Maşının bənövşəyi işıqları yandı. İşıq və mühərrikdən gələn səs mənə doğru axmağa başladı, qaranlıqda uçuşan böcəklər kimi yanımdan ötüb keçdilər. Önümdən keçərkən səsin surəti ilə başımı döndərib arxalarınca baxdım. Qaranlığa elə qarışırdılar ki, işıqla arasında sərhəd yaranmırdı. Sanki qaranlığın ayrılmaz hissələri idilər. Qaranlığın bəzi hissəsi işıq, işığın bəzi hissələri qaranlıq olmalıdı kimi görünürdü bu mübadilə. Bu an işıq söndü və maşın susdu, ətrafında dumanlı qaranlıq yarandı. Maşın qaranlığın ən tünd nöqtəsinə çevrildi. Amma səs və işıq geri qayıtmayıb qaranlıqla uzaqlaşdılar. Mən də onların arxasınca getmək istəyirdim deyəsən. Bir neçə addım atıb durdum, arxada qalmış nöqtədən yenə səs eşidəndə geri dönüb baxdım. Bu dəfə səs və işıq tünd nöqtədən ayrılmadan onun ətrafında toplaşmağa başladılar, maşınla birləşib maddə, səs və işıqdan ibarət rəngli bir işıq topu halına gəldilər.
Xanım K. sanki işığı gizlətməyə çalışaraq, vibratoru içinə soxub,nəvaziş olunmuş eqo hissi ilə mənə baxdı. Gözləri sanki şüşənin arxasından baxırdı, bəlkə də üzü şüşənin arxasında gizlənmişdi. Şüşənin saflığına ümid bəsləmişdi. Məncə gizlənən ruhu idi. Ruhu bədəninin utanc halını gizlətməyə çalışaraq üzünə şüşədən pərdə asmışdı. Nəfəsim toxunduqca parlaq pərdənin görünməz kristallarının xışıltısı eşidilir, pərdə işıldayaraq titrəyirdi. Baxışlarım pərdədən asılmışdı. Ola bilsin, mənim hər hansı utancımdan üzümə çəkilmiş pərdə, onun üzündəki pərdənin ritminə uyğun rəqs etməyə başlamışdı. Onlar bir birini tanımışdı.
Onun yatağında yanaşı uzanmışdıq, başı qolumun üstündə idi və ehtirasla mənə baxırdı. Fikrim tavandan asılmış yaşıl rəngli çılçıraqda idi, enli yarpaqları var idi və ağ parlaq meyvələri hərəkətdə idi. İşıq çölə çıxır ay işığına qovuşurdu, oradan isə günəşə qədər süzülürdülər.Bütün odların yanmaqda məqsədi günəşə qovuşmaqdır. Otaqdan çıxmış işıqla yenidən otağa qayıtım, xanım K-nın yanında uzananda gördüm ki, hərşey mən gedərkən olduğu kimi qalıb,hətta dəyişən yalnız mən olmuşam. Və yenə keçmişimdəyəm.
Xanım K-nın üz ifadələri intensiv dəyişilir, içindəki maşının təsiri onun üzündə əks olunurdu. Maşın ahəngdarlığı və durğun, qısa amma intensiv hərəkətlər ardıcıllığı sezilirdi onun ehtirasında. Onu öpməyimi gözləyirdi, onunla sevişmək ona və maşına ürək uydurmaq demək idi. Vibrator işləyirdi bu zaman, bu qadının içində nə etdiyini bilmədən. Bu aktdı, maşın olmaq. Aktlar təyin edir maşını. Öz işində olmaq hələki durmamaq, davamiyyəti qorumaq. Mən maşını tanımadım, qadını isə tanıyırdım, insan olduğu qədərini, məndən geri qalanını isə maşın tanıyırdı. Qadın isə maşını və məni tanıyırdı. Mən, Mercedesi isə tanıyıram. Bəlkə də içində bir maşın olması gözündə eynək olması kimidi. Müxtəlif alət və texnikalarla müxtəlif rəftar formalarından biridir. Maşının ritminə uyğun ehtiras dalğası yayılırdı otağa onun bədənindən və gözlərindən. Bu ritmik, texnoloji ehtirasa mənim cavabım yox idi.
Tavanda geniş bir pəncərə var, göyə açılır. Amma bağlıdı, görünür onu heç vaxt açan olmayıb. Gün işığı təvazökarlıqla otağa enirdi, tavandakı pəncərənin şüşəsindən keçərək. Otağın gümüşü rəngli divarlarından sürüşərək döşəmədə cəmləşirdi günəş və bir sütun kimi otağın mərkəzindən yenidən yüksəlirdi pancərədən günəşə doğru, günəş. Günəşə su verdim, gülümsəyərək suyun içindən keçdi. Su xəfifcə titrədi.
Ətrafıma baxıram,özümün və penisimin orada, xanım K-nın yatağında qalmadığını dəqiqləşdirmək üçün,indi xanım K-nın yatağında deyiləm. Aramızda bir neçə küçə, bir neçə ağac və bir neçə insan olduğunu xatırladıram özümə və bağlı qapıya baxaraq öz toxunulmazlığımı hiss edirəm. Az qala eyni zamanda isə digər bir otaqda mən, ötürdüyü həzzin müqavimət göstərilməzliyinə inanmağın verdiyi aldanmış cəsarətin axmaqlığına qapılmış şüursuz bədənin arzuolunmaz çarəsiz, hədəfsiz toxunuş və hücumlarını qəbul edirəm. Təsəllim həmin an baş verərkən fikirləşə bilməyimdi, fikrim toxunulmaz qala bilmişdi. Və fikirləşirəm..
Balıq sudan çıxıb havada üzür, əməlinə inanmış balığın havada üzməsi baş tutsa da indi onu havada üzməkdən daha çətin bir seçim gözləyir. Özündən, balıqlığından imtinası dayanıb qarşısında, amma aynanın digər tərəfi artıq balıq deyil. Havada üzmək kifayət deyil, balıq təvazökarlıq edib ya suya qayıtmalı ya da quş olmalıdır. Əlbəttə balıq etməli olduğunu edərdi. O, ideal aktı bilir. Hər halda insanın çıxılmaz vəziyyəti daha utancverici, daha çıxılmaz olur. Biyabırçılığın son hüdudlarına qədər fəth edilməsi yalnız insan ağlının üstünlüyünün uğurudur. Fikirlərim pəncərənin önündə bitdi,yataq geridə qalmışdı. Yeni fikir axtarmaq ümidi ilə pəncərədən bayıra baxdım. Baxışım qaranlığın arasından keçib Sabir parkında oturmuş nəhəng bir adama toxundu. Fikirli adamın əllərinin birində dəftərçə digərində göyərçin var idi. Göyərçin onun dəftərində yazılanları oxuyurdu, bəlkə də o , göyərçinin dediklərini dəftərinə yazırdı. Onlardan geriyə döndüm, saçlarımın qarasından gecə daha da zülmət oldu. Saçlarım gecənin zülmətində ikən üzüm otağın işığına baxırdı.
Seks hər zaman insana yeni bir hiss kimi yaxınlaşır. Sanki heç yaşanmayıb,həmişə yenidi, eyni və ya təkrar deyil. Ən yeni hiss olduğu üçün seksə bu qədər bağlıyıq, yenilik hissini ondan alırıq yada yeniləşmə baş verəndə biz ona-seksə qoşuluruq.
Bəlkə xanım düşünür ki o, maşını onun bədəninin bir parçası olduğuna inandırıb. Bəlkə özü buna inanıb, bəlkə də sevişmək üçün inama ehtiyac yoxdu. İnanmaqla inandırmağın fərqi yoxdur, nəticə olaraq yalnız bir tərəf inanır. Yəni tək tərəfli olur inam, inanmaq ya da inandırmağından asılı olmayaraq təksən. Çünki inanılan düşüncə fərdiyyətə məxsusdur. Bu yalnızın, fərdin düşuncəsi olduğu üçün buna inananlar da təklənirlər. Nəticə belə olur ki, inandırdığın fərdlə birlikdə tək bir fərdsiniz yəni daha çox, daha güclü deyilsiniz, əksinə daha yalnızsınız. Maşınla inam sövdələşməsi qurmaq isə fikrin olmasa da inandıracağın kimsənin də olmamasıdır yəqin.
Qusmaq istəyirəm amma danışmağa başlayıram – çıxart onu içindən – deyirəm. Mənim sənin qədər maşına rəğbətim yoxdur. Axmaq qadın,indi sənin şüurun içindəki maşının təyin olunmuş hərəkəti ardıcıllığı ölçüsündə dərk edir. Görəsən mən də bu qədər bəsitmi düşünürəm sənin içində olanda,sənin maşınını əvəz edəndə. Eyni nəticə səbələri eyniləşdirirmi? Nəyi eyniləşdirir?
İki eyni şey göstərə bilərsənmi?
Eyniliklər bərabərdimi?
Bərabərliyə səmimi ehtiyac varmı?
Varsa əgər ehtiyaca möhtaclıq düşüncəsi səni yanıltmış ola bilməzmi?
Ehtiyacların düşüncələrindən yaranmırmı?
Düşüncə və düsturlarınin nəqədər doğru olduğunu müdafiə edə bilərsənmi?
O, susur.
Nə qədər yaradıcı olsam da maşınla münasibətə haqq verə bilmərəm. Amma səhra ilə sevişə bilərəm, qumlarımı sayaram, yağış damcılarını səhra qumlarına əkərəm!
Xanım K işığı sönmüş gözlərini üzümdən çəkərək dedi: “görürəm qısqanırsan”. Sağ əlini məğlub ehtirasla yavaşca döşlərinin üstündən aşağıya sürüşdürərək paçasına apardı və işarət barmağını içinə soxaraq vibratoru çıxardı və baş barmağını düyməyə basıb söndürdü.
Vüsal Rzasoy