Ömrünün son günlərində Qorkinin rus xalqına, xüsusilə Rusiyanın ziyalılarana ünvanladığı “Mən Rusiyanı sevirəm” başlığı ilə yazdığı müraciət, əsrin əvvəllərində fırtınalara sinə gərən yazıçının çox keçmədən peşmanlıqla dolu qəmli, hüznlü elegiyası kimi səslənir. “Artlogos” həmin müraciəti təqdim edir.
Mən Rusiyanı sevirəm
Biz söz azadlığı ona görə əldə etdik ki, həqiqəti deməyə və yazmağa imkan qazanaq. Yalnız həqiqəti demək – əsl sənətkarlıqdır. Heç bir şəxsiyyətin, dəstənin, sinfin, millətin mənafeyinə xidmət etməyən “təmiz həqiqət” müftəxoru, mənsəbpərəsti həmişə qorxuya salıb. “Təmiz həqiqətin” beləcə bir boz üzü var. Buna baxmayaraq, bizə “çılpaq, təmiz, sırf həqiqət” hər şeydən çox vacibdir.
Fanatiklər və yelbeyinlər fəhlələr arasında indiki tarixi şəraitdə həyata keçə bilməyən elə bir fikir oyadıblar ki, rus insanı qırğına və dağıntıya meyllidir. Bu da Rusiyanı uzun müddətli və məşəqqətli bir həyata məhkum edəcəkdir…
Mən Qış sarayının, qatçinanın və digər milli sərvətin dağıdılmasını “mütləq” fakt kimi qəbul edə bilmirəm. Başa düşə bilmirəm ki, Malı teatrının darmadağın edilməsi və yaxud bizim məşhur artistimiz M.N.Yermolovanın qrim otağının talan edilməsinin “minillik dövlət quruluşunun sındırılmasına” nə dəxli var?
Mənasız oğurluqların və talanların siyahısını sadalamaqdan vaz keçərək təsdiq edə bilərəm ki, bir sürü nadürüstün törətdiyi biabırçılığın, bu iyrəncliyin məsuliyyəti yolundan azdırılmış proletariatın üstünə düşür.
Ümumiyyətlə, “mənfi təzahürlər” çoxdur, elə isə, yaxşıları hanı bəs? Lenin və Trotskinin “dekretlərindən” savayı, bunların yaxşı işini görmürəm. Mən, həm də bu “dekretlərin” doğulmasında, proletariatın şüurlu iştirakına böyük şübhə ilə yanaşıram. Yox, əgər proletariat bu kağız hoqqabazlığına tam ağılla yanaşsaydı, bu “dekretlər” indiki şəkildə təzahür etməzdi…
Bəzi sadəlövhlər indi də məni bayram təntənəsinə çağırırlar. Yarımsavadlı kütlənin riyakarlıqla çaldığı qələbəni bayram etdiyi bir təntənədə mən ola bilmərəm. Həmin bayramda əvvəl necəydisə, indi də eləcə, həmişə olduğu kimi insan şəxsiyyəti yenə də despotizmin ayaqları altında tapdanacaq. Yox, mən o “bayramda” iştirak edə bilmərəm və mənim üçün bu bayram deyil…
Bu hadisələr dumanlı kütlənin əyiş-üyüş duyğularını. özünün zooloji anarxizmini üzə çıxartdı.
Üsyan edən meşşanlar sosializmi deyil, yeni “Puqaçovçuluğu” inkişaf etdirərək, bərabərlik şüarı altında mənəvi və maddi kasıblığı yayırlar. Mənə bu haqda söz açmaq çətin və olduqca əzablı işdir. Lakin, danışmaq lazımdır. Bir yazıçı kimi, bu bədbəxt kütlənin ayrılmaz bir hissəsi kimi mən danışmalıyam. Ən azı ona görə ki, vaxt gələcək bu meşşan qaraguruhun törətdiyi cinayətlərin ağrısını məhz rus xalqı, onun “proletariat” adlandırılan hissəsi çəkəcək, cavabdeh də o olacaq.
Dedikləri kimi, indi proletariat hakimiyyət başına keçib, azad yaradıcılıq üçün imkan qazanılıb. Soruşmağın yeri və vaxtıdır; bu yaradıcılıq nədə təzahür edir? “Xalq komissarları hökumətinin” dekretlərindəmi? Hərçənd ki, bu “dekretlər”də dəyərli ideyalar da yox deyil. Lakin, hal-hazırda bunu həyata keçirmək mümkündürmü? Əgər mümkün olsa belə, kim həyata keçirəcək?
Bir az bundan əvvəl məni “Almanlara satılan” və “Rusiyanı satan adam”- deyib qınayırdılar. İndi də “kadetlərə satılan”, “fəhlə sinfinin işinə xəyanət edən” yazıçı kimi qiymətləndirirlər. Mənə qarşı yürüdülən belə əsassız ittihamları şəxsən tanıdığım mənəviyyatı çirkin, şüuru zəhərlənmiş, qəlbinə zülmət çökmüş məddahlardır.

Anton Çexov və Maksim Qorki
Əgər biz heç nədən çəkinmədən və heç bir əsas olmadan bir-birimizi satqınlıqda, xəyanətdə, mənsəbpərəstlikdə, ikiüzlülükdə günahlandırsaq, onda Rusiyanın halını təsəvvürünüzə gətirin. Rusiya – bütövlükdə əclaflar, satqınlar ölkəsinə çevrilər. Belə adamların əqidəsi budur ki, Rusiyanı rəzillər, vicdansızlar ölkəsi kimi təqdim etsinlər… Məndə zəhmət adamına, bir tikə çörək üçün gün çıxandan gün batana qədər çalışan əliqabarlı rus insanına sevgi var, məhəbbət var, onlarla qan qohumluğum var… Nəhayət, mən Rusiyanı sevirəm. Yəqin ki, indi xalq komissarları mənim bu sözlərimə qımışıb xısın-xısın gülürlər “Hə, əlbəttə”…
Ancaq mənə bu tənələr əsər eləməz. Bəli, mən Rusiyanı, rus xalqını dəlicəsinə sevirəm. Onlarla mənim barışmaz mübarizəm elə burdan başlayır. Ancaq anarxo-kommunistlərin, Smolnı fanatiklərinin maksimalizmi Rusiyanı, birinci növbədə rus fəhlə sinfini məhvə aparır.
Onlar Rusiyaya təcrübə materialı, rus xalqına isə üzərində sınaq aparılan at kimi baxırlar. Daha demirlər ki, bu at günlərin bir günü ölə bilər…
Smolnı islahatçılarının Rusiya vecinə deyil. Onlar soyuqqanlılıqla Rusiyanı ümumdünya, Avropa inqilabı deyilən cəfəng bir şeyə qurban verirlər.
Bax, buna görə də mən Rus xalqına, ziyalılarına, öz mənəvi və mədəni rolunu oynaya bilənlərə üzümü tutub deyirəm: savadlı yoldaşlar, Qərb missionerlərinə, onların “yaradıcılığına” tənqidi yanaşın.
“Təcrübi-sınaqlar və fanatiklər” hakimiyyətinin ünvanına dediyim sözlərə görə mənə kimin necə münasibət bəsləyəcəyinin mənim üçün heç bir fərqi yoxdur, lakin Rusiyanın taleyi məni çox düşündürür və narahat edir. Mən nə qədər bacarıramsa, xalqın bir kəsimi olan fəhlə sinfinin beyninə yeridəcəyəm ki, onlar səni ölümə, məhvə sürükləyirlər, səninlə qeyri-insani tərzdə davranırlar, sənə rəhbərlik edənlərin gözündə sən insan deyilsən!
İnsanlara fiziki əzab verməklə heç bir ideya həyata keçirilə bilməz. Adətən, qaliblər mərhəmətli olurlar. İndiki zamanda bunların ipi ilə quyuya sallanan, lakun özünü qalib sayan “proletariat” adlanan hissə ürəyi yumşaq və qəlbi geniş deyil. Zindanlara atılan günahsızların taleyi bunu bir daha sübut edir. İndi minlərlə fəhlə və onların ailələri aclıqdan əzab çəkir. Yox, bu proletariat ədalətli və mərhəmətli deyil. Əsl proletariat qalib gəlsəydi, ölkədə məhəllə davası, millətlərarası müharibələr baş alıb getməzdi, yüzlərlə, minlərlə adam bir-birinin qanını tökməzdi.
Əvvəlki kimi, inqilabdan sonra da insanın qədir-qiyməti yoxdur. “Yeni rəhbərlik” köhnələri tək kobuddur, ancaq zahiri görkəmini dəyişib. Əvvəlki kimi yenə də ayaqlarını yerə döyüb qışqırırlar, yenə köhnə qaydada rüşvət qapırlar, adamları heyvan sürüsü kimi zindanlara basıb doldururlar. Bu, onu göstərir ki, fiziki qüvvələr ancaq yerini dəyişə bilir. Bu yerdəyişmə mənəvi qüvvələrin inkişafına əl yetirə bilməz. Həyatın mənası isə ancaq bizim mənəviyyatımızın səviyyəsindən doğa bilər.
Onlar deyirlər ki, biz birinci növbədə gərək hakimiyyəti ələ alaq, mənəviyyat sonrakı məsələdir. Yox, inanmayın… Hamıdan çox fəhlə dərk etməlidir ki, oğurluq, talan, məqsədli qətllər – bütün bunlar sosial quruluşun yara-xorasıdır. Onun ağlı kəsməlidir ki, insan anadan oğru və qatil doğulmur… Nəhayət, proletariat başa düşməlidir ki, indi onu sığallı sözlərlə, qırmızı, guya demokratik qanunlarla ovundurmaq mümkün deyil. “Yeni rəhbərlik” öz nəzəriyyələrinin qeyri-reallığını hiss edəndə, süni surətdə çətinliklər yaradır, yaranmış vəziyyətin günahını ziyalının üstünə qoymağa çalışır, yaxasını məsuliyyətdən kənara çəkir, bununla da xalqın düşünən başlarını baltalayır.
Əlbəttə, indi biz sosial inqilabı təcrübədən keçirilirik. Bu məşğuliyyət siyasi oyunbazların əyləncəsindən başqa bir şey deyil. Oğru-əyri üçün əla imkan yaradılıb. Biz elə bir zamana gəlib çıxmışıq ki, gərəkdir qəlbimizdəki bütün çirkab və günahları yuyaq. Yüz illərlə bizi xırpalayan ətaləti üstümüzdən ataq, həyata öz qiymətimizi verək, insanlarda özünə inam yaradaq.
Bəli, bizim dərdimiz böyükdür, faciə içərisində yaşayırıq. Ancaq insan faciədən də yüksəkdə dayanır.
Bəli, yaşamaq məşəqqətdir, ancaq çarəmiz nədir, yaşamalıyıq. Gəlin, ona üz tutaq, inanaq ki, bu qarğaşalıqda və məşəqqətdə özünü saxlaya bilənlər qüvvə tapıb həyatın qədim vəhşi təzahürünə müqavimət göstərə biləcəkdir…
Hamı üçün bu dəhşətli günlərdə, qan və düşmənçilik girdabından, əzab-əziyyətlərdən keçərək insanın intibahına doğru addımlamalı, rus xalqının həyatını ağır və paslı zəncirlərdən xilas etməliyik.
Gəlin, bir-birimizə inanıb birgə mübarizə aparağın. Hər şey bizim iradəmizdən asılıdır və kainatda elə bir qanunverici yoxdur ki, bizim ağıllı tədbirimiz önündə davam gətirə bilsin.
Hadisələrin burulğanında özünü tənha hiss edənlərə, ürəyini quduz tərəddüdlər içərisində gəmirənlərə, ağır və əzablı yük altında mənəviyyatı əzilənlərə ürəkdən salamlar olsun! Ürəkdən salam olsun zindanlarda günahsız çürüyənlərə!
Tərcümə: Zakir Abbas