Kinematoqrafiya sənəti yalnız texniki faktor, dekorasiya, xüsusi effektlər, təbliğat mexanizmi, parlaq personajlar, bir əhvalatın maraqlı nəqli demək deyil. Kinonun yaranmasında, rejissorun bədii məqsədinin tamaşaçıya çatdırılmasında əhvalata uyğun seçilmiş, filmin atmosferini yaradan natura, məkan təsvirləri də mühüm rol oynayır.
Məkan amilinin kinoda nə qədər mühüm olduğunu göstərmək üçün dünya kinosundan bir fakta müraciət etmək yerinə düşər. Amerikalı rejissor Con Ford 1939-cu ildə lentə aldığı “Dilican” filmini təbii fonda çəkməklə vestern janrına yeni nəfəs gətirdi. Həmin illərdə filmlərin çoxu pavilyonlarda, süni landşaftlarda çəkilirdi. Ford isə naturaya üstünlük verdi və “Dilican” Amerikanın milli simvollarından biri sayılıan Monument Vadisində lentə allnmış ilk vestern oldu.
…Naxçıvanın unikal, eklektik təbiəti, polifonik relyefi son dərəcə kinematoqrafikdir. Başqa cür desək, bu qədim tarixi ərazi həm təbii kinodekorasiya mühiti yaradır, həm də bədii ifadə vasitəsi, obrazlılıq funksiyası daşıyır. Naxçıvanın təbiət modeli istər dram, istər fantastika, istər mistika, istər vestern, istərsə də tarixi ekran əsərlərinin çəkilməsi üçün böyük imkanlar təklif edir. Bundan başqa respublikanın qiymətli memarlıq abidələri, Arazboyu düzənliklər, dağ silsilələrinin konusvari, gümbəzvari çıxıntılarının yaratdığı təkrarolunmaz relyefi, landşaftlar kinematoqrafçıları kadrların kompozisiyasını qurarkən onları səhnəyə əlavə estetik don geyindirmə problemindən xilas edir, rejissora öz bədii niyyətini həyata keçirmək üçün geniş şərait yaradır və dekorasiyadan istifadəni, məkan rekonstruksiyasını minumuma endirir.
Təsadüfi deyil ki, Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan, kino mədəniyyətimizdə kult hesab olunan bir sıra məşhur ekran əsərləri Naxçıvanda lentə alınıb: “Dədə Qorqud”, “Gümüşgöl əfsanəsi”, “Əzablı yollar”, “Babək”, “Nəsimi” və s.

Əshabi-kəhf
“Kitabi Dədə Qorqud” dastanı əsasında 1975-ci ildə ekranlaşdırılmış “Dədə Qorqud” filmində bir səhnəyə diqqət yetirək. Ata itkisinə hazır olmayan Burla Xatunun ağrısının ifadəsi interyerdə yox, əzəmətli daşların kontekstində verilib. Konkret olaraq, bu səhnədə daşlar həm özünün coğrafi, təbii funksionallıq çərçivəsindən, həm də əzəmətli görünüş obrazından çıxaraq yumşaq şəkildə lirik, kövrək obraza keçid edir. Onlar Burla Xatunun ağrısını bölüşən, onun məhrəm hisslərinə şərik olan, dərdini özündə saxlayan canlı, güvənə biləcəyi mərhəmətli obraza, dosta çevrilir. Yuxarıda qeyd etdiyimiz səhnənin, məsələn, məkan olaraq ev şəraitində çəkilməsi epizodun ifadə gücünü, energetikasını azaldardı, onu tamaşaçı üçün effektsiz, təsirsiz edərdi.
Bu detal bir daha Naxçıvan təbiətinin çoxqatlılığını, rejissorun niyyətindən asılı olaraq obyektin anlamının dəyişə biləcəyini göstərir. Yəni daha aydın desək, polifonik təbiət imkan verir ki, rejissor çəkiliş prosesində filmin ideyasına xidmət edən ən müxtəlif bədii həllər tapsın, onu müxtəlif şəkildə traktovka eləsin.
Naxçıvan təbiətində kinematoqrafik amil o qədər güclüdür ki, burda təsvir özü danışır, dialoq və mətnlərə ehtiyac yoxdur.

Əlincə qalası
Yaxud “Nəsimi” filmində təbiət maraqlı interpretasiyalara məruz qalır. Epizodlardan birində Teymurləng qanlı döyüşlərin baş verdiyi ərazini nəzərdən keçirir. Teymurləngin düşüncəli, həyəcanlı baxışları onu əhatə edən, sanki baş verən qəddarlığa etiraz edən dağların, sahili meyitlərlə dolu Əlincə çayının harayı ilə birləşərək qorxunc, ekspressiv atmosfer yaradır. Bu epizodun ümumi emosional atmosferi ekspressionizmin parlaq tabloları ilə oxşar assosiasiya olunur.
Məkanın imkanları geniş bucaqlı çəkilişlər aparmağa icazə verir. Yəni məkanı kiçik bucağa qısnamaq lazım gəlmir. Bu mənada “Babək” filmində döyüş səhnələrinin burda aparılması təsadüfi deyil.
Bir məsələ də var ki, “Babək”, “Nəsimi”, “Dədə Qorqud” filmləri sadəcə məkan baxımından ideal olduğu üçün deyil, həm də torpağın tarixi hadisələrə, obrazlı desək, şahidliyi səbəbindən Naxçıvanda lentə alınıb.
“Nəsimi” filmində Əlincə qalasına geniş yer ayrılıb. Tarixən strateji əhəmiyyətə malik Əlincəqala Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Əmir Teymuru belə, möhkəmliyi ilə heyrətləndirən Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurləng ordusuna 1401-ci ildə təslim olub. Qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir, şəxsən Əlincəyə qalxıb. Mənbələrin yazdığına görə qalanın coğrafi mövqeyi və əzəməti Teymurləngi heyran edib.
İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalasını belə təsvir edirdi: «Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir».

Əlincə qalası
Bu baxımdan Naxçıvanın həm də sənədli film üçün xarakterik olan şərtləri və şəraiti mövcuddur.
Ümumiyyətlə, Naxçıvanın təbii modelini, mahiyyətcə zamanında kinematoqrafiyada hadisəyə çevrilmiş, italyan neorealizm cərəyanına, “Cinema verite”, “Doqma-95” manifestinin metodlarına uyğundur. Yuxarıda adını çəkdiyimiz cərəyan və metodların ümumi cəhəti budur ki, reallıq təhrif edilmir, onun imkanlarından maksimum istifadə olunur, çəkilişlər təbii lokasiyalarda aparılır, təbii işıqdan yararlanırlar, improvizə və kamera istifadəsi birləşdirilərək gerçəyi, ilk baxışda görünməyən məqamları ortaya çıxarır.
Kinoda təbii dekorasiyalardan, orijinal məkanlardan, istifadə olunan təbii kinematoqrafik metodlardan söhbət düşürsə, xüsusən, XXI yüz il kinosunda süni fonlar, kinematoqrafiyanın təbiətini təhrif edən bol kompüter effektlərindən danışmamaq mümkün deyil. Gerçəklikdən çox virtual məkanda qərarlaşan müasir insan reallıq hissini itirir, texnologiyanın fasiləsiz yenilənməsi, inkişafı, kinoda gerçək məkan əvəzinə xromokeydən (xromokey çəkilişi zamanı obyekt bir tonlu yaşıl fonda yerləşdirilir. Sonradan isə fona uyğun təsvirlər əlavə olunur) istifadə reallığı təbiiliyi yox edir, insanları illüzor dünyaya qapdırır, fərdi sosial aktivlikdən uzaqlaşdırır, sonsuz virtual imkanlar vəd edir. Çağdaş kinematoqrafiyada yeni texnologiyalar məkanı süni səliqə ilə cilalayır, kinematorafiyanın təbiətini təhrif edir, onu xüsusi effektlərdə boğur.
Kompüter effektlərindən istifadəyə üz tutmayan bir qisim rejissorlar (biz onları gerçək kinematorafiyanın qoruyucuları da adlandıra bilərik) “təmiz kadr” axtarışındadırlar. “Təmiz kadr” anlayışı deyəndə dünya kinosunun əhəmiyyətli şəxsiyyətlərindən biri — Vim Vendersin hələ 1986-cı ildə bu məsələ ilə bağlı həyəcan təbili çaldığı “Tokyo ga” sənədli filmini xatırlamamaq mümkün deyil.
O, yapon kinosunun ustalarından Yasudziro Odzunun kino dilinin mahiyyətini, məqsədini anlatmaq üçün Yaponiyaya uzun bir yolçuluğa çıxır. Venders, Odzunun şəxsiyyəti və yaradıcılığı fonunda çox dərin, aktual mətləbləri dilə gətirir. Rejissor müasir Yaponiyada Odzu filmlərində gördüyü yapon mədəniyyətinin, təbii lokasiyaların axtarışına başlayır. O, Odzunun filmlərindəki rahat, nizamlı, mifik, şəffaf Tokionu deyil, qərbləşən, modernləşən, orqanikliyini, individuallığını itirən cansız Tokionu tapır. Elə bir itirilmiş məkan ki, onun funksionallığı yalnız məkan olmaqla məhdudlaşmırdı, o, insanın, əşyaların, şəhərin, kəndin mahiyyətinin açılması, dramaturgiyanın, kinotəbiətinin ayrılmaz faktoru kimi daha geniş bir funskiyanı özündə ehtiva edirdi. İndi kinoda elə bir dövrə gəlib çıxmışıq ki, şəhərləri bir-birinə bənzədən modern tikililər məkanı butaforlaşdırır və kinematoqrafçı quramalıqdan, eynilikdən qaçaraq arxeoloq kimi kameraya layiq, ideal təmizliyi olan şəffaf təsvirlər axtarır. Çünki boş, saxta məkanlarda insan hissləri də imitasiya olunur.

Arpaçay su anbarı – «Gümüşgöl»
Bu mənada Naxçıvan təbiətində kinematoqraf üçün vacib olan təmiz kadrlar bolluğu mövcuddur. Naxçıvanın fakturası şərait yaradır ki, bədii və sənədli filmlərin çəkilişi zamanı mövcud reallığın gözlənilməz elementləri süjetə təbii şəkildə daxil olsun. Tarixi film janrının estetik prinsiplərinə xələl gətirməyən, dövrün dokumentallığını, ritmini verən məkan xarakteristikalarını burda lentə alınan filmlərdə görmək mümkündür.
“Gümüşgöl əfasanəsi”ndə məkan lirik, asketik və mifik obraz kimi ortaya çıxır. Bu məkan süjetə uyğunlaşaraq vizual üslub səviyyəsində təzahür edir. Rəsmi adı Arpaçay su anbarı olan Gümüşgöl Azərbaycanın strateji yeri hesab olunur. Çılpaq dağların əhatəsində yerləşən Gümüşgöl adamı dərhal mistik hisslər burulğanına atır. Bu səbəbdən də rejissor Eldar Quliyev məkanın sirli aurasını hiss edərək 1984-cü ildə lentə aldığı “Gümüşgöl əfsanəsi” filminin ən məşhur səhnəsini burda çəkib.
Bu filmdə göl insanın mənəvi təmizliyini, saflığını ifadə edən obrazdır. Əsas personajlardan biri Leyli gölün üzərində asanlıqla yeriyir, onun inancına görə mənən təmiz insanlar göldə bata bilməz.

«Gümüşgöl əfsanəsi» filmi, rejissor Eldar Quliyev
Naxçıvanın unikal abidələrindən biri də iki dağ arasında yerləşən Əshabi-Kəhf mağarasıdır.
Əshabi-kəhf ərəbcədən tərcümədə «Mağara adamları» anlamına gəlir. Onun hekayəti əski bir rəvayətə söykənir: Dağ Yunis adlı zalım şahın ədalətsizliyindən qaçan dörd gənc buradakı mağaralarda gizlənərək Allahdan onları qeyb etmələrini diləyiblər. Allah onları bir neçə əsr yatırdıqdan sonra dağı parçalayaraq qeyb edib.
Rejissor Tofiq İsmayılovun Azərbaycan xalq nağılı “Məlikməmmədin nağılı” əsasında quruluş verdiyi “Əzablı yollar” filmi burda çəkilib. Mağaralar, qayalar, daşlar bir-birilə o qədər harmonik kompozisiya yaradır ki, sanki antik heykəltəraşların əliylə yonulub.
Əshabi-Kəhf bu gün bir çox insanın inam yeridir, ona müqəddəs, toxunulmaz, mistik məkan kimi yanaşırlar. 1989-cu ildə Amerika kinoprodüserlərinin 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilən “Əzablı yollar” filminin çəkildiyi bu məkanın mistikliyi çəkiliş prosesində də meydana çıxıb. Belə ki, çəkiliş müddətində aktyor heyətindən bir neçə nəfər ağır xəsarət alııb. Filmin 10 dəqiqəlik hissəsi isə itib.

Əshabi-kəhf
1970-ci illərdə çəkilən “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərində döyüş səhnələrinin lentə alındığı məkanlar indi də öz naturallığını, orijinallığını, kino çəkilişləri üçün əhəmiyyətini qoruyur. Bu məkanlar kinogöz vasitəsilə tamaşaçını uzaq tarixə baxmağa, epoxanın ruhunu hiss etməyə imkan verir, tamaşaçını bilavasitə ekranda baş verənlərin içtırakçısına çevirir.
Son illər qərb rejissorları daha böyük maliyyə məsrəfləri sərf etmədən film çəkilişləri üçün uyğun məkanlar axtarırlar. Bu mənada Naxçıvanın təbiəti, memarlıq abidələri qərb kinoprodüserlərinin daha az maliyyə xərcləyə biləcəyi, amma maksimal canlı, təbii fon ola bilər.