Özünü Antonen Artonun şagirdi sayan və “total teatr”ın tərəfdarı olan, zəngin aktyorluq və rejissorluq təcrübəsinə malik Barronun (1910-1994) teatr, bu sənətin təbiəti, funksiyası, aktyorluq sənəti və s. haqqında müşahidə və mülahizələrindən ibarət kitabının anlatdığı mətləbləri ana dilimizdə əxz etmək imkanı qarşınızdadır.
Daxilimizdə teatr necə yaranır
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas cəhətdir. İnsan odu kəşf etdi, Dionis və Apollonun adı ilə bağlı zərif sənətləri yaratdı və bu, onu qeyri canlılardan fərqləndirir. Lakin bir sahə var ki, onlar arasındakı sərhədi itirir – bu, oyundur. Heyvanlar da, dostları insanlar kimi oynamağı bacarırlar. Və o anda ki, fauna aləminin nümayəndəsi oyun çıxarmağa başlayır, onun təxəyyülü işə düşür, halbuki bu vaxta qədər onun belə bir qabiliyyətə malik olduğunu adətən ehtimal etmirik. Köpək şəkil çəkməyi, at heykəl yapmağı bacarmır, pişik radiodan Baxın simfoniyaları eşidiləndə ehtizaza gəlmir, qunduz isə öz yuvasını lazımsız əşyalarla bəzəməyi ağlına gətirmir. Amma hisslərini ifadə etmək, ya da özlərini ürkək göstərmək üçün bu canlılar min cür oyun çıxaranda əsl artistə çevrilirlər. Quşları da bu sıraya aid etmək olar.
Köpəyin topla, pişiyin ipə bağlanmış kağız parçası ilə oynamasını müşahidə edin. O, əyləncə predmetinin ətrafında necə şövqlə qaçır: onun davranışında hiyləgərliyin mövcud situasiyaya aid bütün çalarları var. Və birdən o dayanır. Budur, təsəvvür edilən düşmən sanki artıq göz önündədir. Dramatik an, “razvyazka”ya lap az qalıb, meydana olum və ya ölüm məsələsi qoyulub: ya o, ya mən. Diqqət! Düşmən əlçatan məsafədədir. Bir, iki, üç… Budur o! Və köpək günahsız topun üstünə atılır, təxəyyülündə onu düşmən kimi canlandıraraq bayaqdan oynadığı əyləncə vasitəsini amansızlıqla didişdirməyə başlayır, amma onu “öldürmək” fikrindən uzaqdır. Tam bir ruh yüksəkliyində o, topu yuxarı atıb döyüş nidası ilə səslənir və qələbənin dadını çıxararaq topun ətrafında az qala çapır, hərəkətləri ilə hansısa vəhşi qəbilənin qalib döyüşçülərini xatırladır. Beş dəqiqə sonra həmin bu köpək pəncəsini tilişkəyə məruz qoyaraq sizin qarşınızda iztirab hisslərini canlandıracaq. Əlinizdə çamadan gördükdə isə biganəlik nümayiş etdirəcək. Axı əyləncə xatirinə saxtakarlıq etmək və ya əsl reallığı təsəvvür edilən reallıq oyununa çevirmək hər bir canlıya xas cəhətdir, istər insan olsun, istərsə də fauna aləminin nümayəndəsi. Bu təzahürü doğuran nədir? Ola bilər ki, fərz edilən şəraitlərdə özünü qalib hiss etmək əhvalı. Əslində isə fərz edilən şərait gerçəkdə baş versə, qorunmaq, xilas olmaq instinkti üstün gələr. Həmin situasiya gerçəklikdən uzaq vəziyyət kimi təzahür etsə, cəsarətsizlik əhvalı sezilməz – qorxunu yaradan səbəblər mövcudiyyətdən kənar hallarda necə də cəlbedicidir, biz bu halların hökmü altına məmnuniyyətlə düşürük. Həqiqi qorxu halından həzz almaq necə, mümkündürmü? Əsla yox! Siz gerçək təhlükə ilə üz-üzə qalanda belə bir xassəli həzzin hayında ola bilməyiniz ağlasığmazdır.
“Komediya çıxarmaq” həvəsi çox güman ki, həyatı və onun qarşımızda qoyduğu vəzifələri daha dolğun anlamaq tələbatından doğur. Məhz buna görə həyatın süni şəklini canlandırırıq. Və bu canlandırdırılmış, lakin “təmizlənməyə”, “filtrasiyaya” məruz qalmış gerçəkliyə baş vuraraq hər bir nəsnə barəsində daha sayıqlıqla mühakimə yürütməyə, bu və ya digər şəraitdə atılmalı olan ən doğru addımı daha tez seçirsən; ani reaksiyanın zəruriliyi sənin gözlərini qamaşdırmır; sən heç bir səhvə yol vermədən həyat elmində məşğələlər keçə bilərsən. Bu, insan həqiqi mənada köməksiz olduğu məqamlarda insana xidmət etməli olan potensial güc məktəbidir. Bu, “enerji” məktəbidir, bir növ, yenidən yüklənmə mənbəyi qismində. Təbiətimiz etibarilə biz hamımız ikili təbiətə malikik – bu qəbul edilmiş həqiqətdir – lakin günlərin bir günü bizim çoxsaylı olmağımız aşkarlansa təəccüblənmək lazım deyil. “İnsanda o qədər insan yaşayır ki!”. Lakin hətta əgər biz müxtəlif çoxsaylı insanların məskəni, məkanı kimi xidmət ediriksə belə, daimi olaraq iki əsas sima özünü büruzə verir; buna görə biz özünüzü ikili şəxsiyyətli, ikili təbiətli adlandırırıq.
Bizim ikinci “mən”imizin özünün ayrıca həyatı var. Yuxularımızda yaşayan məhz odur, bəli. Teatrllaşdırılmış, oyaqkən görülən yuxudur. Son illər teatrın yalanları, uydurmaları haqqında çox danışılıb. Aktyor da özü üçün illüziyalar yaradır və buna görə də onun oyunu aldanışdan başqa bir şey deyil. Tamaşaçı da özünün təxəyyülünün ixtiyarına buraxılır və hətta gördüyünə inanır, yalan onu da hakimiyyəti altına alır. Söhbətin aktyordan və ya tamaşaçıdan getməsinin fərqi yoxdur; hər iki halda bədnam təzad iki yalançının əlbirliyinin nəticəsi olaraq meydana çıxır. Əbəs yerə demirlər ki, yuxuların aldadıcılıq xüsusiyyəti var. Bununla belə, bizim bu haqda məlumatımız demək olar ki, yoxdur.
Yaxşısı budur, deyək ki, teatr həyat kimi bir yuxudur və biz daha yalan barəsində bəhs etməyək.
Teatrın bütün tarixi bizə deyir ki, bu incəsənət növü yamsılama bacarığından doğub. Və ya daha dəqiq desək, incəsənət – gerçəkliyin solğun əksi yox, həyatın sənət vasitələri ilə canlandırılmasıdır. Sənətkar sənət sehrinin gücü ilə öz əsərinə ruh verir və buna görə də bu əsərlərdə həyat nişanəsi daha çoxdur, nəinki adi əşyalarda; ədalət naminə rəsm əsərini, heykəltəraşlıq nümunəsini və ya simfoniyanı canlı aləmə aid etmək doğru olardı. Yaradıcılıq prosesində sənətkar sanki yeni nəslin təməlini qoyur və nəticədə dünyaya onun övladı gəlir. Bir halda ki, həyat rənglər simfoniyasıdır, rəssamın, başqa sözlə, bu simfoniyanın yaradıcısının bəlli olması təbiidir. Əgər yaşam, rüzgar, həyat formalar toplusudursa, onda deməli bu toplunu yapan da olmalıdır. Yaxud həyat səslər, sədalar çələngidirsə, insan istedadının və bacarığının təzahürlərindən biri olan musiqi üzə çıxır.
Bəs həyat hansı görkəmdə canlanmalıdır ki, yamsılayanın varlığı özünü doğrultsun? Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, musiqi, poeziya özlərinin tarixi təsdiqlərinə varıblar, tarixin bəlli inkişaf pillələri olduqlarını sübut ediblər. Yamsılama sənəti də o pillələr sırasına layiqdirmi? Dostumuz Flüxerin Yelizaveta teatrına həsr olunmuş maraqlı oçerkində məni heyrətə gətirən iki ifadə ilə rastlaşdım: “Diqqət ayırdığımız məsələ sözlü teatrdır, başqa sözlə, ədəbiyyata aid olan teatr” və oçerkin başqa bir səhifəsində “teatr ilk növbədə dillə eksperiment sənət növüdür və onun əyləndirmək, öyrətmək vəzifəsi bu və ya digər dərəcədə uğurla yerinə yetirilməsi sözlə eksperimentlərin uğur qazanmasından asılıdır. Bu eksperimentləri isə dramaturqlar bir qayda olaraq ifadə vasitəsi kimi istifadə etməlidirlər, yəni dillə, nitqlə daim eksperiment aparmalıdırlar, aktyorlar isə bunu tamaşaçıların ixtiyarına verməlidirlər”.
Mən bir məsələni qeyd etmək istəyirəm:
1. “Dillə, nitqlə eksperiment sənəti” olaraq nəzərdən keçirilən “danışıq” teatrı ədəbiyyat tarixinin bölməsi kimi öz tarixinə malikdir.
2. Özünün əsas vəzifəsini, əyləndirməyi və öyrətməyi yerinə yetirərkən dramaturq həyatın canlı təsvirini yaradan ifadə vasitəsi kimi sözdən yararlanmalıdır, başqa sözlə, dillə dayanmadan eksperiment aparmalıdır.
Lakin bu halda daha bir qənaət aşkara çıxır: teatrın tarixinə bu nöqteyi-nəzərdən baxsaq bu tarix heç də bəşər övladının yaranmasıyla eyni tarixə təsadüf etmir. Həyat uğrunda fasiləsiz mübarizə aparmalı olan insan rəqsləri, nidaları, nəğmələri, duaları və hərb vərdişlərini ona görə yamsılayırmış ki, əcdadlarının gücü və düşmənlərinin qüvvəsi onun bütün varlığına sirayət etsin. Bütün bunlar qeyri-adi, belə demək mümkünsə, sehrli davranışlar idi. O vaxt sözün həqiqi mənasında incəsənət hələ mövcud deyildi. Burda biz yalnız həyatla bağlı olan mübhəm, sirli metafizik və kabalist hərəkətlərlə rastlaşırıq. Sonralar mağaraların divarlarında rəsmlər çəkərkən insan bu yolla heyvanlara bələd olmağa, onlardan faydalanmağa; qida mənbəyi kimi istifadə etməyə və ya əhliləşdirməyə başladı. Və biz yenidən qeyri-adi, sehrli tərzlə qarşılaşırıq. Sonralar insan ilk maskanı hazırlayanda bu yapma sifətdə öz simasını, öz mahiyyətini deyil, qəbiləsinin səciyyəsini, onun daxili aləmini göstərməyə cəhd edirdi.
Bütün bunlarda hələ heç bir incəsənət yoxdur; insan hələ hər şeydən yalnız xeyir, mənfəət götürmək mərhələsindədir. Əyləndirmək və ya öyrətmək yox, müdafiə olunmaq – ibtidai insanın hərəkətlərinin yeganə məqsədi budur. Burda bütün ustalıq sehrli hərəkətlərin texniki mükəmməıliyindən ibarətdir. Burda sənət adlana biləcək yanaşma yalnız sehrbaz hərəkətlərin texniki mükəmməlliyində ifadə olunur (Haitidə “vodu” mərasimi zamanı boya ilə torpağa həkk edilən və “vever” adlanan işarələr öz gözəlliyinə görə yox, əməli təsir qüvvəsinin tutumuna görə mükəmməlliyə yaxındır. Bu iki keyfiyyət möcüzəli şəkildə bir-birini tamamlayıb).
Yöndəmsiz bədən hərəkətləri, qışqırıqlar, nəğmələr, rəqslər, rəsmlər, maskalar, heykəltəraşlığın ilk cəhdləri, çoxrəngli boyama və xüsusi ətirləndirmə, təbilin, zınqrovların, üçlülərin, qurudulmuş balqabaqdan düzəldilmiş oyuncaqların və ya sadəcə bir-birinə toxunan bədənlərin səsi altında oxunan ovsunlar, haldan çıxma, ehtizaz, trans vəziyyətləri – bütün bunlar ədəbiyyata heç bir aidiyyatı olmayan sırf insanla bağlı təzahürlər idi.
Məhz bu yamsılama və canlandırma ilə bağlı hərəkətlərdə teatrın ilkinliyini görmək mümkündür.
Lakin teatrın bizim daxilimizdə doğulması necə baş verir və o, həyatı canına çəkərək nəyi ifadə etməyə çalışır?
Bizə təsir qüvvəsinə malik ola bilən hər bir incəsənət növü hər hansı duyğumuza məmnunluq bəxş etmiş olur. Eşitmə qabiliyyətindən məhrum olarıqsa rəngkarlığa maraq göstərərik, görmə qabiliyyətindən məhrum olarıqsa meylimizi musiqiyə salarıq. Konsert zalında musiqi dinləyərkən biz hərdən gözlərimizi qapadırıq ki, ifanı daha yaxşı eşidək. Yaradıcı şəxsin incəsənətin dili ilə “danışdırdığı” həyatı biz bəlli anlamda seçim imkanı kimi qavrayırıq və o bizim yalnız bir müəyyən duyğumuza təsir edir.
Halbuki real həyatda biz ətraf aləmi bütün hiss orqanlarımızla, bədənimizin hər bir hüceyrəsilə qavrayırıq. Varlığımızın elə bir hissəciyi yoxdur ki, nəyisə hiss etməsin, elə bir sinirdən məhrum deyilik ki, hər hansı qıcıqlanmaya cavabsız qalsın.
Lakin xarici aləmlə təmasda olarkən biz həm də öz daxili həyatımızı duyub hiss edirik: damarlarımızdan axan qanı, ağız boşluğumuzu nəm saxlayan ağız suyunu, oynaqlarımızın xırçıltısını, nəfəsimizin sədasını və s. və i.a.
Əgər biz bir anlıq donuqlaşıb “bizdən xaricdəki” və “bizim daxilimizdəki bütün varlığımızı saran, gerçəkliyimizin hər anını dolduran bu mübarizəyə qulaq kəsilsək; əgər bütün diqqətimizi toplayıb dərindən fərqinə varsaq, çox çəkmədən bu çoxsəslilik, bütün bu uzaqdan qopub gələn təkanlar və zərbələr, görmə qabiliyyətimizin üfüqünün sərhədlərindən kənarda əks-səda verən sükutun səsini eşidərik, bu səs irəliləyən indinin, bu günün səssiz addımlarının yüngül, xəfif meh təsirini bağışlayar bizə.
Klodel deyirdi ki, ulduzlar cingildəyirlər; o, ulduzlu səmanı asiman çayniki adlandırırdı.
İndiki hal səssizliyi, sözsüzlüyü ehtizaza gətirərək irəliləyir. Zaman axır, bu gün hərəkət edir, həyat keçib gedir, səssizlik çırpınır. Və biz də çırpınırıq, dəhşətdən çırpınırıq ki, bu qaçhaqaç, bu qovhaqov, bu fasiləsiz həyəcan, bu hərəkət dönməzdir və sonda bizi ölüm gözləyir…
Teatr mənşəyinə görə anlıq incəsənət növüdür, o hazırkı vaxt kəsiyinin vahid anında bizim bütün hisslərimizə – eşitmə, görmə, duyma qabiliyyətimizə, hər bir sinir damarımıza, bütün qavrama və instinkt aparatımıza – təsir göstərir. Mahiyyətinə görə teatr duyma sənətidir. Teatr – bu günə, bu ana və deməli gerçəkliyə və onun bütün qatlarına aid sənətdir, orta əsrlərin təbirincə desək, “cəhənnəmdən tutmuş səmayadək”, Plutonun yeraltı hökmranlığından kəhkəşanadək. Yaşadığımız anların hər birində yerin mərkəzindən baş alıb fəzada yox olan şaquli xəttdəki nöqtələrin sayı qədər gerçəklik mövcuddur. Teatr – tam anlamı ilə gerçəklik sənətidir. Bu sənət ölüm ayağındadır. Buna görə bizim teatrın emblemində öküz başı təsvir edilib. Bu yaxınlarda Monterlan mənə dedi: “Nəhayət ki öküz döyüşünün dərin mənasını anladım. Bu ki insan taleyidir… sadəcə, insan rolunu öküz oynayır! O həyatı əks etdirən incəsənətin təzahürüdür”.
Beləliklə, teatr rəssamı həyatı eyni zamanda bu günün və “bir növ susqunluğun” içərisindən keçərək qavrayır. Daha sonra o həyatı hissələrə bölür və nəhayətdə yenidən qurur.
Bəs onun həyatı hissələrə bölməsi necə baş verir?
Bu gün – ani qığılcımdı, biz isə – onun əksi. Gah ölərək, gah yenidən doğularaq o daim hərəkətdədir. Varolmasını davam etdirərək bu gün özünü qoruyub-saxlamaqdan ötrü mübarizə aparır, hər şeyi özündə cəmləşdirməyə və yolunun üstündəki maneələri dəf etməyə çalışaraq növbəli şəkildə hərəkətdən hərəkətsizliyə keçir. Bu hərəkətdən şövqə gələrək o dəyişikliklərin belə xassəsinə baxmayaraq, özünün dəyişməz ritmini saxlayan zamanın amansız axarına tabe olur.
Və rəssam həyatı müşahidə edəndə onu hərəkət adlana biləcək, qarşılıqlı əlaqəni doğura biləcək, ritmdə özünü ifadə edəcək hər bir nəsnə heyrətə gətirir.
Rəssam gerçək, sirayətedici və hissiyyatlı həyata o qədər yaxındır ki, reallığı canlandırmaq aləti seçərkən o həyatın zəif əks-sədası olan abstrakt tərz, ikiölçülü sənəti – rəngkarlıq və ya həcmli heykəltəraşlığı seçə bilər. Ona ən yaxın olanı musiqidir, amma o da həyatla təmasda olarkən duyduğumuz dərin hissləri çatdıra bilmir.
Tərcümə: Samirə Behbudqızı