İsveçin Ormingeskola məktəbinin dördüncü sinfində adi bir dərs günündən kiçik epizod (Məktəb, şagird və müəllimlərin adı dəyişdirilib):
Bir azdan böyük tənəffüs olacaqdı. İlin bütün fəsilələrində hava şərtlərinə baxmayaraq (istisnaları nəzərə almasaq), uşaqlar böyük fasilədə oynamaq üçün, adətən, məktəb həyətinə çıxarlar.
Səhərdən yağan güclü leysan kəsmək bilmirdi.
Dördüncü sinif müəllim Martin Lindberg ilə təbiət dərsində idi. Dərsin qurtarmağına beş dəqiqə qalmış, lövhənin bir kənarına bərkidilmiş səsgücləndiricidən məktəb direktoru Linda Holmun səsi eşidildi. (Səs, məktəbin bütün siniflərində səslənirdi):
-Əziz şagirdlər! Gördüyünüz kimi, səhərdən yağan leysan ara vermir. Gedib yoxlayandan sonra qərar verdik ki, indi başlayacaq böyük tənəffüsdə məktəb bağındakı təpəciyə getmək uyğun deyil, çünki aramsız yağan yağışa görə təpəcik hal-hazırda çox sürüşkəndir. Otuz dəqiqəlik fasiləni məktəb kitabxanasında, kompyuter zalında, dəhlizlərdəki istirahət güşələrində keçirə bilərsiniz.
Sinifdə səs-küy yarandı, hərə bir söz deyirdi. Sinif rəhbəri onları sakitləşdirib:
-Direktorun qərarını müzakirə edəcək qədər vaxtımız var,- dedi və dördüncülərdən, danışmaq üçün bir- bir əl qaldırıb söz almalarını, söz alıb danışan uşağa sinif yoldaşlarının sayğı göstərib dinləmələrini xahiş etdi. Birinci Kevin başladı:
-Mən Lindanın (İsveçdə vəzifə və yaşından asılı olmayaraq hamı bir-birinə adı ilə və “sən” deyə müraciət edir) bu qərarını heç xoşlamadım. Birinci dəfə deyil ki, yağış yağır. Daha ehtiyatla oynamağa çalışarıq.
Qabriella söz aldı:
-Məncə, düz qərardı, çünki belə havada oynayanda əynimizdə suya davamlı gödəkcələrin olmasına baxmayaraq, adam yenə də islanır və əyin-başımızı qurutmaq vaxt aparır. Sonrakı dərsə toparlanmağa vaxtımız çatmır.
Amandaya növbə çatdı:
-Təpəcikdə oynamaq təhlükəlidirsə, ora getməyi qadağan edərdilər də. Heç olmasa, həyətin yarı hissəsində oynamağa icazə verəydilər.
Edvardın dedikləri:
-Mən onsuz da çıxmayacaqdım bayıra, yağışa davamlı gödəkcəmi geyinməmişəm bu gün.
Alva:
-Biz- mən, Emma, Alfred, Karin dəhlizdəki güşədə oturmağı düşünürük,- dedi.
Sinif rəhbəri Martin Lindberg, o qədər də aktiv olmayan, sakit halda bir tərəfdə oturmuş, utancaq və çəkingən Eddiyə də söz verdi:
-Bəlkə, sənin də deməyə bir sözün var, Eddi? Lindanın verdiyi qərarı bəyəndinmi?
Eddi dodağının altında, sözləri qıra-qıra, heç kəsin üzünə baxmadan danışmağa başladı:
-Mən…mən…mən yağışı xoşlayıram. Amma…amma Linda bizim…bizim xəstələnməyimizi və yıxılmağımızı istəmir. Xəstə olanda…xəstə olanda çoxlu dərs buraxırıq, dərsdən geri qalırıq.
-Linda düz deyir, amma bizdən soruşub sonra qərar verərdilər,- deyə Azra dilləndi.
-Bu qərarı heç sevmədim, belə yağışlı havada təpəcikdə sürüşmək daha əyləncəlidi,-bunu da Pedro dedi.
Hamını diqqətlə dinləyən sinif rəhbəri söz alıb danışan hər kəsə təşəkkürünü bildirdi və onlara böyük fasilədə xoş dəqiqələr arzuladı.
Məktəb direktorunun verdiyi qərarı dördüncülərin müzakirəsinə buraxan sinif rəhbərinin məqsədi nədir və uşaqlarada nəyi aşılamaq, onlara nəyi öyrətmək istəyir?
- Özünü ifadə edə bilməyi
- Hər hansı bir şeyə fikir bildirmək bacarığını
- Fikir bildirən adamı dinləyə bilmək mədəniyyətini
- Və ən əsası: Qərar verənin kim olmağından asılı olmayaraq (Bu direktor, müdir, ölkə rəhbəri, idarə şefi və başqaları ola bilər), həmin qərarı müzakirə edə, fikir yürüdə, yeri gələrsə, o qərara qarşı çıxa bilmək cəsarətini.
Şəlalə Əbil