Atamın getməyindən beş gün keçmişdi. Harada olduğunu və nə elədiyini bilmirdik. İki ildir, yaxasını buraxmayan uğursuzluğu həyatımızın bir parçası kimi qəbul edib bununla yaşamağı öyrənmişdik. Sanki həmişə belə davam edəcəkdi. Bir saatın içində yığışıb gedəcəyini gözləmirdik. Elə bil, gedən kimi bütün qohumların, tanışların yadına düşmüşdü. Hamı onu axtarırdı, ya da atamla bağlı təlaş keçirdiyimizə görə bizə elə gəlirdi; babam həftəsonu bağa getmək istəyirdi, dayım onun üçün iş tapmışdı, hansısa köhnə tanış illər sonra onu xatırlamışdı, işini batıran şəriki isə borcundan üç yüz manat qaytaracağını demişdi. Ana: -Kaş bir az daha gözləyəydi, düzəlirdi, – deyə heyfsilənirdi. Gedişi ilə iki ildir davam edən lənət pozulmuş kimi görünsə də, arzuolunmaz zənglər və təqiblər də özünü çox gözlətməmişdi. Telefona Nəzrin cavab vermişdi, onu sorğu-suala tutmuşdular. Yalan danışmağı sevmirdi, bir az da qorxmuşdu. Həmin an telefonu xətdən çıxarıb evə qapanmaq, dünya ilə bütün əlaqələri kəsmək edə biləcəyimiz ən məntiqli hərəkət kimi görünürdü, lakin bundan artıq şübhə çəkmək də istəmirdik. Sırayla telefona cavab verir, yalan danışmaq növbəsini bir-birimizə ötürürdük. Soruşanlara cavabda “atam bulvarda idman edirdi”, “çimirdi”, “bazarlığa getmişdi”, “bir azdan gələcəkdi” deyirdik.
Atam gedərkən maşını satdığını, bir neçə günə yeni sahibi tərəfindən aparılacağını demişdi. Vaz 21099 model, boz rəngli Lada Samara, 3000 manata. Axırıncı dəfə iki həftə əvvəl maşına minmişdim. Günəşin altında qızmışdı, ətrafına yaşamaq eşqini öldürən bezginlik yayırdı.
– Mehribanlaşın, – deyirdi atam, – mehribanlaşın.
Biz – mən, Nəzrin, xalam və qızı- maşının sobadan indicə çıxmış kimi isti arxa oturacağında sıxlaşırdıq. Yol uzunu qarşımıza çıxan yük maşınlarından qarpız, qovun, digər mövsüm meyvə və tərəvəzləri, bir təndirxanadan qəzetə bükülmüş təndir çörəkləri, balaca kənd dükanından dondurmalar alırdıq. Yolda dayım və kiçik xalamgilin maşınlarıyla rastlaşanda bağa daha tez çatmaq üstündə rəqabətə girişirdik. Radioda yayın ən yeni mahnıları çalır, ana və atam bir-birinə söz atıb dalaşır, xalam öz ərini və qızını pisləyərək onları sakitləşdirməyə çalışır, Nəzrin də on beş dəqiqədən bir: – Neçədə çatarıq, çatmağımıza nə qədər qalıb?- deyə soruşurdu. Mənə elə gəlir ki, həmin yolu min dəfə də getsək, yenə eyni şeylər baş verəcəkdi. Məni hər dəfə maşın tutacaqdı, qusub rahatlaya da bilməyəcəkdim. Arxadakı basırıqlığı, tərli dərilərimizin təmasını, pəncərədən girib adamı öz saçları ilə şillələyən neft və qoyun qoxulu isti küləyi – hər şeyi indi baş verirmiş kimi hiss edirdim. Təzəcə çimsəm də, dərim yapışqan kimi idi. Ventilyatoru üstümə vuracaq şəkildə qoymuşdum. Özümdən ikrah hissiylə dərimi soyub qaçmaq istəyirdim, amma heç nə eləməyə halım yox idi. Nə yaxşı ki, satıldı deyə düşünürdüm, üstündə bu yayı da satardım, bu zəhləmgetmiş günəşi də.
Məndən altı yaş balaca bacım qapını döyüb daha çox mənə aid olan ikimizin otağına girdi. Əlində çiyələklə dolu kasa var idi. Eynəyin şüşələri arxasında çox balaca görünən gözlərini ventilyatora zilləyərək:
– Dayıgil bağa gedirlər, bizi də çağırıblar. Maşınlarında yer var, – dedi. – Ana deyir, gedək.
– Nə bilim, bax da. İstəyirsənsə, ventilyatorun istiqamətini dəyişə bilərsən, – dedim.
Gülümsədi, gözləri qıyılıb eynəyinin altında daha da balaca göründü. Eynəyi ona heç yaraşmırdı. Ventilyatoru düzəldib ikinəfərlik çarpayımızda bardaş quraraq oturdu, çiyələk kasasını aramıza qoydu. Nəzrin yaxşı uşaq idi. Yaşına görə ağıllı, hətta yetkin idi. Onda bu dünyaya aid olmayan nəsə var idi. Bundan həm özü, həm də anamgil çox əziyyət çəkəcəkdilər. Ömür boyu dağıtdıqlarını arxasınca toplayacaqları bir uşaq yaratmışdılar. Hiss edirdim ki, mənimlə söhbət etmək istəyir. Yəqin indi uşaq ağlında beş gün əvvəli, atamızın gedişini düşünür, bu haqda nə anama, nə də mənə bir söz deməyə cürət edirdi. Bəlkə söhbəti özüm açmalı, böyük bacı kimi bəzi məqamlara aydınlıq gətirməliydim, amma heç özüm də bu hadisələri tam anlamamışdım.
– Bilirsən, dünən yeni il arzusunu yazdığım vərəqi harada gizlətdiyimi xatırladım. Rəsm çərçivəsinin arxasında, – dedi.
– Nə yazmışdın ki?
– Ata iş tapsın. Bəs sən?
– Mən də. Amma harada gizlətdiyim yadımda deyil.
Arzumuz qəbul olunmamışdı. Əksi olsa, ata yenə də gedərdimi, bilmirəm. İçimdə narahatlıq vardı, bunu Nəzrinlə paylaşıb ağlasam, bəlkə təskinlik tapar və rahatlayardım. Amma güclü görünməli idim. Valideynlərimiz bizi maşında qoyub mağazaya girəndə də belə narahatlıq hiss edirdim. Qapıları açarlayırdılar, ancaq mən həmişə indi kiminsə gəlib maşını biz qarışıq oğurlayacağını düşünürdüm. Beynimdə fəlakət ssenariləri qurur və ətrafdan gəlib keçən insanlara qorxuyla baxırdım. Bunu Nəzrinə heç vaxt deməmişdim. Böyük bacı idim. Qorxumu hiss etmirdi, heç nə olmamış kimi qayğısız görünür, çiyələk yeyirdi.
– Aparırlar, – anam şüşəbənddən səsləndi, yanına getdik. Bu anı gözləyirdik.
Bu günlər ərzində hər dəfə çölə çıxdıqda maşına uzaqdan baxa-baxa qalırdım, bilirdim ki, bugün-sabah gəlib onu aparacaqlar və bir daha görməyəcəyəm. Ona yaxınlaşmaq, son dəfə içində oturmaq, vidalaşmaq istəyir, amma kimsə görər deyə çox utanırdım. Dünən cəsarətimi toplayıb maşına yaxınlaşdım, pəncərədən içəri boylandım, tez də aralandım. Həmin an maşının qızmar və darısqal arxa oturacağında oturub uzun bir səyahətə çıxmaq fikri böyük xoşbəxtlik kimi görünmüşdü mənə.
Nəzrin ayaq barmaqlarının ucuna qalxıb pəncərədən boylanırdı. Mən isə pərdəni üzümə çəkib izləyirdim. Maşının yanında iki kişi dayanmışdı. Biri maşının içini yoxlayır, digəri isə təkərlərinə, motoruna baxırdı. Sonra maşına minib getdilər, həyətdən çıxıb gözdən itənə kimi arxalarınca baxdım. Atam bu gün bir daha getdi.
Anam dağınıq şüşəbəndə göz gəzdirərək: – Kaş təmir edib gedəydi, – dedi. Kədərli ikən də məişət qayğılarını unutmurdu. Səhəri gündən başqa bir qonşu maşınımızın yerini tutacaqdı və anam artıq bunun təlaşını yaşamağa başlamışdı. Mən dərdlənəndə fikrim belə çoxşaxəli olmur, sadəcə bir məsələni düşünürəm. Əsas məsələ isə nə evin təmirsizliyi, nə də maşın dayanacağıdır; atam getmişdi.
Anam: – İstəyirsinizsə, dayıgilə qoşulun. Bir də Allah bilir, nə vaxt bağa gedə bilərsiniz, – dedi.
İndi biz atasız və maşınsız uzaqlara gedə bilməyəcəkdik. Yayın istisindən qaça bilməmək isə ən dəhşətlisi idi.