İtalyan rəssamı Mikelancelo Merisi de Karavacco (1571-1610) XVII əsr rəssmalıq sənətinin islahatçısı, realizmin banisi və barokko cərəyanının (barokkoya dinamizm, kontrastlıq, dəbdəbəli formalar, parlaq təmtəraqlıq və s. xasdır. O, insan və dünyanın harmoniyasını yox, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edirdilər) ustalarından biridir. Karavacco yaradıcılığının ilk mərhləsində Leonardo da Vinçi, Tisian və başqa rəssamlardan təsirlənib. Sənətşünaslar onu rəngkarlıq tarixində işıq-kölgə effektlərinin mahir istifadəçilərindən bir sayır. Onun əsərləri işıq və kölgənin kontrastlığı, xüsusi cizgiləri ilə fərqlənir, bununla da o, tamaşaçının nəzərlərini lazımı fiqura yönləndirməyi bacarırdı.
Karavacconun yaradıclığının cəhətlərindən biri aldığı sifarişlərdə kilsənin qoyduğu qaydaları pozmasıydı. Dini motivli əsərlərində o, müqəddəsləri ölümlü insanlarla əvəz edirdi. Müqəddəslərin üzlərində görməyə alışdığımız mükəmməllik, məsumluq bu obrazlarda yox idi. Əksinə bu obrazlar üz cizgilərinin gerçəkliyi ilə tamaşaçını heyrətləndirirdi.
Təqdim etdiyimiz əsər “Madonna di Loreto” və ya “Pilgrims Madonna” (1604) Romada yerləşən Sant-Aqostino kilsəsinin sifarişi ilə çəkilib. Əsərdə qucağında körpə İsa olan Müqəddəs Məryəm onun qarşısında diz çökmüş iki kəndli zəvvarın gözünə görünür. Bəzi yozumlara görə isə kəndillərin qarşısında qəfil canlanmış Məryəm heykəli təsvir olunur. Rəsm əsəri birmənalı qarşılanmır. Xüsusən zəvvarların xoş olmayan görünüşü, çirkli dabanlarla təsviri, Məryəmin isə ilahi bir görünüşlə yox, sadə bir qadın kimi miskin, yoxsul bir evdə çəkilməsi kilsənin xoşuna gəlmir və sifariş geri qaytarılır. Yalnız ana və oğulun başı üstündə güclə sezilən qalo (Günəşin ətrafında dairəvi şəkilli optik feneomen) onların ilahiliyinə eyham vurur. Bir çoxlarının fikrincə, rəssam Məryəmi çəkərkən naturaçı kimi dövrünün məşhur kurtizanlarından biri Maddalena Antonyettinin üzündən yararlanıb. Maddalena rəssamın başqa əsərlərində də naturaçı olub.