2020-ci il bəşəriyyət üçün dəhşət filmlərindəki gərgin musiqilərin ağır notları ilə başladı. Əgər həyatımızı film hesab etsək və bu film ümumi insanlıqdan bəhs etsə hələ də arxa fonda kədərli, bir az da gərginlikdə saxlayan musiqinin çalındığını təsəvvür edə bilərik.
Koronavirusla üz-üzəyik və 2020-ci ili yarılasaq da hələ də bu virusun vaksini tapılmayıb. Xırda, gözəgörünməz virus bütöv bir dünyanı silkələyib və bütün sferalarda radikal dəyişikliyə səbəb olub. Başa düşmək çətin deyil ki, hətta vaksin tapıldıqdan sonra da dünya əvvəlki dünya olmayacaq. Hazırki dəyişikliklər oturuşacaq və ənənə transformasiyaları baş verəcək. Faktiki baş verənlər qlobal səviyyədə qeyri-təbii də olsa müəyyən təkamül prosesi yaradıb və bu insani münasibətlərin əlaqələr sistemini başqa şəkilə salmaqdadır.
Hazırda biz hansısa yol ilə getməkdəyik. Yol dərə-təpəli, çala-çuxurla örtülüdür. Hər an itki verə bilər, öz həyatımızı belə itirə bilərik. Dost, tanış, hətta qeyri-tanış və eləcə də doğmalarımız, bir sözlə bütün bəşəriyyət bizimlə bu yolda irəliləməkdədir. Aramızda nikbin şəxslərlə bərabər, bir xeyli ümidsizliyə düçar olmuş adamlar da var. Hətta bizimlə gedənlərin içində bu virusun varlığına skeptik yanaşanlar da az deyil. Bütün hallarda bəşəriyyət bu yolla getməkdədir və çox şükür əksəriyyət ümidlidir, mübarizəyə meyillidir. Bu əhval və xəstələrin sağalması bizə çox böyük güc verir, ümid məşəlimizin sönməsinə imkan vermir.
Qət etməyə çalışdığımız bu keşməkeşli yol mənə 2009-cu ildə çəkilən “The Road”(“Yol”) filmini xatırladır. Avstraliyalı kinorejissor və ssenarist John Hillcoat tərəfindən ekranlaşdıran film postapokalipsis dövrünü əhatə edir. Planetdə katakalizm baş verdikdən sonra bütün yer kürəsində sivilizasiya məhv olub. Sağ qalan insanlar iki yerə bölünüb – adamyeyənlər və onların şikarları. Qeyd edim ki, “Yol” filmi ənənəvi qanibalizm, zombi tərzli filmlərdən deyil və süjet insanı düşündürmək gücünə malikdir. Filmin əsas qəhrəmanları ata və azyaşlı oğuldur. Onlar cənuba tərəf üz tutublar və soyuq məkanlardan xilas olmaq üçün uzun bir yol ilə irəliləyirlər. Küllə, qanla örtülü bu yol süjetin əsasını təşkil edir.
Faktiki olaraq yolüstü qida tapmaq əsas hədəflərdəndir. Ac qalmaq onları əldən salsa da atanın bacarığı hesabına bu ehtiyacı ödəmək ara-sıra reallaşır. Sağ qalmış böyük əksəriyyətdən fərqli olaraq onlar insan əti yemirlər və bunu bir prinsipə çevirirlər.
“-Ata, biz yaxşı insanıq?
-Biz yaxşı insanıq və qəlbimizdə bir məşəl yanır.” – bu fikir onların şəxsi prinsipinin konstitusional devizinə çevirilir. Doğrudan da oxşar çətin hallarda insanlığımızı qorumaq və içimizdəki bəşəri məşəli sönməkdən saxlamaq hər adama müyəssər olmur. Bəzən yol elə keşməkeşli olur ki, “sağ qalmaq” adı altında başqalarının həyatını məhv edirsən. Halbuki şəxsi prinsiplər və mənəvi dəyərlərinin immuniteti güclüdürsə sən “yaxşı insan” olmaqdan vaz keçmirsən. Pislik edə bildiyin halda etmirsən, çapıb-talamaq imkanın olan yerdə, bunu etmirsən…
İçində yanan məşəl sənin vicdanındır və instiktiv çətinliklər yaşadığın yolda, dilemmalar qarşısında qalsan da bundan üzü ağ çıxa bilirsən. Bunun bütün nümunələri ağır və ağrılıdır. Çıxılmaz vəziyyətlər, dilemma qarşısında qalmaq barədə təsəvvürlərin özü belə kədərlidir.
“Yol” filmi Cormac McCarthy ’nin 2006-ci ildə yazdığı eyniadlı roman əsasında ekranlaşdırıb. Kitab məşhur “Pultizer” mükafatına da layiq görülüb. Charlize Theron öz müsahibəsində bildirib ki, filmdə oynamağa ona görə qərar verib ki, McCarthy ‘nin yazdığı kitabı çox bəyənib. Theron filmdə ata rolunu canlandıran kişinin həyat yoldaşıdır. Açığı Theronun rolunu epizodik hesab etmək olar. Çünki o, yalnız xatirələrdə var və kişi, ara-sıra dünyanın sivilizasiyalı günlərini xatırlayanda onu ekranda görmək olur.
Xatirələrin özü elə filmin özəyi sayılır. Bu məqamlar izləyiciyə fikirləşmək üçün siqnal ötürür. Nə vaxt ki, kişi həyatının keçmiş günlərini yada salır, hansı ki, yay vaxtı bağ evindəki qayğısız günlərin epizodları, səhər günəşinin şüaları altında xumarlanan sevimli həyat yoldaşı, barmaqları ilə piano klavişlərinə toxunuşu – bütün bu kontrast onu əhatə edən zülmət, bir vaxtlar necə var-dövlətə malik olduğunu yada salır. Burdakı “var-dövlət” ifadəsi birbaşa material nəsnələri nəzərdə tutmur. Harmoniya, təhlükəsizlik mühiti, sevdiklərinin varlığı, isti ev – bunlar insanı xoşbəxt etməyə qadirdir. İndi onun arvadı həyatda olmasa da, bütün keçmişin xatirələrinin ümumi real mücəsimməsi olan oğlu var və bu xoşbəxtliyin daşıyıcısı – atanın yeganə sərvətidir. Uşağın varlığı onun yaşamasının əsas mənasıdır.
Oğulun ümidi isə dəniz və isti diyara çatarkən orada başqa insanları və bəlkə də heyvanları görməkdən ibarətdir. Təbii şəkildə o da tez-tez bədbinləşir və təhlükəli vəziyyətlər uşağın qəlbinə qorxu salır. Ancaq atanın möhkəm sevgisi oradakı alovu yenidən körükləyir. Valideynlərin intəhasız sevgisi uşaq üçün ən effektiv stimuldur. Bu cür stimul uşağı özünəəmin, bacarıqlı və sevgidolu şəxsiyyətə çevirir.
Ata rolunu canlandıran Viggo Mortensen çox məharətlə aktyorluq nümayiş etdirib. Film barədə çox şey yazmaq olar, sadəcə, şəxsi qiymətləndirmə və həzz üçün gərək onu özünüz izləyəsiniz.
“Yol” filmi xırda şeylərin nə qədər dəyərli olduğunu göstərən ekran əsəridir. Banallığa görə bağışlayın, ancaq bu həqiqətən də belədir. Pandemiya vaxtı olan müxtəlif məhdudiyyətlər bizə yaxın keçmişdə nə qədər nemətə malik olduğumuzu xatırlatdı. Ən əsası qəlbimizdə hər zaman məşəl yansın…