uşaqla əvəzləyib. İspan qripindən əvvəlcə onun həyat yoldaşı hamilə Edit Harms, bir neçə həftə sonra isə Şile ölür.

“Yergilası ilə avtoportret”. Eqon Şile
Onun yaradıclığı ölümündən sonra daha da məşhurlaşdı. Şile haqda “Qalmaqal-Eqon Şile” ( rej. Herbert Veseli, 1980), “Eqon Şile: Ölüm və qız” (rej. Diter Berner, 2016) filmləri çəkilib.