İnsanlıq var olandan intriqa, dava, müharibə var. Bəşərin özündən olanın qanına susaması öz “mən”inə görədir. Ona görə Fildinq Henri deyirdi ki, “sən” və “mən” anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi.
Ümumiyyətlə müharibə və sülh mövzusu çox təzadlı, həmişə müzakirə olunub, olunanlardandır. Bundan sonra mövzunun aktuallığı neçə onillər, bəlkə də əsrlər davam edəcək demək çətindir. Belə məqamda vicdanını rahatlatmaq üçün ya da vətənpərvərliyini göstərmək üçün orta statistik kəslərin fərdi şəkildə müharibənin leyhinə və ya əleyhinə olmağını göstərməyi də xüsusi bir işə yaramır. “İşə yaramaq” kəliməsi də eqoist istəklərdən xəbər verir, bəli. Qaldı bunun niyə işə yaramamasına, burada ictimai rəyi yaradacaq şəxslərin kosmik gücü özünü göstərdiyi üçün fərdin fikirləri onsuz da nəzərə alınmır. Niyəsini təxmin etmək çətin deyil – müharibə gələndə bütün qanunlar susur.
Belə hallarda cəmiyyətin fərdləri ən təməl ehtiyaclarını tələb etməyə cəhd etsə də onların qarşısında durub işarə barmaqlarını qanlı-gülləli torpaqlara tuşlayıb, müharibənin getdiyi məkanı göstərəcəklər – “bizim Qarabağ boyda dərdimiz var!”
Stefan Zweig – Məcburiyyət
Müharibə həm də təkcə avtoritar ölkələrin vətəndaşları üzərində spekulyasiya vasitəsi deyil. Rifahı çox yüksək demokratik ölkələrdə belə ictimai rəyi elə ustacasına müharibənin “zəruri”liyinə işarə edə bilərlər ki, bir anda humanist dəyərlər üçün vuruşduğunu sana bilərsən. Məşhur təzadlı işğalçı sitatının həyasızlığının həddi yoxdur – “biz sülh üçün müharibə edirik.”
Bütün hallarda hətta siyasi gücü olmasa da seçim etməyə gəlincə müharibəni dəstəkləmək, yaxud da onu bütün bəşəriyyət üçün cinayət hesab etmək fərdlərin mənəvi dəyərlər və prinsiplər sistemindən qaynaqlanır.
Avstriyalı yazıçı Stefan Zweigin ”Der Zwang“ (“Məcburiyyət”) kitabı bütün sətirləri ilə müharibənin insanlıq üçün utanc, vandallıq, cinayət olduğunu hayqırır. Svayqın bu əsəri böyük bədii gücə malikdir. “Məcburiyyət” maraqlı süjeti ilə bərabər, işıqlı və mütaliəsevərlər üçün ləziz əsər hesab edilir.
Novella müharibəyə görə ölkəsini tərk edib İsveçrəyə sığınan rəssamın hekayəsini təsvir edir. Ferdinand öz arvadı ilə qansız-qadasız əsrarəngiz təbiəti olan İsveçrədə sakit həyat yaşayır. Bir gün ona məktub gəlir ki, “ölkəndə müharibə gedir, ora yararlı olub, olmamağınla bağlı həkim nəzarətindən keçməyin lazımdır.” Yəni “vətən dardadır, durma, gəl!”
Ferdinand təşvişə düşür. Bədəni, ruhu qorxunun əsarətinə elə düşür ki, müharibə əleyhinə olan bu humanist adam sistemin diktəsi qarşısında acizlik hiss edir və dilemma qarşısında qalır. Ferdinandın həyat yoldaşı Paula möhkəm dəyanət nümayiş etdirir və qorxuya düşən ərini silkələyir ki, əqidəsinə sadiq qalsın. Ərlə, arvad əllərinə silah götürməyi, müharibəni insanlıq üçün çirkin əməl saydıqları üçün İsveçrəyə gəlirlər ki, onları bu qanlı akta bulaşdırmasınlar. Ancaq müharibə adlı əjdaha onları burada da yaxalayır və Ferdinanda əmr edir ki, gəlib vətən qarşısında borcunu ödəsin. Paula iradəsi öləzimiş ərini inandırmağa çalışır ki, bu “vətən borcu” deyil, əksinə bədbəxt siyasətçilərin mundar oyunudur.
1920-ci ildə yazılan “Məcburiyyət” novellası təkcə idarəetmə sisteminə qarşı olan etirazdan başqa, həm də insanın özü ilə olan mübarizəsindən bəhs edir. Sistemin diktəsi ilə yaranan məcburiyyət məfhumu nə qədər güclü olsa da, zehnindən zəli kimi yapışsa da, onu oradan qaldırmaq, uzaqlaşdırmaq daxilindəki müharibəni sülhə çevirməklə müyəssərlik tapır.
Stefan Svayq həmyerlisi psixoanalizin banisi Ziqmund Freydin təlimi ilə tanış olandan sonra onun əsərlərində bədii güc qəhrəmanlarının psixologiyasının təsvirləri ilə daha da parlaq olmağa başlayır. Svayqın ürək ağrısı ilə qələmə aldığı “Məcburiyyət” novellasında da Ferdinandın qarmaqarışıq psixologiyası ekspressiv cümlələrlə ifadə olunub.

“Məcburiyyət” əsərinə çəkilmiş illüstrasiya
1917-ci ildə mühazirə oxumaq üçün İsveçrəyə gedən Svayqın özü iki il orada qalmış, ölkələrində müharibə gedən bir çox ziyalılar və sənət adamları ilə dostluq etmiş, məhz onların təsiri ilə yazıçılıq fəaliyyətini sülh, əmin-amanlıq, bəşəri dəyərlər, humanizm uğrunda mübarizəsi ilə birləşdirmişdir. Birinci Dünya müharibəsi qurtarandan sonra vətəninə qayıtdıqdan sonra yazıçılıq fəaliyyətini bu səmtdə davam etdirən Svayq onsuz da 1915-ci ildə rəsmi tapşırılıqla cəbhə xəttinə göndərilərkən yaralı əsgərlərlə görüşmüş, müharibənin dəhşətlərini öz gözləri ilə görmüşdü. Bütün bunlar onun pasifist ideyalarına yönəlməyinə vasitə olmuşdur.
Qeyd edim ki, daxili aləmindəki ziddiyyətləri, insani hisslərlə vəzifə borcu arasındakı mübarizədən bəhs edən “Məcburiyyət” kitabını Parlaq imzalar nəşriyyatı ana dilimizə çevirib nəşr edibdir. Xoş mütaliələr!