İtalyan rəssamı, qrafik Rafael Santi ( 1483-1520) İntibah dövrünün parlaq nümayəndələrindəndir. Onun əsərlərində İntibah humanizminin (İntibah humanizmi intellektual Avropa hərəkatı, dövrün əsas komponentlərindən biriydi. Əsas ideyası antik ədəbiyyatın öyrənilməsi vasitəsilə insan təbiətini yaxşılaşdırmaq idi) ideyaları əks olunub. Rafaelin əsərləri əsasən dini motivdədir.
Drezden qalereyasında saxlanılan “Madonna Sistina” (1513-1514), yəni “Sikstin Madonnası” İntibah dövrünün məşhur rəsmlərindən biridir. Ölçüsünə görə nəhəng olan tablo Papa II Yulinin sifarişi ilə, Müqəddəs Sikst kilsəsinin mehrabı üçün yaradılıb.
Rəsmdə Madonna (Müqəddəs Məryəm) körpəsi ilə təsvir olunub. Onun ətrafında isə Roma papası II Sikst ( Sikst Roma imperatoru I Valerianın dövründə xristianların təqibi zamanı öldürüb) və müqəddəs, xrstian əzabkeşi Barbaranın təsvirləri çəkilib. Bu fiqurlar üçbucaq əmələ gətirir. Madonnanın geyimi sadədir, o, işıqla əhatələnib və ayaqlarını buludlara yumşaq basır. Sikst əli ilə ona yol göstərir. Yerdəki iki mələk isə göyə baxaraq Tanrının gəlməsini gözləyir.
Adama elə gəlir ki, arxa fonda ilk baxışda buldular əks olunub, əslində isə onlar mələk təsvirləridir. Yanlara açılmış yaşıl pərdələr kompozisiyanın həndəsi şəkildə düşünüldüyünə işarədir.
“Madonna Sistina” ilk əsərlərdən biridir ki, tamaşaçı da kompozisiyaya daxil olur. Madonna səmadan enərək sanki tamaşaçıya tərəf gəlir və onun gözlərinə baxır. Kompozisiya öz dövrü üçün həm də ona görə qeyri-adi sayılır ki, nadir hallarda Madonnanın boyu tam göstərilirdi.
Rafael əsərində yüksək dini dəyərlərlə insani dəyərləri birləşdirir. Qucağına körpəsini tutan Madonnanın baxışları kədərli və əndişəlidir. O, oğlunun taleyindən artıq xəbərdardır və onu insanlara qurban gətirir. Ana və oğul onları gözləyən faciəli taleyə doğru barışmış şəkildə gedirlər.
Hesab olunur ki, rəssamın yaradıcılığında ilk ideal gözəlliyə malik qadın obrazı məhz bu əsərdə təsvir olunan Madonnadır. Bəzi mülahizələrə görə, tablonun çəkilişi zamanı model rolunu rəssamın sevgilisi Marqarita Luti oynayıb.
Yerdə təsvir olunan iki mələk sonradan plakat və açıqcaları bəzədi. Eyni zamanda onların təsviri boşqablarda, çantalarda, yastıqlarda əks olunur. Bu cür mələkləri Rafaelə qədər kimsə yaratmayıb.
“Madonna Sistina” Dostoyevskinin sevdiyi əsərlərdən idi.