İngilis ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən sayılan Devid Lourensin 1928-ci ildə yazdığı “Ledi Çatterleyin məşuqu” romanı, əxlaqsızlıq damğası vurularaq, intim səhnələrin detallı təsvirinə, acıq-saçıq ifadələrə, əhvalatın məğzinə görə bəzi ölkələrdə bir müddət qadağan olunub.
1960-cı illərin əvvəllərində İngiltərədə romanı çap edən “Penguin Books” nəşriyyatı məhkəməyə verilir. Və bir neçə günlük qalmaqallı məhkəmə prosesi kitabın satışına icazə verilməsi ilə başa çatır.
Roman nədən danışır? 22 yaşlı Konstansiya baronet Klifford Çatterley ilə xoşbəxt həyat yaşayır. 1917-ci ildə ər müharibəyə gedir və ordan şikəst qayıdır. Bədəninin yarıdan çoxu iflic olmuş Klifford ata olmaq iqtidarinda deyil. Gənc qadın isə ərinə sədaqəlidir, onun qayğısına qalır. Ər hiss edir ki, büruzə verməsə də intim münasibətsiz arvdına çətindir. O, həyat yoldaşı ilə bu barədə açıq söhbət edir, əsil-nəcabətli məşuq tapmağa və ondan uşaq doğmağa izn verir. Uşağı himayəsinə almağı və öz soyadını verməyə də razılaşır. Bu vəziyyətdə Kliffirdi daha çox varis məsələsi qayğılandırır.
Qadın ərinin təklifini çaşqınlıqla qarşılayır, tərəddüdlərdə boğulur. Tədricən bu fikrə alışır və onun meşə gözətçisi Oliverlə sevgi macərası başlayır. Fiziki ehtirasla başlayan münasibət gözlənilmədən sevgiyə yol alır. Ər arvadını, onu zadəgana yox, aşağı təbəqədən olan hansısa meşə gözətçisinə dəyişməsinə görə bağışlamır. Qəzəblənmiş ər qisas almağa hazırlaşır. Sevgilisindən hamilə qalan qadın isə varlı ərini tərk edərək məşuqu ilə evlənməyə qərar verir. Əsərin məğzi bundan ibarətdir.
Əslində roman göründüyü qədər bəsit deyil. Lourens insan xarakterinin qaranlıq tərəflərini, ö dövr üçün tabu mövzuları, seksual təbiəti araşdırır, eyni zamanda sosial, sinfi problemlərə toxunur.
Roman bir neçə dəfə ekranlaşdırılıb. İlk dəfə əsəri 1955-ci ildə fransız rejissoru Mark Alleqre çəkib.
Əsərdən fərqli olaraq intim səhnələrin detallı təsviri yoxdur, süjet isə olduğu kimi qalıb. Avropada normal qəbul edilən film, Amerikada qalmqallarla müşayiət olunub.Lourensin romanının Amerikada qadağan olunmasına baxmayaraq, uzun illər Hollivud prodüserlərinin diqqətini cəlb edib. Amerikada senzura komissiyası filmin nümayişinə bəzi səhnələrin kəsiləcəyi təqdirdə icazə verirdi. Komissiya üç səhnəni əxalqsız hesab edirdi: sevgililərin çarpayıda çılpaq yatmasını, kişinin qadının donunun düymələrini açaraq kürəyini oxşamasını. Həmçinin açıq-saçıq sözləri. Filmi yayan şirkət bu qərarla razılaşmayaraq Nyu-Yorkun Appelyasiya məhkəməsinə şikayət etsə də onların iddiası təmin olunmur. İş Amerikanın Ali Məhkəməsinə kimi gedib çıxır. Məhkəmə bədii filmlərin senzurasını konstitusiyaya zidd olması haqda qərar çıxarır.
Əsərə çəkilən ən keyfiyyətli versiya fransız rejissoru Just Jakenin 1981-ci ildə lentə aldığı versiya oldu. Sevgi, üçlü münasibət dolğun, həssalıqla, psixoloji işlənib, sosial nüanslar qabarıqdır, intim səhnələr estetikdir.
2006-cı ildə isə “Penguin Books” nəşriyyatının məhkəmə prosesinin təsvir olunduğu “Çatterley məhkəməsi” filmi çəkildi.
Romanı oxumaq və ya filmi izləmək istəyənləri həm də real faktlar əsasında, sənədli kadrlardan istifadə edilərək çəkilən bu drama baxmağı məsləhət görürəm.
Çünki, məhkəmə prosesindəki vəziyyət- mühafizəkarlıqla müasirliyin, sənətlə tabunun toqquşması cəmiyyətimizin bu günki durumuna uyğundur.
Təsadüfi deyil ki, film ingilis sairi Filip Larkinin “Annus Mirabilis” şeirindən sitatla başlayır: “Inqilab 1963-cü ildə başladı, o vaxt ki, “Ledi Çatterleyin məşuqu” romanına yasaq götürüldü, “Beatls” isə ilk konsertini verdi”.
Məhkəmədə ittihamçı romandan yalnız cinsi aktların təsvir səhnələrini oxuyaraq, əsərin məhz buna görə qiymətləndirilməsini iddia edir.
Qarşı tərəf etiraz edir ki, əsəri ayrı- ayrı parçalarına görə analiz etmək qərəzlidir və müzakirəsi qanuna ziddir: “Romanı dərk etmək, Lourensi anlamaq üçün onu senzurasız oxumaq lazimdır. Bu kitab cəmiyyətimiz haqdadir. Əsas məsələ insanlar arasında münasibətləri düzgün qurulmasıdır”.
Beləliklə, məhkəmə iclasçıları romanı oxumağa başlayır.
Sonra romanın müzakirəsi başlanır. Ittihamçınin və onun tərəfdarlarının iddiaları da bizə çox tanışdır: “Uşaqlarımız əsəri oxuyub əxlaqı pozulacaq, arvadlarımız belə şeyləri oxumamalıdır, ayıbdır, roman xəstə təxəyyülün məhsuludur” və s.
Filmdən bir neçə maraqlı dialoqu ixtisarla təqdim edirəm.
İttihamçı:
– Yaxşı müəllifin əsərində eyni sözlər (ittihamçı açıq-saçıq ifadələri nəzərdə tutur) təkraralanmamlıdır. Bu, yorucu deyilmi?
Ədəbiyyat professoru:
– Təkrar böyük ədəbi və emosional effektə nail olmaq üçün istifadə edilir. Məsələn, “İncil”də də təkrar çoxdur.
***
İttihamçı:
– Əsərdə “qurtarmaq”, “qurtardı” sözləri 30 dəfəyə yaxın səslənir. Sizcə, bu sözlərin istfadəsi ilə əsərin ədəbi dəyəri arasında hansısa əlaqə var?
Ədəbiyyat mütəxəssisi:
– Mənim üçün istənilən söz çirkin, əxlaqsız səslənmir. Hər şey kontekstdən asılıdır. Romanın sonunda Lourens bizi bu sözlərin vulqar assosiasiyasından xilas edir. Və bu sözlər daha dərin anlam daşıyır.
Prosesə dəvət olunan din xadimi də əsərin əxlaqsız olması iddiası ilə razılaşmır, ona görə, xrsitianlar intim münasibəti sakral hesab edir: “Lourens də əsl xristiandır və romanda seksual münasibəti müqəddəs göstərir”.
Filmin maraqlı tərəflərindən biri də məhkəmə iclasçıları- gənc qadın və kişi arasında sevgi macərasının təsviridir. Eşqbazlıq məhkəmə ilə başlayır və proses bitəndə də sona yetir. Rejissor onların macərasını romandakı əhvalata bağlayır, onunla parallellər aparır, ingilis ailələrində seks haqda məhdud, onun ayıb bir şey olması haqda təsəvvürləri dağıdır, tabuları qırır.
“Çatterley məhkəməsi” maraqlı detallarla boldur, filmdə həm roman təhlil edilir, həm də dil problemlərinə, bəzi anlayışların izahı, düzgün istifadəsi məsələsinə toxunulur.