“Qadınla yol get, balıq tut, biznes qur, restoranda yemək ye, gəzintiyə çıx, domino oyna amma heç vaxt qadını sevmə. Qadın seviləndə qudurur. Daha bezmişəm! Özümə qoyun ətindən bir qadın düzəldib onunla evlənəcəm…”
Seymur Baycan 18,6
Tələbə olarkən tanıdığım bir qiz məni bir anda o qədər dəyişdi ki, çevrilib indiki adam oldum.
Həmişə sarışın qızlar arzulamışam. Ona görə ki, sevdiyim ilk qiz sarışın idi. Sonradan bu məndə həqiqətən, asılılıq yaratdı. Sarışın qızları qaldırıb qoydum başıma. Hətta məndən soruşsalar ki, gözəl əsmər yoxsa eybəcər sarışın? İnanın, eybəcər sarışını seçərdim. Əvvala istəyirəm, həyatımda olan ilk sarışın qızın hekayətini yazım ki, sevgi tarixçəm sizə daha aydın olsun.
Onuncu sinifdə oxuyanda məktəbdə məni müasir dövrün submədəniyyətlərindən olan Emoların nümayəndəsi hesab edirdilər. Bu ada layiq olmaq üçün spesifik hərəkət eləməmişdim. Sadəcə, özünə qapalı şagird idim və saçlarımı gec-gec kəsdirirdim. Bu arada günü bu gün də bərbərlərdən uzaq gəzirəm. Mənə elə gəlir ki, bərbərlik bu dünyada ən yararsız və əziyyətsiz peşədi. Bərbərə pulu həmişə əlim əsə-əsə vermişəm. Bir də məktəb üçün üstündə qəribə işarələr olan fərqli çantalar alırıdım. Amma vallah-billah bunlardan başqa heç bir Emoluq göstəricisi məndə yox idi. Ağ köynək və qara şalvardan başqa paltar geyinmirdim məktəbə.
Məktəbin avaraları məni hər gün gic gic suallarla bezdirirdilər. O axmaqlar elə bilirdilər ki, mən pişik qanı içirəm. Əvvəl əvvəl onları pişik qanı içmədiyimə, Emo olmadığıma nandırmağa çalışsam da, sonradan ağızlaşmağı dayandırdım. Deyəsən avara uşaqlardan qorxurdum ya da heç nəyin dəyişməyəcəyini bilirdim. O yaşlarda anlaşılmazlıqlar danışaraq həll olunmurdu.
Məktəbdə sənə ayama yapışdırdılarsa, çox çətin ki, ondan qurtulasan. Onsuz da adıma bir söz çıxmışdı. Emo adlanmaq o qədər də yaxşı deyildi, amma döyülən Emo olmaq ondan da pis idi.
Həmin ərəfələrdə qızlarla da aram yaxsı deyildi. Məni bəyənmirdilər. Qəsəbə məktəblərində qızlar dalaşqan, avara uşaqlara üstünlük verirdi. Mənim kimi mağmın oğlanlar məktəb illərində möcüzə baş verməsə, qız əli tutmadan məzun olurlar. Yaxşı ki, məndə möcüzə baş vermişdi. Həyat belədir, taleyin hər an dəyişə bilər.
O qədər sərgərdan həyat keçirirdim ki, axırda özümə gitara aldım. Günlərim gitarada mahnılar ifa etmək, məktəbə getməklə keçirdi. Gitaramı məktəbə apardığım ilk gün həyatımda möcüzə baş verdi. Elə o gün ilk sarışın qızla tanış oldum.
Belimdə gitara ilə məktəbin həyətində firlanıb gitarımı bütün qızların gördüyündən əmin olduqdan sonra sinfə girdim. Qəbul eləmək lazımdı ki, o yaşda oğlan qızlardan diqqət görmək üçün sinov gedir. Sinif yoldaşım qızlardan reaksiya almaq üçün bir dəfə hər ayağına ayrı ayaqqabı geyinib gəlmişdi. Onun taktikası işə yaramışdı. Qızlar mədəni cəsarətinə görə ona heyran qalmışdılar.
Dərs başladı və çox keçmədən sinfin qapısı döyüldü. Məktəb avaralarından biri mənə icazə alıb başqa sinifə apardı. Dəhlizdə o avara uşağın arxasınca addımlayanda, düşünürdüm ki, yəqin məktəbə gitara gətirməklə, avara uşaqların hansısa yazılmamış qanunu pozmuşam və bunun bədəlini ödəməyə gedirəm. Qanun pozduğuna görə döyülən Emo olmaq, pişik qanı içmədiyini dediyinə görə döyülən Emo olmaqdan daha pis idi. Həyat belədir, ən pisini heç vaxt təsəvvür edə bilməzsən. Xoşbəxtlikdən hələ də qondarma emo olaraq qalırdım. Mən heç bir qaydanı pozmamışdım. Məni yanına çağırtdıran məndən onun keçirəcəyi tədbirdə gitara çalmağımı xahiş eləmişdi. Bax, balaca qəsəbələrdə belə olur. Belində gitara ilə bir dəfə dərsə gedirsən, elə həmən gün də səni tədbirdə gitara ifa etməyə çağrırlar.
***
Biz müəllimlə tədbir haqqında söhbət edərkən sarışın vokalistim də yanımıza gəldi. Mən onu gördüm. Bəstəboy, səliqəli təmiz geyimdə, uzun saçlı bir qız. Beləcə peşəkarca sevəcəyim ilk qızı tanıdım. Üçümüz xeyli söhbət elədik, hər şeyi danışıb yoluna qoyduq. Tədbir Əfqanıstan müharibəsində şəhid olan hərbiçimizlə bağlı idi. Biz “Cənab leytenant” mahnısını ifa etməli idik.
Təbii ki, möcüzə mənim onu görməyim yaxud dərhal sevməyim deyildi. O vaxta qədər kifayət qədər görüb sevmişdim. Möcüzə o oldu ki, ertəsi gün sinif yoldaşlarımdan biri mənə o sarışın qızın sevgi etirafını çatdırdı.
Biz onunla xeyli macəra yaşadıq. Sonra isə yavaş yavaş bir birimizi unutduq. Bir il ərzində mən o qız səyasində peşəkar şəkildə sevməyi öyrəndim. Bu sonralar mənim işimə çox yaradı. Hər dəfə sevəndə eynilə o cür sevirdim. Qəribə olsa da “Cənab leytenant” mahnısını mənə həmişə o qızı xatırladır.
Deyə bilərsiz ki, onuncu sinifdə oxuyan şagird necə peşəkar şəkildə sevdiyini bilə bilər? Doğru deyirsiniz, o vaxt bunu qanmırdım. Özüm də sonradan dərk elədim. Heyat belədir, bəzən indinin özünü belə düzgün qiymətləndirə bilmirsən, ona gələcəkdən baxmağa məcbur olursan.
Dörd il sonra yəni, mən artıq yuxarı kurs tələbəsi olanda yenidən peşəkarcasına sevməli oldum. Ən azından buna cəhd elədim.
***
Ən sevdiyim fəsil yazdır. Uşaqlıqdan bəri bu, mənim üçün ən arzuolunan fəsildir. Bir çox səbəbə görə. Məsələn yazda məktəbə gələn uşaqların sayı azalırdı (az uşaq gələn günlərdə məktəbə getməyin necə böyük xoşbəxtlik olduğunu yəqin hamı bilir), yaz aylarında bizim ailədə heç vaxt maddi problem olmurdu, yazda bizim bağ elə gözəl görsənir ki, mən tut ağacının altında uzanıb çiçək açmış ağaclara ,xüsusən gilas ağacına baxmaqdan doymuram və doğum günüm yazın son günüdür. Beləcə, yaz ilə təntənəli şəkildə vidalaşıram. Yazın bir mühüm xüsusiyyəti də var ki, insanlar sevməyə, eşq yaşamağa daha istəkli olurlar. Mən də yazın son günlərinin birində yenidən peşəkarcasına sevməyə qərar verdim. O vaxt elə zənn edirdim ki, sevdiyin qadını tapmaq, sonra isə onunla birlikdə ölümü gözləmək həyatın ən ali məqsədidir. Elə bu səbəbdən, uzun müddət heç kəsi peşəkarcasına sevməmişdim. Ölmək üçün partnyor tapmaq elə də asan deyildi. Doğum günümə az qalmış (doğum günümü vurğulamaqla az sonra yaşanacaq faciənin böyüklüyünü bildirmək istəyirəm ) bizim universitetin foyesində bəstəboy, sarışın, səliqəlı geyimli qız görəndə ölmək üçün ideal qızı tapdığımdan əmin idim. Həqiqətən, gözəl qız idi. Bu bədbəxt tanışlıqdan sonra nəinki sarışın qızlara, ümumiyyətlə bütün qızlara verdiyim əlavə dəyəri heçə endirdim. Qoy rədd olsunlar. O gün bu gündü heç bir qıza eşq elan eləməmişəm. Amma hələ də içimdə sarışın qızları sevirəm.
Bir neçə gün necə tanışlıq yarada biləcəyim haqda düşündüm. Ağlıma mənalı mənasız min cür fikir gəlirdi. Rəfiqələrini dilə tutmaqdan, dərsdən sonra arxasına düşməyə qədər hər şeyi fikirləşdim. Amma sonra yaşadığımız müasir dövrün müasir üsulları olduğunu xatırladım, sosial şəbəkələrdə qızın adını yazıb axtardım. Sarışın gözəlimin hesabını tapmaq uzun çəkdi. Onun fövqəladə gözəlliyi olsa da, adi adı var idi. Leyla, Aysel, Nərmin kimi ad. Etiraf edirəm ki, adının adi olduğunu biləndə xeyli kədərlənmişdim.
Sosial şəbəkədə hesabını tapandan sonra orada belə bir qeyd ilə kitab şəkli paylaşdığını gördüm:”Bu kitabı kim mənim üçün tapa bilər”. İndiki ağlım olsa belə düşük paylaşım edən qızı nəinki sevmək, heç “dostluq siyahımda” da saxlamaazdım. Amma nə edək, həyat belədir, keçmişdəki hərəkətlər səni nə vaxtsa məyus edir.
Şəkli görəndən sonra olan qalan pulumla, nəşriyyatın özündən həmin kitabı iyirmi faiz endimlə alıb ona hədiyyə etmək və tanış olmağa qərar vermişdim.
***
Mən həqiqətən əfələm. And içirəm ki, məni çox rahatlıqla aldatmaq olar. Özüm kimi əfəl adamları da ilk baxışda tanıyıram. Kitabı alanda nəşriyyat işçisinin elə mənim kimi əfəl olduğunu duyub bir az dil ağız eləyib kitabı əlli qəpik də ucuz aldım. Əfəl insanlar arasında belə şüursuz sövdələşmələr tez tez olur. Biz bilirik ki, yalnız özümüz kimi adamlardan əvvəlki kələklərin acığını çıxa bilərik, yoxsa dünyada əfəl adamlar qalmazdı. Həyat belədir, gərək güzəştə getməyi bacarasan. O, əlavə əlli qəpiyin üstünə bir manat da qoyub sarışın qıza qızılgül də almaq istəyirdim. Bu niyyətlə 20 yanvardakı adsız gül salonlarının birindən qızılgül aldım və universitetə getdim.
***
Foyedə gözləyirdim. Qısa müddət sonra bəstəboy sarışınım digər tələbələrin arasında göründü. Bir müddət universitetdə dolandı. Yuxarı asağı düşüb çıxdı, yemək xanaya getdi. Təqribən qırx beş dəqiqədən sonra universitetdən çıxdı. Mən də onun dalınca. Onu düz dayancağa qədər izlədim. Yaxşı ki dayanacaqda tələbələrdən heç kim yox idi, onlar çoxdan getmişdilər (bu detal faciəni bir az lokallaşdırır) dayanacağa çatanda isə:
-Salam, bu kitabı sizin üçün almışam-dedim və kitabı ona verdım.
Heç bir şey deməyib gözlərini mənə zillədi.
-Bu qızılgülü də sizə almışam-deyib gülü də ona uzatdım.
Nəsə deyəcəyini, heç olmasa təşəkkür edəcəyini düşünürdüm. Qız isə susurdu.
Daha dayana bilmədim. Oğlanlıq xislətim üstün gəldi, basıb bağlamağa başladım. Bu, son çarə idi.
-Əslində mən hər qıza yaxınlaşıb eləmirəm, vallah, ilk dəfədi belə oldu məndə. Sizi çox görmüşəm, diqqətimi çəkirdiz. Birinci istədim sizə sosial şəbəkələrin birində yazım, amma narahat eləmək istəmədim. Kitabı bəyəndiniz? Sizin profildə gördüm. Mən özüm də kitab oxuyanam. Təəssüf ki, bu kitabı oxumamışam. Siz oxuyub bitirəndən sonra kitab haqqında danışa bilərik.
Hələ heç bir reaksiya yox idi. Hər kişi kimi mənim də son bir silahım var idi. Düzdü, bu silah artıq öz təsirini itirib amma məcburən onu da işlətdim.
-Xanım mən sizinlə ciddi düşünürəm. Mənə bir cavab verin heç olmaya.
Elə bu dəm üç nömrəli qırmızı Bakubas avtobusu gəlib mənim kitabli, qızılgüllü, susqun gözəlimi apardı. O gedərkən, avtobusun pəncərəsindən belə boylanıb baxmadı. Kitaba, qızılgülə görə təşəkkür eləmədi. Bununla da bizim eşqımız bitdi. Diqqətli oxucular yenə dinc dayanmayıb, soruşa bilər ki, axı burda qızlardan, eşqdən soyumalı, bu qədər dəyişməli nə var, bunlar hamının başına gələ bilər. Yox, yox əziz, diqqətli və nadinc oxucular, elə o an mən həyatdakı çox şeyi özüm üçün aydınlaşdırdım. Neyləmək olar, həyat belədir, hər xırda şeydən dərs almalısan.